Məhkəmə qərarları › İş №2(104)-511/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-511/2023

03.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-511/2023 03.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Mamedov Rəşad Ziyaviddin oğlu və X4 oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi ilə, “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(062)-669/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli arayışlardan müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 03 noyabr 2007-ci il tarixdə Ayşə, 21 dekabr 2008-ci il tarixdə Polad adlı uşaqları doğulmuşdur. Onların atası İddiaçı, anası X1r. Tovuz Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2 (062)-1322021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, tərəflər arasında bağlanılmış nikah pozulmuş və xx.xx.2007-ci ildə doğulmuş Ayşə və xx.xx.2008-ci ildə doğulmuş Polad adlı uşaqlar İddiaçı yanında və himayəsində saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarndan xx.xx.2007-ci ildə anadan olmuş Ayşə və xx.xx.2008ci ildə anadan olmuş Polad adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla, 300 manat məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə evlənib ailə qurmuşlar. Nikahlarını xx.xx.2007-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2007-ci ildə Ayşə və xx.xx.2008-ci ildə Polad adlı uşaqları anadan olmuşdur. Lakin bir müddətdən sonra cavabdehlə aralarında narazılıqlar yaranmış Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, xx.xx.2007-ci ildə anadan olmuş Ayşə və xx.xx.2008-ci ildə anadan olmuş Polad adlı uşaqlar onun yanında və himayəsində qalmışdır. Uşaqlar hal-hazırda onun himayəsindədir və o, baxır. Cavabdeh isə uşaqlara bir maddi yardım göstərmir. Uşaqların saxlanılmasında ona köməklik etmir. Ona görə də hesab edir ki, Ayşə və Polad adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün 150 manat cəmi 300 manat sabit məbləğində aliment alınaraq ona verilməlidir. Tovuz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(062)-669/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2007-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh llham qızından İddiaçı xeyrinə hər ay bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 100-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Tovuz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(062)-669/2022 nömrəli qətnaməsini qismən ləğv edib, iddia tələbinin 50 manat olaraq dəyişdirilməsinə yaxudda qətnamənin ləğv edilməsi dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən onun iş yerinin olub-olmaması, maddi vəziyyəti və iddiaçının işləyib-işləməməsi nəzərə alınmamışdır. Aliment təyin olunarkən o, heç bir yerdə işləməmişdir. Hal-hazırda 300 manat əməkhaqqı alır və başqa gəliri yoxdur. Həmçinin, Bakı səhərində kirayə yaşayır. Bütün bunlara görə hesab edir ki, aliment miqdarı azaldılmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları İş üzrə cavabdehin məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini və təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqların haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələri inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Maddə 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 22.2.1. Nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Maddə 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşin hallarından göründüyü kimi tərəflər nikah münasibətində olmuş və birgə nikahdan 2007 və 2008-ci il təvəllüdlü iki uşaqları anadan olmuşdur. Ailə münasibətlərinin və birgə yaşayışın irəli sürdüyü şərtlər pozulmuş və nəticə olaraq tərəflərin ailə münasibətinə son qoyulmuşdur. Hazırki apellyasiya şikayətinin mahiyyəti birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləği hissəsinin ləğv edilərək həmin hissədə iddia tələbinin hər uşaq üçün 50 manat olmaqla təmin edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, uşaqların maddi, mənəvi, fiziki inkişafına zəmin yaratmaq üçün ananın da uşaqların saxlanması üçün mütləq və təxirəsalınmaz öhdəliyi vardır. Habelə, uşağın saxlanması üçün təyin olunan aliment valideynin qazancı, maddi və sosial çətinlikləri ilə əlaqələndirilməməli və ilkinliyini qorumalıdır. Apellyasiya şikayətində cavabdeh maddi vəziyyətinin yaxşı olmadığını və təyin edilmiş sabit məbləğdə alimentin miqdarının azaldılmasını xahiş etsə də bu halı təsdiq edən heç bir sübutu şikayətə əlavə etməmişdir. Belə olan halda azyaşlıların saxlanması üçün birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən məbləğ məqbul hesab edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(062)-669/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar