Məhkəmə qərarları › İş №2(104)-574/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-574/2023

10.02.2023 · Əmr icraatı - Məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-574/2023 10.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Samux Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(058)-873/2022 saylı qətnaməsindən cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış zərər məbləğinin silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona yazılmış 709,94 manat borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X1isi olaraq Kəlbəcər rayonundan məcburi köçkündür və hazırda Samux rayon Alıuşağı kəndi, ev 18-də ailə üzləri ilə birlikdə məskunlaşmışdır. Yaşadığı evin qazla təchiz edilməsi vəzifəsini “Azəriqaz” İB ilə aralarında olan “qazın alqı-satqısına dair” müqaviləyə əsasən cavabdeh “Azəriqaz” İB tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixdə cavabdeh “Azəriqaz” İB-nin Gəncə RQİİ-nin əmkdaşları tərəfindən onunla yeni müqavilənin bağlanması və qaz sayğacının yenisi ilə əvəz edilməsi adı altıda yaşadığı fərdi yaşayış evində olmuş və onun hüquqi savadsızlığından istifadə edərək anlamını bilmədiyi sənədə imza etdirmişlər. Sonrada isə ona məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən barəsində xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və həmin akta görə guya onun tərəfindən qaz qurğusuna müdaxilə edildiyi üçün barəsində itirilmiş qazın həcmi hesablanmış və ona əsassız olaraq 709,94 manat borc yazılmışdır. Qeyd olunan borcun əsassız və qanuna zidd hesab edir. Prosessual qanunvericiliyin sübut etmə yükü baxımında hazırki işdə sübut edilməli hallar ondan ibarətdir ki, birincisi qaz sayğacda qüsur olmuşdurmu?, ikincisi qüsur olmuşdursa həmin qüsurda onun təqsiri olmuşdurmu? Birinci hal üzrə qaz sayğacında qüsur yoxlama nəticəsində müəyyən edilmişdir. Hansı ki, sayğacın yoxlaması da cavabdeh tərəfindən keçirilmiş və məntiq odur ki, cavabdeh öz tərəfindən tərtib etdiyi aktı təkzib etməyəcək. İkinci hal üzrə araşdırma aparmamışdan öncə həmin halın sübut etmə yükünün hansı tərəfin üzərində olması müəyyən edilməlidir. Prosessual qanunverciliyin və bir başa tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM 77.1). Hazırki işdə qaz sayğacına müdaxilə məhz onun tərəfindən edilməsini sübut etmək vəzifəsi aktı tərtib edən və sayğacın salamat saxlanılmnasına cavabdeh olan “Azəriqaz” İB-nin üzərinə düşür. Bu halı isə cavabdeh tərəf sübut edə bilmir. Göründüyü kimi “Azəriqaz” İB tərəfindən onun barəsində hesablanmış borc əsassız və qanuna zidd olmuşdur. Belə ki. Qanunvericiliyin yuxarıda istinad edilən normalarından imperativ qaydada müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Samux Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(058)-873/2022 saylı qətnaməsi ilə (hakim S.Zeynalova) iddia qismən təmin edilərək, “Azəriqaz” İstehsal Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 518,40 manat borcun (cərimə) ləğv edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-03921xx/xx-2022 saylı müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilməklə istehlakçının təqsirli hərəkət (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməli olduğu müəyyən edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı G-4 markalı, 07152 (**********7) nömrəli mexaniki qaz sayğacı növbəti dövlət yoxlamasına uyğun olaraq “Azəriqaz” İB-nin nümayəndələri Rauf Qurbanov, Nicat Ağayev, Tural Vəliyevin iştirakı ilə çıxarılmış, Zenner G-4 STS **********139 nömrəli mexaniki sayğac quraşdırılmışdır. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK 29/1710-01845-1 saylı aktın, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin (surətindən görünür ki, istehlakçı İddiaçı G-4 markalı, **********7 saylı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyindən nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi -12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz itkisi 4x12x90=4320 kub.m hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri. Samux Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(058)-873/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh «Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh «Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X3 İstismarı İdarəsinin nümayəndələri tərəfindən iddiaçının mənzilində quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyinə gorə Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən sayğac sökülərək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, №4584466 saylı Akt tərtib edilərək sayğac quraşdırıldığı yerdən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının rəyində qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli 307531 nömrəli akta əsasən itirilmiş təbii qazın hesabatı aparılmışdır. Hesabata əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4m 3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 4320m3 itirilmiş qazın bərpası üçün hesabat aparılaraq rəy verilmişdir. Belə olan halda 4320m3 təbii qaz 0.12 qəpiyə vurularaq və limiti keçdiyinə görə 518.40 manat hesablanmışdır. Bununla da abonentin “Azəriqaz” İB-nin X3 İstismarı İdarəsinə 518.40 manat borcu yaranmışdır. Samux rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 2(058)-873/2022 saylı qətnaməsilə iddia tələbi iddiaçının xeyrinə qismən təmin edilmişdir. İddiaçının mənzilində quraşdırılmış qaz sayğacı 01,04.2022-ci il tarixli, №4584466 aktla sayğac dəyişdirilərək növbədən kənar dövlət yoxlamasına göndərilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmişdir. Həmin qaydaların 4.8-ci bəndinə Qeyd edilən bəndin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi birinci intansiya məhkəməsi tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd edilən qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilir. İş materiallarından da göründüyü kimi iddiaçınin qaz sayğacına müdaxilə etməsi və bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktda sayğaca müdaxilə edilməsi barədə kifayət qədər sübutlar vardır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə olmadığını bildirib, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, sayğacın yenisi ilə əvəzlənməli olması bildirildiyindən, akta onun oğlu tərəfindən imza edilmişdir. Yeni quraşdırılan sayğac isə smart tiplidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçıya məxsus qaz sayğacı növbəti dövlət yoxlaması səbəbi ilə qaz sayğacı ilə əvəz edilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının yoxlanılması haqqında” 24 may 2022-ci il tarixli, 29/1710-01845-1 nömrəli rəyə əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia edərək iddiaçıya 20 may 2022ci il tarixli tələbnaməyə əsasən cavabdeh 4320 kubmetr həcmində, 518,4 manat dəyərində qaz itkisinə məruz qaldığını iddia etmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki son iki il üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. Digər tərəfdən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşilməsinin sayğacın keçən qazın həcminin düzgün qeydə almamasına səbəb olması da əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi də sübut olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Samux Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(058)-873/2022 saylı qətnaməsindən cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(058)-873/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar