Məhkəmə qərarları › İş №2(104)-692/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-692/2023

28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-692/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-1068/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2006cı il tarixdə anadan olmuş X1 və 11 iyul 2008-ci il tarixdə anadan olmuş X7nun yetkinlik yaşına çatana kimi saxlanılması üçün onların anası Cavabdeh Ali qızından qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq iki uşağın saxlanılması üçün sabit pul məbləğində 400 manat və 50 manat mediasiya üçün ödədiyi pul alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-1068/2022 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 26 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X7nun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi, cavabdeh X3 34 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə cavabdeh X6 ilə 2005-ci ildə ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Həmin evlilikdən onların 26 iyul 2006-cı il tarixdə Minayə və 11 iyul 2008-ci il tarixdə isə ilyas adlı iki uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 06 dekabr 2011-ci il tarixli 2(015)-536/2011 saylı qətnaməsi ilə uşaqların onun himayəsində olması faktı müəyyən edilmişdir. Hazırda uşaqlarına o baxir. Cavabdeh uşaqlarına baxmır və onlara maddi yardım belə etmir. Aile problemlərinin artması ona çətinlik yaradır. Uşaqlarının artan təlabatını təkbaşına təmin edə bilmir. Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin gəliri qeyri-müntəzəm və dəyişən xarakterlidir. Birgə yaşayış dövründən bilir ki, cavabdeh kifayət qədər pul qazanmaq imkanına malikdir. Ancaq cavabdeh öz qazancından uşağının diqqətəlayiq ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayrılmasını təmin etmir. Belə olan halda o, uşaqların təlabatını və digər diqqətə layiq ehtiyaclarını ödəyə bilmir. Ona görə də 26 iyul 2006-cı il tarixdə anadan olmuş X1 və 11 iyul 2008-ci il tarixdə anadan olmuş X7nun yetkinlik yaşına çatana kimi saxlanılması üçün onların anası Cavabdeh Ali qızından qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq iki uşağın saxlanılması üçün sabit pul məbləğində 400 manat və 50 manat mediasiya üçün ödədiyi pul alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: AZ-İİ № 778319 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 26 iyul 2006-cı ildə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. AZ-İİ № 778320 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 11 iyul 2008-ci ildə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-536(02)2011 saylı 06 dekabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 26 iyul 2006-cı ildə Ağstafa rayonu Dağkəsəmən kəndində anadan olmuş X4 və 11 iyul 2008-ci il tarixdə Ağstafa rayonu Dağkəsəmən kəndində anadan olmuş X7na doğum haqqında şəhadətnamə verilmiş və onların İddiaçı himayəsində olması faktı təsdiq edilmişdir. AZ-İV № 134202 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 04 iyul 2012-ci ildə anadan olmuşdur. X2, anası Cavabdehdır. AZ-İV № 134203 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 11 may 2017-ci ildə anadan olmuşdur. X2, anası Cavabdehdır. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə tərəfindən onun gəlirinin olubolmaması barədə heç bir dəlil əldə edilməmişdir. Ayda 200 manat alimentin də tutularaq iddiaçıya verməyi bir qadın olaraq bu həyatda çökməyi deməkdir və onun yeni həyatının da dağılması təhlükə altındadır. Məhkəmə araşdırma aparsa idi həqiqətən də məlum olardı ki, onun birinci ailə münasibətindən olan başqa övladlardan da başqa iki övladı vardır. O isə iddiaçıdan ayrılan zaman hesab etmişdir ki, övladlarını iddiaçı saxlaya biləcəkdir. Əslində isə aralarında olan razılıq elə olmuşdur ki uşaqlar iddiaçının himayəsində saxlanılsın və ondan aliment tutulmasın. Bu səbəbdəndə ondan bu günə qədər aliment tutulmamışdır. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştiak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-1068/2022 saylı qətnaməsi «Cavabdeh 26 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X7nun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi» hissəsində dəyişdirilməli, tutulan alimentin miqdarı hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat məbləğdə müəyyən edilməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, tərəflər rəsmi nikah qeydiyyatından keçməsələr belə ailə formasında birgə yaşamışlar. Onların birgə yaşayışlarından xx.xx.2006-cı il təvəllüdlü Minayə və xx.xx.2008-ci il təcəllüdlü İlyas adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və hazırda tərəflərin faktiki nikahlarından olan İlyas və Minayə adlı uşaqları iddiaçının himayəsindədir. İddiaçı iddia etmişdir ki, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə könüllü olaraq iddiaçıya maddi yardım göstərmir. İddiaçı işləmir və hər hansı gəlirə malik olduğu müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən münasibətlər, uşaqların saxlanması üçün aliment öhdəlikləri ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Uşaq üçün aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən ölkədə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil etmişdir. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi hər uşağa 100 manat məbləğdə aliment, cavabdehin maliyyə imkanları ilə uzlaşmır. Cavabdehin hər hansı yerdə işləməsi, məşğuliyyəti, gəlirləri barədə işdə hər hansı sübut yoxdur, onun dolanışıq mənbəyi barədə mötəbər məlumatlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ikinci dəfə ailə həyatı qurmuş, həmin ailə münasibətindən Elnar və Pınar adlı uşaqları doğulmuşdur. Birinci instansiya məhkəməsi işin diqqətəlayiq bu hallarını araşdırmamış və cavabdehin digər uşaqlarının mənafelərini nəzərə almamışdır. Çünki alimentin miqdarının təyin olunması üçün əsas meyarları müəyyən edən Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərin maddi vəziyyəti onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sairlə qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər hallar dedikdə isə tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmaması və s. məsələlər başa düşülür. Bu baxımdan işin halları təhlil olunduqda müəyyən olunur ki, cavabdeh iddiaçıdan ayrıldıqdan sonra Elşad Rüstəmov adlı soyadlı şəxslə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Elnar və 11 may 2017-ci il təvəllüdlü Pınar uşaqları doğulmuşdur. Cavabdehin hər hansı gəlirlərə malik olması müəyyən olunmur. Ona görə də alimentin məbləğinin hər uşağa görə 70 manat olmaqla, ümumilikdə 140 manat məbləğində müəyyən edilməsi, tərəflərin maddi vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar baxımından qənaətbəxşdir. Məhkəmə kollegiyası, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq hallarla müqayisədə yolverilən hesab edir. Həmçinin məhkəmə kollegiyası göstərir ki, cavabdehin işləməməsi onu aliment ödənilməsindən azad etmir. Nəzərə almaq lazımdır ki, cavabdeh ana kimi uşağa baxmaq öhdəliyi üzrə iddiaçı ilə bərabər həcmdə məsuliyyət daşıyır. Bu onun analıq vəsifəsindən irəli gəlir. Cavabdehin himayəsində 2 azyaşlı uşağı olduğu halda ondan alimentin tutulmasının yolverilməzliyi barədə apellyatorun dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil iddianın rədd olunmasına əsas vermir. Belə ki, Qanunvericiliyə əsasən uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-1068/2022 saylı qətnaməsi «xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X7nun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi» hissəsində dəyişdirilməli, alimentin məbləği hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat məbləğdə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirlən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsində həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-1068/2022 saylı qətnaməsi «xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X7nun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi» hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 ve xx.xx.2008-ci il təvəllüdlü X7nun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar