Məhkəmə qərarları › İş №2(104)-690/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-690/2025

07.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-690/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Goranboy rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ASC)) qarşı iş üzrə Açar sözlər: bağışlama müqaviləsindən imtina edilmiş hesab olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Goranboy rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina edilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1632/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur.

2. 27 may 2024-cü il tarixli, 4Ə-368 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.m qeyri-yaşayış binası İddiaçı tərəfindən Cavabdeh3 hədiyyə edilmişdir.

3. Cavabdeh1 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 13064/2024 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında 0.4896 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.4 kv.m olan qeyri-yaşayış binası Goranboy rayon notariat ofisinin 27 may 2024-cü il tarixli, 4Ə-368 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 bağışlanmış, ona 11 iyun 2024-cü il tarixli, **********27-06301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyriyaşayış binası "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. (31 oktyabr 2022-ci il tarixli, GL5682 saylı kredit müqaviləsi, kredit limitinin məbləği: 10000000 AZN, kredit limitinin müddəti: xx.xx.2022-xx.xx.2032). Əmlak üzərinə Goranboy rayon icra və probasiya şöbəsinin 04 sentyabr 2024-cü il tarixli, e266945/2024-9-8-002 nömrəli məktubuna əsasən qadağa qoyulmuşdur.

4. 27 may 2024-cü il tarixli, 4Ə-376 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 ƏMDK yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş **********48-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Cavabdeh3 məxsus Goranboy rayonu, Boluslu kəndi, Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşayış binasını və ƏMDK yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş **********48-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Cavabdeh3 məxsus Goranboy rayonu, Boluslu kəndi, Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 0.0905 ha olan topaq sahəsini İddiaçı bağışlamışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 250 nömrəli məktubundan görünür ki, İddiaçı 27 may 2024-cü il tarixli, 4Ə-368 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi ilə bağlı Goranboy rayon Notariat ofisinə müraciət etmiş, Goranboy rayon Notariat ofisi tərəfindən İddiaçı müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli, 250 nömrəli məktubla bildirilmişdir ki, qeyd edilən müqavilənin notariat orqanında ləğv edilməsi yalnız müqavilə tərəflərinin hər ikisinin iştirakı ilə təmin edilə bilər. Odur ki, tələbin təmin edilməsi ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

6. 12 may 2024-cü il tarixli, 3-13-75/1-M-9489/42/24 saylı ərizədən görünür ki, İddiaçı Goranboy rayon polis şöbəsinə müraciət edərək bildirmişdir ki, oğlu Cavabdeh3 bir neçə müddətdir ki, Goranboy şəhər ərazisində yeni tikilib istifadəyə verilmiş “MMEDlife” hospitalda işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmışdır. Bununla bağlı ona iradını bildirdikdə oğlu onu ölümlə hədələmişdir. Bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir.

7. 12 may 2024-cü il tarixli, 3-13-75/1-M-9490/4/24 saylı ərizədən görünür ki, Şahid3 Goranboy rayon polis şöbəsinə müraciət edərək bildirmişdir ki, İddiaçı onun ərini özünü öldürmək həddinə çatdırmış və Şahid3 evdən qovmuşdur. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir.

8. Cavabdeh3 12 may 2024-cü il tarixdə Goranboy RPŞ-nın İstintaq Bölməsinə vermiş olduğu izahatından görünür ki, Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı doğma atasıdır. O arvadı və uşaqları ilə birlikdə atasına məxsus Goranboy şəhərində yerləşən evdə yaşayır. Əvvəllər atası Xaliqlə münasibətləri yaxşı olmuşdur. Atası ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Şahid3 arvadıdır. Günay hazırda Goranboy şəhərində yeni istifadəyə verilmiş “MMED Life” hospitalın baş həkimidir. Həmin hospitalda o hüquqşünas vəzifəsidə çalışır. Bununla yanaşı hospitalın idarə olunmasını arvadı ilə birgə həyata keçirir. Bir gün öncə yəni 11 may 2024-cü il tarixdə Goranboy şəhərində yerləşən “Mmed Lıfe” hospitalının inzibati binasının qarşısında ekskovator olduğunu görmüşdür. Atasından nə üçün ekskovator gəldiyini soruşduqda atası ona demişdir ki, bir neçə gün əvvəl yağış yağması nəticəsində hospitalın içinə su dolduğu üçün həmin suyu təmizlədəcəkdir. O da buna etiraz etməmişdir. 12 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq Goranboy şəhərində yerləşən “Mmed Life” hospitala getmişdir. Bir qədər orada olduqdan sonra təxminən saat 13:00 radələrində nahar edib spirtli içki, araq qəbul etmişdir. Sonra isə Goranboy şəhərində yerləşən “Mmed Life” hospitalına getmişdir. Hospitalda olan zaman bacısı telefonla ona zəng edərək atasının onun barəsində DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edib ondan şikayət etdiyini demişdir. O da buna əsəbləşib hospitaldan çıxaraq atası ilə birlikdə yaşadığı evə gəlmişdir. Evə çatanda Goranboy rayon polis şöbəsinin əməkdaşlarının yaşadıqları evin həyətində olduqlarını görmüşdür. Həmin vaxt daha da əsəbləşmiş və atası ilə mübahisə etmişdir. O atasına onu öldürəcəyini demişdir. Buna görə də orada olan polis əməkdaşları onu Goranboy rayon polis şöbəsinə gətirmişlər.

9. 12 may 2024-cü il tarixli, 3-13-75/1-M-98xx/xx/2024 saylı ərizədən görünür ki, İddiaçı Goranboy rayon polis şöbəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə oğlu Cavabdeh3lə aralarında münaqişə yarandığı üçün əsəbləşib “102” xidməti zəng mərkəzinə şikayət etmişdir. Lakin sonradan oğlu Nicatla barışmışdır. Ona görə də heç bir şikayəti olmadığını bildirmiş, araşdırmanın dayandırılmasını xahiş etmişdir.

10. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərarından görünür ki, 12 may 2024-cü il tarixdə Cavabdeh3 Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edərək atasına məxsus klinikada oğurluq olmasını bildirmiş, həmçinin 12 may 2024-cü il tarixdə İddiaçı Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edərək oğlu Cavabdeh3 onu ölümlə hədələdiyini bildirmişdir. Goranboy RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X19 tərəfindən qeyd olunan şikayətlər araşdırılmış və Cavabdeh3 əməlində cinayət əlamətləri olmadığından, həmçinin sözügedən klinikada oğurluq hadisəsi baş vermədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

11. 06 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şahid3 ərizəsi əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 2211 nömrə ilə qeydiyyata alınmış material üzrə Cavabdeh3 əməlində cinayət tərkibi olmadığı üçün material üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Şahid3 RPŞ-yə vermiş olduğu izahatında bidirmişdir ki, Cavabdeh3 onun həyat yoldaşıdır. O, Goranboy şəhərində yerləşən “Mmed Life” hospitalın rəhbəri vəzifəsində işləyir. Hospitalın rəhbəri olduğu üçün hospitalda olan avadanlıqların da ona məxsus olmasını bildirmişdir. 25 sentyabr 2024-cü il tarixdə saat 19:26 radələrində Cavabdeh3 “Mmed Life” hospitala aid bir ədəd kompüter monitorunu özbaşına hospitaldan götürüb naməlum ünvana aparmasını qeyd etmişdir. O, hospitala gəlib kamera görüntülərinə baxan zaman Nicatın narkotik vasitə qəbul etməsini və narkotikin təsiri altında bu hərəkətləri etməsini ehtimal etmişdir. Buna görə də Nicatın bu özbaşına hərəkətlərinin və narkotik vasitə qəbul edib etməməsinin araşdırılmasını xahiş etmişdir. Həyat yoldaşı Cavabdeh3 hospitaldan apardığı bir ədəd HP markalı kompüter monitorunun qiymətinin təxminən 500 manat olmasını bildirmişdir.

12. 07 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221,186 maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı əməlində Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, həmçinin “Mmed Life” hospitalında oğurluq hadisəsi baş vermədiyi üçün göstərilən xüsusatla əlaqədar toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Cavabdeh3 barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. İddiaçı və Cavabdeh3 münaqişəli ailə kimi profilaktika qeydiyyatına alınması üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir.

13. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-979/2024 saylı inzibati xəta haqqında qərarından görünür ki, Goranboy RPŞ-nın İTB-nin polis sahə rəisi Şahid2 tərəfindən Cavabdeh3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* saylı, 6 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmiş və Cavabdeh3 xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində atası İddiaçı uca səslə nalayiq ifadələrlə söyüb təhqir etməklə törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə, xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində Goranboy RPŞ-nın qarşısında ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə tabe olmamaqla törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcələnin 34.3cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 535.1ci maddəsinə əsasən 10 gün müddətinə inzibati həbs edilmişdir.

14. Goranboy Rayon icra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən Goranboy rayon polis şöbəsinə təqdim edilmiş 28 oktyabr 2024-cü il tarixli, 5-45-1/2-154/24 saylı məktubda bildirilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh3 Goranboy şəhəri, E.Bağırov küçəsi, ev 18 ünvanında qeydiyyatdadır və ailə tərkibi aşağıdakı kimidir. Şahid3-arvadı-xx.xx.1986, İddiaçı Nicat oğlu-oğlu xx.xx.2010, X8- oğlu-xx.xx.2010, İddiaçı xx.xx.1955, X7-anası-xx.xx.1961, X3bacısı - xx.xx.1988, X14-bacısının oğlu-xx.xx.2010 Cavabdeh3 xx.xx.1986-cı ildə ünvan 3 ünvanında yaşayıb. Son vaxtlar onun ailəsində münaqişələrin olması barədə Goranboy şəhər inzibati Ərazi dairəsi üzrə nümayəndəliyə şifahi məlumat daxil olmuşdur, lakin özü və ailə üzvləri barədə nümayndəliyə heç bir rəsmi ərizə və şikayət daxil olmamışdır.

15. Goranboy rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-ci il tarixli, 15 nömrəli qərarından görünür ki, Cavabdeh3, Şahid3 və İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması, Cavabdeh3, Şahid3 və İddiaçı 60 gün olmaqla qısa müddətli mühafizə orderi verilsin (25 dekabr 2024cü il tarixdən 24 yanvar 2025-ci il tarixədək). Məişət zorakılığı törədən Cavabdeh3, Şahid3 və İddiaçı profilaktiki qeydiyyata götürülmələri və onlarla tərbiyəvi-qabaqlayıcı işlər görülməsi, Qərarın surəti icra edilməsi üçün məişət zorakılığına məruz qalmış Cavabdeh3, Şahid3 və İddiaçı ünvanlarına göndərilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehlər Cavabdeh3, Goranboy rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy rayon Notariat ofisində xx.xx.2024-cü il tarixdə, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 5117.4 kv.m olan qeyri-yaşayış binasını və DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsini oğlu Cavabdeh3 bağışlamaqdan imtina edilməsi, həmin əmlakların geri qaytarılması və 100 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Goranboy rayon Notariat ofisində xx.xx.2024-cü il tarixdə, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 5117.4 kv.m olan qeyri-yaşayış binası və DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsini oğlu Cavabdeh3 bağışlamışdır. Lakin, hazırda həmin əmlakları ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina edir. 27 may 2024-cü il tarixli bildirişlə Goranboy rayon Notariat ofisinə müraciət edərək xx.xx.2024-cü il tarixdə, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, yəni daşınmaz əmlakları oğluna bağışlamaqdan imtina etdiyini bildirmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsində “MMED Lıfe” hospitalı tikilmiş və yeni istifadəyə verilmişdir. Həmin hospitalın tikintisi üçün bankdan külli miqdarda sahibkarlıq məqsədi ilə kredit götürülmüş və həmin tikiliyə maya qoyulmuşdur. Məqsəd ailə biznesini qurmaq və birgə gəlir əldə etmək olmuşdur. Lakin, müqavilə tərəfi olan oğlu Cavabdeh3 istifadəyə verilmiş klinikada işləri özbaşına aparaqla oranın fəaliyyətini yararsız hala salmışdır və pis hala gətirmişdir. Hospitalın işləməsinə və onun fəaliyyətinə və imicinə ciddi zərbə vurmuşdur. Həmin əmlakların Cavabdeh3 bağışlanması ailə üzvlərinin təkidi ilə olmuşdur. Oğlu Cavabdeh3 ilə ailə münasibətlər pis olduğundan və onun bu hərəkətlərindən əl çəkməsi üçün qeyri-yaşayış binasını və torpağı ona bağışlamışdır. O, dəfələrlə əmlakların onun adına keçirilməsini istəmiş, bunun üçün başlarına oyun açmış və etməyəcəkləri halda ailəyə problemlər yaradacağını bildirmişdir. Bundan sonra ailə üzvləri qeyd edilən əmlakların Nicatın adına keçirməsi halda düzələcəyini bildirmişlər və bunun nəticəsində xoşagəlməz halların qarşısının alınması məqsədi ilə əmlakların Nicata bağışlanmasına razı olmuşdur. Bundan sonra düzələcəyini və onu peşman etməyəcəyini və normal şəkildə ailələrinə məxsus biznesi idarə edəcəyini düşünmüşdür. Lakin, tam tərsi olmuşdur. Cavabdeh bağışlama müqaviləsi bağlanandan sonra ailənin gəlir yeri olan klinikanı satacağını və buradan gedəcəyini bildirmişdir. Cavabdeh ona və ailəsinə münasibətdə ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud surətdə pozmuşdur. Klinikanın normal fəaliyyətinin olmaması, biznes maraqlarına ziddir. Külli miqdarda kreditin bağlanması üçün klinika işləməli və gəlir gətirməlidir, lakin cavabdehin hərəkətləri nəticəsində bu mümkün deyil. Hətta iddiaçı cavabdehə istifadəyə verilmiş klinikada işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmasını və ona etdiyi hərəkətlərlə bağlı atası olaraq irad bildirdikdə cavabdeh onu öldürməklə hədələmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmiş və ərizəyə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da buna sübutdur. Sonradan ailə üzvlərinin təkidi ilə Nicatla barışdığını ona yazmışdır. Əslində isə Nicat onu həqiqətən də hədələmiş və bununla bağlı telefon yazışmaları da mövcuddur. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh ailə münasibətlərindən irəli gələn öhdəlikləri kobud şəkildə pozmuş, həmçinin doğma atasına qarşı söyüş və təhqiramiz ifadələr işlətmiş, böhtan xarakterli məktublar yazaraq iddiaçını polisə şikayət etmişdir. Oğlunun həyat yoldaşı, yəni gəlini həmin klinikanın baş həkimidir. Oğlu Nicat isə ona da maneələr törədir və işləməsinə mane olur. O, Goranboy ərazisində ailə dəyərlərinə zidd hərəkətlər edir. Başqa övladları olan dul qadınla münasibətdə olmaqla, ailəsinə əsassız söz-söhbətlər salır. Bağışlama müqaviləsi bağlanandan sonra, əmlakları satıb həmin qadınla başqa yerə gedəcəyini bildirmişdir. Klinikanın normal fəaliyyət göstərməsinə çətinliklər törədir. Ailəsinə, ata və anaya qarşı laqeyd və tərbiyəsiz hərəkətlər etməklə məşğuldur. Cavabdeh bağışlamanın şərtlərinə əməl etməyərək ailə-hüquq münasibətlərindən irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq valideynlərinə və ailəsinə qayğı göstərməkdən və gəlir əldə edərək bölüşdürməkdən imtina edir. Fakt odur ki, daşınmaz əmlaklara olan hüquqları oğlu Nicata versə də sonuncu ailə-hüquq münasibtlərindən irəli gələn vəzifələri yerinə yetirməmiş, ailəsinə heç bir maddi yardım göstərməmiş və ailə biznesini təhlükə altında qoymuşdur. Hesab edir ki, bağışlama müqaviləsindən tərəfindən imtina edildiyindən hazırda cavabdehin mübahisəli əmlaklar üzərindəki sahibliyi artıq qanunsuzdur. Həmin əmlakları bağışlamaqdan imtina etməsinə əsas verən kifayət qədər hallar mövcuddur.

18. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisində İddiaçı ilə Cavabdeh3 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixdə, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin Cavabdeh3 qeyri-qanuni sahibliyindən azad edilməklə iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinə iddia tələbinə qarşı etiraz təqdim etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh3 qarşı ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh3 adına verilmiş Çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin Cavabdeh3 qeyri-qanuni sahibliyindən azad edilməklə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən da görünür ki, İddiaçı iddia ərizəsində bağışlama müqavilələsindən imtinanın əsası kimi cavabdehin ona və ailə üzvlərinə münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud surətdə pozmasını göstərək bunu Cavabdeh3 mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərən klinikada işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmasını, klinikanın normal fəaliyyətinin olmamasını və cavabdehin hərəkətlərinin biznes maraqlarına zidd olmasını göstərmişdir. İddia ərizəsində göstərilənlər və iddiaçının məhkəmə iclasında izahatında qeyd etdiyi hallar həqiqətə uyğun deyil və iddia tələbi tam əsassızdır. Belə ki, ilk öncə sözügedən bağışlama müqavilənin məzmunundan göründüyü kimi, qeyri-yaşayış sahəsi bağışlanarkən müqavilədə hər hansı şərt müəyyən edilməmiş və Cavabdeh3 üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Belə olan halda hər hansı vəzifənin pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən, bu məsələlərin heç birinin ailə hüquq münasibətləri ilə də heç bir əlaqəsi yoxdur. Halbuki, iddiaçının da hüquqi əsas olaraq istinad etdiyi Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bundan əlavə, iddia ərizəsində qeyd olunur ki, cavabdeh iddiaçı barəsində nalayiq ifadələr işlətmişdir. Bunula bağlı məhkəməyə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlar təqdim edilmişdir. Bağışlama müqaviləsinin ləğvinin əsası kimi bu qərarlara istinad edilməsi də əsassızdır. Çünki, həmin qərarlardan da görünür ki, istinad olunan hadisə 12 may 2024-cü il tarixdə, yəni bağışlama müqavilənin bağlanmasından öncə baş vermiş, iddiaçı həmin hadisə ilə bağlı polisə şikayət etmiş, lakin sonradan ərizə yazaraq barışdığını bildirmişdir. Aydındır ki, bağışlama müqaviləsinin bağlanılmasından əvvəl baş verən hadisələr bağışlama müqaviləsinin ləğvinə səbəb ola bilməz. Nəyə görə iddiaçının həmin hadisəyə istinad etməsi də başa düşülən deyildir. Digər tərəfdən, əgər cavabdeh ailə hüquq münasibətlərini kobud surətdə pozmuş olsaydı, iddiaçı qeyri-yaşayış sahəsini ona bağışlamazdı. Burada nəzərə alınmalı olan bir vacib məqam da odur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bu əmlakı bağışlamış, cavabdeh isə mülkiyyət hüququ əsasında özünə məxsus olan Goranboy rayonu, Boluslu kəndi, Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşayış binasını iddiaçıya bağışlamışdır. Göründüyü kimi, 12 may 2024-cü il tarixdə ailədaxili mübahisə olsa da, sonradan tərəflər barışmış və bir-birinə yuxarıda qeyd olunan əmlakları bağışlamışlar. Bundan əlavə, iddiaçı məhkəməyə cavabdehin şəxsi həyatı ilə bağlı səsyazıları və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar təqdim etmişdir. Hesab edir ki, nə səsyazısı, nə də ki, həmin qərarlar hazırkı işdə sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 səsyazıları ilə bağlı bildirmişdir ki, Nicatın səsini yazmaq məqsədi ilə onun xəbəri olmadan öncədən otağa yerləşdirdiyi telefonun vasitəsi ilə Nicatın danışıqlarını qeydə almışdır. Yəni, otaqda tək olan Nicatın xəbəri olmadan danışıqları qeydə alınmışdır. Ona görə də həmin səsyazılarının Nicata aid olub-olmamasından asılı olmayaraq sübut qismində qiymətləndirilə bilməz. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iddiaçının uydurduğu həqiqətə uyğun olmayan cavabdehin şəxsi həyatı ilə bağlı məsələlərin bağışlama müqaviləsinə heç bir aidiyyatı yoxdur. Hətta olsaydı belə, həmin hallar bağışlama müqaviləsindən imtina üçün əsas ola bilməzdi. Ona görə də hesab edir ki, səsyazılarının və qərarların sübut olaraq aidliyi və mümkünlüyünə qiymət verməli və sübutlar sırasından çıxarmalıdır. Bundan əlavə, iş üzrə dinidirilən şahidlərin ifadələri də sübut kimi qəbul edilə bilməz. Çünki, iş materiallarında olan sənədlərlə də tam təsdiq olunur ki, həmin şahidlərin cavabdehlə münasibətləri tam pozulmuşdur, həmçinin onların özləri də bu işin nəticəsində maraqlıdırlar. Belə ki, şahidlər ifadələrində göstərirlər ki, onların da həmin əmlakda payı olsa da, Nicat onlara paylarını verməkdən imtina edir. İşin nəticəsində maraqlı olan şahidlərin ifadələri mötəbər hesab edilə bilməz. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırırıq ki, bağışlama müqaviləsinin bağlanılmasından sonra ümumiyyətlə tərəflər arasında heç bir mübahisə olmamış, hətta 2024-cü ilin iyul ayından etibarən o, Bakı şəhərində yaşamışdır. Həmin müddətdə bir neçə dəfə klinikaya gəlsə, iddiaçı ilə heç bir münasibəti olmamış, sadəcə onun klinikaya girişinə Şahid3 tərəfindən maneçilik törədilmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş qaydada bağışlama müqaviləsindən imtina haqqında bildiriş də göndərməmişdir. Göründüyü kimi, iddia tələbənin faktiki və hüquqi əsası yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur

21. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1632/2024 nömrəli qətnaməsi ilə (hakim Toğrul Məmmədov), iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, baxılan işdə iddiaçı tərəflər arasında bağışlamanın öhdəliklə şərtləndirildiyini bildirsə də, notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı müəyyən edilir. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib olunan əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Ona görə də bağışlamaqdan imtinanın əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir.

23. Məhkəmə onu da nəzərə alır ki, bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu, hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir. Lakin işin hallarına əsasən, iddiaçının cavabdeh tərəfindən pozulduğunu iddia etdiyi öhdəliklər (bağışlanan əmlakla bağlı əldə edilən gəliri özü də daxil olmaqla ailə üzvləri arasında bölməsi, bağışlanmış əmlakı üçüncü şəxsə satmaması, biznes maraqlarına zidd hərəkət etməsi) qanunvericilikdə də müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının bağışlamaqdan imtinanın əsası kimi istinad etdiyi məsələlər qanundan irəli gələn öhdəliklər də deyildir.

24. Əksinə, qanunverici tərəfindən bağışlamanın şərtlərdən və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi nəzərdə tutulsa da, belə şərtlərin və öhdəliklərin hədiyyə verənin özünün bəhərlənməsi ilə bağlı olmaması qeyd edilmişdir. Bağışlama müqaviləsi əvəzsiz müqavilə olduğundan hədiyə verən tərəfindən qoyulan öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə etməsi ilə bağlı olmamalıdır. Hazırkı işdə isə iddiaçı hədiyyə edilən əmlakdan əldə edilən gəlirin özü də daxil olmaqla ailə üzvləri arasında bölünməsi şərti ilə qeyri-yaşayış sahəsini cavabdehə bağışladığını iddia edir. Həmçinin, iddiaçı hədiyyə edilən əmlakın cavabdeh tərəfindən satılma ehtimalının olmasını da öhdəliklərin pozulması kimi təqdim edir. Halbuki, qanunvericiliyə əsasən, əmlakı öz istədiyi kimi istifadə etmək və üzərində sərəncam vermək mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. İddia ərizəsində qeyd olunan cavabdehin iddiaçını təhqir etməsi və ona qarşı nalayiq ifadələr işlətməsi barədə dəlilə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 may 2024-cü il tarixli qərardan və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)- 979/2024 saylı inzibati xəta haqqında qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya qarşı nalayiq ifadələr işlədilməsi və təhqir edilməsi xx.xx.2024-cü il tarixdə baş vermiş, bağışlama müqaviləsi isə xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Halbuki, qanunvericilikdə təsbit olunan bağışlamaqdan imtina üçün əsaslar bağışlamadan sonra hədiyyə alanın hədiyyə verənə və ya yaxın qohumlarına qarşı davranışlarını nəzərdə tutur. Ona görə də bağışlamadan əvvəl tərəflər arasında baş vermiş cavabdehin iddiaçıya qarşı hərəkətləri bağışlamaqdan imtina üçün əsas ola bilməz.

26. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 12 may 2024-cü il tarixdə tərəflər arasında ailədaxili münaqişə olmuş, iddiaçı cavabdeh tərəfindən təhqir edilməsi və ona qarşı nalayiq ifadələr işlətməsi səbəbi ilə cavabdeh barəsində polisə şikayət etmiş, lakin elə həmin gün iddiaçı ərizə yazaraq əsəbləşərək şikayət etdiyini, oğlu Nicatla barışdığını, ona görə də heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Daha sonra isə 27 may 2024-cü il tarixdə iddiaçı cavabdehə hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsini, cavabdeh isə özünə məxsus Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşayış binasını iddiaçıya bağışlamışdır. İddia ərizəsində 12 may 2024-cü il tarixində baş vermiş ailədaxili münaqişə ilə bağlı cavabdehin hərəkətlərini onun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobud surətdə pozması kimi təqdim edən iddiaçının elə həmin gün barışması və 15 gün sonra əmlakını cavabdehə bağışlaması onu göstərir ki, iddiaçı cavabdehin həmin hərəkətlərini özünə qarşı kobud pozuntu hesab etməmişdir.

27. Şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd edir ki, Şahid4 və Şahid3 ifadələrindən görünür ki, onlar işin nəticəsində maraqlıdırlar. Belə ki, cavabdehin onların istəmədiyi qadınla ailə qurması, onların bu müqavilənin qüvvədə qalmasına narazı olmaları, onların da mübahisəli əmlakdan və gəlirdən pay tələb etmələri onların başqa ifadə verə biləcəyini inandırıcı hesab etmədiyindən məhkəmə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə nəzərə alır ki, şahid ifadələri işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə də öz təsdiqini tapmamışdır.

28. Bundan başqa, iddiaçı tərəfindən cavabdehin başqa qadınla ailə qurmasını təsdiq edən sübut qismində məhkəməyə səs yazıları və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar təqdim edilmişdir.

29. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin başqa qadınla ailə qurmasının, başqa sözlə cavabdehin öz arvadına qarşı ailə hüquq münasibətlərinə aid vəzifəsini pozmasının (əgər pozmuşdursa) hazırkı işə heç bir təsiri yoxdur. Çünki, qanunvericiliyə əsasən, iddiaçının gəlini onun yaxın qohumu sayılmır. Bağışlamaqdan imtinanın əsaslarında isə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmasından bəhs edilir.

30. Qeyd edilənlərdən əlavə olaraq məhkəmə xüsusi olaraq vurğulayır ki, qanunverici öhdəliklərin sadəcə olaraq pozulmasını deyil, onun kobudcasına pozulmasını bağışlamaqdan imtinanın əsası kimi nəzərdə tutmuşdur. İşin hallarından isə görünür ki, bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin iddiaçı olan atasına münasibətdə nə müqavilədən, nə də qanundan irəli gələn hər hansı öhdəliyi olmamış, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmamışdır.

31. Göründüyü kimi, hazırkı mübahisədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1-ci maddəsində bağışlamadan imtinanın əsasları kimi nəzərdə tutulan halların heç biri olmamışdır. Yəni ağır cinayət törədilməmiş, ailə hüquq münasibətlərinə aid vəzifə kobudcasına pozulmamış, o cümlədən bağışlama ilə bağlı hər hansı öhdəlik pozulmamış, çünki bağışlama müqaviləsində belə öhdəlik ümumiyyətlə müəyyən edilməmişdir.

32. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 386.1, 389.1, 405.1, 406.1, 673.1 və 673.1.2-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 216-220, 227, 235, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

33. İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1632/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında yaranan hazırkı mübahisə məhz bağışlamanın öhdəliklə şərtləndirilib-şərtləndirilməsini müəyyən etməklə həllini tapmalıdır. Bağışlamanın isə öhdəliklə şərtləndirildiyi işin faktiki halları, bundan savayı işdə olan təkzibedilməz sübutlar, iddiaçının və iş üzrə şahidlərin verdiyi izahatlar ilə öz təsdiqini tapır. Belə ki, həm iddiaçı və həm də şahidlər müqavilənin şərtlə bağlanmasını göstərmişlər. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsində bağışlamanın hər hansı bir şərtlə həyata keçirildiyi qeyd olunmasa da, işin müəyyən olunan faktiki hallarından və iddiaçının və şahidlərin izahatlarından hədiyyə verənin əmlakını bağışlamaqda əsil niyyətinin hədiyyə alanın daim onun qayğısına qalacağı, ailə üzvlərinə məxsus qeyri yaşayış sahəsinin, yəni klinikanın fəaliyyəti nəticəsində əldə edilən gəlirlərin iddiaçıya və onun ailə üzvləri arasında bərabər şəkildə bölüşdürülməsi müqabilində hədiyyə predmeti ilə hədiyyə alanın əvəzsiz zənginləşdirilməsi olmuşdur. Hədiyyə alan isə hədiyyəni qəbul edənədək hədiyyə verəni bağışlama müqabilində üzərinə götürdüyü öhdəliyi icra edəcəyinə inandırmışdır. Lakin, sonrakı mərhələdə işdəki sənədlərdən də göründüyü kimi hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icraetməkdən yayınmış, nəticədə ailə münasibətlərinə xələl gətirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının və şahid ifadələrini sübut kimi qəbul etməmiş və digər sübutlarla qiymətləndirməmişdir. Belə ki, iddiaçı tərəfin məhkəmədə verdiyi izahatın məzmunundan görünür ki, həmin daşınmaz əmlakları oğluna bağışlamasının səbəbi ailə üzvlərinin təkidi ilə olmuşdur. Oğlunun ona və ailə üzvlərinə qarşı etdiklərinin qarşısının alınması məqsədilə məcburiyyət qarşısında qalıb əmlakı ona bağışlanmasına razılıq vermişdir bir şərtlə ki, həmin əmlakların əldə edilməsindən gəlirlər ailə üzvləri arasında bölünəcək və onlarında saxlanılmasına sərf olunacaq. Çünki, iddiaçı tərəf həmin klinikanın tikintisinə dair banklardan külli miqadrda borca pul götürmüş və həmin borcların qaytarılması üçün başqa gəlirlərə sahib deyildir. Eyni zamanda, həmin daşınmaz əmlakla özünün və ailə üzvlərinin birgə təsərrüfatıdır və qazanc yeridir. Həmçinin iddiaçı izahatında göstərmişdir ki, cavabdeh bağışlamadan əvvəl ona bildirirdi ki, həmin klinika bizim ailəmizin biznesidir, oradan gələn gəlirlər bütün ailəyə məxsusdur. 8 nəfər ailənin əmlakıdır. Həmin klinikanın fəaliyyət göstərməsi üçün danışıqlar aparıram. Daşınmaz əmlaklar mənim adıma olmalıdır ki, mənə daha çox inansınlar. Həmin əmlakları mənim adıma keçir və hər şey yaxşi olacaq. Biznesimiz inkişaf edəcək və oradan gələn gəlirlər ailəmizin saxlanmasına sərf olunacaq. Bundan başqa iş üzrə dindirilən şahidlərin izahatları ilə də, müəyyən etmək olar ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verəcəyi məlum olan haldan asılı edilmiş, bir sözlə bağışlama müqaviləsinin bağlanmasında cavabdeh iddiaçının əmlakının idarə edilməsi və əmlakın istifadəsindən gələn gəlirlərin bölgüsünü və iddiaçını və ailə üzvlərini saxlamaq öhdəliyini öz üzərinə götürmüşdir. Bu halı cavabdehin nümayəndəsi qismində bağışlama müqaviləsinin bağlanmasında notariusda iştirak edən, iş üzrə dindidirlən şahiddə təsdiq etmişdir. Belə ki, məhkəmədə şahidlərin izahatlarında göstərdilər ki, oranı iddiaçı tikib və Nicatın heç bir gəliri o vaxt olmayıb. Ora 8.000.000 manat məbləğində pul qoyulub. Nicat həmin əmlakları onun adına keçirməsini istəyib. Əvvəllər onlar razı olmasalar da sonradan müəyyən şərtlər altında iddiaçı buna razı olub. Belə ki, şərtlər bundan ibarət olub ki, həmin əmlakları Nicatın adına keçirirlər, bunun müqabilində Nicat həmin əmlaklardan gələn gəlirləri 8 nəfər ailə üzvü arasında paylaşdıracaq. Onları maddi cəhətdən gəlirlər hesabına təmin edəcək. Məhkəmə kollegiyasının diqqətinə onuda çatdırırlar ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının cavabdehlə münasibətləri bağışlama müqaviləsinin bağlanmasından əvvəl və sonra gərgin və soyuq olmuşdur. Belə olduğu halda, yəni həmin klinikanın tikintisinə külli miqdarda vəsaitin qoyulduğu və biznes kreditlərinin iddiaçının adına olduğu halda, həmin əmlakların şərtsiz və öhdəliksiz ona bağışlanması məntiqli görünmür. Belə şəraitdə iddiaçının ona məxsus olan əmlakları əvəzsiz şəkildə oğluna bağışlaması absurddur və cavabdehin göstərdiyi arqumentləri inandırıcı ola bilməz. Bundan başqa məhkəmə, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 may 2024-cü il tarixli qərarına və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-979/2024 saylı inzibati xəta haqqında qərarına istinad etməklə, cavabdeh tərəfindən iddiaçıya qarşı nalayiq ifadələr işlədilməsi və təhqir edilməsinin xx.xx.2024-cü il tarixdə baş verdiyini və bağışlama müqaviləsi isə xx.xx.2024-cü il tarixdə bağlandığından, yəni bağışlamadan əvvəl tərəflər arasında baş vermiş cavabdehin iddiaçıya qarşı hərəkətlərinin bağışlamaqdan imtina üçün əsas olmadığını göstərmişdir. Halbuki, qanunvericilikdə təsbit olunan bağışlamaqdan imtina üçün əsaslar bağışlamadan sonra hədiyyə alanın hədiyyə verənə və ya yaxın qohumlarına qarşı davranışlarını nəzərdə tutur. Bununla bağlı bildirilməlidir ki, bu hallar onu göstərir ki, cavabdehin iddiaçıya davranışları ilə bağlı iddia ərizəsində göstərilənlər doğrudur. Yəni, iddiaçının bağışlama müqaviləsindən sonra ona qarşı davranışları dəyişməz olaraq qalmışdır. Bunu iş üzrə dindirilən şahidlər təsdiq edir. Eyni, zamanda işdə olan qəsəbə nümayəndəliyindən alınmış arayışda ailənin problemli ailə kimi qediyyatda olması həmin arqumentləri bir daha təsdiq edir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 12 may 2024-cü il tarixdə tərəflər arasında ailədaxili münaqişə olmuş, iddiaçı cavabdeh tərəfindən təhqir edilməsi və ona qarşı nalayiq ifadələr işlətməsi səbəbi ilə cavabdeh barəsində polisə şikayət etmiş, lakin elə həmin gün iddiaçı ərizə yazaraq əsəbləşərək şikayət etdiyini, oğlu Nicatla barışdığını, ona görə də heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Daha sonra isə 27 may 2024cü il tarixdə iddiaçı cavabdehə hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsini, cavabdeh isə özünə məxsus Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşayış binasını iddiaçıya bağışlamışdır. İddia ərizəsində 12 may 2024-cü il tarixində baş vermiş ailədaxili münaqişə ilə bağlı cavabdehin hərəkətlərini onun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobud surətdə pozması kimi təqdim edən iddiaçının elə həmin gün barışması və 15 gün sonra əmlakını cavabdehə bağışlaması onu göstərir ki, iddiaçı cavabdehin həmin hərəkətlərini özünə qarşı kobud pozuntu hesab etməmişdir. Bununla bağlı bildirirlər ki, iddiaçı tərəfindən şikayət ərizəsinin geri götürülməsi və tərəflər arasında digər əmlaka dair əmlakın bağışlanma müqaviləsinin bağlanması iddiaçıya qarşı kobud pozuntunun olmaması anlamına gəlmir. Burada iddiaçıya qarşı kobud şəkildə pozuntunun baş veriməsindən söhbət gedir ki, həmin sənədlərdəndə müəyyən olunur ki, faktiki olaraq iddiaçıya qarşı cavabdehin belə hərəkətləri olmuş və müqavilənin bağlanmasından da sonra da davam etdirilmişdir. Qaldı ki, digər bir əmlakın iddiaçıya bağışlanması, həmin əmlakı iddiaçı cavabdehə uşaq olarkən bağışlamış və atası həmin əmlakı geri bu formada qaytarmışdır. Beləliklə, göstərilənlər onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində bağışlamanın hər hansı bir şərtlə həyata keçirildiyi qeyd olunmasa da, işin müəyyən olunan faktiki hallarından və tərəflərin izahatlarından və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçı müqavilə üzrə cavabdeh tərəfindən öhdəlik götürməsi müqabilində əmlakını ona bağışlamışdır. Bundan başqa, bağışlama müqaviləsi bağlanandan sonra cavabdeh tərəf ondan ruhlanaraq artıq ona bağışlanmış daşınmaz əmlakın satışı ilə maraqlanır, qeyri-yaşayış və torpaq sahənin satılması üçün müştəri axtarmışdır. İddiaçının, şahidləri ifadələrindən görünür ki, məqsədi əmlakı sataraq qaçırdığı qadınla ölkəni tərk etmək olmuşdur. Bu halı təsdiq edən hallardan biri kimi əmlak bağışlanandan sonra cavabdehin həmin əmlaklarla maraqlanmaması olmuşdur. Belə ki, onun həmin əmlaklardan istifadə etməsinə dair heç bir maneə olmamışdır. Buna dair maneəllər olmadığı halda məhkəməyə həmin qeyri-yaşayış sahəsindən istifadəyə dair təminat tədbiri barədə ərizə vermiş lakin, buna baxmayaraq da həmin əmlaklarla maraqlanmır və xəbəri belə yoxdur. Bağışlamadan sonra Bakı şəhərinə gedərək, yaxınlıq etdiyi qadınla formal şəkildə yaşamışdır. Yəni, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyini əsassız olaraq icra etməkdən belə imtina etdiyinə görə, onunla bağlanan daşınmaz əmlakın bağışlama müqaviləsindən imtina etməsi barədə məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda, məhkəmə cavabdeh qismində qeyd etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy rayon Notariat ofisinin xüsusi notariusunun və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsinin məhkəmə baxışlarında iştirak etməsi üçün heç bir tədbir görmədən onların iştirakı olmadan mülki işə baxmağa qərar verməklə kifayətlənməli olmuşdur. Bu doğrudur ki, qeyd olunan notariat hərəkətləri icra olunan zaman iddiaçı hüquqi cəhətdən məlumatsız olmasa idi, notarius tərəfindən iddiaçıya hüquq və vəzifələri izah olunsaydı və həmçinin gələcəkdə hər hansı bir ziyanla üzləşəcəyi izah olunsaydı mülkiyyətində olan daşınmaz əmlakı Cavabdeh3 bağışlamaq haqqında müqavilə bağlayan zaman, müqavilədə onun üzərinə götürmüş olduğu öhdəliyi, yəni əldə ediləcək gəlirlərin ailə üzvləri və onun arasında bərabər şəkildə böləcəyini və iddiaçıya maddi cəhətdən yardım göstərib baxacağı barədə qeydlərini verərdi və həmin müqavilədə öz təsdiqini tapardı. Bağışlama müqaviləsi bağlanmamışdan öncə cavabdeh razılaşmışdır ki, həmin qeyri-yaşayış sahəsi və torpaq ailəyə məxsusdur və onun üzərində yerləşən klinikadan gələn gəlirlər ailə üzvləri arasında bölünəcək və biznes idarə olunaraq götürülmüş kreditlər bağlanacaq. Cavabdeh iddiaçının həmin bu şərtini qəbul etmiş, bu səbəbdən də notariusu gedib qeyd olunan müqaviləni imzalamışdır. Eyni zamanda məhkəmə həmin qətnaməni çıxarmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi və eyni zamanda 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında təsbit olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin cavabdehin bağışlama müqaviləsi ilə əlaqədar öz üzərinə hər hansı bir öhdəlik götürməsinin müqavilədə göstərilməməsini əsas götürərək, iddia tələbini rədd etməsi qanunsuz və əsassızdır. Bununla bağlı bildirirlər ki, məhkəmədə iddaçı və şahidlər hərəsi kifayət qədər geniş ifadə versələr də məhkəmə qətnaməsində həmin ifadələr qısa bir cümlə ilə göstərilmişdir. Halbuki, həmin şəxslərin izahatları iş üçün əhəmiyyətli olmuşdur ki, həmin izahatlar qətnaməyə salınmamışdır. Bu barədə protokola qeyd verilərək, həmin izahatların və verilən sual cavabların olduğu kimi qeyd edilməsi məhkəmədən xahiş edilmiş və həmin qeydlər qəbul edilmişdir. Bundan başqa qanunvericiliklə məhkəmə iclasında yaxın qohumların şahid kimi dindirilməsi qadağası yoxdur. Eyni zamanda yaxın qohumların izahatlarının məhz yaxın qohum olması səbəbindən onların dediklərinin mötəbərliyinin şübhə altına alınmasına dair normada yoxdur. Qeyd edilməlidir ki, şahid bilərəkdən yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyır və bu barədə iltizama imza edir. Şahid qismində ifadə vermiş şəxslər yalançı şahidlik etməsinə dair məsuliyyətə cəlb edilməmişdir. Şahidlərin düzgün ifadə verməməyə görə xəbərdarlıq edilmiş və məsuliyyət barədə məlumatlandırılmışlar. Onların hər ikisinin verdiyi ifadələrinə görə müqavilənin şərtlə bağlanılması aydın görünür. Bu mənada bu hal işdə olan digər sübutlarla birgə qiymətləndirilməli və yoxlanılmalı idi ki, ümumiyyətlə hakim bu halı nəzərə almamışdır. Halbuki, şahidlərin dedikləri iş materiallaındakı sənədlərlə (məhkəmə qərarı, cinayət işinə dair materiallar, disk və audio yazılar və sair sübutlarla öz təsdiqini tapır.) Bu baxımdan hesab edirlər ki, onların verdiyi ifadələr mötəbər hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Goranboy rayon Notariat ofisində xx.xx.2024-cü il tarixdə, reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 5117.4 kv.m olan qeyri-yaşayış binası və DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş həmin tarixli, çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsini oğlu Cavabdeh3 may 2024-cü ildə bağışlamışdır. Lakin, hazırda həmin əmlakları ailəhüquq münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina edir. O, bildirişlə Goranboy rayon Notariat ofisinə müraciət edərək xx.xx.2024-cü il tarixdə, rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini, yəni daşınmaz əmlakları oğluna bağışlamaqdan imtina etdiyini bildirmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsində “MMED Lıfe” hospitalı tikilmiş və yeni istifadəyə verilmişdir. Həmin hospitalın tikintisi üçün bankdan külli miqdarda sahibkarlıq məqsədi ilə kredit götürmüş və həmin tikiliyə maya qoymuşdur. Məqsədi ailə biznesini qurmaq və birgə gəlir əldə etmək olmuşdur. Lakin, müqavilə tərəfi olan oğlu Cavabdeh3 istifadəyə verilmiş klinikada işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmışdır. Hospitalın işləməsinə, onun fəaliyyətinə və imicinə ciddi zərbə vurmuşdur. Həmin əmlakların oğlu Cavabdeh3 bağışlamağı ailə üzvlərinin təkidi ilə olmuşdur. Oğlu Cavabdeh3 ilə ailə münasibətləri pis olduğundan və onun bu hərəkətlərindən əl çəkməsi üçün qeyri-yaşayış binasını və torpağı ona bağışlamışdır ki, evdə dedilər ki, “Nicatın mənə qarşı münasibətləri düzələr”. Nicat özü də ondan dəfələrlə əmlakları onun adına keçirilməyini istəmiş və etməyəcəyi halda ailələrinə problemlər yaradacağını bildirmişdir. Bundan sonra ailə üzvləri qeyd edilən əmlakları Nicatın adına keçirəcəyi halda düzələcəyini bildirmişlər və bunun nəticəsində xoşagəlməz halların qarşısının alınması məqsədi ilə əmlakları Nicata bağışlamağa razı olmuşdur. Bundan sonra düzələcəyini və onu peşman etməyəcəyini və normal şəkildə ailələrinə məxsus biznesi idarə edəcəyini düşünmüşdür. Lakin, tam tərsinə olmuşdur. Cavabdeh bağışlama müqaviləsi bağlanandan sonra ailənin gəlir yeri olan klinikanı satacağını və buradan gedəcəyini bildirmişdir. Onun Banka olan kreditin bağlanması üçün klinika işləməlidir. O, Nicata istifadəyə verilmiş klinikada işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmasını və ona etdiyi hərəkətlərlə bağlı atası olaraq irad tutduqda Nicat onu söyərək öldürməklə hədələmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş və mülki iş materialarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da buna sübutdur. Sonradan yenə ailə üzvlərinin təkidi ilə Nicatla barışdığını ona yazdırmışlar. Əslində isə Nicat onu həqiqətən də hədələmiş və bununla bağlı telefon yazışmaları da mövcuddur. Əlavə olaraq qeyd edir ki, Nicat ona qarşı söyüş və təhqiramiz ifadələr işlətmiş, böhtan xarakterli məktublar yazaraq onu polisə şikayət etmişdir. Oğlunun həyat yoldaşı, yəni gəlin həmin klinikanın baş həkimidir. Nicat isə ona da maneələr törədir və işləməsinə mane olur. Cavabdeh Goranboy ərazisində ailə dəyərlərinə zidd hərəkətlər edir. Başqa övladları olan dul qadınla münasibətdə olmaqla, ailələrinə əsassız sözsöhbətlər salır. Bağışlama müqaviləsi bağlanandan sonra, əmlakları satıb həmin qadınla başqa yerə gedəcəyini bildirir. Klinikanın normal fəaliyyət göstərməsinə çətinliklər törədir. Cavabdeh ailəsinə, ata və anaya qarşı laqeyd və tərbiyəsiz hərəkətlər etməklə məşğuldur. Həmin hərəkərlər davam etməkdədir. Fakt odur ki, daşınmaz əmlaklara olan hüquqları Nicata versə də o, ailə-hüquq münasibtlərindən irəli gələn vəzifələri yerinə yetirmir, ailəsinə heç bir maddi yardım göstərmir və ailə bizneslərini təhlükə altında qoyur. Hesab edir ki, bağışlama müqaviləsindən imtina etdiyindən hazırda cavabdehin mübahisəli əmlaklar üzərindəki sahibliyi artıq qanunsuzdur. Həmin əmlakları bağışlamaqdan imtina etməyinə əsas verən kifayət qədər hallar mövcuddur. Həmin torpağı 3 il olar almış, hosbitalın lahiyəsi hazırlandıqdan sonra tikintiyə başlamışdır. Bunun üçün ilk dəfə "xxxx" ASC-dən 1.500.000 manat kredit götürmüşdür. Həmin əmlaka dair çıxarışları da öz adına almışdır. Cavabdeh olan Cavabdeh3 tikinti gedə-gedə gəldiki tikintini onun adına keçirsin. Cavabdeh hər sahədə olduğu kimi, burdada problemlər yaratmağa başlamış və ilk öncə kredit götürdüyü bankı dəyişməyini və "xxxx" ASC-dən yenidən pul götürməyini istəmişdir. Daha sonra MMC-nin adına "xxxx" ASC-dən 5.000.000 manat pul götürmüş, "xxxx" ASCyə olan borcu bağlamış, qalan pulu isə müəsissəyə xərclənməli idi. Hazırda isə MMC-nin adına 4.000.000 manata yaxın borcu vardır. xx.xx.2024-cü il tarixdə notariusa gedən zaman Nicatla onun aralarında olan hadisələrə görə küsülü idi. Əmlakı bağışlamaqda məqsədi isə ailə üzvlərinin təkidi ilə olmuşdur. O ailə üzvlərimi eşitmiş və düşünmüşdür ki, əmlakı Nicata bağışlasa bəlkə münasibətləri yaxşılaşar və birlikdə ailə biznesini idarə edib birlikdə yaşayarlar. Göründüyü kimi, səhvə yol vermişdir. Nicatın ona qarşı münasibətləri dəyişmədiyi üçün, daha da kəskinləşdiyindən bağışlamaqdan imtina edilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi vermişdir. Nicat ailəsi və uşaqları ilə münasibətini pozaraq, başqa qadınla Bakıda yaşayır. Dəfələrlə polisə ərizə vermişdir. Bağışlamadan sonra münasibətləri daha da pisləşmiş, aralarında dava, münaqişələr olmuşdur. Cavabdeh dəfələrlə onu və ailə üzvlərini təhqir edərək, söyüb hədələyir. Və bü münasibətlər indi də davam etməkdədir. O qəti olaraq əmlakını Nicata vermək istəmir. Çünki, ona daimi olaraq hörmətsizlik edir. Ona görə də, apellyasiya şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı həmin daşınmaz əmlakları oğluna bağışlamasının səbəbi ailə üzvlərinin təkidi ilə olmuşdur. Oğlunun atasına və ailə üzvlərinə qarşı etdiklərinin qarşısının alınması məqsədilə məcburiyyət qarşısında qalıb həmin əmlakları oğluna bağışlanmasına razılıq vermiş, bir şərtlə ki, həmin əmlakların əldə edilməsindən gəlirlər ailə üzvləri arasında bölünəcək və onlarında saxlanılmasına sərf olunacaq. Çünki, iddiaçı tərəf həmin klinikanın tikintisinə dair banklardan külli miqdarda borca pul götürmüş və həmin borcların qaytarılması üçün başqa gəlirlərə sahib deyildir. Eyni zamanda həmin daşınmaz əmlakla iddiaçının özünün və ailə üzvlərinin birgə təsərrüfatıdır və qazanc yeridir. Həmçinin, iddiaçı izahatında göstərmişdir ki, cavabdeh bağışlamadan əvvəl ona bildirirdi ki, “həmin klinika bizim ailəmizin biznesidir, oradan gələn gəlirlər bütün ailəyə məxsusdur. 8 nəfər ailənin əmlakıdır. Həmin klinikanın fəaliyyət göstərməsi üçün danışıqlar aparıram. Daşınmaz əmlaklar mənim adıma olmalıdır ki, mənə daha çox inansınlar. Həmin əmlakları mənim adıma keçir və hər şey yaxşi olacaq. Biznesimiz inkişaf edəcək və oradan gələn gəlirlər ailəmizin saxlanmasına sərf olunacaq”. Bundan başqa iş üzrə dindirilən şahidlərin izahatları ilə də, müəyyən etmək olar ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verəcəyi məlum olan haldan asılı edilmiş, bir sözlə bağışlama müqaviləsinin bağlanmasında cavabdeh iddiaçının əmlakının idarə edilməsi və əmlakın istifadəsindən gələn gəlirlərin bölgüsünü və iddiaçını və ailə üzvlərini saxlamaq öhdəliyini öz üzərinə götürmüşdir. Bu halı cavabdehin nümayəndəsi qismində bağışlama müqaviləsinin bağlanmasında notariusda iştirak edən, iş üzrə dindirilən şahid də anası da təsdiq etmişdir. Belə ki, məhkəmədə şahidlərin izahatlarında göstərdilər ki, oranı iddiaçı tikib və Nicatın heç bir gəliri o vaxt olmayıb. Ora 8.000.000 manat məbləğində pul qoyulub. Nicat həmin əmlakları onun adına keçirməsini istəyib. Əvvəllər onlar razı olmasalarda sonradan müəyyən şərtlər altında iddiaçı buna razı olub. Belə ki, şərtlər bundan ibarət olub ki, həmin əmlakları Nicatın adlna keçirirlər, iddiaçının cavabdehlə münasibətləri bağışlama müqaviləsinin bağlanmasından əvvəl və sonra gərgin və münaqişəli olmuşdur. Ailə polisdə münaqişəli ailə kimi qeydiyyatdadır. Bundan başqa məhkəmə, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərarına və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, inzibati xəta haqqında qərarına istinad etməklə, cavabdeh tərəfindən iddiaçıya qarşı nalayiq ifadələr işlədilməsi və təhqir edilməsinin xx.xx.2024-cü il tarixdə baş verdiyini və bağışlama müqaviləsi isə xx.xx.2024cü il tarixdə bağlandığından, yəni bağışlamadan əvvəl tərəflər arasında baş vermiş cavabdehin iddiaçıya qarşı hərəkətlərinin bağışlamaqdan imtina üçün əsas olmadığını göstərmişdir. Halbuki, qanunvericilikdə təsbit olunan bağışlamaqdan imtina üçün əsaslar bağışlamadan sonra hədiyyə alanın hədiyyə verənə və ya yaxın qohumlarına qarşı davranışlarını nəzərdə tutur. Bununla bağlı bildirir ki, bu hallar onu göstərir ki, cavabdehin iddiaçıya davranışları ilə bağlı iddia ərizəsində göstərilənlər doğrudur. Yəni, cavabdehin bağışlama müqaviləsindən sonra iddiaçıya qarşı davranışları dəyişməz olaraq qalmışdır və davam etməkdədir. Bildirirlər ki, iddiaçı tərəfindən şikayət ərizəsinin geri götürülməsi və tərəflər arasında digər əmlaka dair əmlakın bağışlanma müqaviləsinin bağlanması iddiaçıya qarşı kobud pozuntunun olmaması anlamına gəlmir. Burada iddiaçıya qarşı kobud şəkildə pozuntunun baş veriməsindən söhbət gedir ki, həmin sənədlərdəndə müəyyən olunur ki, faktiki olaraq iddiaçıya qarşı cavabdehin belə hərəkətləri olmuş və müqavilənin bağlanmasından da sonra da davam etmişdir. Bundan başqa, bağışlama müqaviləsi bağlanandan sonra cavabdeh tərəf ondan ruhlanaraq artıq ona bağışlanmış daşınmaz əmlakın satışı ilə maraqlanmış, qeyri-yaşayış və torpaq sahənin satılması üçün müştəri axtarmışdır. İddiaçının, şahidlərin ifadələrindən görünür ki, cavabdehin məqsədi əmlakı sataraq yaşadığı qadınla ölkəni tərk etmək olmuşdur. Bu halı təsdiq edən hallardan biri kimi, əmlak bağışlanandan sonra cavabdehin həmin əmlaklarla maraqlanmaması olmuşdur. Belə ki, onun həmin əmlaklardan istifadə etməsinə dair heç bir maneə olmamışdır. Buna dair maneəllər olmadığı halda məhkəməyə həmin qeyri-yaşayış sahəsindən istifadəyə dair təminat tədbiri barədə ərizə vermiş, lakin, buna baxmayaraq da həmin əmlaklarla maraqlanmır və xəbəri belə yoxdur. Bağışlamadan sonra Bakı şəhərinə gedərək, yaxınlıq etdiyi qadınla formal şəkildə onunla birlikdə yaşamışdır. Yəni, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyini əsassız olaraq icra etməkdən belə imtina etdiyinə görə, onunla bağlanan daşınmaz əmlakın bağışlama müqaviləsindən imtina etməsi üçün əsasdır. Cavabdeh3 atası ilə münasibətləri əvvəlcədən də yaxşı olmamışdır. Cavabdeh atasına və ailəsinə dəfələrlə problemlər yaratmış, onlara hədə-qorxu gələrək atasının həmin əmlakları bağışlamadığı təqdirdə hədə-qorxu gəlmişdir. Bağışlama müqaviləsi isə iddiaçının ailə üzvlərinin təkidi ilə olmuşdur. Bağışlama müqaviləsindən sonra cavabdeh atasını və ailə üzvlərini dəfələrlə təhqir etmiş, başqa şəxslərin yanında onların şəxsiyyətini alçatmışdır. Belə ki, kənar şəxslərə mesajlar göndərmiş, iddiaçının ünvanına nəlayiq söyüşlər etmişdir. Həmin hallar onlar və şahidlər tərəfindən verilmiş səs yazılarında öz təsdiqini tapmışdır. Cavabdehin atasına qarşı münasibətləri davam etməkdədir. Bundan başqa, cavabdeh xx.xx.2024-cü il tarixdə Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində atası İddiaçı uca səslə nalayiq ifadələrlə söyüb təhqir etmiş və inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı izahatında bağışlama müqavilələsindən imtinanın əsası kimi cavabdehin ona və ailə üzvlərinə münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud surətdə pozmasını göstərək bunu Cavabdeh3 mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərən klinikada işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmasını, klinikanın normal fəaliyyətinin olmamasını və cavabdehin hərəkətlərinin biznes maraqlarına zidd olmasını göstərmişdir. İddia ərizəsində göstərilənlər və iddiaçının məhkəmə iclasında izahatında qeyd etdiyi hallar həqiqətə uyğun deyil və iddia tələbi tam əsassızdır. Belə ki, ilk öncə sözügedən bağışlama müqavilənin məzmunundan göründüyü kimi, qeyri-yaşayış sahəsi bağışlanarkən müqavilədə hər hansı şərt müəyyən edilməmiş və Cavabdeh3 üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Belə olan halda hər hansı vəzifənin pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən, bu məsələlərin heç birinin ailə hüquq münasibətləri ilə də heç bir əlaqəsi yoxdur. Bundan əlavə, iddia ərizəsində qeyd olunur ki, cavabdeh iddiaçı barəsində nalayiq ifadələr işlətmişdir. Bununla bağlı məhkəməyə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlar təqdim edilmişdir. Bağışlama müqaviləsinin ləğvinin əsası kimi bu qərarlarla istinad edilməsi də əsassızdır. Çünki, həmin qərarlardan da görünür ki, istinad olunan hadisə 12 may 2024-cü il tarixdə, yəni bağışlama müqavilənin bağlanmasından öncə baş vermiş, iddiaçı həmin hadisə ilə bağlı polisə şikayət etmiş, lakin sonradan ərizə yazaraq barışdığını bildirmişdir. Aydındır ki, bağışlama müqaviləsinin bağlanılmasından əvvəl baş verən hadisələr bağışlama müqaviləsinin ləğvinə səbəb ola bilməz. Nəyə görə iddiaçının həmin hadisəyə istinad etməsi də başa düşülən deyildir. Digər tərəfdən, əgər cavabdeh ailə hüquq münasibətlərini kobud surətdə pozmuş olsaydı, iddiaçı qeyri-yaşayış sahəsini ona bağışlamazdı. Burada nəzərə alınmalı olan bir vacib məqam da odur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bu əmlakı bağışlamış, cavabdeh isə mülkiyyət hüququ əsasında özünə məxsus olan Goranboy rayonu, Boluslu kəndi, Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşayış binasını iddiaçıya bağışlamışdır. Göründüyü kimi, 12 may 2024-cü il tarixdə ailədaxili mübahisə olsa da, sonradan tərəflər barışmış və bir-birinə yuxarıda qeyd olunan əmlakları bağışlamışlar. Bundan əlavə, iddiaçı məhkəməyə cavabdehin şəxsi həyatı ilə bağlı səsyazıları və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar təqdim etmişdir. Hesab edir ki, nə səs yazısı, nə də ki, həmin qərarlar hazırkı işdə sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iddiaçının uydurduğu həqiqətə uyğun olmayan cavabdehin şəxsi həyatı ilə bağlı məsələlərin bağışlama müqaviləsinə heç bir aidiyyatı yoxdur. Hətta olsaydı belə, həmin hallar bağışlama müqaviləsindən imtina üçün əsas ola bilməzdi. Əlavə olaraq bağışlama müqaviləsinin bağlanılmasından sonra ümumiyyətlə tərəflər arasında heç bir mübahisə olmamış, hətta 2024-cü ilin iyul ayından etibarən o, Bakı şəhərində yaşamışdır. Həmin müddətdə bir neçə dəfə klinikaya gəlsə, iddiaçı ilə heç bir münasibəti olmamış, sadəcə onun klinikaya girişinə Şahid3 tərəfindən maneçilik törədilmişdir. Göründüyü kimi, iddia tələbənin faktiki və hüquqi əsası yoxdur. İddiaçı həmin əmlakı könüllü olaraq cavabdehə bağışlamışdır. Ailədə olan mübahisələr bağışlama müqaviləsindən əvvəl olmuşdur. Bağışlama müqaviləsindən sonra tərəflər arasında heç bir mübahisə olmamışdır. Cavabdeh3 həmin tarixdə öz adına olan başqa bir əmlakı atasına bağışlamışdır. Cavabdehin şəxsi həyatı ilə bağlı olan məsələlərin bağışlama müqaviləsinə heç bir aidiyyatı yoxdur. Nicat iddiaçıya heç bir hörmətsizlik etməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.m qeyri-yaşayış binası İddiaçı tərəfindən "xxxx" ASC-yə ipoteka qoyulmaqla müəyyən müddətə kredit götürülmüşdür. Bundan sonra iddiaçı tərəfindən ipoteka predmeti olan əmlakın cavabdehə bağışlanması üçün əmlakın girovda qalması şərtilə onlar tərəfindən razılıq verilmişdir. Bunun əsasında isə mübahisəli əmlak cavabdehin mülkiyyətinə keçmişdir. Lakin, mülkiyyət hüquqları dəyişdiyindən Cavabdeh3 banka yaxınlaşaraq yenidən müqavilə bağlamamışdır. Buna görə də yeni mülkiyyətçi ilə bank arasında müqavilə bağlanması mümkün olmamışdır. Eyni zamanda, hazırda Cavabdeh3 tərəfindən kredit ödənişləri ödənilmir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X9 ifadəsində göstərmişdir ki, Goranboy rayonunda yerləşən “MMED Lıfe” hospitalda proqramist olaraq işləyir. Cavabdeh3 ilə dostluq münasibətləri olmuşdur. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. Cavabdeh3 öz istifadəsində ***-***-**-** saylı mobil nömrə vasitəsilə ona səs yazıları göndərmişdir və ondan qeyd olunan səs yazılarını İddiaçı, Şahid3 və digər ailə üzvlərinə göndərməyini istəmişdir. Həmin səs yazılarını xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan mobil nömrəyə göndərmişdir. O isə həmin səs yazılarını Nicatın təkidi ilə 2025-ci ilin mart ayında Günay xanıma göndərmişdir.

41. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən Şahid2 ifadəsində göstərmişdir ki, o, Goranboy rayon Polis şöbəsində sahə müvəkkili vəzifəsində işləyir. Əvvəllər İddiaçı ailəsi əvvəllər Goranboy rayonunda hörmətli sayılıb seçilən ailələrdən olmuşdur. Təxminən bir il olar ki, oğlu X5 ilə aralarında mütəmadi olaraq davalar olmuşdur. Son zamanlar ata ilə oğlu arasında münaqişələr baş vermiş və bu barədə polisdə araşdırma aparılmışdır. Cavabdeh3 atası İddiaçı dəfələrlə təhqir etmiş və ona nalayıq ifadələr işlətmişdir. Hətta, xx.xx.2024-cü il tarixli materiala görə cavab Cavabdeh3 10 gün həbs edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə məhkəmə qərarına əsasən müvəqqəti təminat tədbirinin icrası ilə bağlı mən və icra və probasiya şöbəsinin əməkdaşı “MMED Lıfe” hospitala getmişlər. Bu zaman Cavabdeh3 və atası Xaliq Mustayev orada idilər. X15 bildirəndə ki, “oğlu Cavabdeh3 hospitala giriş çıxışına qoyulmuş maneəni aradan qaldırmağa gəlmişik”. İddiaçı oğluna bildirdi ki, “ay oğul biz səni bura qoymuruq ki, gedib məhkəməyə müraciət etmisən. Onsuz da sən gecəni də burada qalmısan. Mən səni oxutmuşam, məhkəmədə işə qoymuşdum sənə görə bu binaya bu qədər xərc çəkdim ki, işləyək sən onu da bacarmadın”. Bundan sonra Cavabdeh3 atasına nalayiq ifadələr işlədərək, “filankəsin daşı düşsün sənin başına, ay şərəfsiz, ay ləyaqətsiz, ay peysər” kimi sözlər demişdir. Hazırda onlar münaqişəli ailə kimi polisdə qeydiyyatdadırlar. İddiaçı dediyinə görə bankdan kredit götürüb hospitalın tikintisinə cox böyük xərc cəkmişdir. Ata ilə oğul arasındakı mübahisə və davaların səbəbidə həmin əmlakdır. Onların ailə münaqişəsi davam etməkdədir. Cavabdeh3 dəfələrlə atasını təhqir etmiş və onun şəxsiyyətini alçatmışdır. Bu münasibətlərin daha ağır nəticələrə səbəb olmaması üçün tərəflərə məxsus ov silahları onlardan götürülmüş və polisdə saxlanılır.

42. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən Şahid4 ifadəsində göstərmişdir ki, Cavabdeh3 anasıdır. Nicat onları daim təhqir eləmişdir ki, “həmin klinikanı atam mənim adıma keçirsin”. Daha sonra oğlu Nicat onu və ailələrinin digər üzvlərini aldadaraq bildirmişdir ki, “bağışlama müqaviləsi bağlasaq ailə biznesimizi böyüdəcəm sizə baxacam və ailəni saxlayacam”. Lakin, Nicat verdiyi heç bir sözə əməl etməmiş, atasına qarşı davamlı olaraq nalayiq ifadələr işlədərək daima hörmətsizlik etmişdir. Nicat onları daim incitmişdir. Bağışlama müqaviləsinə Nicat tərəfindən imza etmişlər. Yoldaşı İddiaçı o və ailələrinin digər üzvləri məcbur etmişlər ki, həmin əmlakı oğulları Nicata bağışlasın. O da onlara görə notariusa getmişdir. Oğlu Nicat daima onları təhqir etmiş bizə yalan vədlər verərək aldatmışdır. Gəlini və nəvələri hazırda onlarla birlikdə yaşayırlar. Bilir ki, Nicata həmin əmlakın bağışlanması səhv olmuşdur. Nicat onu və atasını təhqir edir. Ailələrinə dəyər verməmişdir. İndi də ailəsini, uşaqlarını və onları ataraq Bakı şəhərinə evli qadınla getmişdir. Nicata həmin əmlakın bağışlanmasına razı deyillər. Nicat atasına qarşı daim hörmətsizlik etmişdir.

43. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Tibb Universitetini bitirmişdir və ixtisası isə həkim-ginekoloqdur. Hazırda “MMED Lıfe” hospitalın direktorudur. Hospitalda hazırda 78 nəfər rəsmi işçi vardır. Alimənin əri hospitalda gözətçi işləmişdir. Cavabdeh3 onun əri, İddiaçı isə qaynatasıdır. Nicat hər zaman ona bildirirdi ki, həmin hospitalın binası onun olmalıdır. Buna görə də onu və digər ailə üzvlərini aldatmışdır. Hazırda Nicat əvvəl hospitalda xadimə işləyən Alimə adlı başqa qadınla münasibət quraraq onu və ailəsini demək olar ki, tərk edib, həmin qadınla ər-arvad kimi Bakı şəhərində yaşayır. 2024-cü ilin avqust ayından Nicatla münasibətləri buna görə pozulmuşdur. Cavabdeh3 atasına daim təhqir edərək ona qarşı mütəmadi olaraq hörmətsizlik etmişdir. Polisdə apaşdırmalar aparılmışdır. Nicat deyirdi ki, “atamla münasibətim yaxşı olacaqdır”. Lakin, bağışlamadan sonra yenə də münasibətlər düzəlmədi, bir azda kəskinləşmişdir. Cavabdeh3 nə ona nə də ki ailəsinə baxmır. Hazırda məhkəmədə nikahın pozulması tələbinə dair iddia qaldırılmışdır. Nicat onu və ailə üzvlərini daim aldatmış, onları söyüb təhqir etmişdir. Bu barədə olan “whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalar və səs yazıları mövcuddur. Həmin səs yazısı və yazışmalar onun telefonundadır. Həmin subutlar barədə sonralar məlumatı olmuşdir. Belə ki, qeyd olunan sübutlar 2025-ci ilin mart ayında əldə etmişdir. Belə ki, həmin məlumatların göndərilməsi tarixçəsi ilə fakt öz təsdiqini tapır. Hazırda Nicat atasına qarşı şox qərəzlidir. Onlarla bir evdə yaşamır, köçüb getmişdir.

44. İş üzrə cavabdehlər Cavabdeh3, Goranboy rayon Notariat ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh3 nümayəndə və vəkillə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

46. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

47. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

48. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

49. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

50. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

51. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

52. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

53. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

54. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

55. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

56. Maddə 421.2. Tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur.

57. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

58. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

59. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

60. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

61. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə.

62. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

63. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

64. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki,

65. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Plenum qərarı

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

67. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

68. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.

73. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

75. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

76. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

77. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

78. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

79. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

80. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

81. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

82. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

83. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

84. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

85. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

87. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

88. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

89. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

90. Hazırkı mübahisə üzrə bağışlamaqdan imtina məsələsi həll edildiyi üçün işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması araşdırılmalıdır.

91. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud məhkəmə mübahisəsi ilə əlaqəli işin bütün halları hərtərəfli nəzərə alındıqda, iddiaçı baxımından MM-in 673.1.2-ci maddəsinə əsasən bağışlamadan imtina üçün nəzərdə tutulan şərtlər baş vermişdir.

92. Belə ki, işin Məhkəmə Kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmuş və 27 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı həmin qeyri-yaşayış sahəsini oğlu - Cavabdeh3 hədiyyə etmişdir. Sözügedən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona 11 iyun 2024-cü il tarixli, **********27-06301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir. Qeyri-yaşayış sahəsi hazırda "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklüdür.

93. İstər iddia ərizəsində, istərsə də apellyasiya şikayətinin dəlillərində iddiaçının dəlilləri ondan ibarətdir ki, o, bağışlama müqaviləsini cavabdehin klinikanın fəaliyyətindən əldə edilən gəliri səkkiz nəfərdən ibarət ailə üzvləri (özü də daxil olmaqla) arasında bölməsi şərti ilə bağlamış və cavabdeh bu şərti pozduğuna, yəni əldə edilən gəliri bölmədiyinə, klinikanın fəaliyyətinə maneçilik törətdiyinə və qeyri-yaşayış sahəsini satmaq istəməsinə görə Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən bağışlamaqdan imtina edir.

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Plenum qərarında MM-in 673.1.2-ci maddəsinin AR Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələblərinin təmin edilməsi məqsədinə xidmət etdiyi göstərilməklə etibarlı və sağlam ailə münasibətlərinə ciddi zərər vuran hərəkətlərin bağışlamadan imtina üçün əsas olduğu təsdiq edilmişdir. Belə ki, sözügedən bu plenum qərarında ailə anlayışının hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə etdiyi bildirilmiş, ailə dəyərləri dedikdə isə ailə üzvlərinin qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunmasının nəzərdə tutulduğu qeyd olunmuşdur. MM-in 673.1.2-ci maddəsinin şərhi və tətbiqi məsələsi ilə bağlı konstitusiya məhkəməsi öz mövqeyini “ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir” şəklində bildirmişdir. Konstitusiya Məhkəməsi öz şərh qərarında MM-in 673.1.2-ci maddəsinin məhz bu qeyd olunan səbəblərə görə hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulmasının bağışlamanın motivini aradan qaldırdığından bu halın hədiyyədən imtina üçün əsas təşkil etidiyini bildirmişdir.

95. Hazırkı məhkəmə mübahisəsindən görünür ki, bağışlama müqaviləsi ata olan iddiaçı tərəfindən oğluna, yəni cavabdehə bağışlanmışdır. Bağışlanan əmlakın əsas funksiyası ailə biznesinin – Medlife klinikasının – fəaliyyətinin təmin edilməsi, buradan əldə olunan gəlirlərin isə ailənin səkkiz üzvü arasında bölüşdürülməsi olmuşdur. Lakin, iddiaçı nəticə etibarı ilə cavabdehin qeyd edilən münasibətlərdən irəli gələn vəzifələrini yerinə yetirmədiyini, bu vəzifələrini kobud şəkildə pozduğunu iddia edir və məhz bu əsasla bağışlamadan imtina edərək, aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir.

96. Bağışlayan tərəfindən ciddi bir əmlak dəyərinin əvəzsiz olaraq hədiyyə kimi verilməsi hədiyyə alan tərəfindən birbaşa əmlak xarakterli öhdəlik yaratmasa da, mənəvi və əxlaqi tələblərə cavab verən bir vəzifənin yaranmasına səbəb olur. Bu isə öz növbəsində onu deməyə tam əsas verir ki, hədiyyə edən baxımından çox ciddi iqtisadi dəyər daşıyan bağışlamaların kökündə yatan başlıca motiv: hədiyyə alanın bu yaxınlığa yaraşan hərəkət və rəftar edəcəyinə dair olan inam və ümiddir.

97. Bu nöqteyi-nəzərdən də ailə üzvlərinə edilən ciddi bağışlama və hədiyyələr bir növ hədiyyə alanın bağışlayana qarşı aralarındakı yaxınlığa, xüsusilə də ailə bağlarından irəli gələn dəyərlərə uyğun hörmət və yaxınlıq göstərəcəyinə olan inam və etimada əsaslanır. Bağışlayan tərəfindən edilən maddi fədakarlığın kökündə mənəvi əsaslar olduğundan hədiyyə alan baxımından da bağışlayana qarşı mənəvi və əxlaqi bir vəfa borcu yaranır. Bu vəfa borcu özünü ən bariz olaraq bağışlayanın ailə üzvü olması halında hədiyyə alanın ona qarşı ailə dəyərlərinə uyğun münasibət bəsləməsi halında göstərir.

98. İddiaçı tərəf cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin pozulmasına dair sübutlarını, yəni Cavabdeh3 ilə “whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalar və ona aid auido-səs yazıları, habelə bu halı təsdiq edən şahidləri birinci instansiya məhkəməsinə, həmçinin məhkəmə kollegiyasına təqdim etmişdir.

99. Belə ki, məhkəmə kollegiyasına iclasında iddiaçının, onun nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsinin (vəkilinin) razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları və şahidlərin (Elvin Paçalov və Şahid3) telefonu vasitəsilə təqdim edilmiş audio səs yazıları, eyni zamanda video görüntü tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “audio-səs yazıları”ndan görünür ki, Cavabdeh3 atası İddiaçı eləcədə ailə üzvlərinin ünvanına dəfələrlə nəlayiq ifadələr işlətmişdir.

100. Göründüyü kimi, iş üzrə təqdim olunmuş səs yazıları, mesajlar və video sübutlar iddia tələbinin əsaslığını sübut edilməsi baxımından dəyərləndirilərək birbaşa ailə münasibətlərinin pozulmasının intensivliyini, bağışlamanın motivinin sıradan çıxmasını və hədiyyə verən valideynə qarşı kobud münasibətin mövcudluğunu tam şəkildə ortaya qoyur.

101. Xüsusilə, 12-30 avqust 2024-cü il tarixləri arasında qeydə alınmış səs yazılarında Cavabdeh3 ifadə etdiyi fikirlər onun ailəsinə, xüsusilə də hədiyyə verən atası İddiaçı qarşı aşağılayıcı, təhqiramiz, maddi marağa əsaslanan və düşmənçiliklə müşayiət olunan münasibət sərgilədiyini birbaşa sübut edir. Cavabdeh səs yazılarında dəfələrlə atasını təhqiredici ifadələrlə xarakterləndirmiş, ona qarşı fiziki zor tətbiqi, kollektiv qarşısında alçaltma və obyektin qəsdən satılması planları barədə açıq danışmışdır. Həmçinin, “atasına bir qəpik də verməyəcəyini”, “ona görə Günayı qurban verəcəyini”, “onun obyektə gəlməsinə mane olacağını”, “atasını hospitaldan qovacağını” və bu tipli cümlələri dəfələrlə qeyd etmişdir.

102. Qeyd edilən səs yazılarında cavabdeh bağışlama müqaviləsindən dərhal sonra öz davranışlarında ciddi dəyişikliklərə yol vermiş, ailə münasibətlərinə qarşı qərəzli və düşmən mövqe nümayiş etdirmiş, həmçinin əmlakı satmaq niyyəti ilə addımlar atmışdır.

103. Səs yazılarında cavabdehin öz dili ilə atasına qarşı təhqiramiz və alçaldıcı ifadələr işlətməsi, atasının əmlakının balansdan çıxarılması, satışa çıxarılması və ümumiyyətlə ailə üzvlərinə qarşı açıq nifrət ifadə edən ifadələr işlətməsi, ailə dəyərlərini məhv etməyə yönəlmiş davranışlar, habelə sədaqət pozuntusu ilə müşayiət olunan münasibətlər sübuta yetirilmişdir.

104. Bununla paralel, cavabdeh həmin səs yazılarında əmlakın satılacağını, ailənin ona artıq heç bir əhəmiyyətinin olmadığını, atasına bir qəpik belə verməyəcəyini, obyekti ailədən uzaqlaşdırmaq üçün balansdan çıxarması niyyətində olduğunu açıq şəkildə bəyan edir. Bu isə bağışlama niyyətinin tam şəkildə mənimsənilməsi və ailənin iqtisadi dayaqlarına ziyan vurmaq məqsədilə istifadə olunması deməkdir.

105. Xüsusilə qeyd edilməlidir ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində təqdim edilmiş video görüntülərdə cavabdehin “MMED Lıfe” klinikasına qapını zorla sındıraraq daxil olması, kassa otağında pul axtarması, kompüter və texniki avadanlıqları sındırması, eləcə də avadanlıqları klinikadan oğurlayaraq çıxarması hərəkətləri, təkcə ailə öhdəliklərinin pozulması deyil, eyni zamanda maddi ziyana və etibara ciddi zərbə vurmaqla, hədiyyə verilmiş əmlaka qarşı məqsədli və dağıdıcı münasibətin olduğunu sübut edir. Bu, artıq sadəcə mənəvi pozuntu və ya yalnız ailədaxili öhdəliyin pozulması deyil, eyni zamanda bağışlanmış əmlaka qəsdən ziyanın vurulması və etibardan sui-istifadədir.

106. Həmçinin, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “səs yazıları”ndakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

107. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

108. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).

109. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.

110. Belə ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

111. Həmçinin, iddiaçı tələbini sübut etmək üçün sübut kimi dörd nəfər şahidi (Şahid3, Şahid4, Şahid2 və Elvin Paçalov) təqdim etmiş, lakin dindirilən həmin şahidlərin ikisinin (Şahid3 və Şahid4) ifadələri birinci instansiya məhkəməsi onların verdiyi məlumatları sübut kimi qəbul edilməmişdir.

112. Nəzərə alınmalıdır ki, tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X6rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).

113. Azərbaycan Respublikasının MPM-in 62-ci və 104.1-ci maddələrindən göründüyü kimi məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur.

114. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri kimi şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.

115. Şahidlər (Günay və Rəna Mustafayeva) təsdiq etmişlər ki, klinikanın tikintisinə külli miqdarda vəsait iddiaçı tərəfindən yatırılmış, cavabdehin həmin dövrdə heç bir maddi imkanının olmadığı sübuta yetirilmişdir. Bağışlama əməli, əmlakın dəyərini nəzərə alaraq, yalnız qarşılıqlı mənəvi öhdəlik və ailədaxili dəstək şəraitində mümkün olmuşdur. Cavabdeh də bu şərtləri qəbul etmiş və gələcəkdə klinikadan əldə ediləcək gəlirlərin ailə üzvləri arasında bölüşdürüləcəyinə dair söz vermişdir.

116. Digər şahidlər (Şahid2 və Elvin Paçalov) də ata ilə oğul arasında mübahisə və davaların səbəbinin əmlak üzərində olduğunu, onların ailə münaqişələrinin davam etdiyini, Cavabdeh3 dəfələrlə atasını təhqir etməsini və onun şəxsiyyətini alçatması faktının olmasını təsdiq etmişlər.

117. Birinci instansiya məhkəməsi şahidlərin (Günay və Rəna Mustafayeva) ifadələrini mötəbər sübut qismində qəbul etməməsi ilə bağlı qeyd etmişdir ki, “cavabdehin onların istəmədiyi qadınla ailə qurması, onların bu müqavilənin qüvvədə qalmasına narazı olmaları, onların da mübahisəli əmlakdan və gəlirdən pay tələb etmələri onların başqa ifadə verə biləcəyini inandırıcı hesab etmədiyindən məhkəmə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir”. Bununla bərabər, “cavabdehin başqa qadınla ailə qurmasının, başqa sözlə cavabdehin öz arvadına qarşı ailə hüquq münasibətlərinə aid vəzifəsini pozmasının (əgər pozmuşdursa) hazırkı işə heç bir təsirinin olmamasını” qeyd etmişdir.

118. Halbuki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, bağışlanan əmlakın əsas funksiyası ailə biznesinin “MMED Lıfe” klinikasının fəaliyyətinin təmin edilməsi, buradan əldə olunan gəlirlərin isə ailənin səkkiz üzvü arasında bölüşdürülməsi və bunun timsalında isə ata ilə oğlu arasında olan münasibətlərin bərpa olunması məqsədi olmuşdur. Qeyd olunan izahatlar, cavabdehin əvvəlki razılıqlara əsasən hərəkət etməli olduğunu və əmlakın hüquqi mülkiyyətçisi olmasına baxmayaraq, onun istifadə forması üzərində müəyyən etik və ailəvi öhdəliklər daşıdığını açıq şəkildə təsdiqləyir. Lakin, cavabdehin biznesi və onun idarə olunmasını şəxsi ehtiraslarına qurban etməsi və klinikanın fəaliyyətsiz qalmasına şərait yaratmaqla biznesi ciddi təhlükə altına salması öz təsdiqini tapmışdır. Göründüyü kimi, bağışlanmadan imtina edilməsinə səbəb cavabdehin başqa qadınla ailə münasibətləri qurması deyil, əksinə digər şəxsə görə bağışlanmanın əsası olan ailə biznesinə iqtisadi ziyanın verilməsi olmuşdur. Digər tərəfdən isə təqdim edilmiş audio-səs yazıları şahidlərin verdikləri ifadələrdə səmimi olduqlarını və həqiqəti bəyan etdiklərini təsdiq etmişdir ki, buna görə də şahid ifadələri məhkəmə kollegiyası tərəfindən “əsaslı şübhələr yaratmayan” mötəbər sübut növü qismində qəbul edilmişdir.

119. İş üzrə təqdim olunmuş sübutlar sırasında Cavabdeh3 hərəkətləri nəticəsində İddiaçı və onun ailə üzvlərinin fiziki və psixoloji təhlükəyə məruz qalması səbəbindən icra hakimiyyəti tərəfindən onların xeyrinə mühafizə orderi verilməsi faktı da aşkar edilmişdir.

120. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.2-ci maddəsində qeyd olunur ki, dövlət ailənin qorunmasına, ailə üzvlərinin hüquqlarının müdafiəsinə təminat verir.

121. “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə əsasən, əgər şəxsin həyatına, sağlamlığına, psixoloji və emosional rifahına qarşı təhlükə törədilirsə, bu halda məhkəmə həmin şəxsə qarşı mühafizə tədbirləri, o cümlədən mühafizə orderi tətbiq edə bilər.

122. Cavabdehin davranışları yalnız ailə dəyərlərinə, ailədaxili öhdəliklərə və əmlak münasibətlərinə qarşı deyil, birbaşa fiziki və psixoloji təhlükə yaradan təhdidlər, əmlaka qarşı hücum və dağıdıcılıq, eləcə də iddiaçının izahatlarında göstərildiyi kimi öldürməklə hədələmə və söyüş, təhqir, qorxu yaratma halları şəklində təzahür etmişdir. Bu hallar nəticəsində verilmiş mühafizə orderi artıq cavabdehin davranışlarının sırf etik və əxlaqi yox, real təhlükə daşıyan hüquqi pozuntu səviyyəsində olduğunu təsdiq edir.

123. Bu baxımdan, mühafizə orderi: - Cavabdehin davranışlarının ailə üzvləri üçün obyektiv təhlükə yaratdığını sübut edir; - Bağışlama münasibətində əsas şərtlərdən olan etimad, qarşılıqlı hörmət və təhlükəsizlik mühitinin pozulduğunu hüquqi baxımdan rəsmiləşdirir; - Hədiyyə verən və onun ailəsi üçün bağışlama nəticəsində yaranmış vəziyyətin hüquqi və sosial cəhətdən dözülməz hal aldığını hüquqi sənədlə təsdiqləyir.

124. Həmçinin, bu fakt ailədaxili münasibətlərin sırf şəxsi və ya mənəvi narazılıq deyil, dövlət müdaxiləsini tələb edən səviyyədə pozulduğunu göstərir. Yəni, artıq söhbət bağışlama müqaviləsinin sadəcə məqsədinin dəyişməsindən deyil, bu müqavilənin mövcudluğunun iddiaçının və onun ailəsinin təhlükəsizliyinə zidd olmasından gedir.

125. Bu halda, Azərbaycan Respublikasının Konstitusiyanın 26-cı maddəsi (mülkiyyətin müdafiəsi hüququ) ilə bərabər 27-ci maddəsi (həyat və azadlıq hüququ), 32-ci maddəsi (şəxsi toxunulmazlıq və şəxsi həyat hüququ), və Ailə Məcəlləsinin 1.3-cü maddəsində nəzərdə tutulan qarşılıqlı yardım və məsuliyyət prinsipləri də pozulmuş olur.

126. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında qeyd olunur ki, bağışlama münasibətləri ailə müstəvisində formalaşdıqda, ailə dəyərlərinə və hədiyyə verən şəxsin hüquqlarına qarşı mənəvi, iqtisadi və fiziki təzyiqlər mövcud olduqda, bağışlama hüququ artıq qorunmaz hala gəlir və onun hüquqi nəticələri dayandırıla bilər.

127. Beləliklə, mühafizə orderinin verilməsi hədiyyə alan şəxsin ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobud şəkildə pozduğunu yalnız iddiaçının subyektiv fikri ilə deyil, icra hakimiyyətinin qərarı (qərar bağışlanma müqaviləsindən, yəni 27 may 2024-cü il tarixdən sonra verilmişdir) ilə rəsmən sübut edir və bu hal bağışlamadan imtina üçün nəinki kifayət, eyni zamanda vacib hüquqi əsas sayılmalıdır.

128. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da göstərilmişdir ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.

129. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.

130. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ailəsinin daha yaxşı şəraitdə yaşamasını, cavabdehin də onların ailəsininin qayğısına qalacağına istəyindən və inamından doğan motiv əsasında bağışlama etdikdən sonra, cavabdehin kobud hərəkətlərinə görə ailə münasibətlərinin pozulması bağışlamanın motivini aradan qaldırmaqla bağışlamadan imtina üçün əsas təşkil edir.

131. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alanın hədiyyə verənin və ya onun yaxın qohumlarının barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobud şəkildə pozması, bağışlamadan imtina üçün əsasdır. Cavabdehin yalnız şəxsi mənfəət və xarici münasibətlər uğruna ailə bağlarını pozması, atası ilə olan münasibətlərdə təhqir və nifrət ifadə etməsi və ailə mülkünü qəsdən məhv etməyə çalışması bu maddəyə tam uyğun gələn kobud pozuntudur.

132. Birinci instansiya məhkəməsi isə bu halları yalnız “şəxsi münasibətlər”, “ailədaxili konflikt” və ya bağışlamadan əvvəl baş vermiş hadisələr kimi qiymətləndirmiş, lakin Konstitusiya Məhkəməsinin 26 aprel 2024-cü il tarixli Plenum Qərarında vurğulanan “bağışlama motivinin mənəvi əsasa dayanması və bu motivin sonradan sarsılması halında bağışlamadan imtinanın hüquqi əsasının yaranması” prinsipini nəzərə almamışdır.

133. Üstəlik, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlə və öhdəliklərlə edilə bilər. Tərəflərin izahatı, notarial iştirakçı şahidin ifadəsi və səs yazılarında bağışlamanın konkret məqsədə xidmət etdiyi – yəni ailənin maddi təminatı və ümumi iqtisadi maraqlar – göstərilmişdir. Bu öhdəliklərin pozulması, obyektin istifadəsinin dayandırılması və idarəetmənin məqsədli şəkildə sabotaj edilməsi, bağışlamanın hüquqi və mənəvi dayaq nöqtələrini tam sıradan çıxarır.

134. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin davranışları – ailə başçısına qarşı açıq düşmənçilik, ailə klinikasını qəsdən dağıtmaq, əmlakı şəxsi münaqişələrə qurban etmək, səs yazılarında təhqiramiz və zorakı niyyət ifadə edən fikirlər səsləndirmək, həmçinin əmlaka qarşı fiziki dağıdıcılıq və oğurluq niyyəti – bütünlükdə bağışlama niyyətinin suistifadə olunduğunu və artıq hüquqi legitimliyini itirdiyini göstərir.

135. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.3-cü və 3-cü maddələrinin ruhuna uyğun olaraq, bağışlama əməli mənəvi motivli, qarşılıqlı hörmət və ailədaxili etimada əsaslanan hərəkət olduğundan, bu etimadın tam şəkildə sarsılması – xüsusilə də ailə başçısına qarşı açıq düşmənçilik, xəyanət, təhqir və iqtisadi sabotaj formaları ilə ifadə olunduqda – artıq hədiyyə vermə niyyətinin hüquqi və əxlaqi dayaqları ortadan qalxmış sayılmalıdır.

136. Bağışlama aktının ailə münasibətlərinə əsaslandığı və qarşılıqlı mənəvi öhdəliklər çərçivəsində həyata keçirildiyi nəzərə alındıqda, bu öhdəliklərin kobud şəkildə pozulması və münasibətlərin qəsdən dağıdılması halı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinə əsasən bağışlamadan imtina üçün qanuni və əsaslı zəmin yaradır.

137. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

138. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.

139. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

140. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

141. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

142. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

143. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

144. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

145. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

146. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

147. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

148. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

149. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

150. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1632/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.m qeyri-yaşayış binasının Cavabdeh3 bağışlanmasına dair 27 may 2024-cü il tarixli, 4Ə-368 reyestr nömrəli bağışlama müqaviləsindən imtina edilmiş hesab olunsun və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş 11 iyun 2024-cü il tarixli, **********27-06301 reyestr nömrəli çıxarış ləğv edilsin. Həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin Cavabdeh3 qeyri-qanuni sahibliyindən azad edilərək İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar