Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-429/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh X2 qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(062)-2482/2024 nömrəli qətnaməsindən iddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Nümayəndə cavabdeh Səbinə Əbil qızına qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 ilə birgə nikahlarından anadan olmuş 12 aprel 2014-cü il təvəllüdlü Gülay, 13 dekabr 2015-ci il təvəllüdlü Nigar və 12 noyabr 2020-ci il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 oktyabr 2023-cü il tarixdən hesablanmış 4320 manat aliment borcundan 3840 manat silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tovuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(062)-2482/2024 nömrəli qətnaməsi ilə (hakim Q.Baxşıyev) İddiaçı cavabdeh X2 qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 09 oktyabr 2023-cü il tarixdən cavabdeh X4 və uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşadıq və ailənin bütün xərcləri onun tərəfindən ödənilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh X3 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəsiz araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(062)-2482/2024 nömrəli qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 261.0.1. maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. “İcra haqqına” Azərbaycan Respublikası qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Həmin Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Yuxarıda qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanarsa bu zaman aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılmalı, əks təqdirdə mübahisə icra qaydasında öz həllini tapmalıdır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar hesablanan məbləğin silinməli olması ilə əsaslandırılırsa, bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Hazırki tələbin mahiyyətindən görünür ki, iddiaçı Nümayəndə 09 oktyabr 2023-cü il tarixdən övladları,12 aprel 2014-cü il təvəllüdlü Gülay, 13 dekabr 2015-ci il təvəllüdlü Nigar və 12 noyabr 2020-ci il təvəllüdlü Murad adlı uşaqları ilə birlikdə yaşamasını və onlarla bağlı valideynlik borcunu yerinə yetirdiyindən həmin dövrlər üzrə X2 ödənilməli olan aliment borcundan azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbu ki, iddiaçı iddia icratı qaydasında məhkəməyə müraciət etməli deyil. Əslində iddiaçı azyaşlı uşaqları ilə birlikdə yaşadığı dövrlər üzrə yaranmış borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də, aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4 maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 261, 263-264, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(062)-2482/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Nümayəndə cavabdeh Səbinə Əbil qızına qarşı aliment borcunun silinməsi tələbinə dair iş üzrə icraata xitam verilsin.s Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-429/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-429/2025
03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver