Məhkəmə qərarları › İş №2(104)-497/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-497/2025

10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-497/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əşyaların çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(045)-1299/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 avqust 2019-cu il tarixli ********** nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətindədir.

2. Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(045)-279/2023 nömrəli qətnaməsindən görünür ki, X3 ilə X2 arasında Goranboy rayonu Qeydiyyat şöbəsində 06 mart 2015-ci il tarixdə bağlanmış və akt qeydləri kitabında 64 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən Cavabdeh məxsus əşyaların - yataq dəsti mebeli, qonaq dəsti mebeli, yorğan-döşək, qab-qacaq, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, pərdə, 2 ədəd çılçıraq, 1 ədəd saat, süfrə, ədyal, dəsmal və sair xırda əşyaların (qabqacaq) çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun sabiq gəlinidir. X7 ilə Cavabdeh arasında olan nikah Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(045)-279/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Xüsusi mülkiyyətində olan fərdi yaşayış evində cavabdehə məxsus əşyalar qalmışdır. Həmin əşyaların çıxarılmasını cavabdehdən tələb etsədə, sonuncu bundan imtina etmişdir.

5. Goranboy Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(045)-1299/2024 nömrəli (hakim T.Məmmədov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh məxsus əşyalar - yataq dəsti mebeli, qonaq dəsti mebeli, yorğan-döşək, qab-qacaq, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, pərdə, 2 ədəd çılçıraq, 1 ədəd saat, süfrə, ədyal, dəsmal və sair xırda əşyalar (qab-qacaq) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması; İddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4 maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 216- 220, 227, 358, 360, 362 maddələrə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbimin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Beləki, iddiaçı iddia ərizəsində yataq dəsti mebeli, qonaq dəsti mebeli, yorğan-döşək, qab-qacaq, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, pərdə, 2 ədəd çılçıraq, 1 ədəd saat, süfrə, ədyal, dəsmal və sair xırda əşyaların (qab-qacaq) evdən çıxarılmasını tələb etmişdir. Halbu ki ona məxsus 1 ədəd LG markalı paltaryuyan, 1 ədəd su ilə işləyən tozsoran, 1 ədəd ütü, 1 ədəd fen, 1 ədəd mikser, 1 ədəd ətçəkən, 1 ədəd blender, 1 ədəd şirəçəkən, 1 ədəd böyük termos, 1 ədəd epilyator, 1 ədəd kofemorka, 1 ədəd stolüstü örtük,əşya altlıqları, 2 ədəd xalça, 2 ədəd pərdə, yataq örtüyü dəsti, cehizlik yataq üzləri, əl dəsmalları, qab dəsmalları, mətbəx dəsmalları, yataq üçün qalın ədyal, mətbəx dəsmalları, yataq üçün qalın ədyal, şəxsi geyimlər, ayaqqabılar, uşaq geyimləri, uşaq ayaqqabıları, uşaq yataq pasteli, böyük yataq pasteli, yataq və yataq üçün mebel, şkaf, uşaq yatağı, sandıq, qonaq otağı üçün stol və stullar, televizor altlığı, qonaq otağı mebelləri (1 ədəd güzgülü, 2 ədəd qabqacaq mebeli), divan, 2 ədəd kreslo, ALLAH yazılı suvenir, guldan və vaz suvenir, 2 dəst mebelə yığılan boşqab dəstləri, stəkan nəlbəki dəstləri, 2 növ bakallar, 2 dəst su stəkanı, çay fincanı dəsti, çamadanda qaşıq-çəngəl dəsti, meyvə qabı, böyük ləpə qabı, 2 ədəd mürəbbə qabı, konfet qabı, 2 ədəd xrustal güldan, 2 ədəd padnos dəsti, 12 ədədlik qəhvə fincan dəsti, şirəli qazan dəsti, tava dəsti, böyük tək qazan, bıçaq dəsti, böyük şirəli tək qazan, böyük aş qazanı, yol üçün böyük paltar çamadanı, banka maşını, çaynik dəsti, armudu stəkan dəsti, 3-lü ləyən, aşsüzən, vanna, ütü stolundan ibarət cehiz əşyaları da iddiaçının evində qalmış və sonuncu həmin əşyaları iddia ərizəsində göstərməmişdir. Həmçinin iddiaçının evində ona məxsus qızılları yığılan sandıqça, hər birinin dəyəri 200 manat olan 2 ədəd 585 əyarlı uşaq bilərzikləri, dəyəri 5400 manat, 850 əyarlı gül naxışlı ağ qızıl dəsti, dəyəri 280 manat olan paxlava naxışlı bilərzik, dəyəri 570 manat olan 585 əyarlı ilan naxışlı qızıl sep, dəyəri 200 manat olan qızıl sep, dəyəri 50 manat olan tək qaşlı gümüş üzük, dəyəri 500 manat olan yarpaq naxışlı, tək qaşlı ağ qızıldan nişan üzüyü, dəyəri 200 manat olan yaqut qaşlı qızıl üzük və dəyəri 110 manat olan qızıl uşaq sancağından ibarət qızıl zinət əşyaları da iddia ərizəsində göstərilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ona məxsus çoxlu sayda sehiz, geyim, uşaqlara aid əşyalar və qızıl əşyaları iddiaçının evində qalmışdır. Həmin əşyalarıda iddiaçıdan tələb edir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyəyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd etmədiyi cavabdehə məxsus bəzi əşyalarda ona məxsus evdədir və həmin əşyalarıda qaytarmağa razıdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

e) Apellyasiya icraatı zamanı qəbul olunmuş qərardad

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2025-ci il tarixli 2(104)-497 /2025 nömrəli qərardadı ilə Goranboy Rayon Məhkəməsinin 15 oktyabr 2024cü il tarixli 2(045)-1299/2024 nömrəli qətnaməsi iddia tələbinin yorğan-döşək, qab-qacaq, pərdə, süfrə, ədyal, dəsmal və sair xırdavat əşyalar (qabqacaq) təmin edilməsi hissədə ləğv edilmiş və həmin hissədə iddia baxılmamış saxlanılmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 13, İ hissə, maddə 29, İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

16. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

17. Maddə 30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar; 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş üzrə Cavabdeh ilə iddiaçının oğlu X3 06 mart 2015-ci il tarixdə nikahlarını qeydə aldıraraq ailə qurmuş və Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüş, eləcə də özünə məxsus cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Ailə münasibətləri pozulduğundan Cavabdeh atası evinə getmişdir. Goranboy Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(045)-279/2023 nömrəli qətnaməsi ilə sonuncuların nikahı pozulmuşdur. Ona görə də İddiaçı cavabdehə məxsus cehiz əşyalarının onun evindən çıxarılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

29. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən əşyaların çıxarılması barədə iddialara baxılarkən araşdırılmalı məsələlərdən biri, mübahisəli yaşayış sahəsinin hüquqi statusu məsələsidir. Yəni mübahisəli yaşayış yerinin kimə məxsus olması mütləq mənada müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər.

30. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisidir. Deməli sonuncunun Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququ var. Bu da onu deməyə əsas verir ki, İddiaçı sərəncam hüququndan çıxış edərək cavabdehə məxsus əşyaların fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə subyektiv hüquqa malikdir.

31. Kollegiya hesab edir ki, bu normaların düzgün tətbiqi üçün Cavabdeh evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi aydınlaşdırılmalıdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

33. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

34. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin hazırkı iş üzrə Cavabdeh iddiaçının ailə üzv hesab edilmir.

35. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məxsus yataq dəsti mebeli, qonaq dəsti mebeli, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, 2 ədəd çılçıraq, 1 ədəd saatın iddiaçının xususi mülkiyyətində olan evdən çıxarılması barədə sonuncunun iddia tələbi əsaslı olmuşdur.

36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır.

37. Belə ki, Cavabdeh ona məxsus qızıl, cehiz və digər əşyalarının iddia ərizəsində göstəriməməsini qeyd etsədə, kollegiya bununla bağlı qeyd edir ki, sonuncunun ona məxsus qızıl, cehiz və sair əmlak tələbi barədə İddiaçı, eləcədə digər şəxsə qarşı məhkəmədə iddia qaldırmaq hüququ istisna olunmur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(015)- 772/2023 nömrəli qətnaməsi ləğv edilməli, Goranboy Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(045)-1299/2024 nömrəli qətnaməsi “Cavabdeh məxsus əşyalar - yataq dəsti mebeli, qonaq dəsti mebeli, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, 2 ədəd çılçıraq, 1 ədəd saatın İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması hissədə dəyişdirilmədən saxlanılsın.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384-385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2(045)-1299/2024 nömrəli qətnaməsi “Cavabdeh məxsus əşyalar - yataq dəsti mebeli, qonaq dəsti mebeli, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, 2 ədəd çılçıraq, 1 ədəd saat İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar