Məhkəmə qərarları › İş №2(104)-617/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-617/2023

28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-617/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1 və Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1037/2022 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı1 Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən olan 21 sentyabr 2018-ci il tarixdə doğulmuş X6 üçün təyin edilmiş 150 manat alimentin məbləğinin artırılaraq cavabdehdən hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1037/2022 saylı qətnaməsi ilə (hakim Z.Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-178/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh1 İddiaçı1 xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 165 (yüz altmış beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı1 ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Kəpəz Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(043)-178/2019 saylı qətnaməsi ilə 21 sentyabr 2018-ci il tarixdə doğulmuş qızı Mələyin atasının Cavabdeh1 olduğu müəyyən edilmişdir, hər ay cavabdehdən 150 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Halhazırda övladı X7 onun himayəsindədir. Cavabdeh uşağın maddi vəziyyəti ilə müntəzəm maraqlanmır və uşaqla heç görüşmür, əlaqə yaratmır. Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilən 150 məbləğlə uşağın xərclərini qarşılamaq tək onun üçün çətindir. Ona görə də, o, məcbur olub cavabdehə qarşı aliment məbləğinin artırılması tələbi barədə iddia verir. Onda olan məlumata əsasən Cavabdeh1 hərbi qulluqçu kimi Hərbi Polis Qornizonunda xidmət edir. Mülki iş materiallarında olan: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-178/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il təvəllüdlü Mələyin atası olması müəyyən edilmiş, Cavabdeh1 xx.xx.2018-ci il tarixdən etibarən azyaşlı Mələyin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı1 xeyrinə tutulması, Cavabdeh1 xx.xx.2018-ci il təvəllüdlü Mələk 3 (üç) yaşına çatanadək 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-524/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-178/2019 saylı qətnaməsi atalığın müəyyən edilməsi hissəsində dəyişdirilmiş, 1989-cu il təvəllüdlü İddiaçı1 xx.xx.2018-ci il tarixdə doğulmuş X4 adlı uşağın atasının 1988-ci il təvəllüdlü Cavabdeh1 olması fakt kimi müəyyən edilmiş, qətnamə Mələk adlı uşağın 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 anası İddiaçı1 və atası Cavabdeh1dur. Nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Nuriyev X8 Ramidə Tofiq qızı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.2019-cu il tarixdə X10 adlı bir uşağı doğulmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, keçən müddət ərzində onun əmək haqqında heç bir dəyişiklik olmamış, əmək haqqısı 600 azn həddində qalmışdır. Bu müddət ərzində oğlum Cavabdeh1 rəsmi nikahla X9 ilə evlənmiş və bu nikahdan Fərid adlı oğlu olmuşdur. Ailə aliment çıxıldıqdan sonra qalan pula zorla valideyni kimi onların köməklikləri sayəsində dolanır. Əgər valideynlər uşaqlarını saxlamağa borcludularsa, onda bu borc bir ana kimi Aynurə Məməmmədovaya da şamil olunur. Nəzərə çatdırır ki, o, 39 saylı şəhər tam orta məktəbində müəllimə işləyir və 500 azn (və hətta daha çox) əmək haqqı alır. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar Cavabdeh1 nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilıməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçını və cavabdehin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər evlənərək rəsmi nikaha daxil olmuşlar. Onların nikahlarından xx.xx.2018-ci il tarixdə Mələk adlı uşaqları doğulmuşdur. Tərəflər sonradan ayrılmış və azyaşlı iddiaçının himayəsində qalmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı1 verilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmir. Ona görə də, alimentin artırılmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2022-ci il üçün 193 manat müəyyən edilmişdir. Hazırda uşaq üçün cavabdehdən tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini (cavabdehin başqa nikahdan olan uşaqların olmasını), habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın marağını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay uşağa 165 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay uşağa 165 manat müəyyən edilməsini əsaslı və qanuni sayır. Apellyatorun “cavabdehin yenidən nikaha daxil olması, əmək haqqısının və maddi vəziyyətinin aşağı olması” barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, cavabdehin uşağı saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və qətnamə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1037/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar