Məhkəmə qərarları › İş №2(104)-384/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-384/2024

27.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-384/2024 27.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi vəkil X5 və Maraqlı şəxs LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 iştirakları ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2974/2017 saylı mülki iş üzrə 14 iyul 2017-ci il tarixli qətnaməsindən maraqlı şəxs LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan 05 dekabr 2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.2825 ha torpaq sahəsi X3 adına qeyd edilmişdir. İş materiallarında olan 30 yanvar 2008-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda mülkiyyətində olan 0.28248 ha torpaq sahəsində yerləşən 368.9 kv.m ümumi, 318 kv.m əsas, 50.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeyd edilmişdir. İş materiallarında olan 22 yanvar 2016-cı il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.2825 ha torpaq sahəsi QSC “Bank Standart” KB Gəncə filialının hesabına ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 27 noyabr 2013-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanda və 0.28248 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən X1. İşdə olan Azər-Yurd» Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh həmin Cəmiyyətin iştirakçısı olub, Cəmiyyətin təsis payının 5% -nin sahibidir. İşdə olan xx.xx.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, Cavabdeh həmin Cəmiyyətin təsisçisidir və Cəmiyyətin təsis payının 5% -nin sahibidir. İş materiallarında olan, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 23 may 2008-ci il tarixli 51 saylı sərəncamının (lazımi qaydada təsdiq olunmamış) surətindən görünür ki, M.Müşfiq küçəsi 13 saylı ünvanda Cavabdeh tam mülkiyyətində olan 0.2824 ha torpaq sahəsində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir bloklu çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh, X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı qarşı «alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi, qeydiyyatın və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsinin cavabdeh X4 özgəninkiləşdirilməsi qanunsuz hesab edilərək, etibarsız sayılması, ünvan 2 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsinə dair cavabdeh X3 adına Daşınmaz Əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququnun qeydiyyatının və sonuncuya verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi 29 avqust 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan təşkilat hüquqi formasını dəyişdirərək, hazırda "xxxx" MMC-ti kimi fəaliyyət göstərir. İddiaçı "xxxx" MMC-nin təsisçilərindən biri olmuş Cavabdeh həyat yoldaşı Aşurov Qəhrəman Vəkil oğlu ilə Cəmiyyətin rəhbərliyi arasında ünvan 3 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsinin alınması barədə danışıqlar aparılmış və nəticədə razılıq əldə edilərək ümumilikdə 480000 ABŞ dolları məbləğinin ödənilməsi müqabilində, həmin torpaq sahəsi Cəmiyyətin sahiblik və istifadəsinə verilmişdir. Cəmiyyət həmin vəsaitin bir hissəsini nağd pulla, digər hissəsini isə Bakı şəhərində yerləşən mənzilləri Cavabdeh əri Qəhrəman Aşurova verilməklə torpağın dəyərini tam ödəmişdir. Bundan başqa, Qəhrəman Aşurovun arvadı, hazırkı iş üzrə Cavabdeh Cəmiyyətin təsisçiləri sırasına daxil edilmişdir. Bundan sonra, Gəncə şəhər İcra hakimiyyəti Başçısının 51 saylı, 23 may 2008-ci il tarixli sərəncamı ilə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün həmin torpaq sahəsi iddiaçı Cəmiyyətə təhkim edilmişdir. İddiaçı ünvan 3 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsini hasara aldırmış və orada müəyyən tikinti işlərinin başlanması üçün tədbirlər görülmüş, o cümlədən müvafiq qazıntı işləri aparılmışdır. Hazırkı vaxta qədər torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Lakin, son günlərdə torpaq sahəsinə naməlum adamlar gəlməyə başlamış və sahəni mühafizə edən Cəmiyyətin əməkdaşlarına torpaq sahəsinin başqa şəxs tərəfindən alındığını bildirmişlər. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 51 saylı, 23 may 2008-ci il tarixli Sərəncamı ilə iddiaçının sahiblik və istifadəsində olan ünvan 3 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsinə mükiyyət hüququ X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi E.R.Kərimov tərəfindən 13 iyun 2017-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə bildirilmişdir ki, Cavabdeh ilə cavabdeh X8 arasında 27 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və məhz həmin müqavilə əsasında cavabdeh X4 mübahisəli torpaq sahəsinə dair ******* saylı çıxarış verilmişdir, cavabdeh A.Əliyev isə dərhal həmin torpaq sahəsini QSC “Bank Standart” KB qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdehlər Cavabdeh və X8 razılaşaraq, mübahisəli torpaq sahəsini QSC “Bank Standart” KB qarşısında yüklü etmək məqsədi ilə uydurma əqd bağlanmış və iddiaçıya zərər yetirməklə mübahisəli torpaq sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsinə nail olmuşlar. Odur ki, Cavabdeh ilə Cavabdeh X8 arasında bağlanmış ünvan 3 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsinin alqısatqısına dair 27 noyabr 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən 0.2825 ha torpaq sahəsinə dair cavabdeh X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış mülkiyyət hüququnun qeydiyyatı, sonuncuya verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı Çıxarışın, habelə həmin torpaq sahəsinin yüklülüyünə dair DƏDRX-də aparılmış qeydiyyatın və ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2974/2017 saylı mülki iş üzrə 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi təmin edilmiş, Cavabdeh ilə cavabdeh X3 arasında bağlanmış ünvan 3 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsinin alqı-satqısına dair 27 noyabr 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsinə dair cavabdeh X3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə aparılmış mülkiyyət hüququnun qeydiyyatı, cavabdeh X4 05 dekabr 2013-cü il tarixdə verilmiş ******* saylı çıxarış, həmin torpaq sahəsinin yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində aparılmış qeydiyyat və 22 yanvar 2016-cı il tarixli ******* saylı Çıxarışın ləğv edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən narazı qalan üçüncü şəxs-LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tam əsassızdır. Belə ki, ünvan 4 ünvanda yerləşən 0.28248 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş və mülkiyyətçi həmin torpaq sahəsini qanunvericiliyə uyğun olaraq X2. Lakin, işə baxmış məhkəmə iş üzrə qeyd edilən hala hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X9 apellyasiya şikayətinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Digər cavabdehlər məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. İşin apellyasiya baxışı zamanı əldə edilmiş məlumatlara əsasən iddiaçı "xxxx" MMC-nin fəaliyyətinin dayandırıldığı məlum olmuşdur. Məhkəmə kollegiyası işə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84 1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, iddiaçı etibarsızlığını tələb etdiyi alqı-satqı müqaviləsinin tərəfi deyildir. Həmçinin, ünvan 4 ünvanda yerləşən 0.28248 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş torpaq sahəsidir. İddiaçı "xxxx" MMC-nin həmin torpaq sahəsi barəsində qanunun tələb etdiyi qaydada qeydə alınmış hər hansı bir hüququnun olması barədə iş materiallarında heç bir rəsmi sənəd aşkarlanmır. Cavabdeh tam mülkiyyətində olan 0.2824 ha torpaq sahəsində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir bloklu çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi barədə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 23 may 2008-ci il tarixli 51 saylı sərəncamının (iş materiallarında həmin sərəncamı lazımi qaydada təsdiq olunmamış surəti əlavə edilmişdir) mövcudluğu "xxxx" Mənzil Tikinti Kooperativinin həmin torpaq sahəsi barəsində hansısa hüququnun olmasını təsdiq edən qanuni sənəd kimi qiymətləndirlə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən:, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tam mülkiyyətində olan 0.2824 ha torpaq sahəsi barəsində "xxxx" MMC-nin heç bir hüququ DƏDRX-də qeydə alınmadığından onun (nümayəndəsinin) hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2974/2017 saylı mülki iş üzrə 14 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2974/2017 saylı mülki iş üzrə 14 iyul 2017-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar