Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-707/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(013)-3187/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 noyabr 2018-ci il tarixdə verilmiş AZ-İV № 198798 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayılov Məhəmməd Röyal oğlu 14 oktyabr 2018-ci il tarixdə onadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
2. Bərdə Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2020- ci il tarixdə verilmiş AZ- İV № 492238 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayılova Sürayyə Röyal qızı 20 sentyabr 2020-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
3. Xocavənd Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(069)-159/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Ağdam Rayon Qeydiyyat şöbəsində 26 avqust 2016-cı il tarixdə bağlanmış və 149 №-ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan 14 oktyabr 2018-ci il təvəllüdlü İsmayılov Məhəmməd Röyal oğlu və 20 sentyabr 2020-ci il təvəllüdlü İsmayılova Sürayyə Röyal qızı anası İddiaçı yanında saxlanılması qət edilmişdir.
4. Bərdə 1 saylı Mediasiya Təşkilatının mediatoru Süleymanov Anar Xəlil oğlu tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli MŞB/MT039/2024-01121 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişlər və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14 oktyabr 2018-ci il təvəllüdlü İsmayılov Məhəmməd Röyal oğlu və 20 sentyabr 2020-ci il təvəllüdlü İsmayılova Sürayyə Röyal qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün mediasiyaya müraciət etdiyi 04 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, , Xocavənd rayonunda qeydiyyatda olmaqla Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayır. Cavabdeh ilə 26 avqust 2016-cı il tarixdə Ağdam rayon Qeydiyyat şöbəsində nikaha daxıl olmuş və nikahları 149 nömrə akt qerydi ilə qeydə alınmışdır. Bu nikahdan 14 oktyabr 2018-ci ildə Məhəmməd, 20 sentyabr 2020-ci ildə isə Sürayyə adlı uşaqları anadan olmuşdur. 2024-cü ilin may ayından faktiki olaraq ayrılmışlar. Xocavənd Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və uşaqlar onun yanaında saxlanılmışdır. Lakin həmin qətnamə ilə azyaşlı uşaqların saxlanılması üçün xeyrinə aliment müəyyən edilməmişdir. Uşaqların tələbatını ödəməkdə çətinlik çəkir, ailə üzvlərinin köməkliyi ilə onların tələbatılarını təmin edir. Cavabdeh isə bu müddət ərzində uşaqları ilə maraqlanmamış, eləcədə hər hansı yardım göstərməmişdir. Halbu ki, cavabdehlə yaşadığı 8 il müddətində birgə təsərrüfat aparmış, 30 baş xırda buynuzlu mal-qara (qoyun-keçi), 1 baş inək, bir düyə, 1 baş buzov, çoxsaylı hinduşka və toyuq-cücələrsaxlamışlar və qeyd olunanların hamısı cavabdehdə qalmışdır. Cavabdehin azyaşlı uşaqlarına aliment ödəməyə kifayət qədər maddi imkanı var.
7. Ağdam Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(013)-3187/2024 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddianın qismən təmin edilməsi, 05 noyabr 2024-cü ildən başlayaraq Cavabdeh 14 oktyabr 2018-ci ildə anadan olmuş Məhəmməd və 20 sentyabr 2020-ci ildə anadan olmuş Sürayyə adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, Cavabdeh 68 manat dövlət rüsumu tutulması, qətnamənin dərhal icra edilməsi, Əliyeva Xəzangül Xanoğlan qızının iddiasının qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 100.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 124-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini, və hər uşağa 100 manat aliment tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümimilikdə 400 manat aliment ödəməyə maddi imkanı yoxdur. Övladlarının saxlanılması üçün aliment verməkdən imtina etmir, sadəcə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat aliement ödəyə bilər. Məhkəmə İddiaçı maraqları üçün çalışmış, yüksək məbləğdə aliment tutulması barədə qətnamə qəbul etmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsindədə göstərilirki, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq göstərmişdir ki, məcburi köçkün kimi Ağcəbədi rayonunda məskunlaşmışdır. Heç bir yerdə işləmər. Uşaqların saxlanılması üçün ümumilikdə 200 manat aliment ödəyə bilər.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək cavabdehdən hər uşaq üçün 100 manat, cəmi 200 manat alimentin iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
18. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
22. Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
23. Maddə 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
24. Maddə 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
25. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
27. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.3 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək müəyyən olunmuş alimentin miqdarının azaldılaraq hər uşaq üçün alimentin miqdarının 100 manat olması mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 14 oktyabr 2018-ci ildə Məhəmməd, 20 sentyabr 2020-ci ildə isə Sürayyə adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan tərəflər faktiki olaraq 2024cü ilin may ayından ayrılmışlar. Xocavənd Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(069)-159/2024 saylı qətnaməsi ilə nikahları pozulmuş və azyaşlı uşaqlar anaları İddiaçı yanında saxlanılmışdır. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini, Cavabdeh isə ona maddi köməklik göstərməməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərək alimentin məbləğini hər ay hər uşağa görə 200 manat müəyyən etmişdir.
39. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ var. Valideyinlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyır.
40. Kollegiya qeyd edir ki, sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə də, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır
42. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə, yəni hər uşaq üçün 200 manat aliment müəyyən etməsi işin həqiqi hallarına uyğun olmamışdır. Çünki alimentin məbləği müəyyən olunarkən tərəflərin maddi vəziyyəti nəzərə alınmamışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan müəyyən olunmuşdur ki, cavabdeh işləmir, eləcə də mülkiyyətində əmlak yoxdur.
43. Məhkəmə kollegiyası tərəflərin ailə və maddi vəziyyətini nəzərə alır və hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(013)-3187/2024 nömrəli qətnaməsi “05 noyabr 2024-cü ildən başlayaraq Cavabdeh 14 oktyabr 2018-ci ildə anadan olmuş Məhəmməd və 20 sentyabr 2020-ci ildə anadan olmuş Sürayyə adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi” hissədə dəyişdirilməli, 05 noyabr 2024-cü il tarixdən başlayaraq, 14 oktyabr 2018-ci il təvəllüdlü İsmayılov Məhəmməd Röyal oğlu və 20 sentyabr 2020-ci il təvəllüdlü İsmayılova Sürayyə Röyal qızınun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən ediləcək minimum əmək haqqının 0,49 misli həddində (2024-cü il üzrə 170 : 0,49=345) sabit pul məbləğində müəyyən edilməlidir. Bu miqdarda aliment uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. 44.Kollegiya onu da qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 345 manat olmuşdur.
45. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 373,- 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(013)-3187/2024 nömrəli qətnaməsi “05 noyabr 2024-cü ildən başlayaraq Cavabdeh 14 oktyabr 2018-ci ildə anadan olmuş Məhəmməd və 20 sentyabr 2020-ci ildə anadan olmuş Sürayyə adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi” hissədə dəyişdirilsin. 05 noyabr 2024-cü il tarixdən başlayaraq, 14 oktyabr 2018-ci il təvəllüdlü İsmayılov Məhəmməd Röyal oğlu və 20 sentyabr 2020-ci il təvəllüdlü İsmayılova Sürayyə Röyal qızınun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən ediləcək minimum əmək haqqının 0,49 misli həddində (2024-cü il üzrə 170 : 0,49=345) sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.