Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-418/2023 11.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi və aliment öhdəliyindən azad etmə tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(076)-2306/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü Gülay, xx.xx.2006-cı il təvəllüdlü Nuray və xx.xx.2015-ci il təvəllüdlü Nurgül adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə yaranmış 12.750 manat aliment borcunun silinməsi və həmin uşaqlar 18 yaşına çatanadək qətnamə üzrə ödəməli olduğu aliment öhdəliyindən azad edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(076)-2306/2022 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi və aliment öhdəliyindən azad etmə tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçının vəkili X3 apellyasiya şikayəti verərək iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(076)-2306/2022 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə 2004-cü il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 31 mart 2005-ci il tarixdə Gülay, 06 iyul 2006-cı il tarixdə Nuray və 19 mart 2015-ci il tarixdə Nurgül adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Belə ki, cavabdeh Bakı şəhərində yaşamaq istəmiş, iddiaçı isə onunla razılaşmamışdır. Bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Bundan sonra iddiaçı işləmək üçün Rusiya Federasiyasına getmiş, cavabdeh isə bundan sui-istifadə edərək məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Gülay, Nuray və Nurgül adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Eləcə də,, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Lakin tərəflər həm faktiki, həm də rəsmi qaydada ayrılmasına baxmayaraq cavabdeh uşaqları ilə birlikdə hazırkı vaxtadək onlara məxsus evdə yaşayır, birgə təsərrüfat aparırlar. Cavabdehin və uşaqların maddi təminatları təmsil etdiyi şəxsin göndərdiyi pullar hesabına təmin edilir. Belə ki, ayrılmalarına baxmayaraq, iddiaçı öz ailəsinə baxır, onların zəruri ehtiyaclarını qarşılayır. Belə olan halda iddiaçının həm də aliment ödəməsi əsaslı sayıla bilməz. Həmçinin, iddiaçı uşaqlarına baxdıgı üşün aliment ödəməmiş, bu səbəbdən onun 12.750 manat aliment borcu yığılmışdır. Hesab edir ki, həmin borc da silinməlidir. Odur ki, iddianın təmin edilərək, xx.xx.2005-ci il təvəllüdlü Gülay, xx.xx.2006-cı il təvəllüdlü Nuray və xx.xx.2015-ci il təvəllüdlü Nurgül adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə yaranmış 12.750 manat aliment borcunun silinməsi və həmin uşaqlar 18 yaşlarma çatanadək qətnamə üzrə ödəməli olduğu aliment öhdəliyindən azad edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsasladırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə iclasında araşdırılmış faktiki hallara düzgün qiymət verilməmiş, maddi hüquq normaları olaraq tətbiq etdiyi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlərin hər ikisinin uşaqlarını saxlamağa borclu olması qeyd edilmişdir. İddia üzrə mülki işin məhkəmə araşdırılması zamanı birgə nikahdan olmuş, qətnamə üzrə cavabdehin himayəsində olması müəyyən edilmiş, xx.xx.2005-ci il təvəllüdlü Gülay, xx.xx.2006-cı il təvəllüdlü Nuray və xx.xx.2015-ci il təvəllüdlü Nurgül adlı uşaqların və cavabdehin özünün faktiki olaraq iddiaçının maddi vəsaiti ilə təmin edilməsinə baxmayaraq, iddianın təmin edilməməsi, məhkəmə tərəfindən əsassız olaraq təyin edilmiş alimentin onun tərəfindən ödənilməli olması qət edilmişdir. Nə qədər məntiqlidir ki, cavabdehin ayda 2-3 dəfə qadın bəzəməklə əldə etdiyi pul vəsaiti ilə özünün və üç nəfər uşaqların əksər maddi tələbatları təmin edildiyi halda, həm iddiaçı tərəfindən göndərilən maddi vəsaitlə, həm də iddiaçının xahişilə ata-anasının pensiyalarının yarısından çoxunun cavabdehin özünə və uşaqlarımızın maddi ehtiyaclarına sərf edilməsi yenə də uşaqları təmin etmirmiş. Məhkəmə işin bu kimi müəyyən edilmiş hallarına, yəni həm təqdim edilmiş sübutlar baxımından şahidlərin ifadələrinə, həm də iddianın təmini üçün əsasverici arayışlara obyektiv hüquqi qiymət verməmişdir. Cavabdehin xəbəri olmadan qaldırdığı iddia əsasında uşaqların maddi təminatı üçün təyin edilmiş alimentdən asılı olmayaraq, ailə qurduqları ilk dövrlərdən bu günə qədər hansı səviyyədə ailənin maddi təminatını təmin etmişdisə, həmin səviyyədə də təmin edir. Cavabdeh həmin aliment barədə qətnamə çıxarmaqla iddiaçıdan əldə edəcəyi əlavə maddi vəsaiti heç də uşaqları üçün deyil, özünün şəxsi ifrat ehtiyacları üçün sərf etmək niyyətində olmuşdur. Ona görə cavabdehə qarşı aliment borcumun silinməsi və aliment öhdəliyindən azad edilməyi barədə məlum iddianı qaldırmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxrı barədə xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təminn edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçı alimenti ödəmir. Hazırki iddianı da aliment ödəməkdən yayınmaq üçün qərəzli şəkildə qaldırmışdır. Belə ki, onun iddiaçı ilə ailə münasibətləri pozulduqdan sonra faktiki və rəsmi olaraq ayrılmışlar və birgə ailə şəraitində yaşamamışlar. Ayrıldıqları gündən etibarən uşaqlar onun himayəsində olmuşdur. Mövcud vəziyyətdə uşaqlarının saxlanmasında tək başına çətinlik çəkir. Uşaqlar böyüdükcə onların tələbatları da artır və maddi imkanı olmadığından uşaqlarınm tələbatlarını qarşılaya bilmir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 31 mart 2005-ci il tarixdə Gülay, 06 iyul 2006-cı il tarixdə Nuray və 19 mart 2015-ci il tarixdə Nurgül adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)- 1414/2020 saylı qətnaməsindən görünür ki, 05 may 2020-ciildən başlayaraq 31 mart 2005-ci il tarixdə doğulmuş Gülay, 06 iyul 2006-cı il tarixdə doğulmuş Nuray və 19 mart 2015-ci il tarixdə doğulmuş Nurgül adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)- 2154/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşlar. Birgə nikahdan 31 mart 2005-ci il tarixdə Gülay, 06 iyul 2006-cı il tarixdə Nuray və 19 mart 2015-ci il tarixdə Nurgül adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən tərəflər ayrılmış, ayrıldıqdan sonra uşaqları cavabdehin yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1414/2020 saylı qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 170 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı cavabdehlə nikahının pozulduğu vaxtadək olduğu kimi, nikahı pozulduqdan sonra da ailəsini, yəni uşaqları ilə birlikdə cavabdehi saxlayır. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin xüsusatı inkar edərək iddiaçının hətta qətnamə ilə müəyyən olunmuş alimenti ödəmədiyini bildirdi. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiya qeyd edir ki, iddiaçının uşaqlara hər hansı maddi yardımın göstərilməsi onu alimenti ödəmək öhdəliyindən azad etmir. Həmin xüsusat da apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilib iddianın təmin edilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğun gəldiyinə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığına, maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyinə görə apellyasiya şikayəti təmin edilmədən, şikayətlə mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilıər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(076)-2306/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-418/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-418/2023
11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver