Məhkəmə qərarları › İş №2(104)-595/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-595/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-595/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: sabit pul məbləğində alimentin təyin edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-254/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİ seriyalı, 284264 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 24 yanvar 2021-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydiyyat aparılmışdır.

2. AZ-İV seriyalı, 649806 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 16 may 2022-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır.

3. "xxxx" ASC-nin 7 nömrəli Regional Su İdarəsinin 0xx.xx.2023-cü il tarixli, 142 nömrəli arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-nin 7 №-li Regional Sukanal İdarəsinin X3 mühəndis - qrup rəhbəri işləyir. İl ərzində ödənilmiş orta aylıq əmək haqqı 640.30 manat olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 220 manat alimentin və 100 manat saxlanma pulunun sabit pul məbləğində alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2021-ci ildə Naftalan şəhər Qeydiyyat şöbəsində rəsmi nikaha girmişlər. Birgə nikahlarından xx.xx.2022-ci ildə X2 adlı övladları anadan olmuşdur. 12 dekabr 2022-ci il tarixdə cavabdeh aralarında yaranan kiçik mübahisə səbəbindən onu və doqquz aylıq qızlarını gəlin köçdüyü və qeyd ediyi tarixə qədər yaşadığı (ünvan: Naftalan şəhəri, Namazəliyev küçəsi) həyət evinə buraxmamışdır. İki aydır cavabdeh ilə ayrı yaşayırlar. Cavabdeh uşağına baxmır və ona heç bir maddi yardım göstərmir. Uşaq hazırda onun himayəsindədir. Cavabdeh Naftalan Şəhər Su kanal İdarəsində mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı təxmini olaraq 800 manat təşkil edir.

6. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-254/2023 nömrəli qətnaməsi (hakim Ayaz Səlimov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 16 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 noyabr 2023-cü il tarixdən başlayaraq, hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75, 78.1, 78.2, 84 və 100.2-ci maddələrinə istinad etmiş, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-254/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və 100 manat sabit pul məbləğində saxlanma pulunun cavabdehdən onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində olmasını da nəzərə almamış, həmin məbləğdən çox aşağı miqdarda, yəni 180 manat məbləğində aliment tutulması qənaətinə gəlmişdir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Normanın məzmunundan göründüyü kimi, məhkəmə tərəfindən sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmalı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər saxlanması əsas tutulmalıdır. Lakin, məhkəmə 180 manat məbləğində müəyyən edilmiş alimentin uşağın təminat səviyyəsi üçün yetərli olmamasını nəzərə almamış, alimentin daha yüksək məbləğdə müəyyən ediləcəyi təqdirdə bunun cavabdehin maddi və ailə vəziyyətinə təsiri olmayacağını, lakin, az məbləğdə müəyyən edilmiş alimentin hazırki vaxtda uşaqların saxlanması üçün kifayət etməməsini diqqətdən qaçırmışdır. Göründüyü kimi məhkəmə Ailə Məcəlləsinin alimentin miqdarının müəyyən edilməsinə dair maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu vəsait isə uşağın saxlanması üçün məqbul hesab edilə bilməz, onun üçün çətinlik törədər, onun marağının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə alimentin cavabdehdən hər ay 180 manat məbləğində tutulmasının iddiaçıya müəyyən çətinliklər törədəcəyinə, uşağın marağının əhəmiyyətli dərəcədə pozulacağına diqqət yetirməmişdir. Alimentin məbləği müəyyən olunarkən uşağın yaşı, onun gündəlik tələbatı, qidalanma və geyim xərci, hazırlıq məsrəfi diqqətəlayiq olan digər hallar kimi qiymətləndirilməlidir. Diqqətəlayiq olan hallara, həmçinin X1 16 may 2022-ci il təvəllüdlü olmasına, 2025-ci ilin may ayında onun 3 yaşının tamam olacağına, belə olan halda həmin uşaq üçün qısa bir müddət ərzində qulluq pulu ödəniləcəyinə, alimentin də 180 manat məbləğində olmasının uşağın saxlanılması və mənafeyi üçün yetərli olmamasına məhkəmə diqqət yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehdən 06 noyabr 2023-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə iddianın uşağın üç yaşınadək cavabdehdən 100 manat aliment tələbinə münasibətdə hissəsini əsassız hesab etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-254/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin 7 №-li Regional Sukanal İdarəsinin X3 mühəndis - qrup rəhbəri işləyir. 640 manat əmək haqqı alır. Sahibkarlıq fəaliyyəti məşğul olmur. Yeganə qazanc mənbəyi əmək haqqısıdır. Onun 180 manatdan əlavə aliment pulu ödəmək imkanı yoxdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya mhəkəməsinin qətnaməsinin dəyişdirilməsini, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və 100 manat sabit pul məbləğində saxlanma pulunun cavabdehdən İddiaçı xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahtında göstərmişdir ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü İnci adlı uşaqları doğulmuşdur. Daha sonra ailədaxili münaqişələrə görə ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar. Hazırda "xxxx" ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin X3 mühəndis - qrup rəhbəri işləyir və əmək haqqısı 640 manat təşkil edir. Belə ki, əmək haqqısı çox deyil və özünün də xərcləri vardır. Hər ay uşağına daha çox olaraq 220 manat məbləğində aliment verə bilər. Bu barədə məhkəmə kollegiyasına ərizə təqdim edir, göstərilən halların nəzərə alınmasını istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. O, nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

18. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Konvensiya

23. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı

24. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

26. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

27. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

30. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

36. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

40. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyator qətnamədə yalnız alimentin məbləğini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)- 254/2023 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməli, Cavabdeh 16 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 noyabr 2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmiş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü İnci adlı uşaqları doğulmuşdur. Ailədaxili münaqişələrə görə ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar.

43. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2022-ci il tarixdə İnci adlı uşaqları doğulmuşdur. Cavabdeh "xxxx" ASC-nin 7 №-li Regional Sukanal İdarəsinin X3 mühəndis - qrup rəhbəri işləyir və əmək haqqısı 640,30 manat təşkil edir.

44. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir.

45. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (20&).

46. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (21&).

47. Yuxarıda sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda İnci adlı uşaq üçün ödənilən 180 manat aliment, müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır və uşağın saxlanması üçün yetərli deyildir.

48. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin təyin edilməsinin mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarını düzgün müəyyən etməmişdir.

50. Məhkəmə kollegiyası, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.

51. Uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi).

52. Məhkəmə kollegiyası həmçinin apellyatorun uşağın 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə dəlillərini əsassız hesab edir.

53. Belə ki, Ailə Məcəlləsinin ər-arvadın bir-birini saxlamaq vəzifəsini müəyyən edən 84-cü maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

54. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad, nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir (Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələri).

55. Ailə Məcəlləsinin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

56. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdehin maddi durumu, habelə uşağın yetkinlik yaşına çatana kimi ondan aliment tutulması nəzərə alınmaqla hazırda olan tələbin təmin edilməsi məqsədəmüvafiq deyildir. İşin halları üzrə cavabdehin maddi iqtidarsızlığı müəyyən edilmişdir.

57. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.

58. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçıya hər ay cavabdeh tərəfindən ödənilməli olan 220 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 2.640 manat təşkil edir.

59. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.3, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-254/2023 nömrəli qətnaməsi təyin edilmiş - alimentin hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində tutulması - hissəsində dəyişdirilsin. Cavabdeh 16 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 noyabr 2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar