Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-386/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyindən azad olunma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2233/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(62)-1491/2017 saylı qətnaməsinə əsasən 09 may 2011-ci ildə anadan olmuş Zeynəb və 15 sentyabr 2012-ci ildə anadan olmuş Elgün adlı uşaqların saxlanılması üçün təyin olunmuş alimentin, uşaqlarının faktiki şəkildə onun yanında olduğu müddət ərzində yəni 2017-ci ildən hazıradək olan 87 ay müddətə görə müəyyən olunmuş 23664 manat aliment öhdəliyindən azad olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə evlənib ailə qurmuş, birgə nikahlarından 05 may 2011-ci ildə Zeynəb və 15 sentyabr 2012-ci ildə Elgün adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan məhkəmənin qərarına əsasən aralarında olan nikah pozulmuş və uşaqların saxlanması üçün aliment təyin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qətnaməsindən də görünür ki, cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün hər ay cəmi 272 manat alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. Bu keçən müddət ərzində bir yerdə yaşamışlar və uşaqlara o baxmışdır. Həmin müddət ərzində evin kommunal xərclərini də anası ödəmişdir. Qeyd edilən aliment formal xarakter daşımış və o, uşaqlarına özü baxmış, onların maddi cəhətdən bütün təminatlarını da özü ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh onu icra şöbəsi ilə axtardıqda ona məlum olmuşdur ki, o aliment tələb edir. Hazıradək, yəni 2024-cü ilin iyul ayı da daxil olmaqla uşaqlara özü baxır. Belə ki, uşaqlar evdə onun aldığı ərzaqlarla qidalanır və onların bütün geyim xərclərini, eyni zamanda bütün zəruri xərcləri onun və anası tərəfindən ödənilir. Bu vaxtadək isə yığılmış qeyd olunan alimentin ümumi məbləği 24000 manat təşkil edir. Həmçinin Tovuz rayon Cəlilli kənd E.Tağıyev adına tam orta məktəb tərəfindən verilmiş arayışlardan da, görünür ki, uşaqları qonşu kənd məktəbində təhsil alırlar və onun yanında anasına məxsus olan evdə yaşayırlar. Lakin bu hallara baxmayaraq cavabdeh həmin illər üçün də, aliment tələb edir. Həmin dövr uşaqlara onun baxmağına baxmayaraq cavabdeh həmin müddət üçün əsassız aliment tələb etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2233/2024 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, İddiaçı Tovuz Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(62)-1491/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 9792 manat hissəsini ödəməkdən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2233/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı iddia qaldıraraq aliment öhdəliyindən azad olunmağını və birgə yaşadığı həmin dövrlər üçün yaranmış borcun silinməsini xahiş etmişdir. Cavabdeh ilə evlənib ailə qurmuş. Birgə nikahdan 05 may 2011-ci ildə Zeynəb və 15 sentyabr 2012-ci ildə Elgün adlı uşaqları anadan olmuşdur. Cavabdehlə arasında olan nikah pozulmuş və onların birgə nikahından anadan olmuş uşaqların saxlanması üçün hər ay cəmi 272 manat alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. O, bu keçən müddət ərzində bir yerdə yaşamış və uşaqlara da o, özü baxmışam. Uşaqlara özünün baxmağına bütün qohum və qonşular şahiddir. Həmin müddət ərzində evin kommunal xərclərini də anası ödəmişdir. Qeyd edilən aliment formal xarakter daşımış və o, uşaqlarına özü baxmışdır. Onların maddi cəhətdən bütün təminatlarını da özü etmişdir. Lakin buna baxmayaraq cavabdeh onu icra şöbəsi ilə axtardıqda ona məlum olmuşdur ki, cavabdeh ondan aliment tələb edir. 2024-cü ilin iyul ayı da daxil olmaqla uşaqlara özü baxmışdır. Belə ki, uşaqlar evdə onun aldığı ərzaqlarla qidalanır və onların bütün geyim xərclərini, eyni zamanda bütün zəruri xərcləri onun və anası tərəfindən ödənilir. Bu vaxtadək isə yığılmış qeyd olunan alimentin ümumi məbləği 24.000 (iyirmi dörd min) manat təşkil edir. Həmçinin, Tovuz rayon Cəlilli kənd E.Tağıyev adına tam orta məktəbi tərəfindən verilmiş arayışlardan da görünür ki, uşaqları onların öz qonşu kənd məktəbində təhsil alırlar və uşaqları onun yanında anasına məxsus olan evdə yaşayırlar. Lakin bu hallara baxmayaraq, cavabdeh həmin illər üçün də aliment tələb edir. Həmin dövrü uşaqlara o, baxmağına baxmayaraq cavabdeh həmin müddət üçün əsassız aliment tələb edir. Ona görə də, Tovuz Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(62)-1491/2017 saylı qətnaməsinə əsasən 09 may 2011-ci ildə anadan olmuş Zeynəb və 15 sentyabr 2012-ci ildə anadan olmuş Elgün adlı uşaqlarına görə təyin olunmuş uşaqlarının faktiki şəkildə onun yanında olduğu müddət ərzində yəni 2017-ci ildən hazıradək olan 87 ay müddətə görə müəyyən olunmuş 23.664 (iyirmi üç min altı yüz altmış dörd) manat aliment öhdəliyindən azad olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş birinci instansiya məhkəməsinin icraatında olan zaman o, bütün dediyi və iddia ərizəsində qeyd etdiyi xüsusatları əsaslandırmağına baxmayaraq, məhkəmə onun iddiasını qismən təmin etmişdir. Onun məhkəmə iclası zamanı gətirdiyi dəlillərə və sübut qismində təqdim etdiyi hallara məhkəmə heç bir münasibət bildirməmişdir. Belə ki, məhkəmə cavabdehin ifadəsinə əsaslanaraq onun guya onunla cəmi 3 il birlikdə olmasını əsas gətirərək belə qənaətə gəlmişdir. Belə çıxır ki, cavabdeh desəydi ki, o onunla ümumiyyətlə bir yerdə yaşamayıb məhkəmə ona sübut kimi istinad edəcəkdi. Halbuki, təqdim etdiyi arayışlar, qonşuları şahidlik etmək istəkləri, onların onunla məhkəməyə getməsi məhkəmənin isə onları dinləməməsi qətnamənin ədalətsiz olmasını göstərir. Onun bir yerdə yaşamağını isə iddia ərizəsinə əlavə etdiyi arayışla da öz təsdiqini tapır. Məhkəmə qətnaməsində isə bu hallara heç bir münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, “iddiaçı aliment borcunun yaranmasını Yasəmən ilə birlikdə yaşamaq kimi üzürlü səbəblərlə izah edir. Məhkəmə qeyd edir ki, əvvəla bu müddət ərzində ər-arvadın birlikdə yaşamaqları müəyyən edilmir”. Məhkəmədə bir başqadır – cavabdeh deyir bir evdə yaşamışıq - məhkəmə qeyd edir ki, sübuta yetmir. Nə ilə sübuta yetir? Deyirəm videogörüntü var bir evdə yaşamışıq, məhkəmə nəticəyə gəlir ki, sübuta yetmir. Nə şahid dinləyir, nə də videogörüntüyə baxır. Bu da ədalətli qərar! Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, cavabdeh ilə 2017-ci ildə ayrılmış və sonra birləşmişlər. 2024-cü ilin sonunadək birlikdə yaşamışlar. Birinci instansiya məhkəməsinə arayışlar, toy diskləri vermiş, lakin məhkəmə qəbul etməmişdir. 2024-cü ilin sentyabr ayında uşaqları götürüb təkrar getmişdir. Hazırda uşaqlardan biri onunla yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxsin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2233/2024 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəıyyən olunur ki, iddiaçı cavabdehlə bir yerdə yaşadıqlarını və aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2017-ci ildən hazıradək olan 87 ay müddətə görə müəyyən olunmuş 23664 manat aliment öhdəliyindən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə əgər aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmırsa məsələyə iddia icraatı qaydasında baxılması istisna edilir. Çünki bu halda Qanunda icra qaydasında aliment borcu ilə bağlı yaranmış mübahisələrlə bağlı şikayət vermək imkanı nəzərdə tutulmuşdur. Hazırkı vəziyyətdə aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə iddia icraatı qaydasında baxıla bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən, məhkəm kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2233/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2233/2024 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2233/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2233/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-386/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-386/2025
21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver