Məhkəmə qərarları › İş №2(104)-447/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-447/2025

13.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-447/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2603/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsi - Ağdam rayon 1 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək, Ağdam rayon 1 nömrəli tam orta məktəbinin Pedoqoji Şurasının, xx.xx.2023-cü il tarixli № 1 iclas protokolunun ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdam rayon 1 nömrəli tam orta məktəbin xx.xx.2012-ci il tarixli, №14 əmri ilə Ağdam rayon 1 nömrəli tam orta məktəbdə kitabxanaçı vəzifəsinə təyin olunmuş, daha sonra Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2013-cü il tarixli, №66 əmri ilə, əsas iş yeri saxlanılmaqla, Ağdam rayon 1 nömrəli tam orta məktəbdə, ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Ağdam rayon 1 nömrəli tam orta məktəbin №136 əmri ilə müəllimlik vəzifəsinə xitam verilsə də, Ağdam Rayon Məhkəməsinin 2(013)-5812/2017 saylı qətnaməsinə əsasən, Ağdam rayon 1 nömrəli tam orta məktəbinin №207 əmri ilə ingilis dili müəllimi kimi vəzifəsinə bərpa edilmiş, beləliklə, 12 il kitabxanaçı, eyni zamanda 10 il ingilis dili müəlliməsi kimi fəaliyyət göstərmişdir. Ağdam rayon 1 nömrəli tam orta məktəbinin Pedoqoji Şurasının xx.xx.2023cü il tarixli №1 iclas protokolu əsasında, 2023-2024-cü tədris ili üzrə dərs bölgüsü müəyyən edilərkən, ona dərs yükü verilməsi nəzərdə tutulmamışdır. Hal-hazırda hər iki vəzifəsinə görə əmək müqaviləsi var, hər iki müqavilə müddətsiz olaraq qüvvədədir. Lakin buna baxmayaraq cavabdeh ona dərs yükü və əmək haqqı verməməklə əmək müqaviləsinin şərtlərini pozmuş və əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, əmək müqaviləsinin 4.12-ci bəndində həftə ərzində 6 saatdan çox olmayaraq, yəni 6 saat dərs yükü nəzərdə tutulmuş, bu da 151.80 manat əmək haqqı deməkdir. Qeyd olunan müqavilədə əsas iş yeri və ya, əlavə iş yeri sözləri qeyd olunmamasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçının müəllim vəzifəsi əlavə iş yeri hesab edilərək, müəllim kimi məktəbdən kənarlaşdırıb və dərs yükünü əsas iş yeri üzrə çalışan müəllimlər arasında bölünmüşdür. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-827/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(104)-1172/2024 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 827/2024 saylı qətnaməsi ləğv edilərək, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-827/2024 saylı qətnaməsi ilə ( Hakim R.R.Məmmədov) iddia təmin edilməmişdir İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2603/2024 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Ağdam Rayon Təhsil Şöbəsinin, xx.xx.2013 tarixli, 66 №li əmri ilə, əsas iş yeri saxlanmaqla, Ağdam 1 nömrəli tam orta məktəbə, ixtisası üzrə «müəllim» vəzifəsinə təyin olunmuşdur. Ağdam rayon 1 nömrəli tam orta məktəbinin xx.xx.2017 tarixli, 136 №-li əmri ilə, «ingilis dili müəllimi» vəzifəsinə xitam verilsə də, Ağdam Rayon Məhkəməsinin, xx.xx.2017 tarixli, 2(13)-5812/2017 saylı qətnaməsinə əsasən, Ağdam rayon 1 nömrəli tam orta məktəbinin «ingilis dili müəllimi» vəzifəsinə bərpa edilmişdir. 12 il «kitabxanaçı» vəzifəsində, eyni zamanda, 10 il isə «ingilis dili müəllimi» vəzifəsində çalışmışdır. Müəllim kimi vəzifəyə təyin olunandan xx.xx.2023-cü il tarixə qədər, 6 saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir. Ağdam rayon 1 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2023- cü il tarixli, 1 №-li Protokolu əsasında, 2023-2024-cü tədris ili üzrə müəllimlərin dərs bölgüsü müəyyən edilərkən, ona dərs yükü verilməsi nəzərdə tutulmamışdır. Hal-hazırda kitabxanaçı vəzifəsinə təyin olunma əmrinə və eyni zamanda ixtisası üzrə müəllim vəzifəsinə təyin olunma əmrinə xitam verilməmiş, hər iki vəzifəsinə görə ayrı-ayrılıqda əmək müqaviləsi olmaqla, hər bir əmək müqaviləsi müddətsizdir və qüvvədədir. Müddətsiz əmək müqaviləsində ona saat hesabı qaydasında, 6 saat dərs yükü və 151.80 manat əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. Ağdam rayon 1 nömrəli tam orta məktəb ilə onun arasında bağlanmış əmək müqavilələrində «əsas iş yeri» və «əlavə iş yeri» sözləri qeyd olunmamışdır. Lakin buna baxmayaraq, cavabdeh, müəllim vəzifəsini, «əlavə iş yeri» hesab edərək, onu, müəllim kimi, məktəbdən kənarlaşdırmış və dərs yükünü «əsas iş yeri» üzrə çalışan müəllimlər arasında bölmüşdür. Cavabdeh tərəfindən Elm və Təhsil Nazirliyinin Əmri və Təlimati məktubu təhrif, eyni zamanda səhv təvsir olunmuşdur. Belə ki, X6 qeyd olunur ki, Elm və Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 59 №li əmrində kitabxanaçılara dərs yükü verilməsi nəzərdə tutulmamışdır. Elm və Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 59 №li əmrinin, 1 hissəsində qeyd olunur ki; təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibatitəsərrüfat, tədris-köməkçi və digər işçiləri tutduqları vəzifə ilə yanaşı öz ixtisaslarına uyğun olaraq işlədikləri müəssisələrdə və ya əsas iş vaxtı istisna olmaqla, başqa təlim-tərbiyə müəssisələrində müvafiq qaydada əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə), saat hesabı dərs yükü (pedaqoji iş) apara bilərlər. X6 qeyd olunur ki, Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il təlimati məktubuna əsasən, kitabxanaçılara dərs yükü verilməsi nəzərdə tutulmur. O, kitabxanaçı vəzifəsinə görə dərs yükü istəməmiş, o, məktəbdən müəllim kimi dərs yükü istəmişdir. O, ingilis dili ixtisası üzrə müəllim olmaqla, buna görə də, ayrıca əmək müqaviləsi vardır. Onunla ilk dəfə müddətsiz əmək müqaviləsini, Ağdam rayon Təhsil Şöbəsi, xx.xx.2012-ci il tarixində bağlamışdır və sonra ikinci vəzifəsini də həmin müqaviləyə əlavə etmişdir. Daha sonra həmin müqavilə qüvvədən salınmış, Qarabağ Regional Təhsil İdarəsi, xx.xx.2022-ci il tarixdə, onunla hər iki vəzifəsinə görə, müddətsiz əmək müqavilələri bağlamışdır. Əvvəlki və sonrakı müqavilələrdə onun hər iki vəzifəsi, əsas iş yeri kimi göstərilmişdir. Hətta, Ağdam rayon Təhsil Şöbəsi onunla cəmi bir müqavilə bağlamışdır və həmin müqavilədə hər iki vəzifəsi, əsas iş yeri kimi göstərmişdir. Qarabağ Regional Təhsil İdarəsi, onunla ilk dəfə müqavilə bağlayanda onun hər iki vəzifəsinə görə ayrı–ayrılıqda əmək müqaviləsi bağlamışdır və hər bir əmək müqaviləsində onun hər iki iş yerini, əsas iş yeri kimi göstərmişdir. Daha sonra o, birinci övladına görə analıq məzuniyyətində olan zaman Qarabağ Regional Təhsil İdarəsi, onun əmək müqavilənin birinə onun xəbəri olmadan X2 dəyişiklik edərək müəllim vəzifəsini əlavə iş yeri kimi göstərmişdir. İşdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Qarabağ Regional Təhsil İdarəsi - Ağdam rayon 1 nömrəli tam orta məktəbin direktoru məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2603/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materillarında olan: Ağdam rayon 1 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2023- cü il tarixli, 1 №-li Protokolunun çıxarışından görünür ki, məktəbdə əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri (6 nəfər müəllim və cəmi 72 saat dərs), Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimatı məktubunu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur) və yenə Elm və Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Normalar”ın 3-cü bəndində kitabxanaçıların dərs aparmaq hüququ olan işçilər kimi qeyd olunmamasını nəzərə alaraq, əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı 2023-2024-cü tədris ili üzrə dərs bölgüsündə onun tədrisi üçün dərs yükü (ingilis dili) nəzərdə tutulmamışdır. xx.xx.2023-cü il tarixli, 345 nömrəli və xx.xx.2023-cü il tarixli, 307 nömrəli arayışlardan görünür ki, 2023-2024 cü tədris ilində, xx.xx.2023- cü il tarixində məktəb Pedaqoji Şuranın iclası keçirilərkən ona dərs yükü (ingilis dili) müəyyən olunmamasının səbəbi aşağıda qeyd olunanlar olmuşdur: 1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimati məktubu (Ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, psixoloq, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur. 2. Məktəbdə əsas iş yeri və müddətsiz əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi (1. X12, 2. X15, 3. X13, 4. X3, 5. X14, 6. X7) və cəmi 72 (yetmiş iki) saat ingilis dili dərsinin mövcudluğu və bu səbəbdən həmin müəllimlərin dərs yükü ilə təmin olunmasında çətinliklərin mövcudluğu. 3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normaların 3-cü bəndində kitabxanaçıların nəzərdə tutulmaması. xx.xx.2023-cü il tarixli, 346 nömrəli arayışdan görünür ki, Bərdə Rayon Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq bildirilir ki, İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2013-cü il tarixli, 66 və 34 nömrəli əmri ilə müddətsiz əmək müqaviləsi üzrə Ağdam rayon 1 nömrəli tam orta məktəbinə ingilis dili müəllimi vəzifəsinə təyin olunmuşdur. Vəzifəyə təyin olunandan xx.xx.2023-cü il tarixə qədər 6 (altı) saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir. O, 2022-2023-cü tədris ilində də 6 (altı) saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir (əvəzçilik qaydasında deyil). Hal-hazırda ingilis dili müəllimi üzrə olan əmrinə xitam verilməyib. Lakin xx.xx.2023 cü il tarixli Ağdam rayon 1 nömrəli Pedaqoji Surada 2023- 2024-cü tədris ili üzrə müəllimlərin dərs bölgüsü müəyyyən edilərkən, İddiaçı dərs yükü verilməsi nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 345 nömrəli arayışdan görünür ki, verilir kitabxanaçı İddiaçı ondan ötəri ki, o, Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2013-cü il tarixli 66 § 36 nömrəli əmri ilə əlavə və müddətsiz əmək müqaviləsi üzrə Ağdam rayon 1 nömrəli tam orta məktəbə ingilis dili müəllimi vəzifəsinə təyin olunmuşdur. O, 2022-2023-cü tədris ilində 6 (altı) saat ingilis dili dərsinin tədrisini həyata keçirmişdir (əvəzçilik qaydasında deyil). xx.xx.2023-cü il tarixli 1 nömrəli Pedaqoji Şurada 2023-2024-cü tədris ili üzrə müəllimlərin dərs bölgüsü müəyyən edilərkən, İddiaçı dərs yükü nəzərdə tutulmamasının səbəbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyin 22 iyul 2017-ci il tarixli təlimati məktubu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, psxoloq, UBTR, lobarant və kitabxanaçı dərs yükü nəzərdə tutulmur), məktəbdə əsas əmək müqaviləsi üzrə işləyən 6 nəfər ingilis dili müəllimi və cəmi 72 (yetmiş iki) saat xarici dil dərslərin (tədris planı və sinif komplektləri üzrə) mövcudluğu olmuşdur (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"nın 2-ci bəndi). Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2012-ci il tarixli, 14 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ərizəsinə əsasən, məktəbə kitabxanaçı təyin edilmişdir. Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2013-cü il tarixli, 01 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı əsas iş yeri saxlanılmaqla, 1 saylı tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2017-ci il tarixli, 136 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı, məktəbin ingilis dili müəllimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən işinə xitam verilmişdir. Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2018-ci il tarixli, 207 nömrəli əmrdən çıxarışdan görünür ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)- 5812/2017 nömrəli qətnaməsinə əsasən, İddiaçı işinə bərpa edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi X17 və Texnologiya Kölleci tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 30254 nömrəli Diplomun surətindən (BBİİ №107917) görünür ki, X1 Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olmuş və xx.xx.2010-cu ildə İngilis dili ixtisası üzrə tam kursu bitirmiş və ona İngilis dili müəllimi ixtisası verilmişdir. xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsindən görünür ki, X8 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə İngilis dili müəllimi qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə 6 saat dərs yükü verilməsi, hər ay əmək haqqı cədvəlinə uyğun 151,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.1) müddətsiz bağlanmışdır. xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsinə xx.xx.2023- cü il tarixli 01 nömrəli əlavədən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 01 nömrəli əlavə bağlanmış və xx.xx.2022-ci tarixdən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci tarixli əmək müqaviləsinin 4.1-ci maddəsi dəyişdirilərək işçiyə hər ay 151,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsindən görünür ki, X8 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə kitabxanaçı qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə hər ay 538 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.1) müddətsiz bağlanmışdır. xx.xx.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, X8 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsinə 01 nömrəli əlavə bağlanmış və xx.xx.2022-ci tarixdən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci tarixli əmək müqaviləsinin 4.1-ci maddəsi dəyişdirilərək işçiyə hər ay 538 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, hazırki halda İddiaçı Ağdam rayon 1 nömrəli tam orta məktəbində əsas iş yeri kitabxanaçı, əlavə iş yeri isə ingilis dili müəllimi olduğundan və tədris və dərs bölgüsü nəzərə alınaraq Elm və Təhsil Nazirliyinin məktubuna əsasən 2023-2024-cü tədris ili üzrə əsas iş yeri müəllim olmayan işçilərə dərs yükü nəzərdə tutulmadığından, ona dərs verilməmişdir. İddiaçı hazırda müddətsiz əmək müqaviləsi üzrə məktəbdə kitabxanaçı vəzifəsində işləməklə işinə davam edir və aylıq 538 manat əmək haqqı alır. Bundan başqa, məhkəmə iddia tələbində qeyd edilən pedaqoji şuranın iclas protokolunun iddiaçıya aid hissədə ləğv edilməsi tələbi ilə razılaşmır və həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Belə ki, pedaqoji şuranın iclas protokolu hüquqmüəyyən edici sənəd deyil və bu səbəbdən məhkəmə qaydasında ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin 1-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. X Fəslində əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları göstərilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Ağdam rayon 1 nömrəli tam orta məktəbin xx.xx.2012-ci il tarixli, №14 əmri ilə Ağdam rayon 1 nömrəli tam orta məktəbdə kitabxanaçı vəzifəsinə təyin olunmuş, daha sonra Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2013-cü il tarixli, №66 əmri ilə, əsas iş yeri saxlanılmaqla, Ağdam rayon 1 nömrəli tam orta məktəbdə, ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2017-ci il tarixli, 136 nömrəli əmri ilə məktəbin ingilis dili müəllimi işləyən İddiaçı işinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən işinə xitam verilsə də, o, Ağdam rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)-5812/2017 nömrəli qətnaməsinə əsasən, işinə bərpa edilmiş və həmin qətnamə əsasında, onun işinə bərpa olunması barəsində Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəbnin xx.xx.2018-ci il tarixli, 207 nömrəli əmri verilmişdir. Həmçinin, İddiaçı iləxx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsi bağlanmış, həmin müqavilə ilə, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə İngilis dili müəllimi qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə 6 saat dərs yükü verilməsi, hər ay əmək haqqı cədvəlinə uyğun 151,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.1) müddətsiz bağlanmışdır. Ağdam rayon 1 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2023- cü il tarixli, 1 №-li Protokolunun çıxarışı ilə isə, məktəbdə əsas iş yeri üzrə müəllim (ingilis dili) işləyən pedaqoji işçilərin dərs yükü ilə təmin olunmasındakı çətinlikləri (6 nəfər müəllim və cəmi 72 saat dərs), Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimatı məktubunu (ümumtəhsil müəssisələrində rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər üçün (hərbi rəhbər, kitabxana müdiri, UBTR, lobarant və kitabxanaçı) dərs yükü nəzərdə tutulmur) və yenə Elm və Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş "Normalar”ın 3-cü bəndində kitabxanaçıların dərs aparmaq hüququ olan işçilər kimi qeyd olunmamasını nəzərə alaraq, əsas iş yeri üzrə kitabxanaçı əlavə iş yeri üzrə müəllim işləyən İddiaçı 2023-2024-cü tədris ili üzrə dərs bölgüsündə onun tədrisi üçün dərs yükü (ingilis dili) nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2013-cü il tarixdən Ağdam rayon 1 nömrəli tam orta məktinə, ixtisası üzrə ingilis dili müəlliməsi vəzifəsinə təyin edilməklə, həmin vaxtdan həmin vəzifədə işləyir və onunla yenidən xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsi bağlanmış, həmin müqavilə ilə, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə İngilis dili müəllimi qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə 6 saat dərs yükü verilməsi, hər ay əmək haqqı cədvəlinə uyğun 151,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə cavabdeh işəgötürən arasında əmək müqaviləsinin 4.12-ci bəndində həftə ərzində 6 saatdan çox olmayaraq, yəni 6 saat dərs yükü nəzərdə tutulmuşdur. Bağlanılmış əmək müqaviləsi hazırda qüvvədədir, ləğv edilməmiş və ya hər hansı şərti dəyişdirilməmişdir. Belə olan halda, Ağdam rayon 1 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2023- cü il tarixli, 1 №-li Protokolunun çıxarışı İddiaçı münasibətdə qanuni və əsaslı sayıla bilməz. Digər tərəfdən, Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimat məktubu kitabxanaçı işləyən şəxsin ixtisası üzrə müəllimə işləməsini qadağan etmir və belə qadağanedici norma olsa idi, onunla bağlanılmış əmək müqaviləsinə digər hüquqi əsasla əmək qanunvericiliyin tələblərinə əməl edilməklə, xitam verilə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin 2 Ağdam rayon 1 nömrəli tam orta məktəbinin, Pedoqoji Şurasının, xx.xx.2023-cü il tarixli № 1 iclas protokolunun, ona aid hissədə ləğv edilməsinə dair hissəsi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən məhkəmə qətnaməsi icra olunan günədək məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb ödənilməsi hissəsində də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin: 385.1, 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edulməmidir. Ona görədə, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2603/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Ağdam rayon 1 nömrəli tam orta məktəbinin Pedoqoji Şurasının, xx.xx.2023-cü il tarixli № 1 iclas protokolu İddiaçı aid hissədə ləğv edilməli və ona xx.xx.2023-cü il tarixdən başlamaqla məcburi iş buraxma müddəti üçün ona əmək haqqı hesablanaraq ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2603/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Ağdam rayon 1 nömrəli tam orta məktəbinin Pedoqoji Şurasının, xx.xx.2023-cü il tarixli № 1 iclas protokolu İddiaçı aid hissədə ləğv edilsin və ona xx.xx.2023-cü il tarixdən məcburi iş buraxma müddəti üçün ona əmək haqqı hesablanaraq ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar