Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-655/2024 12.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi , İddiaçı və Cavabdeh iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin e-2(045)-1508/2023 saylı mülki iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan X6 Mərkəzinin verdiyi Epikrizdən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı səhhəti ilə bağlı təbii doğuş riskli olduğundan doğuş keysər kəsiyi əməliyyatı ilə idarə olunmuşdur.l İş materiallarında olan AZ İV 798828 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında nikah xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 2360 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Mediasiya sessiyasına xitam verilməsi haqqında protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılığı və həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(125)- 1017/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 2360 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 160(bir yüz altmış)manat sabit pul məbləğində aliment, həmçinin, xx.xx.2022-ci il tarixində anadan olmuş X2 adlı uşaq üç yaşına çatanadək 20 (iyirmi) manat sabit pul məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, doğuş və keysər əməliyyatı üçün 1350 manat pul İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı doğuş xərci tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1350 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh xx.xx.2021-ci ildə evlənərək ailə həyatı qurmuşdur. Bu münasibəti 18 dekabr 2021-ci ildə "ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2360 saylı qeydlə rəsmiləşdirmişlər. 2021-ci ildən təsərrüfatı birgə idarə etmişlər. Bir neçə aydır ki faktiki olaraq ayrılmışlar və nikahı formal xarakter daşıyır. Birgə nikahdan xx.xx.2022-ci il tarixində X2 anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuş, nikahdan doğulan uşaq iddiaçının yanında qalmış və uşağın saxlanması üçün 160 manat, onun 3 yaşınadək saxlanılması üçün iddiaçıya 20 manat aliment tutulması qət edilmişdir. Cavabdeh nikahın pozulması tələbi ilə bağlı mülki işin gedişində barışıq təklifini qəbul etmədiyindən cehiz əşyalarını və uşağın hamiləlik və doğuş xərclərini qaytarmayacağını bildirmiş və qaytarmamışdır. İddiaçı tərəfindən cehiz əmlaklarla bağlı ayrı iddia qaldırılmışdır. Hazırda doğuş xərci ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyir ki, cavabdeh uşağın doğumuna az qalmış onunla mübahbisə yaratdığından o məcbur ata evinə gəlmiş və onunla maraqlanmadığından hamiləlik dövründə bütün xəstəxana xərcini də özü çəkməli olmuşdur ki, cavabdeh həmin pulu da ona könüllü olaraq qaytarmaqdan imtina edir. Belə ki, səhhəti səbəbindən təbbi doğuş riskli olduğundan o qeysəriyyə əməliyyatı olunmalı olmuşdur ki, cavabdeh bunun üçün çəkilən xərcləri ona ödəməmişdir. Ona görə də Cavabdeh 1350 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin e-2(045)-1508/2023 saylı mülki iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 675 (altı yüz yetmiş beş) manat pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddia tələbi üzrə ödənilmiş 33,50 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətində qeyd edilmiş hallar nəzərə alınmaqla, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaya qarşı etirazda ətraflı qeyd etdiyi halları məhkəmə qətnamə çıxarararkən qanunun ziddinə olaraq nəzərə almamışdır. İddiaçının hazırkı iddia tələbində uşağın hamiləlik dövründə, eləcə də, doğuş vaxtı çəkdiyi xərclərin ondan tələb etməsi hesab edir ki, qanunsuz və əsassızdır. Ona görə ki, iddiaçı həkim müayinələrinə, həkim məsləhətlərinə qanunvericiliyin tələbinə görə tibbi sığorta vasitəsi ilə getməlidir, doğuş isə hazırda sığorta ilə pulsuz həyata keçirilir. Onun xəbəri olmadan, uşağın atası kimi onunla məsləhətləşmədən iddiaçının X6 Mərkəsində səhhəti ilə bağlı təbii doğuş riski olduğuna görə doğuş keysər kəsiyi əməliyyatı olunmasından, yeni doğulan uşağın atası kimi xəbəri olmamışdırr. İddiaçı əgər doğrudan da qeyd olunanlarla bağlı pul xərcləyibsə xəstəxanaya, həkimə və yaxud da, analizlərə rəsmi qaydada buna görə pul ödəmişdirsə, onda həmin ödəniş qəbzlərinin surətlərini sübut kimi hazırda qüvvədə olan qanunvericilin tələbinə görə iddia ərizəsinə əlavə edib ona da göndərilməli idi. Ancaq nə iddiaçı, nə onun vəkili, nə də məhkəmə həmin sənədləri ona rəsmi təqdim etməmişdir. Yuxarıda qeyd edilən hallara və səbəblərə görə məhkəmə qətnaməsi əsassız və qeyri qanunidir. Cavabdeh kimi hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında mənim apellyasiya şikayətində göstərdiyi hallar nəzərə alınacaq və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılacaqdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə eədrək və şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 81.1 Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə,əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.3 Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. İşin müəyyən olunmuş faktiki hallarına görə, iddiaçı ilə Cavabdeh xx.xx.2021-ci ildə evlənərək ailə həyatı qurmuşdur. Bu münasibəti 18 dekabr 2021-ci ildə "ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2360 saylı qeydlə rəsmiləşdirmişlər. 2021-ci ildən təsərrüfatı birgə idarə etmişlər. Bir neçə aydır ki faktiki olaraq ayrılmışlar və nikahı formal xarakter daşıyır. Birgə nikahdan xx.xx.2022-ci il tarixində X2 anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuş, nikahdan doğulan uşaq iddiaçının yanında qalmış və uşağın saxlanması üçün 160 manat, onun 3 yaşınadək saxlanılması üçün iddiaçıya 20 manat aliment tutulması qət edilmişdir. Hazırda doğuş xərci ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyir ki, cavabdeh uşağın doğumuna az qalmış onunla mübahisə yaratdığından o məcbur ata evinə gəlmiş və onunla maraqlanmadığından hamiləlik dövründə bütün xəstəxana xərcini də özü çəkməli olmuşdur ki, cavabdeh həmin pulu da ona könüllü olaraq qaytarmaqdan imtina edir. Belə ki, səhhəti səbəbindən təbbi doğuş riskli olduğundan o qeysəriyyə əməliyyatı olunmalı olmuşdur ki, cavabdeh bunun üçün çəkilən xərcləri ona ödəməmişdir. Buna görə də Cavabdeh 1350 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh doğuş xərci üçün çəkilmiş 1350 manat məbləğində pulun alınıb ona verilməsində qismən haqlıdır. Belə ki, doğuş üçün çəkilmiş xərc hər iki valideyin tərəfindən bərabər şəkildə bölünməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh şikayəti formal mülahizələr olmaqla əsassızdır. Belə ki, işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla işin faktiki halları kimi təsdiq olunur ki, iddiaçı cavabdehlə birgə nikahından doğulan uşağını səhhətinin yol verməməsi səbəbindən təbii yolla dünyaya gətirə bilmədiyindən, bu doğuş cərrahiyyə əməliyyatı yolu ilə baş tutmuş və iddiaçı bunun üçün özəl tibb müəssisəsinə1350 manat məbləğində pul ödəmişdir. Cavabdeh bu xərclərin ödənilməsində iştirak etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın təmin olunmasına əsas verən qanuni əsaslar Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda qeyd edilən 81-ci maddəsi ilə nəzərdə tutulmuşdur.. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət omaqla, iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 675 manatdır. Ona görə də, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə əsasən, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin e-2(045)-1508/2023 saylı mülki iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(104)-655/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-655/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver