Məhkəmə qərarları › İş №2(104)-417/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-417/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-417/2023 19.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) X1 və Bayramov Azər Vahid oğlundan oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(076)-2163/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2008-ci il tarixli AZ-İİ 138082 saylı, 18 fevral 2011-ci il tarixli, AZ- İİ 600971 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 08 may 2008-ci il tarixdə Murad, 18 dekabr 2010-cu il tarixdə Səhəd adlı uşaqları anadan olmuşdur. Onların atası Cavabdeh, anası İddiaçıdır. Şəmkir Rayon Məhkəməsinin 10 may 2016-cı il tarixli, 2(076)-452/2016 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Şəmkir rayonu Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2008-ci il tarixli, 37 nömrəli nikah qeydinin pozulması, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 İddiaçı yanında qalması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşlar. Cavabdehlə aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur və bu səbəbdən ayrılmışlar. Azyaşlı uşaqları hazırda onun himayəsindədirlər. Uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Muradın hər iki gözündə narahatlıq və dil qüsuru vardır. Onun müalicəsinə xeyli xərc çəkmişdir. Şəmkir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(076)-2163/2022 nömrəli qətnaməsi ilə (hakim T.Musayev) iddia tələbi qismən təmin edilmiş, 24 iyun 2022-ci il tarixdən başlayaraq 08 may 2008-ci il tarixdə doğulmuş Murad və 28 dekabr 2010-cu il tarixdə doğulmuş Səhəd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 58, 75.1 və 78.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13, 19-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Şəmkir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(076)-2163/2022 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı deyildir. Hər bir uşağa görə yalnız 100 manat aliment ödəyə bilər. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqların haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələri inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşin hallarından göründüyü kimi tərəflər nikah münasibətində olmuş və bu hal 2008ci ildə rəsmi nikah aktında qeydə alınmaqla rəsmiləşmiş, birgə nikahdan 2008 və 2011-ci il təvəllüdlü iki uşaqları anadan olmuşdur. Ailə münasibətlərinin və birgə yaşayışın irəli sürdüyü şərtlər pozulmuş və nəticə olaraq tərəflərin ailə münasibətinə məhkəmə qətnaməsi ilə rəsmi son qoyulmuşdur. Hazırki halda tələb azyaşlıların saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya ödənilməsi olmuş və iddia tələbi qismən təmin olunmaqla hər uşağa görə 140 manat sabit pul məbləği şəklində aliment təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uşaqların maddi, mənəvi, fiziki inkişafına zəmin yaratmaq üçün atanın da uşaqların saxlanması üçün mütləq və təxirəsalınmaz öhdəliyi vardır. Habelə, uşağın saxlanması üçün təyin olunan aliment valideynin qazancı, maddi və sosial çətinlikləri ilə əlaqələndirilməməli və ilkinliyini qorumalıdır. Apellyasiya şikayətində cavabdeh maddi vəziyyətinin yaxşı olmadığını və təyin edilmiş sabit məbləğdə alimentin miqdarının azaldılmasını xahiş etsə də bu halı təsdiq edən heç bir sübutu şikayətə əlavə etməmişdir. Belə olan halda azyaşlıların saxlanması üçün birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən məbləğ məqbul hesab edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(076)-2163/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar