Məhkəmə qərarları › İş №2(104)-346/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-346/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-346/2023 10.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(021)-2515/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş 3700 manat sığorta məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57 manat dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Nissan Sentra” markalı, **- PL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək “Xalq Sığorta" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il mayın 01-də Cavabdeh2 idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi "Nissan Sentra” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobillə Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində, X2 idarə etdiyi “Mersedes Sprinter” markalı, **-NM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bərdə DYPB-nin YPX tərəfindən xx.xx.2020-ci il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Bərdə DYPB-nin YPX-nin xx.xx.20201-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə), 332.1-ci maddələri ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmisdir. “Mersedes Sprinter” markalı, 99-NM–894 dövlət nömrə nişanlı avtomobilə 3700 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində həmin məbləği 2838 saylı ödəniş tapşırığı ilə zərərçəkmiş şəxs X3 ödəmişdir. Buna görə də subroqasiya qaydasında pulun cavadbehlərdən tutulmasını xahiş edir. Bərdə Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(021)-2515/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3700 (beş min) manat sığorta hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və 57 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-PL-*** dövlət qeydiyyat nişanlı Nissan markalı Sentra modelli avtomobil mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydə alınmışdır. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, **-PL-*** dövlət qeydiyyat nişanlı Nissan markalı Sentra modelli avtomobil üzrə Cavabdeh1 mülki məsuliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Bərdə DYPB-nin YPX tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 2020-ci il mayın 01-də Cavabdeh2 idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi "Nissan Sentra” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobillə Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində, X2 idarə etdiyi “Mersedes Sprinter” markalı, **-NM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddesinde (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə), 332.1-ci maddələri ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmisdir. xx.xx.2020-ci il tarixdə verilmiş təmir smetasından görünür ki, hadisə nəticəsində “Mersedes Sprinter” markalı, 99- NM–894 dövlət nömrə nişanlı avtomobilə 3700 manat məbləğində zərər dəymişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(021)-2655/2020 saylı qətnaməsinin surətindən görünür ki, X5 ona 6888 manat maddi zərər dəydiyini, 3700 manatın sığorta şirkəti tərəfindən ona ödənildirini iddia etməklə X6 qarşı maddi ziyan tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qalıq 3188 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(021)-2655/2020 saylı qətnaməsi ilə iddiaçıya dəymiş zərər "xxxx" ASC tərəfindən tam həcmdə ödənildiyindən iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Bərdə Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(021)-2515/2022 saylı qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində yol nəqliyyat hadisəsinin təfərrüatları qeyd edilmiş və sonda onlardan yol nəqliyyat hadisəsi nəticəsində onlardan 3700 manat maddi ziyan tutulması qət edilmişdir. Həmçinin lizinq yolu ilə əldə edilmiş avtomobilə lizinq təşkilatı tərəfindən hər ay verilməklə 1 aylıq idarəetmə hüququ verən etibarmnamə verilmişdir. Hazırki iş ürə istinad edilən yol nəqliyyat hadisəsi 01 may 2020-ci ildə baş verməsinə dair iddiaçı tərəfindən sübutlar təqdim edilmişdir. İddia ərizəsində yol nəqliyyat hadisəsi baş verdiyi zaman xx.xx.2020-ci il tarixdə Cavabdeh2 “Nissan Sentra” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edərkən etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. Nəzərə almaq lazımdır ki, 01 may 2020-ci il tarixdə Əli Sadıqovun da həmin avtomobili idarə etmək hüququ olmamışdır. İddiaçı iddia ərizəsində öz tələbini maddi hüquq norması olaraq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. İşin hallarından görünür ki, “Nissan Sentra” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin yox, lizinq şirkətinin mülkiyyətindədir və həmin təşkilat tərəfindən sığorta edilmişdir. Həmin avtomobilin etibarnamə ilə idarə edilib-edilməməsinə borclu olan tərəf lizinq təşkilatıdır. Lizinq təşkilatı məlumatlıdır ki, idarə edilməyə verilmiş avtomobilə görə onlara etibarnamə verilməmişdir. Ancaq onlar həmin avtomobili qanuni şəkildə lizinq müqaviləsi əsasında əldə etmişlər. Lizinq təşkilatı avtomobili idarə etmək üçün hüquq verən etibarnaməni xx.xx.2020-ci il tarixdə verməməsi bəlli idi. Bu səsbdən də hesab edirlər ki, ödənillmiş ziyanın subroqasiya qaydasında ödənilməsi tələbi lizinq təşkilatına, yüksək təhlükə mənbəyinin sahibinə qarşı qaldırıla bilər. Ancaq birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almamışdır. Mülki Məcəllənin 1108-ci maddəsinin tələbinə görə yüksək təhlükə mənbəyinin sahibi, hazırki iş üzrə lizinq təşkilatı avtomobilin idarə edilməsi üçün etibarnaməni aylıq verirdi. Lizinq şirkəti tərəfindən etibarnamə hər dəfə aylıq verilmiş, yol nəqliyyat hadisəsi baş verən zaman isə heç birinin etibarnaməsi olmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmidir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nümayənədsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(021)-2515/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, "Nissan Sentra” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən 1 il müddətinə “Xalq Sığorta" ASC-də icbari sığorta növündə sığortalanmış, bu barədə xx.xx.2019-cu il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il mayın 01-də Cavabdeh2 idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi "Nissan Sentra” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobillə Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində, X2 idarə etdiyi “Mersedes Sprinter” markalı, **-NM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və X2 avtoçobilinə 3700 manat məbləğdində maddi zərər dəymişdir. Həmin hadisə ilə bağlı Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. “Mersedes Sprinter” markalı, 99-NM–894 dövlət nömrə nişanlı avtomobilə vurulmuş 3700 manat zərər məbləği iddiaçı tərəfindən zərərçəkmiş şəxs X3 ödəmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-PL-*** dövlət qeydiyyat nişanlı Nissan markalı Sentra modelli avtomobil mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydə alınsa da, cavabdehlərdən Cavabdeh1 həmin avtomobilin lizinq müqaviləsi əsasında onun sahibliyində olduğunu iddia etmiş, lakin lizinq müqaviləsini məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası **-PL-*** dövlət qeydiyyat nişanlı “Nissan markalı” Sentra modelli avtomobilin cavabdehlərdən Cavabdeh1 sahibliyində lizinq müqaviləsinə əsasən olmasını işin mübahisəsiz halı kimi qəbul etmişdir. Cavabdehlər avtomobilin idarə edilməsi üçün lizinq təşkilatının hər ay 1 aylıq etibarnamə verdiyini, avtomobilin lizinq müqaviləsi əsasında onlarda olmasına baxmayaraq, hadisə baş verən vaxtı lizinq təşkilatı tərəfindən avtomobili idarə etmək üçün etibarnamənin verilmədiyini iddia etməklə, vurulmuş zərərə görə lizinq təşkilatının məsuliyyət daşıdığını, buna görə də subroqasiya qaydasında pul tələbinə dair iddianın lizinq şirkətinə qarşı qaldırılmalı olduğunu iddia etmişdir ki, məhkəmə kollegiyası cavabdehlərin qeyd olunan apellyasiya şikayətinin dəlillərini əsasız hesab etmişdir. Belə ki, yuxarıda istinad olunan Mülki Məcəllənin 747.1 və 748-2.2-ci maddələrinin tələbinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə lizinq alanın istifadəsinə verir ki, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ əsasən lizinq alana tam həcmdə keçir. Buna görə də lizinq şirkəti tərəfindən avtomobilin idarə edilməsi üçün etibarnamənin verilib-veriməsindən asılı olmayaraq, cavadbehlərdən Cavabdeh1 avtomobilin qanuni əsaslarla sahibi olmuş, icbari sığorta müqaviləsi üzrə də onun mülki məsuliyyəti sığortalanmışdır. Həmçinin, cavadbehlərdən Cavabdeh1 yüksək təhlükə mənbəyi hesab olunan avtomobilin digər cavadbeh Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübuta yetirməməklə yanaşı, ümumiyyətlə buna dair hər hansı bir dəlil də irəli sürməmişdir ki, bununla da Cavabdeh2 mülki hüquq pozuntusu törədən şəxs qismində, Cavabdeh1 isə yüksək təhlükə mənbəyinin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli sahib qismində vurulmuş zərər məbləği üzrə məsuliyyət daşımışlar. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instasniya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, cavadbehlərin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Buna görə də Bərdə Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(021)-2515/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Bərdə Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(021)-2515/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(021)-2515/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar