Məhkəmə qərarları › İş №2(104)-667/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-667/2024

29.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-667/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndələri (atası) X2 və (qardaşı) X3 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2388/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbi tərəfindən onun dərs yükünün azaldılması nəticəsində 2018-ci ilin sentyabr ayından 2023cü il mart ayınadək olan müddət ərzində ona kəsilmiş əmək haqqının hesablanıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2388/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Zaur Hünmətov) iddia ərizəsi iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2388/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli 2(104)-186/2017 nömrəli qətnaməsinə əsasən, Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəbinin onun barəsində 14 iyun 2016-cı il tarixli əmri ləğv edilmiş, o, Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmuş və məcburi iş buraxma üçün əmək haqqının tam ödənilməsi qət edilmişdir. O, 2017-2018-ci il dərs ilində hər ay 315 manat əmək haqqı almaış, lakin 2018- 2019-cu dərs ilində onun dərs yükü bilərəkdən azaldılaraq, hər ay 92 manat əmək haqqı almışdır. 2019-2020-ci illərdə 220, 2021-2022-ci dərs ilində 260 manat, 2022-2023-cü dərs ilində isə 268 manat əmək haqqı almış, 2023-cü ilin mart ayından etibarən onun dərs yükü bərpa edilmiş və o, 382 manat əmək haqqı almağa başlamışdır. Bu müddət ərzindəo, dəfələrlə məktəb rəhbərliyinə dərs yükünün əsassız azaldılması ilə bağlı müraciət etmişdir. Məktəbinin direktoru X6 isə. məhkəmə iclasında qeyd edib ki, o, hüquqlarının pozulmasını 2017-ci ildən bildiyi halda, 6 ildən sonra məhkəməyə müraciət etmişdir. O, 01 iyul 2017-ci il tarixli 131 saylı əmrə əsasən yenidən Ş.İ.Xətaiadına Köhnəqala kənd tam orta məktəbinə ibtidai sinif müəllimi təyin edilmiş və 1 il həmin vəzifədə tam dərs yükü ilə işləmişəm. 2018-ci ilin may ayında X1 İmtahanında iştirak etmək üçün rəsmi qeydiyyatdan keçsə də, cavabdeh onun adını “MİQ-dən kənar işə qəbul olunduğumu nəzərə alaraq” Təhsil Nazirliyi tərəfindən keçirilən X1 İmtahanında iştirak etmək üçün tərtib etdiyi siyahıya salmamışdır. Həmin dövrdə Təhsil nazirinin Qazax rayonundakı rəsmi qəbulunda iştirak etmiş, həmin qəbuldan sonra onun dərs yüküm 6 saatdan 12 saata qaldırılmışdır. Ona görə də, keçən müddət üçün, onun onun dərs yükünün azaldılması nəticəsində almadığı əmək haqqı verilməlidir. Cavabdeh Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbinə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndələri (atası) X5 və X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdilər və şikayətin onun təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2388/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2388/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Tovuz Rayon Təhsil Şöbəsinin İddiaçı göndərdiyi 13 noyabr 2019-cu il tarixli 737 nömrəli məktubundan görünür ki, Gəncə Apelyyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli 2(104)-186/2017 nömrəli qətnaməsinə əsasən məktəbin xx.xx.2017-ci il tarixli 130 nömrəli əmri ilə məktəbə müddətsiz müqavilə ilə bərpa olunmasına baxmayaraq, MİQ –dən kənar işə qəbul olunduğu nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən keçirilən X1nə buraxılmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 236/1 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumitəhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostiq qiymətləndirilməsinin aparılması qaydalarının 5.5-ci bəndində nəzərdə tutulduğuna görə ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10%-dən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirlir. Buna baxmayaraq İddiaçı 2019-2020-ci dərs ilində Təhsil Nazirliyi Aparatının rəhbəri M.Məmmədovun xx.xx.2019-cu il tarixli Ə-6265/04/09 nömrəli məktubuna əsasən 12 saat dərs yükü ilə təmin olunmuşdur. Əlavə olaraq xx.xx.2019-cu il tarixdə rayonun ümumtəhsil məktəblərində işləyən, diaqnostik qiymətləndirmədə iştirak etməyən digər pedaqoji işçilərlə bərabər İddiaçı adı Təhsil Nazirliyinə təqdim olunması məqsədi ilə 6 saylı ƏMHM-Ə göndərilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Tovuz regional ərazi şöbəsinin 30 iyul 2021-ci il tarixli **********5 saylı məktubundan görünür ki, İddiaçı şikayəti əsasında aparılmış araşdırma nəticəsində 01 iyun 2021-ci il tarixli Köhnəqala kənd tam orta məktəbində və 21 iyul 2021-ci il tarixli Tovuz rayon Təhsil Şöbəsindən Müfəttişliyə daxil olmuş məktublarda bildirilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə işə bərpa olunmuşdur. Daha sonra müəllimlərin diqanostik qiymətləndirilməsi imtahanın nəticələrinə əsasən dərs bölgüsü aparılmış və “diaqnostik qiymətləndirmənin aparılması qaydalarının” 5.5-ci maddəsinə əsasən 6 saat dərs yükü ilə təmin edilmişdir. Daha sonra Təhsil Nazitliyi Aparatının rəhbəri Muxtar Məmmədovun xx.xx.2019-cu il tarixli Ə-6265/04/09 nömrəli məktubuna əsasən iptidai sinif müəllimlərinin dərslərinin dinlənilməsinin nəticələrini nəzərə alaraq 12 saat dərs yükü ilə təmin edilmişdir. Eyni zamanda Tovuz rayon Təhsil Şöbəsindən Müfəttişliyə daxil olmuş 21 iyun 2021-ci il tarixli **********6 nömrəli məktubda müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etdiyi, topladığı balın 32.1482000 olduğu və keçid balının İddiaçı tərəfindən toplanılmadığı bildirilmişdir. Eyni zamanda müəllimlərin işə qəbulu müsabiqəsində toplanılmış balın müsabiqənin bütün mərhələrindən uğurla keçdiyi və müvafiq məktəbə təyinat alındığı halda nəzərə alındığı bildirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ə-15028/10-24 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərlə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbul və yerdəyişməsi qaydalarına əsasən respublikanın ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu Təhsil Nazirliyinin rəsmi internet saytında vakant yerlər barədə verilmiş elan əsasında mərkəzləşmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin bütün mərhələlərindən uğurla keçən namizədlər ümumi təhsil müəssisələrinə ixtisaslar üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllim təyin edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələtində tədris ili üçün dərs yükü müəssisə rəhbər tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Məktəb rəhbərliyi İddiaçı müəllimlərin işə qəbulu müsabiqəsində göstərdiyi nəticəyə uyğun olaraq ixtisası üzrə 12 saat dərs yükü ilə təmin etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 19 avqust 2021-ci il tarixli **********3 saylı məktubundan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı Xidmətin Tovuz Regional ərazi şöbəsinə daxil olmuş sənədlərə baxış zamanı xx.xx.2017-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı Tovuz rayon Köhnəqala kənd tam orta məktəbinə müddətsiz müqavilə ilə bərpa olunmuş və diaqnostik qiymətləndirmənin nəticəsinə uyğun 6 saat dərs yükü ilə təmin edilmişdir. Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixdə Qazax şəhərində keçirilən vətəndaş qəbulunun nəticəsinə uyğun olaraq onun 12 saat dərs yükü ilə təmin olunması barədə Təhsil Nazirliyinin Aparat rəhbəri M.Məmmədov tərəfindən tapşırıq verilmişdir. Eyni zamanda Tovuz rayon Təhsil şöbəsi tərfindən Xidmətin Tovuz regional ərazi şöbəsinə göndərilmiş məktubda müəllimlərin işə qəbul imtahanında iştirak edərək topladığı 32.1482 balın keçid balı üçün kifayət etmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli Ə-6265/04/09 saylı məktubundan görünür ki,Tovuz rayonu Köhnəqala kənd tam orta məktəbinin ibtidai sinif müəllimi İddiaçı mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarının qəbulu qrafikinə uyğun olaraq 13 avqust 2018-ci il tarixdə Qazax şəhərində Azərbaycan Respublikasının təhsil nazirinin qəbulunda olarkən dərs yükünün artırılması və diaqnostik qiymətləndirmədə iştirak etməklə bağlı müraciət etmişdir. Köhnəqala kənd tam orta məktəbində ibtidai sinif müəllimlərin dərslərinin dinlənilməsinin nəticələrini nəzərə alaraq, növbəti tədris ilindən İddiaçı 12 saata qədər dərs yükü ilə təmin olunması tapşırılmışdır. Qazax-Tovuz Regional Təhsil İdarəsinin 01 mart 2023-cü il tarixli 3-29/2-Ə-1010-4 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş müraciətinə cavab olaraq 2022/2023-cü tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində topladığı balın müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmə balına bərabər tutulması, dərs yükü bölgüsü zamanı nəzərə alınması və əmək haqqının Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli, 270 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun ödənilməsi olə bağlı Tovuz rayonu üzrə təhsil sektoruna müvafiq tapşırıq verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli, 2(62)- 777/2017 saylı qətnaməsi tamamilə ləğv edilmiş, İddia təmin edilmişdir.İddiaçı Tovuz rayonu Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəbi üzrə verilmiş 14 iyun 2016-cı il tarixli əmri ləgv edilmiş, İddiaçı Tovuz rayonu Tovuz rayon Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmuş və ona məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi qət olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı öz iddiasında 2018-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində cavabdeh Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbi tərəfindən onun dərs yükünün azaldılması və bununla da əmək haqqının azaldılmasını göstərmiş və cavabdeh Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbi tərəfindən onun dərs yükünün azaldılması nəticəsində 2018-ci ilin sentyabr ayından 2023cü il mart ayınadək olan müddət ərzində ona kəsilmiş əmək haqqının hesablanıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının hüququnun pozulmasını 2017-2018-ci tədris ilində bildiyini, bununla da iddiaçının məhkəmədə iddia qaldırdığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxdığı qənaətinə gəlməklə, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, İddiaçı 2018-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində cavabdeh tərəfindən əsassız olaraq, onun dərs yükünün azaldılması ilə əmək haqqının azaldılması ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154-cü maddənin 1-ci bəndinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddənin 1-ci bəndinə görə, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 158-ci maddənin 2- bəndinə görə, büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

3. İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 236/1 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumitəhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostiq qiymətləndirilməsinin aparılması qaydalarının 5.5-ci bəndində nəzərdə tutulduğuna görə ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10%-dən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirlir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, iddiaçı tədris etdiyi dərs yükü bölgüsünə uyğun olaraq əmək haqqı almış və icra etmədiyi əmək funlksiyasına görə, yəni tədris etmədiyi dərs saatına görə, əmək haqqı tələbi qanuni hesab edilə bilməz. Digər tərəfdən, onunla bağlı dərs yükü bölgüsü mövcud qanunvericilyə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli 236/1 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumitəhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostiq qiymətləndirilməsinin aparılması qaydalarının tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, İddiaçıın onun 2018-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində onun dərs yükünün bilərək azaldılaraq onun əmək haqqının azaldılması ilə bağlı tələbi əsassızdır. İddiaçı öz iddiasında və apellyasiya şikayətində 2018-ci ilin sentyabr ayından 2023cü ilin mart ayınadək olan müddət ərzində onun dərs yükünün bilərək azaldılaraq onun əmək haqqının azaldılması göstərsə də, həmin bununla bağlı heç bir sübut növü təqdim edə bilməmişdir. Cavabdeh isə birinci instansiya məhkəməsinə ünvanladıqları ərizədə (iş vər. 51) iddiaçının iddia tələbini müddəti ötürməklə qaldırdığını və mübahisəyə 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, müqavilə tələbləri üçün nəzərdə tutulmuş 1 illik iddia müddətinin tətbiq edilməsi üçün əvvəlcə tərəflər arasında göstərilən halla bağlı əmək müqaviləsinin pozulması halı mövcud olmalı, cavabdehlər tərəfindən iddiaçının hazırkı iddia ilə bağlı subyektiv hüququ pozulmalıdır ki, daha sonra həmin pozulmuş hüququn müdafiəsi üçün iddiaçı tərəfindən iddia qaldırılan zaman müddət ötürülmüş olsun. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Hazırkı halda, cavabdeh Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbi tərəfindən iddiaçının dərs yükünün azaldılması və bununla da əmək haqqının azaldılması halı öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Başqa sözlə, iddia tələbi 1 illik iddia müddətinin ötürülməsi əsası ilə deyil, əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair düzgün yekun nəticəyə gəlsə də, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən edə bilməmişdir ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2388/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 385, 390, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2388/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbinə qarşı Ş.İ.Xətai adına Köhnəqala tam orta məktəbi tərəfindən onun dərs yükünün azaldılması nəticəsində 2018ci ilin sentyabr ayından 2023-cü il mart ayınadək olan müddət ərzində ona kəsilmiş əmək haqqının hesablanıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar