Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-382/2023 16.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(040)-741/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Kəlbəcər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən əmək qabiliyyəti olmayan övladları X1 üçün hər ay 193 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İcraat zamanı İddiaçı ərizə verərək alimentin məbləğinin 120 manat müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(040)-741/2022 nömrəli (hakim H.Qəniyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, tərəflərin birgə nikahından 15 aprel 2004-cü ildə doğulmuş əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan X2 üçün Cavabdeh 120 (yüz iyirmi) manat sabit pul məbləğində aylıq aliment tutularaq İddiaçı verilməsi; Hazırki qətnamə üzrə alimentin tutulması 27 iyul 2022-ci il tarixdən hesablanması; Qətnamə dərhal icra edilməsi; İddia qalan hissədə təmin edilməməsi; Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli 2(040)-149/2020 nömrəli qətnaməsi ilə birgə nikahlarından 15 aprel 2004-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin məhkəmənin 07 dekabr 2017-ci il tarixli 2(040)-2656/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 120 (yüz iyirmi) manat müəyyən edilmişdir. 15 aprel 2022-ci il tarixdə oğlu Rəşadın 18 yaşı tamam olduğundan alimenti həmin tarixdən dayandırılmışdır. X9 yetkinlik yaşına çatmasına baxmayaraq, əmək qabiliyyəti yoxdur. Belə ki, X9 ruhi xəstədir və əqli, zehni, nitqi inkişafın kəskin ləngiməsi diaqnozu ilə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda durur, eləcədə xəstəxanadan tez-tez stasionar müalicə və müayinələr almaq üçün X11 Xəstəxanasına göndərilir və hazırda da müalicə alır. Cavabdeh pensiya almasına baxmayaraq, əmək qabiliyyəti olmayan övladına baxmır və maddi köməklik göstərmir. Onun isə maddi vəziyyəti ağırdır və heç bir yerdə işləmir. Ona görədə övladının dərman xərclərini tam ödəyə bilmir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, anadangəlmə xəstədir və ağıl zəifliyindən əziyyət çəkir. Əlilliyə görə 261 manat pensiya alır, eləcədə başqa şəxslərin qulluğuna ehtiyacı var. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, ikinci qrup əlilliyə görə 261 manat pensiya alır. Oğlu-15 aprel 2022-ci il təvəllüdlü Rəşad da ikinci qrup əlil olduğundan ona 220 mant pensiya təyin olunmuşdur. İddiaçı da əlilliyə görə pensiya təyin olunmuş, eləcədə övladları Rəşada qulluğa görə iddiaçıya 80 manat təyin olunmuşdur. Əlil olduğundan işləyə bilmir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunması hissəsində ləğv edilərək həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, oğlu Rəşada qulluğa görə 80 manat, ikinci qrup əlil olduğna görə 220 manat pensiya alır. 15 aprel 2022-ci il təvəllüdlü Rəşadın saxlamaqda maddi çətinlik çəkir, lakin buna baxmayaraq cavabdeh maddi köməklik göstərmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Verilmiş apellyasiya şikayətindən müəyyən olunur ki, qətnamə iddianın təmin edilməsi hissədə mübahisələndirilmişdir. Qətnamə mübahisələndirilən hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Doğum haqqında 22 iyul 2022-ci il tarixli AZ-T seriyalı 190022 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 15 aprel 2004-cü il tarixdə Şəmkir şəhərində doğulmuş, atası Cavabdeh, anası X4r. Gəncə Şəhər Psixonevroloji Dispanserinin həkim-psixiatrı S.H.Əliyeva tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli 405/2008 nömrəli arayışdan görünür ki, X9 31 mart 2008-ci il tarixdən hal-hazıradək Gəncə Ruhi-Əsəb Dispanserində “ağır dərəcəli əqli gerilik, hərəki oyanıqlıq” diaqnozu ilə qeydiyyatdadır. Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 26 avqust 2022-ci il tarixli 608 nömrəli arayışından müəyyən olunur ki, 15 aprel 2004-cü il tarixdə doğulmuş X3 Rayon Mərkəzi Xəstəxanasında “ağır dərəcəli əqli gerilik, davamlı davranış pozğunluğu (F72.0)” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair elektron məlumat bazasından 19 sentyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, 15 aprel 2004-cü ildə doğulmuş X9 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, hiperkinetik sindrom, İQ32” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir (kənar şəxsin qulluğuna ehtiyacı vardır). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80 maddəsinə istinadən iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı yetkinlik yaşına çatmış, lakin ikinci qrup əlil olan 15 aprel 2004-cü il təvəllüdlü Rəşad adlı övladının saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə hazırkı, mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80-ci maddəsinə görə, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, yetkinlik yaşına çatmış övladların saxlanması üçün aliment müəyyən olunarkən tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmalıdır. İşdən müəyyən olunur ki, 15 aprel 2004-cü il təvəllüdlü X6 ikinci qrup əlilliyə görə 220 manat, Cavabdeh müddətsiz 2-ci qrup əlilliyə görə 261,23 manat, İddiaçı isə özünün deməsinə görə 220 manat pensiya təyin olunmuş (hər üçü ikinci qrup əlildir), eləcədə 15 aprel 2004-cü il təvəllüdlü X6 qulluğa görə İddiaçı 80 manat Prezident təqaüdü təyin olunmuşdur. Cavabdeh əmək qabiliyyəti olmayan şəxsdir. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına, yəni sonuncunun əmək qabliyyətinin olmamasını, maddi və diqqətəlayiq olan digər maraqlarını nəzəra almadan 120 manat alimentin tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(040)-741/2022 nömrəli qətnaməsi “tərəflərin birgə nikahından 15 aprel 2004-cü ildə doğulmuş əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan X2 üçün Cavabdeh 120 (yüz iyirmi) manat sabit pul məbləğində aylıq aliment tutularaq İddiaçı verilməsi, hazırki qətnamə üzrə alimentin tutulması 27 iyul 2022-ci il tarixdən hesablanması, Qətnamə dərhal icra edilməsi və Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməsi hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(040)-741/2022 nömrəli qətnaməsi “tərəflərin birgə nikahından 15 aprel 2004-cü ildə doğulmuş əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan X2 üçün Cavabdeh 120 (yüz iyirmi) manat sabit pul məbləğində aylıq aliment tutularaq İddiaçı verilməsi, hazırki qətnamə üzrə alimentin tutulması 27 iyul 2022-ci il tarixdən hesablanması, Qətnamə dərhal icra edilməsi və Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-382/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-382/2023
16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver