Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-486/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2166/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 31 oktyabr 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və həmin uşağın müalicəsi üçün əlavə xərc qismində hər ay 150 manat, cəmi 350 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2166/2022 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh 31 oktyabr 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının 26 sentyabr 2022-ci il tarixdən X3 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə nisbətdə dövlət rüsumu qismində 41 (qırx bir) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin Cavabdeh Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulması, qətnamənin aliment tutulması hissəsində dərhal icra edilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin aliment tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 iyul 2000-ci ildə Cavabdeh ilə nikaha girmiş və onların birgə nikahlarından 21 avqust 2001-ci ildə X4 və 31 oktyabr 2018-ci ildə X3 adlı 2 uşaqları anadan olmuşdur. Lakin onlar arasındakı münasibətlər pisləşdiyindən 2006-cı ildə onunla Cavabdeh arasındakı nikah pozulmuş və sonradan o, Cavabdehla barışdığına görə nikahlarını 30 avqust 2018-ci ildə yenidən qeydə aldırmışlar. O, Cavabdehla birgə nikah dövründə ailənin bütün maddi və mənəvi qayğıları ilə məşğul olsa da, cavabdeh ailənin maddi və mənəvi qayğılarına etinasız yanaşmışdır. Sonuncu dəfə isə 09 fevral 2022-ci il tarixdə cavabdeh mübahisə yaradaraq, birgə yaşadıqları evdən getmişdir. Onların birgə nikahlarından doğulmuş X3 isə onun himayəsində qalmışdır. Hazırda o, tibb bacısı işləsə də, yaşamaq üçün mənzili olmadığına və cavabdehlə birgə nikahdan doğulmuş X3 MSS-in hipoksik zədələnməsi, affektiv respirator sindromu, yuxu pozğunluğu xəstəliklərindən əziyyət çəkdiyinə görə onun maddi xərcləri çoxdur. Bundan başqa, onlar qazanc əldə etmək məqsədi ilə birgə nikah dövründə onun adına bankdan əldə etdikləri kredit pul vəsaiti hesabına su daşıyan yük avtomobili almışlar. Həmin krediti də hazırda o, ödəyir. Qeyd olunan səbəblərdən də o, azyaşlı övladı ilə birlikdə kirayədə yaşadığı mənzilin kirayə haqqını və azyaşlı övladının maddi xərclərini ödəməkdə çətinlik çəkir. Cavabdeh isə birgə nikahdan doğulmuş X1 üçün ona heç bir maddi yardım etmir. Halbuki, Bayramov Azər Asif oğlu birgə nikah dövründə əldə etdikləri yük avtomobili ilə su satmaqla və digər fərdi işlərlə məşğul olmaqla, kifayət qədər qazanc əldə edir. Mülki iş materiallarında olan: AZ-İİ seriyalı, 294978 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahlarını 30 avqust 2018-ci ildə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində qeydə aldırmışlar. AZ-İV seriyalı, 217538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 31 oktyabr 2018-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. «Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi» PHŞ «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X7 Nizami Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli 245 nömrəli arayışdan görünür ki, X3 MSS-in hipoksik zədələnməsi, affektiv respirator sindromu, yuxu pozğunluğu xəstəliklərindən əziyyət çəkir. «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh mülkiyyətində mühərrik nömrəsi «N/Z», banın tipi «çən», ban nömrəsi «XTH**********4732», avtomobil modeli «QAZ 5312 AÇ-4.2 yük», dövlət qeydiyyat nişanı «25BJ573» olan avtomobil vardır. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir. Belə ki, o heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, günə muzd işləyib özünün maddi təminatını çətinliklə ödəyir. O qasıq nahiyəsində iki tərəfli yırtıq (qrija) olan xəstəlikdən əziyyət çəkir, daimi iş yeri tapıb aylıq qazanc əldə edə bilmir. Ona görə də, o, təyin edilmiş 180 manat məbləğində alimentin ödənilməsində əziyyət çəkəcəkdir. Uşaqların tərbiyəsində, həmçinin saxlanılmasında hər iki valideynlərin bərabər hüquq və vəzifələri vardır. Hazırda İddiaçı xəstəxanada tibb bacısı işləyir və ayda onun təxminən 400 manat maaşı və əlavə qazancı vardır. Hesab edir ki, hazırda bir uşağın minimum saxlanması üçün nəzərdə tutulan xərcləri - 193 manat iki valideynlər arasında bərabər bölünməlidir. O uşağının saxlanılmasından imtina etmir, Rüqəyyanın saxlanması üçün hər ay 100-120 manat məbləğində aliment ödəyə bilər. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almayaraq iddiaçının iddiasını qismən təmin etmişdir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən münasibətlər, uşaqların saxlanması üçün aliment öhdəlikləri ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Uşaq üçün aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən ölkədə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halларı müəyyən etmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 180 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir. Apellyatorun o heç bir yerdə işləməməsi, fərdi əməklə məşğul olması, günə muzd işləyib özünün maddi təminatını çətinliklə ödəməsi, qasıq nahiyəsində iki tərəfli yırtıq (qrija) olan xəstəlikdən əziyyət çəkməsi, daimi iş yeri tapıb aylıq qazanc əldə edə bilmməsi barədə dəlilini kollegiya əsassız sayır. Belə ki, apellyator şikayətində göstərdiyi dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2166/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-486/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-486/2023
12.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver