Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-421/2024 05.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: alimentin artırılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-1575/2023 saylı mülki iş üzrə 30 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)-107/2020 saylı qətnaməsinin sürətindən görünür ki, məhkəmənin həmin qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və xx.xx.2019-cu il tarixdən başlayaraq tərəflərin birgə nikahından doğulmuş, xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015-ci il təvəllüdlü X5 adlı uşaqlara görə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat ödənilməsi qət edilmişdir. Mülki işin materiallarına əlavə olunan, Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 138830/6 saylı arayışdan müəyyən edilir ki, Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 2 (025)-107/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hazırda 1760 manat alimenti borcu vardır. Mülki işin materiallarına əlavə olunan, Qəbələ Rayon Məhkəməsinin 07.05.020-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarınnın surətlərindən görünür ki, Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 2 (025)-107/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ödəməli olduğu alimenti ödəmədiyindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, müvafiq olaraq 10 gün və 08 gün müddətində inzibati həbs edilmişdir. 35. Qeyd edilən hallarını nəzərə alan kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı və iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarına əlavə olunan, nikah haqqında şəhadətnamənin və uşağın doğumu haqqında tibbi məlumatın surətlərindən müəyyən olunur ki, Cavabdeh 25 oktyabr 2022-ci ildə Aysel Məmmədova adlı qadınla rəsmi nikah bağlamış və bu ikinci nikahdan onların 12 sentyabr 2023-cü il tarixdə bir uşaqları anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından andan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015ci il təvəllüdlü X5 adlı övladlarının saxlanması üçün təyin olunmuş alimentin məbləğini artırılaraq cavabdehdən bir uşaq üçün 250 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)-107/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və 24 may 2015-ci il təvəllüdlü X5 adlı övladlarının hər birinə 160 manat olmaqla, cəmi 320 manat aliment ödənilməsi müəyyən olunmuşdur. Həmin məbləğlə uşaqların xərcini qarşılaya bilmir, uşaqlar hazırlığa gedirlər. Ümumi yaşayış minimumu da yüksəlib. Özü də işləmir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1575/2023 saylı mülki iş üzrə 30 avqust 2023cü il tarixli qətnaməsi ilə (hakim: Z.Hünmətov) iddia tələbi qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)-107/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 və 24 may 2015-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)- 1575/2023 saylı mülki iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən, tərəflərin ailə vəziyyəti, maddi imkanı, gəlirləri, iş yeri və s. nəzərə alınmamışdır. Belə ki, o, restoranda işləyir və gündəlik 15-20 manat məbləğində qazanc əldə edir. Eyni zamanda ikinci dəfə ailə qurmuş və həmin nikahdan bir uşağı vardır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, əvvəllər Bakı şəhərində şirniyyatçı usta kimi işləsə də hazırda Qəbələ rayonunda doğulduğu kənddə fəaliyyət göstərən yeməkxanada gündəlik təxminən 15 manata ofisiant kimi işləyir. Ona görə də çətinliklə dolanır və əvvəlki qətnamə ilə müəyyən edilmiş alimenti də vaxtı-vaxtında ödəyə bilmir. Əvvəlki qətnamə ilə müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəyə bilmədiyi üçün aliment borcu yaranmış, həmin borcla bağlı iki dəfə onun inzibati qaydada həbs olunmasına dair qərar çıxarılmışdır. Odur ki, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, cavabdehin hazırda iş yeri və qazancı barədə onda məlumatlar yoxdur. Ancaq əvvəllər, yəni bir ailə kimi yaşadıqları dövrdə cavabdeh Bakı şəhərində şirniyyatçı usta kimi işləmiş və yaxşı qazancı olmuşdur. Hazırda cavabdeh əvvəlki qətnamə ilə müəyyən edilmiş alimenti vaxtlı vaxtında ödəmir. Odur ki, şikayətin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin 2(062)-1575/2023 saylı mülki iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. və 385.1.2. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, apelyator şikayətində onun maddi vəziyyətində heç bir dəyişiklik olmamasını, başqa nikahdan bir azyaşlı uşağının olmasını, həmçniin, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimenti ödəyə bilmədiyindən həbsdə qalmasını bildirərək, bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasına cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 138830/6 saylı arayışdan müəyyən edilir ki, Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 2 (025)-107/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hazırda 1760 manat alimenti borcu vardır. Bundan başqa cavabdeh tərəfindən kollegiyaya təqdim edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarının surətlərindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, müvafiq olaraq 10 gün və 08 gün müddətində inzibati həbs edilmişdir. Qeyd edilən hallarını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanun normasının mətn və məzmunundan müəyyən edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Yəni, əvvəlki məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin artırılması üçün aliment ödəməyə borclu olan valideynin ailə və ya maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olması müəyyən edilməlidir. Belə bir dəyişikliyin olmadığı halda əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması yolverilməzdir. Bundan başqa, “Uşaq Hüquqları haqqında” Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Göründüyü kimi, Cavabdeh maddi vəziyyətinin yaxşı tərəfə dəyişməsi və başqa gəlirə malik olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir və bu hal məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin izahatları ilə də öz təqdiqini tapmışdır. Bundan başqa, cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(025)- 107/2020 saylı qətnaməsinin qəbul edilməsindən sonrakı zaman kəsiyində Cavabdeh başqa bir qadınla ikinci dəfə ailə qurmuş və bu ikinci nikahdan onların 2023-cü ildə daha bir uşaqları anadan olmuşdur. Yaranmış vəziyyəti nəzərə alan kollegiya bu qənaətdədir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Kollegiya bu qənaətə gələrkən həm də nəzərə alır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və aliment ödəməli olan valideyndən maddi imkanlarından yuxarı olan alimentin tələb edilməsi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1575/2023 saylı mülki iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cu maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. İddiaçının artırılmasını iddia etdiyi 500 manat aylıq alimentin bir illik məcmusu (500 manat-320 manat=180 manat x 12ay)=2160 (iki min bir yüz altmış) manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu işdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1575/2023 saylı mülki iş üzrə 30 avqust 2023cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-421/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-421/2024
05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver