Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-357/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul tələbinə” dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3905/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları xx.xx.2018-ci il tarixli, PAT********** saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən, “Kamaz” markalı, 57BL959 qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(076)-65/2019 nömrəli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, xx.xx.2018-ci il tarixdə, saat 18:10-da Bakı-Qazax yolu 394-cü km ünvanda yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh X7 məxsus “Kamaz-5511” markalı 57BL959 dövlət qeydiyyat nömrəli avtomobili sürücülük hüququ olmadan idarə etməklə “X11” məxsus “Vaz 2106” markalı, 41BC513 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X16 ağır, X8 isə yüngül dərəcəli xəsarət almış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 saylı MYİ MMC-yə məxsus 7 metr uzunluğunda dəmir sədd əzilmişdir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Vaz 2106” markalı, 41BC513 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 2500 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X5 Xidməti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, xx.xx.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dövlət hesabına inşa edilmiş birtərəfli yol təhlükəsizlik səddinə cəmi 609,60 manat məbləğində ziyan dəymişdir. xx.xx.2018-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 2106” markalı, 41BC513 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi həcmi 2500 manat təşkil etmiş, zərər məbləğindən 0.00 manat azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi 2500 manat müəyyən edilmiş və bununla bağlı xx.xx.2019-cu il tarixli, 063045 saylı sığorta aktı verilmişdir. xx.xx.2019-cu il tarixli, PRP**********346 saylı ödəniş tapşırığına əsasən, iddiaçı tərəfindən 2500 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yol təhlükəsizlik səddinə dəymiş zərərin ümumi həcmi 609,60 manat təşkil etmiş, zərər məbləğindən 0.00 manat azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi 609,60 manat müəyyən edilmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli, 065685 saylı sığorta aktı verilmiş, və xx.xx.2019-cu il tarixli, 4544 saylı ödəniş tapşırığına əsasən, iddiaçı tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına 609,60 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X16 ağır dərəcəli xəsarət almış, sonuncunun sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat müəyyən edilmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli, 065682 saylı sığorta aktı verilmiş və xx.xx.2019-cu il tarixli, PRP**********471 saylı ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X16 birinci dərəcəli əlillik almış, sonuncunun sağlamlığına vurulan zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2000 manat təşkil etmiş, 1500 manat ödənildiyindən sığorta ödənişinin qalan məbləği 500 manat müəyyən edilmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli, 072070 saylı sığorta aktı verilmiş və xx.xx.2019-cu il tarixli, 9120 saylı ödəniş tapşırığına əlavəyə əsasən iddiaçı tərəfindən 500 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X16 birinci dərəcəli əlillik almış və sonuncunun sağlamlığına vurulan zərərlə bağlı maddi ziyanın ümumi məbləği 4000 manat təşkil etmiş, 2000 manat ödənildiyindən sığorta ödənişinin qalan məbləği 2000 manat müəyyən edilmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli, 072407 saylı sığorta aktı verilmiş və xx.xx.2019-cu il tarixli, 9284 saylı ödəniş tapşırığına əlavəyə əsasən iddiaçı tərəfindən 2000 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2018-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X8 yüngül dərəcəli xəsarət almış, sonuncunun sağlamlığına vurulan yüngül zərərə görə sığorta ödənişinin məbləği 750 manat müəyyən edilmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli, 065683 saylı sığorta aktı verilmiş və xx.xx.2019-cu il tarixli, 4396 saylı ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 750 manat sığorta ödənişi həyata keçirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2852/2021 nömrəli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh və X14 müştərək qaydada 12410 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi zərər və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq X12 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh idarəetmə hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyi “Kamaz 5511” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin nəqliyyat vasitəsində olan sərnişinlər: 1. X16 ağır dərəcəli bədən xəsarəti almış, nəticədə 1-ci dərəcəli əlil olmuşdur. 2. X8 yüngül dərəcəli bədən xəsarəti almışdır. 3. Yol kənarındakı təhlükəsizlik səddinə maddi zərər dəymişdir. 4.“VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta şəhadətnaməsinin 063045, 065682, 072407, 072070, 065685, 065683 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Kamaz 5511” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(076)- 65/2019 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh “Kamaz 5511” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan hüquqsuz olaraq idarə etmişdir. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. X2 1-ci qrup əlilliyinə görə 072070, 072407, 065682 saylı sığorta aktlarına əsasən 9120 saylı ödəniş tapşırığı ilə 500 AZN, 9284 saylı ödəniş tapşırığı ilə 2000 AZN, PRP**********471 saylı ödəniş tapşırığı ilə 1500 AZN olmaqla, ümumilikdə 4000 AZN sığorta ödənişi edilmişdir. X4 yüngül dərəcəli xəsarətinə görə 065683 saylı akta əsasən 4396 saylı ödəniş tapşırığı ilə 750 manat sığorta ödənişi edilmişdir. X9 yüngül dərəcəli bədən xəsarətinə görə 026691 saylı akta əsasən 1519 saylı kassa məxaric orderi ilə 750 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan “X5si Xidməti” MMC-nin təqdim etdiyi arayışa əsasən, Yol təhlükəsizlik səddinə 609.60 AZN maddi ziyan dəymişdir. 065685 saylı akta uyğun olaraq 4544 saylı ödəniş tapşırığı ilə 609.60 AZN sığorta ödənişi Azərbaycan Avtomobil yolları dövlət agentliyinin hesabına köçürülmüşdür. Nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2500 AZN zərər dəymişdir. 063045 saylı akta uyğun olaraq, PRP **********346 saylı ödəniş tapşırığı ilə X6 2500 manat sığorta ödənişi edilmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Orucov X17 rayon Məhkəməsinin hökmünə əsasən idarəetmə hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olan 2 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti almasına və əmlaka zərər dəyməsinə səbəb olmuşdur. Buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. Cəmi 7859.60 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, dəymiş zərəri zərərçəkənə ödəyir, pulun ondan tutulması ilə bağlı məhkəmə qətnaməsi çıxarılmış, iş hazırda icradadır. Onun adına sığorta olmamışdır. Hazırda cəzası davam edir, cəza müddəti dekabrda başa çatacaqdır. Maşın onun adına olmamış, sürücülük vəsiqəsi də olmamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edəeək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini, iddia ərizəsində “X9 qeyd olunmasını texniki səhv kimi qəbul edilərək işə mahiyyəti üzrə baxılarkən nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(125)-3905/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 5000 (beş min) manat və 70 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Qanunvericilikdə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutulmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin törətdiyi sığorta hadisəsi ilə bağlı icbari sığorta ödənişinin məbləği 5000 manat həddində müəyyən olunmuşdur. Ona görə də bir sığorta hadisəsi ilə bağlı iddiaçının 5000 manatdan artıq 2859,60 manat məbləğində pulu tələb etməsinin hüquqi əsası olmamışdır. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3905/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməyən hissəsində tam təmin edilməsi və dövlət rüsuçu kimi ödənilmiş 49,30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddənin məzmununa əsasən, icbari sığorta müqaviləsi ilə sığorta hadisəsi nəticəsində həm əmlaka dəymiş ziyan, həm də üçüncü şəxslərin sağlamlığına dəymiş ziyan qarşılanır. Müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Mülki işin materiallarına əsasən, cavabdehin təqsiri ucbatından baş verən hadisə nəticəsində 2 şəxsin sağlamlığına, həmçinin 2 əmlaka ayrı-ayrılıqda zərər dəymişdir. 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Bu hadisə nəticəsində 2 nəfər şəxsin sağlamlığına zərər dəymişdir. Belə ki, X16 1ci qrup əlil olmuş, buna görə ona qeyd etdilən 14-cü maddəyə əsasən, sığorta məbləğinin (sağlamlığa görə 5000AZN) 80%-i, yəni 4000 AZN sığorta ödənişi edilmişdir. Digər şəxs X4 yüngül dərəcəli bədən xəsarətinə görə isə 14.2.5-ci maddəyə uyğun olaraq 15%, yəni 750 AZN sığorta ödənişi verilmişdir. Beləliklə, sığorta hadisəsi nəticəsində 2 nəfərə dəyən zərərə görə sığorta ödənişi cəmi 4750 AZN olmuşdur. Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyim normaya görə bir nəfərə görə sağlamlığa dəymiş zərərlə bağlı sığorta ödənişinin hər şəxs üçün 5000 AZN təşkil edir. Bu halda sığorta ödənişinin maksimum həddi aşılmamışdır. Lakin birinci instansiya məhkəməsi mövqeyimizlə razılaşmayaraq sığorta ödənişinin məbləğinin sağlamlıq və əmlak üzrə ayrı-ayrı müəyyən edildiyini hesaba qatmayaraq, bir hadisə üzrə ödəniləcək maksimum sığorta ödənişinin 5000 AZN olduğu qənaətinə gəlmiş və fikrimizcə normanı yanlış tövsif etmişdir. Bununla da cəmi 7859.60 manatlıq iddia tələbinin 5000 AZN hissəsinə qədərini təmin edərək, iddianı geri qalan hissədə təmin etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni təmin edilməyən 2859.60 manat hissədə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını təmin edilməyəmn 2859.60 manat hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarı
1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.
2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Apellyasiyanın həddini nəzərə alan məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3905/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2018-ci ildə yol-nəqliyyat hadisəsi baş vermiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(076)- 65/2019 nömrəli hökmünə əsasən, “Kamaz” markalı yük maşınının sürücüsü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 2106” markalı, 41BC513 dövlət qeydiyyat nişanlı avtomobilə, avtomobildə olan X16 və X1, eyni zmanada dirəyə dəymiş zərər görə ümumilikdə 7859.60 manat sığorta ödənişi edilmidir. Eyni zamanda müəyyən edildiyi kimi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2852/2021 nömrəli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh və X14 müştərək qaydada 12410 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi zərər və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq X12 ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir. Qeyri-həyat sığortası sahəsinə aid olan sığorta sinifləri həm şəxsi, həm də əmlak sığortasına aid ola bilər. Şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. Fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, əmlaka dəyən zərər üzrə 50.000 manat təşkil edir. Bir sığorta hadisəsi nəticəsində dəymiş zərəri məbləğinin müəyyən edilməsi ilə bağlı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarı ilə aydınlıq gətirilmişdir. Qərara əsasən “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. İddiaçı həyat və əmlaka dəyən zərərlə bağlı ayrılıqda ödəniş etdiyini və bu məbləğin 5000 manat çox olduğu iddia edərək birinci instansiyası məhkəməsinin məhkəmə aktını mübahisələndirir ki, bunda da haqlı deyildir. Belə ki, Konstitusiya məhkəməsinin qərarında ifadə edilmiş mövqeyə əsasən bir sığorta hadisəsi nəticəsində dəymiş ödəniləcək zərərin məbləği icbari sığorta məbləğindən artıq ola bilməz ki, hazırki vəziyyətdə bu məbləğ 5000 manat təşkil edir. Bundan başqa qanuni qüvvəsini almış məhkəmə aktına əsasən eyni zamanda hazırki cavabdehdən sığorta nəticəsində zərərcəkmiş şəxs olan X12 dəymiş maddi və mənəvi zərərə görə də pul tutulmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddiaçıya münasibətdə birinci instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin mübahisələndirilən hissəsi 5000 manatdan artıq olmamaqla 2859.60 manat təşkil edir, cavabdeh birinci instansiyası mhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən və ona münasibətdə mübahisələndirilən hissə 5000 manatdan çox olmadığından hazırki məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-3905/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.