Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-457/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: evdən çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Mülki işin materiallarında olan, JN-902A, KOD 50901004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarına əsasən 0.08 hektar torpaq sahəsi Goranboy şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. Mülki işin materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və 104.70 kv.m fərdi yaşayış evi İddiaçı adına mülk kimi qeydə alınmışdır. Mülki işin materiallarında olan, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli, 826 nömrəli arayışdan görünür ki, Cavabdeh2 (iş üzrə cavabdeh) Göranboy şəhərinin Abbasqulular kəndində qeydiyyatda olmaqla, Göranboy şəhəri İ.Qayıbov küçəsi ev 27 saylı ünvanda yaşayır və ailə tərkibi: arvadı-Cavabdeh1 (iş üzrə cavabdeh), qızları- X4, X5 və X1r. Mülki işin materiallarında olan, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1946 nömrəli arayışdan görünür ki, İddiaçı adına Goranboy Şəhər İcra Nümayəndəliyinin 2018- 2022-ci illər üçün 15 saylı təsərrüfat başına uçot kitabının 3 saylı vərəqində 0.08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Mülki işin materiallarında olan, Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Goranboy Rayon Dövlət Arxivində mühafizə olunan təsərrüfatbaşına kitabın (1983-1985-ci illər) 249 №li şəxsi hesabında ailə başçısı X11 olmaqla təsərrüfat üzvlərinin siyahısı arvadı X18, oğlu İddiaçı, qızı X8, gəlini X9, qadınlar X12 və X13, təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi 0.08 ha qeyd olunmuşdur. Mülki işin materiallarında olan, Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Goranboy Rayon Dövlət Arxivində mühafizə olunan təsərrüfatbaşına kitabın (1977-1979, 1980-1982-ci illər) 61-ci şəxsi hesabında ailə başçısı X10 tək təsərrüfat sahibi olmaqla şəhərin 36-cı kvartalından 0.06 ha torpaq sahəsi verildiyi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları X4, X5 və X6 ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,8 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və texniki pasportla təsdiq edilir. Həmin sənədlərin notarial surətləri iddia ərizəsinə əlavə olunur. Onun vəfat etmiş böyük qardaşı 1951-ci il təvəllüdlü X10 1980-ci ildə evləndikdən sonra hal-hazırda onun mülkü olan ev təsərrüfatından rəsmi qaydada ayrılaraq Goranboy şəhərinin 36-cı kvartal deyilən ərazisindən 0,6 ha torpaq sahəsi almışdır. Lakin, maddi imkanı olmadığından ev tikdirə bilməmiş və müvəqqəti olaraq onun tərəfindən öz sahəsində sənədsiz inşa etdiyi əlavə otaqlarında ailəsi ilə birlikdə qonaq olaraq yaşamışdır. Cavabdeh1 qardaşı qızıdır. Digər Cavabdeh2 Cavabdeh1 əridir. Cavabdeh1 2005-ci ildə Goranboy rayonunun Abbasqulular kənd sakini Cavabdeh2 ərə getmişdir. Cavabdehlər həmin Abbasqulular kəndində özlərinə məxsus torpaq sahəsində hər şəraiti olan yaşayış evi tikdirmişlər və orada yaşamışlar. Həmin kənddə yaşadıqları dövr ərzində onların birgə nikahdan 2006-cı il təvəllüdlü Feyzullayeva Fəridə, 2013-cü il təvəllüdlü Feyzullayeva Kəmalə və 2015-ci il təvəllüdlü Feyzullayeva Həmayə adlı 3 övladı doğulmuş və onlar uşaqları ilə birlikdə daimi olaraq Abbasqulular kəndindəki evlərində yaşamışlar. Qardaşı və onun arvadı 2021-ci ilin oktyabr ayına kimi Bakı şəhərində kiçik qızlarının evində yaşamışlar. Qardaşı 12 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra onun dul arvadı Goranboya gələrək müvəqqəti olaraq onun evində yaşamışdır. Bundan istifadə edən 1-ci Cavabdeh1 anasına kömək etmək adı ilə onun evinə gəlibgetmiş, qardaşının 40 mərasiminin səhərisi günü isə əri 2-ci Cavabdeh2 və 3 uşağını da özü ilə gətirərək onun icazəsi olmadan zorla evinə soxulub orada qalırlar. Nə evinə, nə də torpaq sahəsinə heç bir hüquqlarının olmadığına baxmayaraq hər iki cavabdeh özbaşına əmlakına sahiblik edir və onun icazəsi və razılığı olmadan 4 otaqdan ibarət olan 124,3 m2 yaşayış evinə həyətdən girişi hördürüblər və evin arxasını sökərək çöldən qapı açdırıblar. 2021-ci ilin oktyabr ayından başlayaraq onun mülkiyyəti olan ünvan 2 ünvandakı fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyindədir. Cavabdehlərdən dəfələrlə tələb etdiyinə baxmayaraq onlar hal-hazıra kimi evinə qanunsuz sahiblik edirlər va evindən çıxmırlar. Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: T.Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, ünvan 4 ünvanda yerləşən 104.7 kv.m sahədən ibarət fərdi yaşayış evi və 0.8 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa, **********55-10301 nömrəli texniki pasporta və JN-902A kod 50901004 saylı şəhadətnaməyə əsasən İddiaçı məxsusdur. Cavabdehlər həmin əmlakları zəbt etmişlər. Məhkəmə qeyd edilənləri halları araşdırmadan iddia tələbini rədd edərək, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə müdafiə edərək, mülkiyyətində olan torpaq sahəsi üzərində olan evin illər öncə onun tərəfindən inşa edildiyini, cavabdeh tərəfin həmin evə heç bir aidiyyətinin olmadığını göstərib, şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, izahatında qeyd etdi ki, Cavabdeh2 ilə 2006-cı ildə ailə qurmuş və ər evinə köçmüşdür. Cehiz əşyalarını da Cavabdeh2 yaşadığı Goranboy rayonunun Abbasqulular kəndinə aparmışdır. Hazirda da cehiz əşyaları həmin evdədir. İşi ilə bağlı olaraq əvvəllər mütəmadi olaraq həmin evə gəlib getmişdir. Atasının ölməsindən bir müddət əvvəl, atasına qulluq etmək üçün mübahisəli evə köçmüşdür. Atası 2021-ci ildə ölmüşdür. Mübahisəli evi onun ata babası tikdirmişdir. Atasının adına Goranboy şəhərinin başqa yerində 0,6 ha torpaq sahəsi olmuş, ancaq orada ev tikilməmişdir. Həmin torpaq sahəsi başqa şəxsə satılmışdır. Mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi barəsində onun hər hansı bir hüququ DƏDRX-də qeydə alınmamışdır. Buna baxmayaraq, yaşayış yeri üzrə həmin evdə qeydiyyatdadır. Ona görə də hesab edir ki, mübahisəli ev barəsində onun da istifadə hüquqları vardır. Buna görə də iddianı əsassız sayır. Sonda cavbdeh şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh1 məhkəməyə bildirmişdir ki, Cavabdeh2 məhkəmənin vaxtı və yeri barədə məlumatlıdır, ancaq işi ilə bağlı məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Artıq yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə irəli sürülən iddia təmin edilməmişdir. İrəli sürülən iddianı təmin etməyərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərin onun mülkiyyətini mənimsəməsi nəticəsində mülkiyyət hüququnun pozulmasına dəlil olaraq istinad etsə də məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və hüquqi statusu etibarilə özbaşına tikilidir. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehlərin istifadəsində olan həmin tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Mübahisəli ev fiziki obyekt kimi daşınmaz əşyadır və həmin evin özbaşına tikili statusuna malik olması həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Lakin, bu halda hüquq müəyyənedici sənədi olmasa da həmin tikilinin iddiaçıya məxsusluğu öz təsdiqini tapmalıdır. Sübutetmənin bölüşdürülməsi qaydalarına uyğun olaraq iddiaçı ilkin olaraq tikilinin ona məxsus olmasını sübut etməlidir. Onun sübutları ağlabatan göründüyü təqdirdə cavabdehin etirazları araşdırılmalıdır. Lakin, nə qədər ki, iddiaçı tikilinin ona məxsus olması halını sübuta yetirə bilmir, cavabdeh tərəfin etirazının araşdırılmasına zərurət aradan qalxır. Çünki iddia tələbi cavabdehin etirazları araşdırılmadan özüözlüyündə təmin olunmayan iddia hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi tikiliyə bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən tikilinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış halları ilə tikilinin hər hansı hüquq müəyyənedici sənədi mövcud olmamaqla yanaşı, həmin tikilinin məhz iddiaçının faktiki sahibliyi və istifadəsində olması işin halları ilə təsdiqini tapmır. Hər hansı əmlakın şəxsin mülkiyyətində olması faktı dövlət reyestrindən verilmiş çıxarışla təsdiq olunur. Belə bir çıxarış məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş çıxarış isə hazırda cavabdehlərin çıxarılmasını tələb etdiyi evin deyil iddiaçının özünün yaşadığı evin mülkiyyət sənədidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik ola bilməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh həmin evdə doğulmuş, yaşamış, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır və daşınmaz əmlakdan istifadədən irəli gələn bütün sənədlər, o cümlədən, ödənişlər cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh həmin ünvanda daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadır, həmin ünvan üzrə qazla bağlı ödəniş qəbzləri sağ olduğu dövrdə cavabdehin atası X3, hazırda isə cavabdehin adına qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ–əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki işin materiallarında olan, JN-902A, KOD 50901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarına əsasən 0.08 hektar torpaq sahəsi Goranboy şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. Mülki işin materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və 104.70 kv.m fərdi yaşayış evi İddiaçı adına mülk kimi qeydə alınmışdır. Hər iki tərəfin izahatlarından işin faktiki halı kimi müəyyən olunur ki, mübahisəli ev iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin üzərində yerləşir və qonşu torpaq sahələrinin mülkiyyətçiləri ilə iddiaçı arasında həmin daşınmaz əmlakla bağlı hər hansı bir mübahisə yoxdur. Cavabdeh tərəf mübahisəli evin onun ata babası tərərfindən inşa edildiyinə və yaşayış yeri üzrə həmin evdə qeydiyyatda olmalarına istinad etməklə, həmin ev barəsində onların da hüquqlarının olduğunu iddia edir. Kollegiya hesab edir ki, cavabdeh tərəfin bu dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən isə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mübahisəli evin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarış əsasında iddiaçının adına mülk kimi qeydə alınmış torpaq sahəsinin üzərində yerləşməsi fakt kimi təsdiq olunduğundan və həmin torpaq sahəsi barəsində tərtib edilmiş xx.xx.2022ci il tarixli Çıxarış barəsində hər hansı bir məhkəmə mübahisəsi olmadığından, həmin qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan kollegiya bu qənaətdədir ki, mübahisəli ev barəsində iddiaçının mülkiyyət hüquqlarının olmadığı barədə birinci instansiya məhkəməsinin qənaətləri ilə razılaşmaq olmaz. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərə əsaslanır. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Eyni hüquqi mövqe Həmin Məhkəmənin bir sıra başqa qərarlarında da (“Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü il tarixli, “Burdov Rusiya Federasiyasınna qarşı” və “Yunanistan neftayırma zavodu “Strən” və “X2rşı” işlər). İfadə edilmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, mübahisəli evin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarış əsasında iddiaçının adına mülk kimi qeydə alınmış torpaq sahəsinin üzərində yerləşməsi işin faktiki halı kimi təsdiq olunur. Belə olan halda həmin ev yalnız iddiaçının adına mülk kimi DƏDRX-də qeydə alına bilər. Ona görə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, həmin evin Cavabdeh1 valideynləri və yaxud da ki, babası tərərfindən inşa edilməsi barədə cavabdeh tərəfin dələllərinin araşdırılması hazırki iddianın mahiyyətcə həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarına istinad etməklə bu qənaətdədir ki, iddiaçı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququnun olduğu fərdi yaşayış evindən cavabdehlərin çıxarılması tələbi barədə hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisəli ev üzərində istifadə hüquqlarının olduğu barədə cavabdeh tərəfin dəlilləri əsassızdır. Çünki, işin mübahisəsiz faktiki halları kimi müəyyən olunur ki, mübahisəli ev barəsində cavabdeh tərəfin hər hansı bir hüququ qanunun tələb etdiyi qaydada DƏDRX-də qeydə alınmamışdır. Cavabdeh tərəf iddiaçının ailə üzvü deyildir. Bundan başqa, cavabdeh tərəfin özünün hüquqularının olduğu Goranboy rayonunun Abbasqulular kəndinə yerləşən fərdi yaşayış evi vardır və Cavabdeh2 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatdadır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 yaşayış yeri üzrə iddiaçının mülkiyyətində olan ünvanda qeydiyyatda olması onun mübahisəli evdən istifadə hüququnun olması demək deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, işin araşdırılması nəticəsində hazırki işin müəyyən edilən faktiki hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqindən belə nəticə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində olan və əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququnun olduğu fərdi yaşayış evindən cavabdehlərin heç bir hüquqa əsaslanmayan istifadəsi iddiaçının həmin mülkdən sərbəst istifadə hüquqlarını pozur. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və iddia tələbinin təmin edilməsinə əsas verir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlarla birlikdə yaşayan uşaqları (X4, X5 və X6) ilə birlikdə İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-457/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-457/2024
06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver