Məhkəmə qərarları › İş №2(104)-434/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-434/2023

25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-434/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X2 və Cavabdeh iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2462/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2462/2022 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddianın qismən təmin edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş Elgün və xx.xx.2012-ci il tarixdə anadan olmuş Elmir adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir.

2. AZ-İİ seriyalı 821796 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır.

3. AZ-İV seriyalı 293830 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 atası ehralıyev Ramiz Vidadi oğlu, anası X4r.

4. AZ-İİ seriyalı 487398 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 02 avqust 2022-ci il tarixdə nikaha bağlayaraq ailə qurmuşlar.

5. Azərbaycan Respublikası İcbari Sığorta üzrə X11 ərazi X5 “Tovuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 22 avqust 2022-ci il tarixli 37 nömrəli arayışından görünür ki, X7, Tovuz rayon Poliklinika şöbəsində xx.xx.2022-ci il tarixdən həkim nervopatoloq qeydiyyatında dayanır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən tutulan alimentin məbləğinin artırılması, xx.xx.2011-ci il tarixdə doğulmuş Elgün və xx.xx.2012-ci il tarixdə doğulmuş Elmir adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə doğulmuş Elgün və xx.xx.2012-ci il tarixdə Elmir adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğdə alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Uşaqlar böyüdükcə uşaqların saxlanılması xərcləri də artır. Buna baxmayaraq, uşaqların saxlanması üçün cavabdeh əlavə köməklik etmir.

8. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2462/2022 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci il tarixdə doğulmuş Elgün və xx.xx.2012-ci il tarixdə doğulmuş Elmir adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(062)- 380 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hər ay bir uşaq üçün 165 manat, cəmi 330 manat sabit pul məbləğində müəyyən edilməsi və Cavabdeh tutularaq İddiaçı ödənilməsi, artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir, alimentin bir uşaq üçün 165 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2, 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(062)-2462/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mühüm əhəmiyyəti olan heç bir faktiki hal mövcud olmamışdır. Artırılmış alimentin ödənilməsinə görə faktiki gəlirlə bağlı ümumiyyətlə araşdırma aparılmamışdır. Belə ki, özü işsizdir. Digər nikahından da iki azyaşlı uşağı vardır, məhkəmə bu halları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşdırılmış hüquqi mövqeyinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

21. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəlmişdir, ona görə də hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2462/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehdən tutulan alimentin məbləğinin artırılması, xx.xx.2011-ci il tarixdə doğulmuş Elgün və xx.xx.2012-ci il tarixdə doğulmuş Elmir adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qeyd etmişdir ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir, alimentin bir uşaq üçün 165 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Cavabdeh apellyasiya şikayətinin dəlillərində işin faktiki hallarının araşdırılmamasını, digər nikahından uşaqlarının da olmasını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini və uşaqların maddi ehtiyaclarını nəzərə almış, uşaqların mənafeyini üstün tutmuşdur. Odur ki, məhkəmə kollegiyası qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün heç bir əsas görmür, ona görə apellyasiya şikayəti təmin edilməməlidir.

28. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

29. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün, bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 30.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil. 31.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 402.1-ci, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(062)-2462/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar