Məhkəmə qərarları › İş №2(104)-573/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-573/2023

08.02.2023 · Əmr icraatı - Məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-573/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 316,80 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(058)-816/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(058)-816/2022 saylı qətnaməsi ilə (hakim S.Zeynalova) iddianın təmin edilməsi, İddiaçı iddiasının qismən təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 316,80 manat cərimənin ləğv edilməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(058)-816/2022 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı (iddiaçı) cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfındən ona yazılmış 316,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşadığı Samux rayonu Bağmanlar kəndində yerləşən evin qaz sayğacını öz adına sənədləşdirilib. İstifadə etdikləri qaz sayğacı xx.xx.2018-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən digər sayğacla əvəz olunmuşdur. Bir müddət sonra sayğacın düzgün işləmədiyi aşkar edilmiş, xx.xx.2018-ci il tarixdə sayğacın sərfiyyatı qeyd etməməsi səbəbi ilə dəyişdirilmiş, yeni sayğac quraşdırılmış və ******* saylı akt tərtib edilmişdir. Çıxarılmış sayğacda hər hansı başqa problemin olduğu, yaxud plombun yerində olmadığı aşkar edilməmişdir. Laboratoriya yoxlaması zamanı tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktla 11443799 saylı sayğacın membranını hərəkətə gətirən qolların işlək olmadığı müəyyən edilmişdir, yəni sayğaca hər hansı müdaxilənin olması inkar edilmişdir. Belə olan halda dəymiş ziyanla bağlı xx.xx.2019-cu il tarixdə ona 316,80 manat cərimənin hesablanması qanunsuzdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, X4 İstismarı İdarəsinin nümayəndələri tərəfindən iddiaçının mənzilində quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyinə görə Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən sayğac sökülərək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı Akt tərtib edilərək sayğac quraşdırıldığı yerdən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”na göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”nın rəyində qeyd edilmişdir ki, sayğacın membranını hərəkətə gətirən qollar işlək deyil. Bundan sonra xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən itirilmiş təbii qazın hesabatı aparılmışdır. Hesabata əsasən Qaz işlədicilərdən PQ3-maksimal qaz sərfi 0.8x6x90=432m3, 0.8x18x90=1296m3, 0.8x10x90=720m3, 0.8x10x90=720m3 itirilmiş qazın bərpası üçün hesabat aparılaraq rəy verilmişdir. Belə olan halda 3168m3 təbii qaz 0.10 qəpiyə vurularaq və limiti keçdiyinə görə 316.80 manat hesablanmışdır. Bununla da, abonentin X4 İstismarı İdarəsinə 316.80 manat borcu yaranmışdır. Göründüyü kimi iddiaçının mənzilində quraşdırılmış qaz sayğacı xx.xx.2018-ci il tarixli, ******* aktla sayğac dəyişdirilərək növbədən kənar dövlət yoxlamasına göndərilmiş və sayğacın membranını hərəkətə gətirən qolların işlək olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqı qiymət vermişdir. İş materiallarından da göründüyü kimi iddiaçınin qaz sayğacına müdaxilə etməsi və xx.xx.2019-cu il tələbnaməyə əsasən sayğaca müdaxilə edilməsi baradə kifayət qədər sübutlar vardır. Göründüyü kimi iş materiallarında yer alan sübutla əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(058)-816/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, işin halları barədə məruzəçi hakimi və iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(058)-816/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Gəncə şəhərində anadan olmuş, yaşayış yeri Samux rayonu Bağmanlar kəndidir. İşə əlavə edilmiş "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci nil tarixli, ******* saylı aktın surətindən göürünür ki, istehlakçı İddiaçı Elster G-4 markalı, 11443799 nömrəli mexaniki qaz sayğacı sərfiyyatı qeyd etməməsi səbəbli “Azəriqaz” İB-nin nümayəndələri Rauf Qurbanov, Nicat Ağayev, Ramil Mustafayevin iştirakı ilə çıxarılmış, Elster G-4 markalı, 11470987 saylı yeni mexaniki sayğac quraşdırılmışdır. İşə əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə 14.03 2019-cu il tarixli, MSK 29/171000328-2 saylı aktın və dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməınin surətindən görünür ki, istehlakçı İddiaçı G-4 markalı, 11443799 nömrəli qaz sayğacının membranını hərəkətə gətirən qollar işlək olmadığından xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələblərinə uyğun yeni sayğacla əvəz edilmiş, qaz işlədicilərindən PQ-3-ün maksimaİ saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük ış rejimi 6 saat, hesabat müddəti 90 gün, radiator sobasının maksimal saatliq qaz sərfı 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün, QSSQ (50 litr) maksimal saatlıq qaz sərfı 0,8 m3/saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 90 gün, QSSQ (80 litr) maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın itkisi 0,8x6x90=432m3, 0,8x18x90=1296 m3, 8x10x90=720 m3 və 0,8x10x90=720 m3, cəmi 3168 m3 hesablanmışdır. İşə əlavə edilmiş abonentin (əhali) saldosundan görünür ki, İddiaçı (sayğac Elster G- 4T Diafraqma 11470987, quraşdırma tarixi xx.xx.2019) 2019-cu ilin aprel ayına akt üzrə 316,80 manat borcu yaranmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı qaz təchizatı üzrə **********00000 abonent kodlu istehlakçıdır. Samux rayonu Bağmanlar kəndində yerləşən və yaşadığı evə G-4 markalı qaz sayğacı xx.xx.2018-ci il tarixdə yeni qaz sayğacı quraşdırılmışdır. Bir müddət sonra sayğacın düzgün işləmədiyi aşkar edilmiş, xx.xx.2018ci il tarixdə sayğacın sərfiyyatı qeyd etməməsi səbəbli dəyişdirilmiş, yeni sayğac quraşdırılmış və ******* saylı akt tərtib edilmişdir. Çıxarılmış sayğacda hər hansı başqa problemin olduğu, yaxud plombun yerində olmadığı aşkar edilməmişdir. Laboratoriya yoxlaması zamanı tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktla 11443799 saylı sayğacın membranını hərəkətə gətirən qolların işlək olmadığı müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixdə “Təbii qazdan istifadə qavdalarının pozulması” barədə ******* saylı akt, buna uyğun olaraq tələbnamə tərtib edilib, 3168 m3 qaz sərfıyyatı müəyyən edilməklə 316,80 manat cərimə hesablanmışdır. İddiaçı sayğaca hər hansı müdaxilə edilmədiyini bildirmiş, ondan tələb olunan 316,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında sözügedən cərimənin yazılmasına əsas olmuş faktlara dair iddiaçının təqsirli olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə laboratoriya yoxlaması nəticələrinə əsasən sayğacın membranını hərəkətə gətirən qolların işlək olmadığı, yəni sayğaca hər hansı müdaxilənin olmadığı müəyyənləşdirilmişdir. Qeyd edilənlərə əsasən və mülki prosessual qanunvericiliyin hazırki iddia üzrə sübutetmə vəzifəsinin cavabdehin üzərində olduğu, lakin cavabdeh tərəfindən sübutların təqdim edilmədiyi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilənin olmadığına dair arqumenti qəbul edilməli, iddia tələbi təmin edilməli, 316,80 manat cərimə məbləği silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh təşkilat tərəfindən İddiaçı yaşadığı ünvan qaz xətti ilə təmin edilmişdir. Tərəflər arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qaz sayğacnın növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə çıxarılmış və yerinə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən yeni sayğac quraşdırılmışdır. Bu barədə aktda tərtib olunmuş, aktda çıxarılmış sayğacda hər hansı qüsurun olduğu qeyd edilməmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli aktla 11443799 saylı sayğacın membranını hərəkətə gətirən qolların işlək olmadığı müəyyən edilmişdir yəni sayğaca hər hansı müdaxilənin olması inkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya vəəxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə cavabdeh tərəfindən hesablanmış 316,80 manat miqdarında pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-ni 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasıнын MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(058)-816/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar