Məhkəmə qərarları › İş №2(104)-352/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-352/2023

10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-352/2023 10.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-733/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin (hakim H.Qəniyev) xx.xx.2022-ci il tarixli, 2(040)- 733/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “02 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-733/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 02 avqust 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2012-ci qeyri-rəsmi olaraq ailə qurmuş, nikahlarını 2017-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 02 avqust 2013-cü ildə X5 və 22 noyabr 2015-ci ildə X4 adlı iki uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(040)-399/2020 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, birgə nikahlarından 02 avqust 2013-cü ildə doğulmuş X3 atası-İddiaçı, 22 noyabr 2015-ci ildə doğulmuş X2 anası-Cavabdeh yanında saxlanılması, eyni zamanda, 22 noyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmir, hal-hazırda azyaşlı Veysəl onunla yaşayır, bütün qayğılarını o özü çəkir. Cavabdeh də uşağın saxlanılmasına kömək etməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2012-ci ildə qeyri-rəsmi nikahla ailə qurmuş, nikahlarını 2017-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 02 avqust 2013-cü ildə X5 və 22 noyabr 2015-ci ildə X4 adlı iki uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(040)-399/2020 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, birgə nikahlarından 02 avqust 2013cü ildə doğulmuş X3 atasının, 22 noyabr 2015-ci ildə doğulmuş X2 anası-Cavabdeh yanında saxlanılması, eyni zamanda, 22 noyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmir, azyaşlı Veysəl onunla yaşayır, bütün qayğılarını o özü çəkir. O, hazırda ikinci dəfə ailə qurmuş, heç bir yerdə işləmir, aylıq qazancı yoxdur, maddi vəziyyəti aşağıdır. Uşağı saxlamaqda çətinlik çəkir, buna görə cavabdeh də uşağın saxlanılmasına kömək etməlidir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə cıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Hal-hazırda övladının biri məhkəmə qərarı ilə onun yanında qalır. Onun bütün sosial ehtiyaclarını o ödəyir. Təhsilini onun yanında davam etdirir. Cavabdeh 193 manat ödəmə imkanına malikdir. Cavabdeh ona qarşı çox qərəzli mövqe tutur. Ona görə ki, onu maddi imkanı yüksəkdir. O, cavabdehin tələbi ilə qətiyyən razılaşmır. Hesab edir ki, məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir. Göstərilənlərə əsasən, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-733/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. İş üzrə İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak etməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların dispoziya şərtlərindən görünür ki, qanunverici işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsinin əsası kimi göstərilmiş halların üzürlü səbəblərlə əlaqədar olması və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borclu olmaları ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş müraciətə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, teleqramda göstərilən halı əsaslandıracaq mötəbər sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir. Ona görə məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan, Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 may 2022-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, X5 02 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır kəndində doğulmuş, atası-İddiaçı, anası- Cavabdehdır. İş materiallarında olan, Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(040)-399/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 11 yanvar 2017-ci il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsində 03 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 02 avqust 2013-cü ildə doğulmuş X3 atası-İddiaçı, 22 noyabr 2015-ci ildə doğulmuş X2 anası-Cavabdeh yanında saxlanılması, 17 noyabr 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından 22 noyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan, Kəlbəcər Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(040)-437/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “02 avqust 2013-cü ildə doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələbinə dair” iddiası əsassız hesab edilərək təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasinin 24 sentyabr 2021-ci il tarixli, 2(104)-3202/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli, 2(040)-437/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00117) M. Mehdiyev tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 01889 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2012-ci qeyri-rəsmi olaraq ailə qurmuş, nikahlarını 2017-ci ildə rəsmiləşdirmişlər, Birgə nikahdan 02 avqust 2013-cü ildə X5 və 22 noyabr 2015-ci ildə X4 adlı iki uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(040)-399/2020 saylı qətnaməsinə əsasən tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan 02 avqust 2013-cü ildə doğulmuş X3 atası-İddiaçı, 22 noyabr 2015-ci ildə doğulmuş X2 anası-Cavabdeh yanında saxlanılması, eyni zamanda, 22 noyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. İddiaçı hal-hazırda onun himayəsində olan uşağın saxlanılması üçün aliment tələbl ilə məhkəmə müdafiəsindən istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Apellyasiya instansiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının və cavabdehin hər birinin himayəsində bir uşağın olmasını, Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2020-ci il tarixli, 2(040)-399/2020 saylı qətnaməsi ilə 22 noyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməli olmasını və iddiaçının-atasının yanında saxlanmış 02 avqust 2013-cü ildə doğulmuş X1 üçün alimentin müəyyən edilmədiyini, iddiaçının cavabdehə qarşı aliment tələbi ilə əvvəl də müraciət etdiyini, bu barədə Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 aprel 2021-ci il tarixli, 2(040)-437/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almaqla hesab edir ki, cavabdehdən alimentin tutulması tələbi əsassızdır. Digər tərəfdən, Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2020-ci il tarixli, 2(040)- 399/2020 saylı qətnaməsi ilə cavabdehin daha az təminatlı olması və himayəsində olan uşağının saxlanması üçün alimentə ehtiyacı olduğu artıq müəyyən edildiyindən, belə vəziyyətdə iddiaçının himayəsində olan uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməsi əsaslı sayıla bilməz. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-733/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Azər Bayramov Hakimlər: Aygül İsgəndərova İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar