Məhkəmə qərarları › İş №2(104)-533/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-533/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-533/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi (vəkil) Nümayəndə1 və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(076)-3840/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli, 2478 nömrəli nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 05 sentyabr 2009-cu il tarixdə nikah bağlanmışdır.

2. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 341566 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 avqust 2009-cu ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

3. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 897721 nömrəli doğum haqqında şəhadətnamnin surətindən görünür ki, X4 01 may 2012-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

4. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 895590 nömrəli doğum haqqında şəhadətnamənuin surətindən görünür ki, X6 21 fevral 2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək 19 avqust 2009-cu il tarixdə doğulmuş Günay, 01 may 2012-ci il tarixdə doğulmuş Gülay və 21 fevral 2017-ci il tarixdə doğulmuş Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin, habelə ödənilmiş 50 manat mediasiya xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2008-ci ildə faktiki olaraq ailə qurmuş, 05 sentyabr 2009-cu ildə isə nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından 19 avqust 2009-cu ildə Günay, 01 may 2012-ci ildə Gülay və 21 fevral 2017-ci ildə Ömər adlı uşaqları anadan olmuşdur. Münasibətləri əvvəllər yaxşı olmuş, lakin sonradan pozulmuş və hazırda faktiki olaraq ayrı yaşayırlar. Uşaqlar da onun himayəsindədir. Buna baxmayaraq cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. Halbu ki, o, bizneslə məşğuldur və maddi imkanı çox yaxşıdır. Hər ay hər bir uşaq üçün 235 manat aliment ödəyə bilər.

7. Şəmkir Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(076)-3840/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Allahyarov) iddianın qismən təmin edilməsi; 02 oktyabr 2024-cü il tarixdən başlayaraq, 19 avqust 2009-cu il tarixdə doğulmuş Günay, 01 may 2012-ci il tarixdə doğulmuş Gülay və 21 fevral 2017-ci il tarixdə doğulmuş Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi; iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməsi və Cavabdeh 81,20 manat dövlət rüsumu tutulub elektron hökümət portalına, 50 manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1 və 78.2. maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və hər ay hər bir uşaq üçün 130 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işləmədiyindən müəyyən olunmuş alimenti ödəməyə maddi imkanı yoxdur. İlin 3-4 ay Rusiya Federasiyasında işləyir. Qalan vaxtlar ölkə ərazisində olur. Övladlarının saxlanılması üçün hər ay hər birinə 120-130 manat aliment ödəyə bilər. Alimentdən əlavə imkanı olduqca övladlarına maddi dəstək göstərəcəkdir. Lakin uşaqları saxlamaq həmdə hər iki valideyinin vəzifəsidir. Məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Halbu ki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının iddia tələbi qanuni və əsaslı deyildir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu şəxs əvvəllər Rusiya Federasiyasında işləsədə, lakin hazırda həmin ölkə müharibə şəraitində olduğundan işləmir. Ona görədə hər uşağa 130-140 manat aliment ödəyə bilər. Nümayəndə2 sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, hər uşaq üçün 140 manat aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehin hər uşaq üçün ödəmək niyyətində olduğu 140 manat alimentlə uşağı saxlamaq olmaz, hətda bir uşaq üçün müəyyən olunmuş 170 manat alimentdə azdır. Nümayəndə1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

14. Maddə 17-ci İİ bənd. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34-cü İV bənd. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

20. Maddə 1.0.1. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

21. Maddə 1.0.2. Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

22. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.

29. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

31. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

32. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissədə dəyişdirilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 19 avqust 2009-cu ildə Günay, 01 may 2012-ci ildə Gülay, 21 fevral 2017-ci ildə isə Ömər adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan tərəflər ayrılmışlar. Uşaqlar ananın himayəsində qalmışdır. Uşaqları saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərək alimentin məbləğini hər ay hər uşağa görə 170 manat müəyyən etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

39. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ var. Valideyinlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyır.

40. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmişdir. Belə ki, sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə də, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, 02 oktyabr 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş 19 avqust 2009-cu il təvəllüdlü Günay, 01 may 2012-ci il təvəllüdlü Gülay, 21 fevral 2017-ci il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində (170 : 0,49=345) sabit pul məbləğində müəyyən edilməlidir. Bu miqdarda aliment uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir.

43. “2024-cü ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün minimum əmək haqqı 345 manat müəyyən edilmişdir.

44. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(076)-3840/2024 saylı qətnaməsi «02 oktyabr 2024-cü il tarixdən başlayaraq, 19 avqust 2009-cu il tarixdə doğulmuş Günay, 01 may 2012-ci il tarixdə doğulmuş Gülay və 21 fevral 2017-ci il tarixdə doğulmuş Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi» hissəsində dəyişdirilsin. 02 oktyabr 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş 19 avqust 2009-cu il təvəllüdlü X3, 01 may 2012-ci il təvəllüdlü X4 və 21 fevral 2017-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində (170 : 0,49=345) sabit pul məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar