Məhkəmə qərarları › İş №2(104)-679/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-679/2024

04.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-679/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-877/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı 02 noyabr 2021-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin, ödənilməmiş 4 aylıq əmək haqqının, istifadə olunmamış əmək məzuniyyəti günlərinə müvafiq son haqq-hesabın və əmək kitabçasının ona verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış 02 avqust 2017-ci il tarixli, 002 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (Əmək Məcəlləsinin 69.3-cü maddəsində sadalanan hal) 25 oktyabr 2021-ci il tarixdə xitam verilmiş və Cəmiyyətin Maliyyə bölməsinin İddiaçı 2021-ci il tarixi üçün yaranmış, lakin istifadə etmədiyi 9 gün əsas məzuniyyət günlərinə görə pul əvəzi və son iş gününədək olan əmək haqqının, son haqq-hesab olaraq qanunvericiliyin tələblərinə əsasən hesablanıb sonuncu iş günü ödənilməsi, Cəmiyyətin İnsan Resursları bölməsinə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar onun əmək kitabçasında (olduğu halda) elektron informasiya sistemində müvafiq qeydin aparılması, onun bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının (olduğu halda) ona işdən azad olduğu gün verilməsi və ya poçt vasitəsilə yaşadığı ünvana rəsmi qaydada göndərilməsinin təmin edilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı (bundan sonra- iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqına görə 7.660 manat, son haqq-hesaba görə 594 manat, əmək kitabçasının gecikdirilərək təqdim olunmamasına görə digər işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat, əməkhaqqı və son haqq-hesabın gecikdirildiyi müddət üçün 2 faiz məbləğdə əlavə pul vəsaitinin hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, 02 avqust 2021-ci ildən 25 oktyabr 2021ci il tarixədək cavabdehin “X6 Mərkəzin”də icraçı direktor vəzifəsində işləmiş və cavabdehin təsisçisi X2 göstərişlərinə uyğun fəaliyyət göstərməklə verilmiş səlahiyyətləri yerinə yetirmişdir. 25 oktyabr 2021-ci il tarixdə onun ərizəsinə əsasən cavabdehin “X6 Mərkəzi”nin 25 oktyabr 2021-ci il tarixli, 223 saylı əmri ilə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, 25 oktyabr 2021-ci il tarixədək ona 7.670 manat 3 ay 25 gün ödənilməmiş əmək haqqı borcu, istifadə olunmamış əmək məzuniyyətlərinə görə 594 manat son haqq-hesab borcu və əmək kitabçasının işdən çıxdığı gün ona təqdim olunmaması səbəbindən başqa işə düzələ bilməməsinə görə 7.000 manat məbləğində zərərin ödənilməsi cavabdeh tərəfindən təmin olunmamışdır. Onun tərəfindən cavabdehin təsisçisinə əmək müqaviləsinə xitam verilməsindən sonra son haqq-hesabın və ödənilməmiş 3 ay 25 günlük əmək haqqının işdən çıxdığı gün ona ödənilməsi barədə bildiriş göndərməsinə baxmayaraq, həmin tələb cavabdeh tərəfindən təmin olunmamışdır. Ona görə də hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi X1 09 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat, son haqqhesabın əvəzi qismində 594 manat borcunun olmasını etiraf etmişdir. Cavabdehin 11 avqust 2022-ci il tarixli arayışına görə, iddiaçıya ödənilməmiş əmək və məzuniyyət haqqı 5.978,69 manat, ödənilməmiş yekun haqq-hesabı 524,02 manat təşkil edir. Gəncə Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(125)-877/2022 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat, ödənilməmiş son haqqhesabın əvəzi qismində 594 manat, cəmi 7.381 manat pulun vəsaitinin tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əvvəllər cavabdehin “X6 Mərkəzin”də icraçı direktor vəzifəsində işləmiş, cavabdehin 25 oktyabr 2021-ci il tarixli, 223 saylı əmrilə iddiaçı ilə bağlanmış 02 avqust 2017-ci il tarixli, 002 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 25 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Lakin, iddiaçı cavabdeh tərəfindən ödənilməli olan 6.787 manat əmək haqqı və 594 manat son haqq-hesab ödənilməmişdir. Məhkəmə iddia tələblərini araşdıraraq qeyd etmişdir ki, mülki işin məhkəmə tədqiqi zamanı cavabdehin nümayəndəsi qeyd olunan halları etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsinin iddianı qismən etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və qeyd olunan səbəbdən iddiaçının nümayəndəsi tərəfindən iddianın etirafı qəbul olunmalı, iddia tələbi həmin hissədə təmin edilməli, ödənilməmiş əmək haqqının əvəzinə görə 6.787 manat, ödənilməmiş son haqq-hesaba görə 594 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqının 7.660 manat olmasını bildirsə də, buna dair sübutları, eləcə də Bank hesabından çıxarışları və digər sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 154.1, 172.1, 172.5 və 172.6-cı maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 noyabr 2022ci il tarixli, 2(125)-877/2022 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməsi, əmək kitabçasının gecikdirilməsinə görə 7.000 manat, əmək haqqının və son haqq-hesabın heç bir üzrlü səbəb olmadan ödənilməməsinə görə halhazıradək hər gecikdirilən gün üçün əlavə olaraq 2% məbləğində əlavə ödəncin hesablanaraq ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işəgötürən, Əmək Məcəlləsində və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrini yerinə yetirməmişdir. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə 02 noyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktub bu günədək cavabsız qalmışdır. Məhkəmə iddia ərizəsində göstərilən halları araşdırmadan və düzgün hüquqi qiymət vermədən ədalətsiz qətnamə çıxarmışdır. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü verilir) müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidikdə işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşə baxan məhkəmə qeyd edilən normanı nəzərə almamışdır. Cavabdehin nümayəndəsinin həqiqətə uyğun olmayan iddiaçıya qarşı qərəzli münasibətini nəzərə almamışdır. Bu səbəbdən də iddiaçıya çatacaq əmək haqqını və son haqq-hesabın ödənilməsindən imtina etməklə əmək kitabçasının ona dəfələrlə müraciət etməsinə baxmayaraq təqdim etməməsinin səbəblərini araşdırmadan cavabdehin əmək qanunvericiliyinin tələblərini pozduğu halları ört-basdır etmişdir. Məhkəmə kadr işləri üzrə mütəxəssisi tərəfindən əmək kitabçasının iddiaçıya əmək müqaviləsinə xitam verildiyi gün təqdim olunmamasının səbəblərini araşdırmaq üçün, baş mühasibini iddiaçıya çatacaq əmək haqqı və son haqq-hesabın ödənilməməsinin səbəbini araşdırmaq üçün məhkəməyə dəvət etməmiş və bu mübahisəni ümumiyyətlə araşdırmamış və hüquqi qiymət verməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 5.978,69 manat və ödənilməmiş son haqq-hesabın əvəzi qismində 524,02 manat, cəmi 6.502,71 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş arayışa düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işə baxılarkən nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə göstərilmişdir ki, 11 avqust 2022-ci il tarixli arayışa görə, iddiaçıya ödənilməmiş əmək haqqı və məzuniyyət haqqı 5.978,69 manat, ödənilməmiş yekun haqq-hesab 524,02 manat təşkil edir. Belə olan halda məhkəmə iddianı qismən- cəmi 6.502,71 manat hissədə təmin etməli olduğu halda, əsassız olaraq ödənilməmiş son əmək haqqının əvəzi qismində 6.787 manat və ödənilməmiş son haqqhesabın əvəzi qismində 594 olmaqla, cəmi 7.381 manat pul vəsaitinin tutulmasını qət etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2023-cü il tarixli, 2(104)- 575/2023 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(125)-877/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əvvəllər cavabdehin “X6 Mərkəzi”ndə icraçı direktor vəzifəsində işləmiş və şəgötürənin 25 oktyabr 2021-ci il tarixli, 223 saylı əmri ilə onunla bağlanmış 02 avqust 2017-ci il tarixli, 002 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 25 oktyabr 2021-ci il tarixdən xitam verilmişdir. Lakin, iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan 6.787 manat əmək haqqı və 594 manat son haqq-hesab ödənilməmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçının nümayəndəsi həmin halı etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etmiş, məhkəmə kollegiyası da həmin ərizəni sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə fərdi əmək mübahisəsinin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, hətta iddiaçı vurulmuş zərərlə əlaqədar ona borcunun olmasını bildirməklə, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehin iddiaçıya borcunun mövcudluğu yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayəti verərək əmək kitabçasının gecikdirilməsinə görə 7.000 manat əmək haqqının və son haqq-hesabın heç bir üzürlü səbəb olmadan ödənilməməsinə görə hal-hazıradək hər gecikdirilən gün üçün əlavə olaraq 2% məbləğində əlavə ödəncin hesablanaraq ödənilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri, iddia ərizəsinin əsaslandırması ilə eynilik təşkil edir. İddiaçı, əmək kitabçasının cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verildiyi 25 oktyabr 2021-ci il tarixdə deyil, 11 fevral 2022-ci il tarixdə təqdim olunmasına görə başqa işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat pul vəsaitinin cavabdehdən tutulub ona verilməsini xahiş etsə də, həmin müddət ərzində ona real iş təklifinin olmasını və həmin təklif olunan işə görə əmək haqqının məbləğinə dair sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissələrdə təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qeyd olunan hissələrdə iddia tələbləri yuxarıda qeyd olunan əsaslara görə təmin edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdehin iddiaçıya ödənilməmiş 6.787 manat əmək haqqı, 594 manat son haqq-hesab borcunun olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi sözügedən ərizədə və işdə olan arayışda fərqli məbləğlər göstərilməsi ilə bağlı bildirmişdir ki, ərizə onun tərəfindən yazılaraq imzalanmışdır. Bununla bağlı başqa sübutu yoxdur. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 172.1, 172.5, 172.6 və 254-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2023-cü il tarixli, 2(104)- 575/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4562/2023 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Əhməd Əhmədov, hakimlər Vüqar Həsənov və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2023-cü il tarixli, 2(104)-575/2023 saylı qətnaməsi qismən - iddianın əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödəncin verilməsinin rədd olunması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-877/2022 nömrəli qətnaməsinin mübahisə edilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 83. 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172.6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Maddə 254. 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4562/2023 saylı qərarı ilə, apellyasiya məhkəməsinin qətnaməsi iddianın əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödəncin verilməsinin rədd olunması hissəsində ləğv edildiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi həmin hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-877/2022 nömrəli qətnaməsi qismən, yəni əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödəncin verilməsinin rədd olunması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Hazırda iddiaçı, cavabdehlə aralarında bağlanmış 02 avqust 2017-ci il tarixli, 002 saylı əmək müqaviləsinə, işəgötürənin 25 oktyabr 2021-ci il tarixli, 223 saylı əmri ilə 25 oktyabr 2021-ci il tarixdən xitam verildiyini, lakin hazırkı vaxtadək əmək haqqının və son haqqhesabın verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyini göstərib, hər gecikdirilmiş gün üçün ona əmək haqqının iki faizi məbləğində ödəncin verilməsini iddia edir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Hazırkı iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(125)-877/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat pulun vəsaitinin tutulması qət edilmiş, həmin qətnamə hazırda qanuni qüvvəədir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. Birincisi, əmək haqqının verilməsi gecikdirilməli; ikincisi, bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Göründüyü kimi, normanın tətbiqində qeyri-müəyyənlik yaradan məsələ əmək haqqının gecikdirilməsinin fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin verilib-verilməməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı hissəsində və 287-ci maddəsində fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı kimi müəyyən edilmişdir. Əvvəla, Əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir. Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinintəmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Nəzərə alınmalıdır ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər. Ona görə də, kollegiya hesab edir ki, işin hallarından görünür ki, tərəflər arasında mübahisə məhz Cavabdeh MMC-nin iddiaçıya ödəməli olduğu əmək haqqı borcunu gecikdirmiş olması iddiası əsasında yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əmək haqqının ödənilməsinin gecikdirilmiş olması məhkəmə mübahisəsi başlanmamışdan əvvəl onun təqdim etdiyi sənədlərdən də aydın görünmüş, məhkəmə isə yalnız ödənilməmiş əmək haqqının əvəzini müəyyənləşdirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinin hüquqi əsası mövcuddur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 02 avqust 2017-ci il tarixli əmək müqaviləsi üzrə işəgötürən tərəfindən 02 avqust 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixləri üçün əmək haqqının gecikdirilməsi hallarına görə ödəncin məbləği 6787 (altı min yeddi yüz səksən yeddi) manat müəyyən edilmişdir. Belə olan halda ona ödənilməli olan ödənc məbləği 02 avqust 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixə qədər olan dövr üçün, yəni, 2 ay 23 gün (85 gün) 85x 67,87=5768,95 manat təşkil edəcəkdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-877/2022 nömrəli qətnaməsi qismən, yəni, iddianın əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödəncin verilməsinin rədd edilməsi ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, əmək haqqının gecikdirilməsinə görə əmək haqqının gecikdirildiyi müddət üçün 1 faiz məbləğdə, yəni, 5768,95 manat Cavabdehndən tutularaq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-877/2022 nömrəli qətnaməsi qismən, yəni, iddianın əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödəncin verilməsinin rədd edilməsi ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Əmək haqqının gecikdirilməsinə görə əmək haqqının gecikdirildiyi müddət üçün 1 faiz məbləğdə, yəni, 5768,95 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar