Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-518/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1308/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 görə uşağının atası olan Cavabdeh uşağın saxlanılmasına görə ayda sabit pul məbləğində 200 manat aliment kəsilməsi və uşağının müalicə xərclərinə görə 100 manat məbləğində köməklik göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1308/2022 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 19 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment və 50 (əlli) manat əlavə xərc kimi, ümumilikdə 180 (bir yüz səksən) manat pul məbləği tutulub iddiaşı İddiaçı xeyrinə verilməsi, Cavabdeh 41,60 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Həmçinin, qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermiş, təyin edilmiş alimentin məbləğinin azaldılmasını və əlavə xərcin isə təmin edilməməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 avqust 2021-ci il tarixdə ailə qurmuşdur. X3 qeydə alınmış və evlənmək haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan 1 (bir) nəfər uşaqları anadan olmuşdur. X5 xx.xx.2022-ci ildə anadan olmuşdur. Nikahları məhkəmənin qətnaməsi əsasında ləğv edilməmişdir. Ancaq ki, ailə münasibətləri pozulduğuna görə o 9 aydır ki, həyat yoldaşı ilə bir ailədə ər-arvad kimi yaşamır. Uşağı ilə birlikdə 9 aydir ki, atasının himayəsində yaşayır. Uşağının atası - Cavabdeh uşağın saxlanılmasına görə ona heç bir maddi köməklik göstərmir. Uşağı xəstədir va müalicəsinə də köməklik göstərmir. Uşağı azyaşlı olduğu üçün və həm də münasib iş yeri olmadığına görə işləmir. Valideyinləri də ona baxmırlar və onların özlərinin də maddi imkanı yoxdur. Mülki iş materiallarında olan: AZ-İİ seriyalı, 458978 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olmuş surətindən görünür ki, X9 ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 1741 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada – Mustafayeva soyadı verilmişdir. AZ-İV seriyalı, 666701 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olmuş surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iş üzrə sübutları araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Həmçinin, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı aliment tələb etdiyi uşaq 8 aylıqdır. Uşağın saxlanması üçün böyük vəsait tələb olunmur. Bundan əlavə uşaq xəstə deyildir. Uşağın xəstə olmasına dair məhkəməyə iddiaçı şəxs tərəfindən də hər hansı sübut təqdim edilməmişdir. O da məhkəməyə izahat verən zaman maddi vəziyyətinin ağır olmasını, xəstə anasının himayəsində yaşamağını bildirmişdir. İşdə iştirak edən şəxsin apelyasiya məhkəməsində verdiyi izahatı Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız olduğunu qeyd edib, apellyasiya şikayətinin dəlillərinə oxşar izahat verərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinə oxşar izahat verib, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, təyin edilmiş alimentin məbləğinin azaldılmasını və əlavə xərcin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X8 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apelyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1308/2022 saylı qətnaməsi «xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X7 verilməsi» hissəsində dəyişdirilməli, cavabdehdən tutulan alimentin məbləği 180 manat məbləğdə müəyyən edilməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1308/2022 saylı qətnaməsi «xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 50 (əlli) manat əlavə xərc alınıb iddiaçı X7 verilməsi» hissəsində ləğv olunmalı, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Röyal adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və azyaşlı iddiaçının himayəsindədir. İddiaçı özü heç bir yerdə işləmir və uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh isə iddiaçıya uşağın saxlanılması üçün maddi köməklik göstərmir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən münasibətlər, uşaqların saxlanması üçün aliment öhdəlikləri ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Uşaq üçün aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, ölkədə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil etmişdir. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi azyaşlıya 130 manat aliment müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Alimentin bu məbləği müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır uşağın saxlanması üçün yetərli deyildir. Belə olan halda isə uşağın mənafeləri baxımından qənaətbəxş hesab oluna bilməz. Alimentin məbləği müəyyən edilərkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarı ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 180 manat sabit pul məbləğində aliment müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa əlavə xərclərə görə 50 manat pulun tutulmasının düzgün olmaması barədə apellyasiya şikayətinin dəlillərinə kollegiya hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində məhkəmənin valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilməsinin mümkünlüyündən bəhs edilir. İlk növbədə qeyd olunmalıdır ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştiraka cəlb olunması fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmayan uşaqlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu normanın məzmunundan göründüyü kimi, iddiaçı cavabdehin uşağın saxlanması ilə əlaqədar gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilməsini tələb edir. Uşaqlara münasibətdə bu xərclərin tələb edilməsi üçün iddia ilə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Ailə Məcəlləsinin 81.1-ci maddəsində uşaqlar üçün əlavə xərclərə cəlb olunması üçün vacib olan dispozisiya şərtləri kimi üç hal: 1. uşağın ağır xəstə olması; 2. şikəst olması; 3 başqa hallar müəyyən olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətinə uşağın xəstə olması barədə sübutları təqdim etsə də, uşağın xəstəliyinin ağır olması və onun şikyəst olması barədə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 81.1-ci maddəsində göstərilən əlavə xərclərə cəlb olunmasına əsas verən «başqa hallar»ın da olub-olmamasını araşdırmsışdır. Məhkəmə kollegiyası ilk növbədə bu normada göstərilən «digər hallar» ifadəsi altında qanunvericinin nəyi nəzərdə tutduğunu təhlil edərək o nəticəyə gəlmişdir ki, bu ifadə uşaq üçün birbaşa göstərilən tibbi xidmətlə bağlı xərcləri nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 27 yanvar 2015-ci il tarixli qərarından da bu nəticəyə gəlmək olar. Sözügedən «digər hallar»ın əhatə etdiyi etdiyi əsaslardan biri uşağın müntəzəm olaraq müayəinə və müalicəyə ehtiyacın olduğunu təsdiq edən həkim rəyi, uşağın xəstəliyinin xaricdə yerləşən ixtisaslaşmış tibb müəssisələrində həyata kesirilməsi zəruriliyi və s. müstəsna hallar ola bilər. Lakin baxılan işdə bu cür əsasların olması sübut olunmur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əlavə xərclərə görə cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla hər ay 30 manat alimentin tutulması barədə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə cavabdehin istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə bilər və apellyasiya şikayətini rədd edə bilər. Azərbaycan Respublikası MPM-nin apellyasiya məhkəməsinin səlahiyyətlərindən bəhs edən 384.0.2-ci maddəsinə görə apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 180 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 2160 manat təşkil edir. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 -ci maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1308/2022 saylı qətnaməsi «xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat məbləğində alimentin alınıb iddiaçı X7 verilməsi» hissəsində dəyişdirilsin. xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1308/2022 saylı qətnaməsi «xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 50 (əlli) manat əlavə xərc alınıb iddiaçı X7 verilməsi» hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-518/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-518/2023
31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver