Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-445/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(013)-868/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 10000 manat alınaraq, 3000 manat maliyyə dəstəyi məqsədilə “X1”-nun hesabına, 3000 manat şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsinə dəstək məqsədilə “Yaşat” Fondunun hesabına ödənilməsi, 4000 manat isə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(013)-868/2022 nömrəli (hakim: Rafiq Məmmədov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul alınaraq, 3000 (üç min) manat maliyyə dəstəyi məqsədilə “X1”-nun hesabına, 3000 (üç min) manatının şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsinə dəstək məqsədilə “Yaşat” Fondunun hesabına ödənilməsi və 4000 (dörd min) manat miqdarında pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi; İş üzrə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmkəndlisi Cavabdeh İmran oğlu 05 yanvar 2017-ci il tarixdə sərxoş vəziyyətdə yaşadığı evə gəlib hücum edərək ona xəsarət yetirmişdir. Ailə üzvlərinin və qonşuların köməkliyi ilə onları aralamışlar. Cavabdeh onun barəsində şikayətlə Ağdam rayon Polis Şöbəsinə müraciət etmiş, müraciət əsasında cinayət işi başlanmış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə ittiham edilmişdir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İttihamda guya onun 05 yanvar 2017-ci il tarixdə Ağdam rayonu Böyükbəyli kəndində yaşadığı evin qarşısında yüngül dərəcəli sərxoş halda həmkəndlisi Cavabdeh ilə onun ailə üzvləri arasında borcla bağlı şəxsi münasibətlər zəmnində cavabdehlə mübahisə etməsi və dalaşıb ona müəyyən xəsarətlər yetirib sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurması göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı və ona əlavə edilmiş istintaq materialları baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin müvafiq hökmü ilə qeyd olunan maddə ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi miqdarında pulu dövlət nəfinə tutulmaqla 6 (altı ay) müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2018-ci il tarixli 1(102)-492/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2018-ci il tarixli 1(104)- 211/2018 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş və yeni hökm çıxarılaraq ittiham üzrə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2019-cu il tarixli 1(102)-105/2019 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2018-ci il tarixli 1(104)-211/2018 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iki il gedən ibtidai istintaq və məhkəmə proseslərindən sonra təqsirsiz olması məlum olmuşdur. Cavabdehin polisə etdiyi həqiqətə uyğun olmayan müraciətə görə həmin müddət ərzində özü, eləcə də ailə üzvləri mənəvi iztirab və sarsıntılar keçirmişlər, habelə kənd camaatı arasında müxtəlif şayiələr gəzmiş və barəsində nüfuzuna xələl gətirən fikirlər formalaşmışdır. Özü və arvadı əsəbi gərginlik səbəbi ilə həkim müayinəsindən keçmişlər və müəyyən müalicələr almışlar. Bundan əlavə, məhkəmə prosesləri dövründə gediş haqqı və sair xərclərə görə maddi ziyan çəkmişdir, habelə keçirdiyi stres və həyəcanlara görə fərdi əməklə məşğul ola bilməmiş və xeyli miqdarda fayda əlindən çıxmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul edilmiş məkhəmə aktları sübut olaraq qiymətləndirilməmişdir. Halbuki həmin məhkəmə aktları ilə sübut olunur ki, cavabdeh ona məvəzi zərər vurmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli 2(104)-1155/2020 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 3000 manat mənəvi zərərin əvəzi alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2(013)-1721/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin hesabına mənəvi zərərin əvəzi olaraq 6000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat alınaraq İddiaçı verilməsi; İddiaçı iddiasının qalan – Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin hesabına mənəvi zərərin əvəzi olaraq 14000 (on dörd min) manat, keçirdiyi sarsıntı və iztirabla bağlı səhhəti ilə əlaqədar fərdi işlə məşğul ola bilməməsi səbəbindən itirdiyi qazancın əvəzi olaraq 6000 (altı min) manat, özünün və həyat yoldaşının sağlamlığının bərpası üçün sərf etdikləri fiziki ziyanın əvəzi olaraq 5000 (beş min) manat tələbinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2(104)-1155/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2(013)-1721/2019 nömrəli qətnaməsinin qismən, yəni vurulmuş mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilməsi; Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin hesabına vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul tutularaq İddiaçı verilməsi; Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Cavabdeh onun barəsində şikayətlə Ağdam rayon Polis Şöbəsinə müraciət etməsini, müraciət əsasında cinayət işi başlanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə ona ittiham edilməsini, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsini, ittihamda guya onun 05 yanvar 2017-ci il tarixdə Ağdam rayonu Böyükbəyli kəndində yaşadığı evin qarşısında yüngül dərəcəli sərxoş halda həmkəndlisi Cavabdeh ilə onun ailə üzvləri arasında borcla bağlı şəxsi münasibətlər zəmnində cavabdehlə mübahisə etməsi və dalaşıb ona müəyyən xəsarətlər yetirib sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmasının göstərilməsini, Ağdam Rayon Məhkəməsinə müvafiq hökmü ilə qeyd olunan maddə ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi miqdarında pulu dövlət nəfinə tutulmaqla 6 (altı ay) müddətinə islah işləri cəzasına məhkum edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qərarı ilə hökmün dəyişdirilmədən saxlanılmasını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2018-ci il tarixli 1(102)-492/2018 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını, Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2018-ci il tarixli 1(104)- 211/2018 nömrəli hökmü ilə isə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək ittiham üzrə bəraət almasını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2019-cu il tarixli 1(102)-105/2019 nömrəli qərarı ilə də Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2018-ci il tarixli 1(104)-211/2018 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını, beləliklə cavabdehin polisə etdiyi həqiqətə uyğun olmayan müraciətə görə həmin müddət ərzində özü, eləcə də ailə üzvlərinin mənəvi iztirab və sarsıntılar keçirməsini, habelə kənd camaatı arasında müxtəlif şayiələr gəzməsini və barəsində nüfuzuna xələl gətirən fikirlər formalaşmasını, özünün və arvadının əsəbi gərginlik səbəbi ilə həkim müayinəsindən keçmələrini və müəyyən müalicələr almalarını, məhkəmə prosesləri dövründə gediş haqqı və sair xərclərə görə maddi ziyan çəkməsini, habelə keçirdiyi stres və həyəcanlara görə fərdi əməklə məşğul ola bilməməklə xeyli miqdarda fayda əlindən çıxdığını, qeyd olunanlar nəticəsində ona dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Kollegiya ilkin olaraq qeyd edir ki, Cavabdeh İddiaçı barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (dövlət orqanına) müraciəti pozulmuş hesab etdiyi hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı olmuşdur. Belə olan halda isə Cavabdeh dövlət orqanına müraciətini İddiaçı mənəvi zərər vusması kimi qiymətləndirilə bilməz. Belə ki, hüquqa zidd əməl, mülki hüquq pozuntusu (delikt) və öhdəliyə zidd hərəkət şəklində təzahür edilir. Əgər bu cür hüquqa zidd hərəkətlərə görə əməli törədən şəxs mülki hüquq məsuliyyəti daşıyırsa, onda bu məsuliyyətlərin yaranması da öz-özlüyündə hüquqi nəticənin yaranması deməkdir. Lakin hazırkı işdən isə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətlər olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129cu maddəsinə uyğun olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İşdən göründüyü kimi Ağdam Rayon Məhkəməsinə müvafiq hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 faizi miqdarında pulu dövlət nəfinə tutulmaqla 6 (altı ay) müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2018ci il tarixli 1(104)-211/2018 nömrəli hökmü ilə isə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilmiş və İddiaçı ittiham üzrə bəraət almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2019-cu il tarixli 1(102)-105/2019 nömrəli qərarı ilə də Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2018-ci il tarixli 1(104)- 211/2018 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı hazırkı iddianın predmetini təşkil edən əsaslarla cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qardırmış və Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2(104)-1155/2020 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin hesabına vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Kollegiya məhz işin qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüqüqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(013)-868/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-445/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-445/2023
31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver