Məhkəmə qərarları › İş №2(104)-544/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-544/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-544/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi) Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(066)-771/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(066)-771/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və mənafelərinə toxunduğuna əsaslanmaqla qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Hazırkı iş üzrə tərəflər İddiaçı və Cavabdeh olmuşlar. İddianın predmeti isə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit məbləğdə aliment tutularaq İddiaçı verilməsindən ibarətdir. Yəni, apellyator Maraqlı şəxs nə hazırkı iş üzrə tərəf olmamışdır, nə də ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin iştirakçısı deyildir. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və mənafelərinə toxunduğuna əsaslanmaqla qətnamədən apellyasiya şikayəti verdiyi halda, birinci instansiya məhkəməsi MPM-nin 364.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində qəbul edilmiş qətnamənin həqiqətən də apellyator Maraqlı şəxs hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini araşdırmalı və buna dair müvafiq qərardad qəbul etməli idi. Birinci instansiya məhkəməsi «apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması» barədə xx.xx.2024-cü il tarixli 2(066)-771/2024 nömrəli qərardad qəbul etsə də, lakin qərardadın təsviri-əsaslandırma hissəsindən aydın olur ki, apellyasiya şikayətinin yalnız MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğu məsələsi araşdırılmışdır. Başqa sözlə, birinci instansiya məhkəməsi MPM-nin 364.2-ci maddəsinin tələblərini yerinə yetirmədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Hazırkı mərhələdə apellyasiya şikayətinin MPM-nin 364.2-ci maddəsinə uyğunluğu yoxlanılmadığından apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verilmiş sayılır. Qeyd edilməlidir ki, hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquqlar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi yolu ilə həyata keçirilir və həmin şikayətlər apellyasiya və kassasiya qaydasında baxılan işlər üzrə qəbul ediləcək qərarların ədalətli həll olunmasına yönəlir. Mülki prosessual qanunvericilik mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarına yenidən baxılması imkanlarını nəzərdə tutmuşdur ki, apellyasiya instansiyası məhkəməsində icraat da bu imkanlardan biridir. Apellyasiya şikayəti isə - onu vermək hüququna malik şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsi ilə pozulmuş hesab etdikləri hüquqlarının və ya qanunla qorunan mənafelərinin müdafiə, yaxud təsdiq olunması üçün apellyasiya instansiyası məhkəməsinə müraciətin prosessual formasıdır. MPM-nin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 361, 363-364 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Göygöl Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(066)-771/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin MPM-nin 364.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla mümkünlüyünün yoxlanılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar