Məhkəmə qərarları › İş №2(104)-620/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-620/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-620/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı1, vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədova (Talıbova) Ruhəngiz Çingiz qızının iştirakları ilə, “Əqdin bağlanmış hesab edilməsi” tələbinə dair ilk, “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaqdan qanunsuz istifadəyə görə ziyan” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(021)-2376/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə Bərdə rayonu, Güloğlular kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və X2 birgə mülkiyyətinə verilib. 30 dekabr 1999-cu il tarixli, JN-0019 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən, Bərdə rayonu, Güloğlular kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və X2 adlarına qeydə alınıb. 10 fevral 2004-cü il tarixli Bərdə rayon İHB-nın Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş, Cavabdeh1, Cavabdeh2, Ruhəngiz Talıbova, Kamal Paşayev və Teyyub Paşayevin iştirakı ilə tərtib edilərək imzalanmış akta əsasən, islahat zamanı Cavabdeh1 və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin (Dövlət aktı- JN- 0019; kod 61005018, birinci hissədən verilmiş) 0,90 ha (doxsan sot) hissəsini ailə üzvlərinin razılığı ilə İddiaçı1 satıb. Satılmış torpaq sahəsinin əvəzinə İddiaçı1 Cavabdeh1 1.800.000 (bir milyon səkkiz yüz min) manat (AZM) nağd pul verdi. Hər iki tərəf bildirdi ki, alqı-satqıya dair gələcəkdə heç bir iddiaları olmayacaq. Aktın doğruluğu tərəflərin imazaları və Bərdə rayon İHB-nın Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı1 məhkəmədə (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədova (Talıbova) Ruhəngiz Çingiz qızına (bundan sonra cavabdehlər) qarşı iddia qaldıraraq, onların mülkiyyətində olan Bərdə rayonu, Güloğullar kəndində yerləşən 1,10 ha torpaq sahəsinin 0,90 ha hissəsinin ona satılmasına dair onunla cavabdehlər arasında olan 10 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 10 fevral 2004-cü ildə cavabdehlər özlərinə məxsus olan 1,10 ha torpaq sahəsinin 0,90 ha hissəsini 1.800.000 manata (AZM) ona satıb. Bu barədə 10 fevral 2004-cü ildə onunla cavabdehlər arasında müqavilə imzalanıb və həmin müqavilə 10 fevral 2004-cü ildə Bərdə rayon Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən təsdiq edilib. Hazırki vaxtadək sözügedən torpaq sahəsi onun və ailə üzvlərinin sahibliyində, istifadəsindədir. Dəfələrlə cavabdehlərə müraciət edərək aralarında əldə edilmiş razılaşmanın şərtlərinə əməl edilməsini və torpaq sahəsinə dair notarial qaydada alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etsə də, onlar hər dəfə bundan yayınıblar. Göründüyü kimi, o notariat qaydasında təqdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib, cavabdehlər isə əqdin notariat qaydasında təqdiqlənməsindən boyun qaçırırlar. Bu səbəbdən də əqdi icra etmiş tərəf kimi onun tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Cavabdehlər iddiaçıya qarşı qarşılıqlı iddia verərək, onun JN-0019 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən mülkiyyətində olan 0,90 ha torpaq sahəsindən çıxarılması və dəymiş ziyana görə 6.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon AİK-nın 16 iyun 1999cu il tarixli, 07 saylı qərarı ilə onlara 1,10 ha torpaq sahəsi verilib. Həmin torpaq sahəsinin 0,90 ha hissəsini 2004-cü ildə müqavilə bağlayaraq 15 il müddətinə iddiaçıya icarəyə veriblər. Aralarında olan şifahi razılaşmaya əsasən, müddət başa çatdıqdan sonra torpaq sahəsini iddiaçıya satmalı idilər. Müddət bitdikdən sonra torpaq sahəsini 5.000 manata almağı iddiaçıya təklif ediblər və həmin vaxt "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının əslini ona veriblər. Lakin, iddiaçı bununla razılaşmayaraq, hazırki iddia ilə məhkəməyə müraciət edib. İddiaçı ilə aralarında bağlanmış müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Qanunverciliyə görə, alğı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməlidir. İcra nümayəndəsinin hüququ yoxdur ki, alğı-satqı müqaviləsini təsdiq etsin. 2019cu ildən torpaq sahəsinin geri qaytarılmasını tələb etsələr də, iddiaçı heç bir hüquqi qüvvəsi olmayan müqaviləni əsas gətirərək zəbt etdiyi torpaq sahəsindən çıxmır. Halbuki, onlar torpaq sahəsində pambıq əkməklə hər il 2.000 manat gəlir əldə edə bilərdilər. İddiaçı onları 6.000 manat qazancdan da məhrum edib, bu səbəbdən həmin ziyanı da tələb edirlər. Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, tərəflər arasında bağlanmış 2004cü il tarixli əqdin etibarlı sayılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmişdir ki, 10 fevral 2004-cü il tarixli akta əsasən, cavadehlər mülkiyyətlərində olan 1,10 ha torpaq sahəsinin 0,9 ha hissəsini 1.800.000 manata (AZM) iddiaçıya satıblar və həmin tarpaq sahəsini iddiaçının faktiki sahbliyinə, istifadəsinə veriblər. Həmin vaxtdan mübahisəli 0,9 ha torpaq sahəsindən iddiaçı və ailə üzvləri istifadə edirlər. Akt Bərdə rayon İHB-nın Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin imzası və nümayəndəliyin möhürü ilə təsdiq edilib. Belə olan halda, idiaçının cavabdehlərin torpaq sahəsini ona satması və qarşılığında cavabdehlərə pul verməsi ilə bağlı qeyd etdikləri ağlabatan və əsaslı hesab edilir. Göründüyü kimi iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan sözügedən əqdi tamamilə icra etdiyi halda, digər tərəf, yəni cavabdehlər həmin əqdi notariat qaydasında təsdiqlənməsindən boyun qaçırıblar və işin bu halları mülki iş materialları ilə istisna edilmir. Ona görə də əqdi icra etmiş iddiaçının tələbi ilə sözügedən əqd etibarlı sayılmalıdır. Cavabdehlər yaranmış vəziyyətdən istifadə edərək, yəni torpaq sahəsinin rəsmi olaraq iddiaçının adına qeydə alınmamasından yararlanaraq özlərini torpaq sahəsinin qanuni mülkiyyətçisi kimi göstərərək qarşılıqlı iddianı qaldırıblar və iddiaçının təqsiri üzündən onlara 6.000 manat ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməyiblər. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 144.4, 335.2,336.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov sədrlik edən, məruzəçi, F.Ə.Mehdiyev və Ə.İ.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilib, ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı1 Bərdə rayon AİK-nın 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə Bərdə royonu, Güloğlular kəndində JN-0019 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən Cavabdeh1, Cavabdeh2 və Ruhəngiz Talıbovanın mülkiyyətinə verilmiş 1,10 ha torpaq sahəsinin 0,90 ha hissəsindən çıxarılması və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alğısatqı müqaviləsi əqdlərin bir növüdür və müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (iki tərəfli əqd) zəruridir. Qanunvericilik, daşınmaz əmlaka dair əqdlərin bağlanma formasını dəqiq tənzimləyərək bu cür müqavilələrin yazılı şəkildə tərtib olunmasını və notariat qaydada təsdiqlənməsini tələb edir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların alğısatqı müqaviləsi yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhz bu baxımdan tərəflər arasında 10 fevral 2004-cü il tarixdə əlyazma ilə tərtib edilmiş akt alğı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, 0,90 ha torpaq sahəsi cavabdehlərin mülkiyyətindədir və bu barədə onların adlarına Dövlət aktı verilib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 331, 334, 337, 646, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat: İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən, məruzəçi Ə.Əhmədov, hakimlər V.Həsənov, İ.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(104)-1099/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 10 fevral 2004-cü il tarixli Bərdə rayon İHB-nın Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş, tərəflərin iştirakları ilə tərtib edilərək imzalanmış akta əsasən, islahat zamanı cavabdehlərə verilmiş pay torpaq sahəsinin 0,90 ha hissəsini onlar iddiaçıya satıblar və satılmış torpaq sahəsinin əvəzinə iddiaçı cavabdehlərə 1.800.000 manat (AZM) nəğd pul ödəyib. Həmin aktla hər iki tərəf öhdəlik götürüb ki, alğı-satqıya dair gələcəkdə heç bir iddiaları olmayacaq. Aktın doğruluğu isə tərəflərin imazaları və Bərdə rayon İHB-nın Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq edilib. Göründüyü kimi, torpaq sahəsinin alğı-satqısına dair onun yazılı formada tərtib edilməsi barədə tələbə tam əməl edilib, yəni tərəflər arasında 10 fevral 2004-cü il tarixdə müvafiq icra hakmiyyəti orqanı tərəfindən təsdiq edilməklə akt tərtib edilib və həmin akt üzrə cavabdehlər 0,90 ha torpaq sahəsini iddiaçının icarəsinə deyil, məhz mülkiyyətinə verib, sonuncu isə torpaq sahəsini qəbul edərək, qabaqcadan razılaşdırılmış 1.800.000 manat (AZM) pulu iddiaçıya ödəyib. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayon AİK-nın 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə onlara 1,10 ha torpaq sahəsi verilib. Həmin torpaq sahəsinin 0,90 ha hissəsini 2004-cü ildə müqavilə bağlayaraq 15 il müddətinə iddiaçıya icarəyə veriblər. Aralarında olan şifahi razılaşmaya əsasən, müddət başa çatdıqdan sonra torpaq sahəsini iddiaçıya satmalı idilər. Müddət bitdikdən sonra torpaq sahəsini 5.000 manata almağı iddiaçıya təklif ediblər və həmin vaxt "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının əslini ona veriblər. Lakin, iddiaçı bununla razılaşmayaraq, hazırki iddia ilə məhkəməyə müraciət edib. İddiaçı ilə aralarında bağlanmış müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Qanunverciliyə görə, alğı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməlidir. İcra Nümayəndəsinin hüququ yoxdur ki, alğı-satqı müqaviləsini təsdiq etsin. 2019-cu ildən torpaq sahəsinin geri qaytarılmasını tələb etsələr də, iddiaçı heç bir hüquqi qüvvəsi olmayan müqaviləni əsas gətirərək zəbt etdiyi torpaq sahəsindən çıxmır. Halbuki, onlar torpaq sahəsində pambıq əkməklə hər il 2.000 manat gəlir əldə edə bilərdilər. İddiaçı onları 6.000 manat qazancdan da məhrum edib, bu səbəbdən həmin ziyanı da tələb edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2004-cü ildə torpağı müddətsiz olaraq İddiaçı1 icarəyə vermişlər, torpaq sahəsini heç vaxt satmaq niyyətləri olmamışdır. Hal hazırda İddiaçı1 torpağı qaytarmır ki, istifadə edib ailələrini dolandırsınlar. Aralarında bağlanan akt tərəflərindən imzalansa da, alğı-satqı aktı olmamışdır. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X4, Cavabdeh2 ilə eyni məzmunlu izahat verdilər və apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İlk iddia üzrə İddiaçı1 izahatında apellyasiya şikayətinə etiraz etdiyini və şikayətin rədd olunmasını xahiş edərək, xx.xx.2004-cü il tarixdə torpaq sahəsinin ona satıldığını, satan şəxslərin də akta bu barədə yazdıqlarını, illərdir torpaq sahəsinin onda olduğunu qeyd etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir; 335.1- ci maddəsində göstərilir ki, əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır (24 iyun 2005-ci il tarixli Qanunla Məcəllədən çıxarılıb); 335.2- ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (24 iyun 2005-ci il tarixədək qüvvədə olan norma); 337.1- ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir. İş üzrə tələblər əqdin bağlanmış hesab edilməsinə dair ilk, zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaqdan qanunsuz istifadəyə görə ziyan ödənilməsinə dair qarşılıqlı iddia tələbi barədədir. İş materiallarında olan JN-0019, KOD ********* Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarına əsasən Bərdə rayonu Güloğlular kənd sakini Cavabdeh1, Cavabdeh2 və X3 1.10 ha pay torpaq sahəsi verilmişdir. 10 fevral 2004-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Cavabdeh1 ailə üzvlərinə verilmiş pay torpağının 0.90 hektarını Cavabdeh1 ailə üzvlərinin razılığı ilə İddiaçı1 satdı, satılmış torpağın əvəzində İddiaçı1 Cavabdeh1 1.800.000 manat nəğd pul verməsi aktlaşdırılmışdır. Göründüyü kimi tərəflər arasında Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında qeyd olunan torpaq sahəsinin 0,90 ha hissəsinin İddiaçı1 satılması və sonuncunun Cavabdeh1 1.800.000 manat nəğd pul verməsi barədə 10 fevral 2004-cü il tarixli akt bağlanmış, həmin akt Bərdə rayon İHB-nın Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibəti 2004-cü ildə yarandığından işə baxılakən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İ.K.Rəcəbovun şikayəti üzrə" 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "S.Əİiyevanın şikayəti üzrə" 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və, ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçun bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İş materiallarında olan "Torpağa mülkiyyət hüququna dair" JN-0019, KOD 61005018 saylı Dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə Bərdə rayonu Güloğlular kəndində yerləşən 1.10 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətinə verilmişdir. Yəni həmin şəxslər torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olmaqla onun üzərində sərəncam vemək, eləcə də satmaq hüququna malik olmuşlar. Bundan başqa, iş materiallarına əlavə edilmiş Cavabdeh1, Cavabdeh2 və X1 Kamil Yusif oğlu arasında bağlanmış və 2004-ci il tarixli "tərəflər arasında alğı-satqı müqaviləsini əvəz edən" akt başlıqlı yazılı razılaşmadan görünür ki, Cavabdeh1, Cavabdeh2 və X5 0.962 ha pay torpağını 1.800.000 (bir milyon səkkiz yüz min manat) qarşılığında İddiaçı1 satmışdır. Digər tərəfdən, ilk idda üzrə İddiaçı1 2004-cü ildə cavabdehlərin torpağı ona satdıqlarını, qarşılığında ondan 1.800.000 manat məbləğində pul aldıqlarını, daha sonra aralarında notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlanmasına yanaşmadıqlarına, bundan yayındıqlarına görə alğı-satqı müqaviləsinin hazırki tarixədək rəsmiləşdirə bilmədiyini, lakin Dövlət aktının əslini ona verdiklərini bildirmiş, təsdiq edən sübut kimi məhkəməyə 2004-cü il tarixli akt başlıqlı yazılı razılaşmanı və "Torpağa mülkiyyət hüququna dair" JN-0019, KOD ********* saylı Dövlət aktının əslini təqdim etmişdir. Belə olan halda məhkəmə kollegiyası İddiaçı1 cavabdehlərin torpağı ona satması, qarşılığında cavabdehlərə pul verməsi ilə bağlı qeyd etdiklərini ağlabatan və əsaslı hesab edir. Həmçinin, cavabdehlərin alğı-satqının mövcudluğunu ümumiyyətlə inkar etməsini nəzərə alaraq, onların alğı-satqının rəsmiləşdirilməsindən yayınması ilə bağlı iddiaçının qeyd etdiklərini də inandırıcı hesab edir. Məhkəmə tərkibi hesab edir ki, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsinin tələb edilməsinə baxmayaraq, tərəflər arasında akt başlıqlı yazılı razılaşma bu qaydaya riayət edilmədən bağlanmışdır və bağlanmış 2004-cü il tarixli alğı-satqı əqdi etibarlı hesab edilməlidir. Məhkəmə kollegiyası digər iddia tələbi ilə bağlı qeyd edir ki, torpaq sahəsinin iddiaçılar tərəfindən cavabdehə satıldığı və bunun qarşılığında cavabdehdən qarşılıqlı razılaşdırılmış məbləğdə pul alınması, lakin müqavilə notariat qaydasında təsdiq edilmədiyindən hazırkı iddia üzrə iddiaçıların sadəcə olaraq yaranmış vəziyyətdən istifadə edərək özlərini satdıqları torpağın qanuni mülkiyyətçisi kimi göstərmələri və eləcə də vurulmuş ziyanı təsdiq edəcək sübutların təqdim edilməməsi ilə bağlı yuxarıda qeyd edilənlərə əsasən sübut edildiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405, 406 və 420-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(021)-2376/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar