Məhkəmə qərarları › İş №2(104)-714/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-714/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-714/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və əmlak tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Madeyra Mağaza № 639 tərəfindən verilmiş arayışdan görünür ki, X6 24 mart 2024-cü il tarixdə 1800 manat məbləğində olan yataq dəsti və 1100 manat məbləğində divan dəsti almışdır. Həmin məbləği X2 hesabından Goranboyda yerləşən Madeyra mağazasının satıcısının kart hesabına atmışdır.

2. xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Kontakt Home 29 (GANJA MALL) mağazasından İddiaçı 859.99 manat dəyərində Samsung markalı soyuducu almışdır.

3. İş materiallarının 108-ci vərəqində olan pərdə sifarişi barədə qeyddən görünür ki, cəmi 340 manat olmaqla, iki ədəd pərdə sifarişi verilmişdir. Həmin sifariş iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı nikahın pozulması və əşya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh ilə aralarında Gəncə Regional 1 saylı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 558 saylı nikahın pozulmasına, Cavabdeh 11674 manat dəyərində geyim və cehiz əşyalarının, həmin əşyalar olmadıqda onların dəyərinin, 1200 manat dəyərində 583 əyarlı qızıl komplekt dəstinin (boyunbağı, sırğa və üzük dəsti) o, olmadıqda ümumi dəyəri olan 1200 manat pulun, həmçinin diplomun alınaraq İddiaçı verilməsi, ödənilmiş 181 manat dövlət rüsumunun, 100 manat mütəxəssis rəyinə ödənilmiş pulun, 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun və mediasiya xərci olaraq 55 (əlli beş) manat rüsumun Cavabdeh tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh ilə ailə həyatı qurmuş və rəsmi nikaha daxil olmuşlar. Bu barədə onlara qanunvericiliyin tələbi ilə rəsmi qaydada Gəncə Regional 1 saylı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 558 saylı nikah haqqında şəhadətnamə verilmişdir. İddiaçının cavabdeh ilə birgə nikahlarından övladları olmamışdır. İddiaçının cavabdehlə xasiyyətlərinin tutuşmaması nəticəsində onunla bir yerdə yaşamağı baş tutmamış və aralarında olan ər-arvad münasibətləri faktiki kəsilmişdir. Belə ki, iş materiallarına əlavə etdikləri sübutlarla da müəyyən edilir ki, cavabdeh iddiaçını dəfələrlə fiziki şiddət uyğulayaraq döymüşdür. İddiaçının cavabdehlə barışmağı və birgə ailə həyatının davam etdirilməsi və ailənin qorunub saxlanması mümkün deyil. Cavabdeh iddiaçıya məxsus diplomu da özündə saxlayaraq qaytarmır. Bununla bağlı dəfələrlə ona və polisə müraciət edilsə də, hazırda cavabdeh diplomu qaytarmır. İddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri pozulduqdan sonra iddiaçıya məxsus geyim əşyası yəni, 1. ağ gödəkçə - 80 manat, 2. 5 ədəd ayaqqabı – 60 manat, 3. ev ayaqqabıları 3 ədəd – 15 manat, 4. don 5 ədəd (ziyafət üçün) – 80 manat, 5. koftalar 4 ədəd – 40 manat, 6. 5 ədəd şalvar – 35 manat, 7. qələmqabı – 15 manat, 8. dəftərlər 20 ədəd (48 vərəqli) – 0.60 manat, 9. kəmər qadın üçün 2 ədəd – 8 manat, 10. yükləyici (telefon üçün) – 7 manat, 11. namaz paltarı qadın üçün – 20 manat, 12. palto qadın üçün – 250 manat, cehiz əşyaları yəni, 1. mebel dəsti (yataq otağı üçün) – 1800 manat, 2. mebel dəsti qonaq otağı üçün – 3300 manat, 3. divan (üçkünc qonaq otağ üçün) – 1000 manat, 4. soyuducu (samsung) – 860 manat, 5. qaşıq – çəngəl – bıçaq dəsti (balaca qaşıq) 12 ədəd – 35 manat, 6. servis boşqablar dəsti – 120 manat, 7. qazan dəsti – 140 manat, 8. süpürgə ev üçün - 10 manat, 9. işıqlı elektrik çaynik – 35 manat, 10. 4 ədəd balınc – 15 manat, 11. 1 ədəd yataq örtüyü – 130 manat,

12. 2 ədəd yorğan sintepon – 30 manat 13. döşək – 30 manat, 14. 1 ədəd sırınma yun yorğan (2 nəfərlik, əl işi) – 100 manat 15. Yun ədyal – 30 manat 16. məhrəba dəsti – 30 manat 17. 2 dəst məhraba (əl-üz üçün) – 30 manat 18. 2 ədəd yorğan üzlüyü – 40 manat,

19. çilçıraq (qonaq otağı üçün) – 100 manat 20. qonaq otağı üçün iri qab dəsti – 230 manat, 21. 2 ədəd xalça - 85 manat, 22. 2 ayna üçün pərdə - 340 manat 23. çaynik və çaydan dəsti– 35 manat, 24. xrustal stəkan – 25 manat, 25. qızılı stəkan – 25 manat, 26. 3 ədəd balaca süfrə – 20 manat, 27. 1 ədəd iri süfrə – 70 manat, 28. üstünün klyonkası – 20 manat, 29. tozsoran – ütü - ət çəkən maşın – 340 manat 30. ütü masası – 60 manat, 31. qəhvəüyüdən – 30 manat, 32. qaşıq dəsti (kapron) – 30 manat, 33. bıçaq dəsti – 30 manat

34. 2 dənə padnus – 10 manat 35. 4 ədəd şirəli ləyən – 30 manat, 36. mikser – 40 manat

37. asılqan – 6 manat, 38. saç düzləşdirən fen – 20 manat, 39. tava iki ədəd – 35 manat,

40. ləyənlər sadə 4 ədəd – 20 manat, 41. düşbalan – 25 manat, 42. qədəh dəsti (servant üçün) – 80 manat, 43. nahar dəsti (servant üçün) – 140 manat, 44. stəkan dəsti (servant üçün) – 60 manat, 45. rumka dəsti (servant üçün) – 40 manat, 46. konfet qabı (servant üçün) – 60 manat, 47. gül qabı (servant üçün) – 70 manat, 48. xalat (hamam üçün) – 50 manat, ümumi dəyəri 11674 manat olan cehiz və geyim əşyalarını özündə saxlayaraq qaytarmamışdır. Bundan başqa cavabdeh iddiaçıya məxsus 1 ədəd qızıl komplekt qızıl dəsti (pandora) (sırğa, boyunbağı və üzük 583 əyyarlı) – 1200 manat dəyərində qızıl-zinət əşyalarını da özündə saxlayıb verməmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Gəncə Regional 1 saylı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış, bağlanması barədə 558 nömrəli akt qeydi ilə qeydə alınmış rəsmi nikahın pozulması, İddiaçı məxsus olan; dəyəri 80 manat olan ağ gödəkçə, hər birinin dəyəri 60 manat olan 3 ədəd ayaqqabı, hər birinin dəyəri 15 manat olan 2 ədəd ev ayaqqabıları, hər birinin dəyəri 80 manat olan 3 ədəd don, hər birinin dəyəri 40 manat olan 2 ədəd kofta, hər birinin dəyəri 35 manat olan 2 ədəd şalvar, dəyəri 15 manat olan qələmqabı, dəyəri 7 manat olan yükləyici (telefon üçün) və dəyəri 20 manat olan qadın üçün namaz paltarı, dəyəri 3300 manat olan mebel dəsti (qonaq otağı üçün), dəyəri 860 manat olan soyuducu (samsung), dəyəri 35 manat olan qaşıq – çəngəl – bıçaq dəsti (balaca qaşıq) 12 ədəd, dəyəri 120 manat olan servis boşqablar dəsti, dəyəri 140 manat olan qazan dəsti, dəyəri 10 manat olan süpürgə (ev üçün), dəyəri 35 manat olan işıqlı elektrik çayniki, hər birinin dəyəri 15 manat olan 4 ədəd balınc, dəyəri 130 manat olan 1 ədəd yataq örtüyü, hər birinin dəyəri 30 manat olan 2 ədəd yorğan (sintepon), dəyəri 30 manat olan döşək, dəyəri 100 manat olan 1 ədəd sırınma yun yorğan (2 nəfərlik, əl işi), dəyəri 30 manat olan yun adyal, dəyəri 30 manat olan məhrəba dəsti, hər birinin dəyəri 30 manat olan 2 dəst məhraba, hər birinin dəyəri 40 manat olan 2 ədəd yorğan üzlüyü, dəyəri 100 manat olan çilçıraq (qonaq otağı üçün), hər birinin dəyəri 85 manat olan 2 ədəd xalça, dəyəri 35 manat olan çaynik və çaydan dəsti, dəyəri 25 manat olan xrustal stəkan, dəyəri 25 manat olan qızılı stəkan, hər birinin dəyəri 20 manat olan 3 ədəd balaca süfrə, dəyəri 70 manat olan. 1 ədəd iri süfrə, dəyəri 20 manat olan süfrə üstünün klyonkası, cəmi dəyəri 340 manat olan tozsoran – ütü - ət çəkən maşın, dəyəri 60 manat olan ütü masası, dəyəri 30 manat olan. qəhvəüyüdən, dəyəri 30 manat olan qaşıq dəsti (kapron), dəyəri 30 manat olan bıçaq dəsti, hər birinin dəyəri 10 manat olan 2 ədəd padnos, hər birinin dəyəri 30 manat olan 4 ədəd şirəli ləyən, dəyəri 40 manat olan mikser, dəyəri 6 manat olan asılqan, dəyəri 20 manat olan saç düzləşdirən fen, dəyəri 35 manat olan iki ədəd tava, dəyəri 20 manat olan 4 ədəd sadə ləyənlər, dəyəri 25 manat olan düşbalan, dəyəri 80 manat olan qədəh dəsti (servant üçün), dəyəri 140 manat olan nahar dəsti (servant üçün), dəyəri 60 manat olan stəkan dəsti (servant üçün), dəyəri 40 manat olan rumka dəsti (servant üçün), dəyəri 60 manat olan konfet qabı (servant üçün), dəyəri 70 manat olan gül qabı (servant üçün), dəyəri 50 manat olan hamam üçün xalatdan ibarət olan əşyalar naturada, naturada alınması mümkün olmadığı halda, olmayan əşyaların dəyəri pulla Cavabdeh alınıb, İddiaçı verilməsi, əşya tələbinin qalan hissəsində iddia əsassız olduğundan təmin edilməməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 181 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 112 (bir yüz on iki) manat məbləğində pulun, Cavabdeh alınıb İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 600 manat məbləğində məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 372 (üç yüz yetmiş iki) manat məbləğində pul, Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi geyim əşyalarının mövcudluğu barədə öz izahatından başqa heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh və onun nümayəndəsi həmin hissədə iddianı qismən etiraf edərək, izahatlarında qeyd etmişlər ki, iddiaçının iddia etdiyi dəyəri 80 manat olan ağ gödəkçə, 3 ədəd ayaqqabı, 2 ədəd ev ayaqqabıları, 3 ədəd don, 2 ədəd kofta, 2 ədəd şalvar, qələmqabı, yükləyici (telefon üçün) və qadın üçün namaz paltarı mövcuddur və onların evindədir. Həmin hissədə iddiaya etiraz edilmir. İddia edilən qalan geyim əşyaları mövcud olmamışdır. Cavabdeh və onun nümayəndəsi cehiz əşyaları tələbi hissədə iddianı qismən etiraf edərək, izahatlarında qeyd etmişlər ki, iddiaçının iddia etdiyi mebellərin hamısı cavabdehin atasının pulu ilə alınıb, soyuducu alınsa da, pulunu ödəyə bilmədikləri üçün geri qaytarıblar, dəyəri 230 manat göstərilən qonaq otağı üçün iri qab dəsti və dəyəri 340 manat göstərilən ayna üçün pərdə iddiaçıya hədiyyə edilməyən əşyalardır. Cehiz əşyaları tələbinin qalan hissəsində iddianı mübahisələndirmirlər.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 62, 76, 77 və 195.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin “iddia tələbinin təmin edilməmiş” hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməmiş hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməmiş hissəsində gəldiyi nəticəni onunla əslandırmışdır ki, iş materiallarında olan Madeyra Mağaza № 639 tərəfindən verilmiş arayışdan görünür ki, X6 24 mart 2024-cü il tarixdə 1800 manat məbləğində olan yataq dəsti və 1100 manat məbləğində divan dəsti almışdır. Həmin məbləği X2 hesabından Goranboyda yerləşən Madeyra mağazasının satıcısının kart hesabına atmışdır. Buna baxmayaraq, birinci məhkəmə instansiyasında Cavabdeh nümayəndəsi (anası) 2900 manat ödədiyi halda, böhtan ataraq Goran mebel mağazalarından (iki mağazadan) alınmış qonaq dəstlərini də, onların aldığını iddia etmişdir. Lakin şahid Vəliyeva Mahirə (iddiaçını bibisi) qonaq dəstlərinin nağd pul ödəyərək aldığını demişdir. Alınan 4 dəst mebelin hamısına birlikdə 6000 mindən artıq pul ödənildiyi halda, 2900 ödəməklə hamısını özündə saxlamaq böhtanına hakim münasibət bildirməmişdir. Goranboydakı Mebel mağazasından razılaşma yolu ilə alınan divan və yataq dəsti mebel ilə bağlı aşağıdakıları bildirmişdir. İddiaçının atası, anası, özü və bibisi həmin mebelləri Gəncə şəhərində sovxoz Nizamidə yerləşən Madera mebeldən bəyənib, Türkan adlı satıcıdan almaq üçün razılaşmışdır. İddiaçı mebellərin şəklini çəkib nişanlısına göndərmiş, lakin Cavabdeh bildirmişdir ki, Goranboyda Madera mebelin filialında onların qohumları işləyir, ordan alaq. İddiaçının ailəsi bundan narazı qalsa da, təklifi qəbul etmişlər. xx.xx.2024-cü il tarixdə iddiaçının bibisi Mahirə Vəliyeva ilə Cavabdeh əvvəl Goran mebelləri gəzib oradan qonaq dəsti və stol dəstinin pulu Mahirə Vəliyeva tərəfindən nəqd ödənilərək, oradan da, Goranboydakı Madera mağazasına getmişlər. Orada iddiaçının bibisini mağazanın əməkdaşı Mehman Əliyev adlı şəxs müşayət edərək salonu gəzdirmiş, bundan sonra yataq və divan dəstinə 3065 manat pul hesablanmışdır. Daha sonra iddiaçının bibisi özündə qalan 600 man pulun 200 manatını beh vermiş, sənədləşdirmək üçün kimliyini verib, qalanını isə 25-30 mayda ödəyəcəyi öhdəliyini götürmüşdür. İddiaçının bibisi Mahirə Vəliyeva qalan 400 manata qayıdanda Goranda gəzmədikləri mağazaya baxıb, jurnal stolu almaq üçün saxlamış, lakin səhhəti normal olmayan M.Vəliyeva qayıdanda daha gəzə bilmədiyini bildirib, birbaşa evində onları gözləyən bacısı Rahilə Vəliyevanı da, götürüb, bəyin evinə gəlmişlər. Maşından düşəndə iddiaçının bibisi Mahirə Vəliyeva bacısı Rahilənin iştirakı ilə cibində qalan 400 manatı Fuada verərək bildirmişdir ki, sabah Maderadan mebel gələndə, mən burda olmayacam, bu pulu Maderanın nümayəndəsinə versin. 600 manat ödəmiş sayılaq. Lakin Cavabdeh 400 manatı həmin mağazaya ödəməmişdir. Daha sonrada iddiaçının atası xx.xx.2024-cü il tarixdə maşınını satmış və pulu Cavabdeh vermişdir ki, mağazanın borcunu qaytarsın, o isə düşünülmüş şəkildə ödənişi mağaza ilə razılaşılmış müddətdən bir həftə qabaq kart vasitəsi ilə etmiş və hazırda da, həmin qəbzləri təqdim edərək guya mebellərin onun tərəfindən alınması qeyd olunmuşdur. İddiaçının atası ailə üzvlərinin hamısının yanında 2600 manat pulu kürəkəni Fuada vermişdir. Birinci instansiya məhkəməsində yuxarıda qeyd olunan hallar iddiaçıya məlum olmuş və bundan sonra bu işlərə aydınlıq gətirmək üçün iddiaçı Goranboy rayonundakı Madera mebel mağazasına getmiş və arayış verilmişdir ki, həqiqətəndə mebeli alan, beh verən və qalan pulu ödəyəcəyinə öhdəlik götürən iddiaçının bibisi Mahirə Vəliyevadır. Belə ki, arayışda qeyd edilmişdir ki, həqiqətən o, qardaşı qızına Goranboy rayonunda yerləşən Madera Mebeldən xx.xx.2024-il tarixdə cehiz olaraq bir yataq dəsti (qiyməti 1965 man.+ və bir ədəd endirimdə olan künc divan qiyməti- 1100 man, cəmi - 3065 manat) və bir ədəd künc divan almaq üçün onu müşayət edən, mağazanın almaq üçün onu müşayət edən, mağazanın əməkdaşı Mehman Əliyevə 200 manat beh və kimliyini qeydiyyata almaq üçün verərək, pulun qalanını isə razılaşma əsasında aprel ayının 25-30-da ödəyəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi, hazırki apellyasiya şikayətinə əlavə etdikləri arayışdan da, müəyyən etmək olar ki, həmin əşyaları Madeyra Mağazasından iddiaçının bibisi X5 almışdır. Həmin əşyaları almağa gedən zaman onunla bir yerdə Cavabdeh də, getmişdir. Cavabdehdə həmin pulu mağazaya nağd qaydada vermək əvəzinə kart vasitəsi ilə göndərmiş, bunu isə gizlətmişdir. Həmin vəziyyətdən də, istifadə edərək məhkəmədə mebellərin onlar tərəfindən alındığını bildirmişlər. Bundan başqa, birinci instansiya məhkəməsinə 2 ayna üçün pərdə ilə bağlı sübut təqdim etmişlər, lakin iddia tələbini həmin hissədə də, təmin etməmişdir. Bununla bağlı apellyasiya şikayətinə sübutu əlavə edirlər. Həmçinin, qızıla münasibətdə də qeyd edirlər ki, bununla da bağlı fotoşəkillər və video görüntüləri iddia ərizələrinə əlavə etmişlər. Həmin qızılların sırqası novruz bayramında qız evində təşkil olunmuş ziyafətdə, sepi orucluq bayramındakı ziyafətdə, üzüyü isə xx.xx.2024-də qızın ad günündə hədiyyə olunmuşdur. İddiaçı özü də, məhkəmə iclasında hansı qızılları özü ilə aparmışdırsa bildirmişdir. Yəni iddiaçı başqa qızıllarda tələb etsəydi bununla bağlı da, iddia qaldırardı. İddiaçı yalnız bir qızılı tələb edir, hansı ki, həmin qızıl cavabdehdədir və bununla da, bağlı sübutlar iş materiallarında mövcuddur.

10. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə nişanlandıqdan qısa müddət sonra xx.xx.2024-cü ildə el adəti ilə toyları olmuş və ailə qurmuşlar. Gəlin kimi atasına məxsus olan və valideynlərinin yaşadığı Gəncə şəhəri Z.Hacıyev küçəsi bina 20, mənzil 4-ə köçmüşlər. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yaşamaq üçün bütün geyim əşyalarını götürərək getmişlər. Orada ev tutaraq kirayədə qalmışlar. Gəncə şəhərində ASAN xidmət mərkəzində nikah qeydiyyatından keçmək üçün gün aldıqları 22 may 2024-cü il tarixdə təkrar Gəncə şəhərinə qayıtmışlar. xx.xx.2024-cü il tarixdə ASAN xidmət mərkəzində rəsmi nikah qeydiyyatından keçmişlər. Səhəri gün, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində iddiaçının iş yerinə, yəni Şəmkir rayonun İrmaşlı kənd ərazisində yerləşən 2 saylı orta məktəbdə işləmək məqsədi ilə aparıb qoyaraq təkrar Gəncə şəhərinə qayıtmışlar. Həmin gün saat 11 radələrində onların evinə Gəncə şəhər polisindən zəng gəlmişdir və bildirilmişdir ki, ondan şikayət var. O, ərazi üzrə polis şöbəsinə gedib haqqında olan şikayətlə maraqlananda ona bildirilmişlər ki, guya İddiaçı döymüşdür. Araşdırılma zamanı İddiaçı şikayətinin əsassız olduğu müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan alınıb cavabdehə verilməli olan əşyalarla bağlı bildirmək istəyir ki, İddiaçı məxsus o qədər geyim əşyaları olmamışdır. Ona məxsus olan geyim əşyaları isə qətnamədə göstərilən məbləğdə olmamışdır. İddiaçının və onun anasının maddi imkanı olmadığından ona mebel alınmamışdır. Atası öz maddi vəsaiti hesabına iki dəfə ödəmək şərti ilə Goranboy rayonu ərazisində olan mebel mağazasından İlkin adlı şəxsdən mebel almışdır. Məhkəməyə 1800 manat məbləğində yataq dəsti, 1100 manat dəyərində divan dəsti və 1540 manat dəyərində qonaq otağı mebeli dəsti alınması ilə bağlı qəbzlər təqdim etmişdir. Məhkəmə 3300 manat dəyərində qonaq otağı mebelinin iddiaçı tərəfindən alınmasına dair heç bir sübut qarşı tərəfdən tələb etməmişdir. Onlar tərəfindən mebelin alınması ilə ödəniş qəbzinin təqdim edilməsi bu halın iddiaçı üçün də, keçərli olduğunu göstərir. İddiaçı ya mebeli aldığı mağazadan şahid gətirə bilərdi, ya da hər hansısa bir qəbz alıb gətirə bilərdi. Məhkəmədə iddianın bu hissəsinin təmin edilməsi üçün yalnız iddiaçının qohumunun 200 manat və 400 manat maddi yardım etdiyini bildirən ifadəsinə istinad etsə də, lakin məhkəmənin qətnaməsində 3300 manat dəyərində qonaq otağı üçün mebelin dəyərini və onun iddiaçıya məxsus olmasını hansı əsasla müəyyən etdiyi bəlli deyil. Bu barədə video diskə baxış keçirilərsə, sözlərinin həqiqiliyi təsdiq olunar. Soyuducu ilə bağlı bildirmək istəyir ki, soyuducu üçün alınmış pulu ödəməyə iddiaçının anasının imkanı olmadığından həmin soyuducu geri qaytarılmışdır. Məhkəmə isə yalnız xx.xx.2024-cü il tarixli ilkin qəbzə əsaslanmaqla kifayətlənmişdir, soyuducunun qaytarılıb qaytarılmaması ilə bağlı cavabdeh tərəfin, yəni onların verdiyi izahatın həqiqiliyini araşdırmamışdır. İddiaçı tərəfindən xalça gətirilməmişdir. Xalçanın biri onun anası tərəfindən toy hədiyyəsi kimi alınmış, digəri isə anasının özünə məxsus olan xalça olmuşdur ki, evin yaxşı görünməsi üçün evə bəzədilmişdir. İddiaçı tərəfindən dəyəri 120 manat olan servis boşqablar dəsti, 140 manatlıq qazan dəsti, 35 manat dəyərində işıqlı elektrik çayniki, 15 manat 2 ədəd balınc, 130 manatlıq 1 ədəd yataq örtüyü, 30 manatlıq məhrəba, 100 manatlıq qonaq otağı üçün çilçıraq, 230 manatlıq qonaq otağı üçün iri qab dəsti, 85 manatlıq 2 ədəd xalça, 340 manatlıq 2 ayna üçün pərdə, 340 manat dəyərində tozsoran, ütü və ətçəkən maşınları, 60 manat dəyərində ütü stolu, 30 manat dəyərində qəhvə üyüdən, 6 manar dəyərində alışqan, 35 manat dəyərində 2 ədəd tava, 20 manat dəyərində 4 ədəd sadə ləyənlər, 140 manat dəyərində nahar dəsti, 60 manat dəyərində stəkan dəsti, 30 manat dəyərində qaşıq dəsti (kapron) olmayıb, həmin əşyalar iddia tərəfindən cehiz kimi gətirilməyibdir. Məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə iddianın bir hissəsinin təmin edilməsi zamanı 3300 manat dəyərində qonaq otağının hansı sübutla iddiaçıya məxsus olmasını, onun dəyərinin haradan əldə edilməsini əsaslandırmadan bu qənaətə gəlmişdir. Yuxarıda da, qeyd etdiyi kimi şahid 200 və 400 manat yardım etdiyini bildirmişdir. Məhkəmənin gedişini əks etdirən video yazıya baxmaqla dediklərinin həqiqət olduğunu görmək mümkündür. Soyuducu ilə bağlı bildirmək istəyir ki, soyuducu üçün alınmış pulu ödəməyə iddiaçının anasının imkanı olmadığından həmin soyuducu geri qaytarılmışdır. Məhkəmə isə yalnız xx.xx.2024-cü il tarixli ilkin qəbzə əsaslanmaqla kifayətlənmişdir, soyuducunun qaytarılıb-qaytarılmaması ilə bağlı onun verdiyi izahatın həqiqiliyini araşdırmamışdır. Məhkəmə 3300 manat dəyərində qonaq otağı mebelinin ümumiyyətlə mövcud olub-olmaması, iddiaçı tərəfindən alınmasına dair heç bir sübut qarşı tərəfdən tələb etməmişdir. Onlar tərəfindən mebelin alınması ilə bağlı ödəniş qəbzinin tələb edilməsi bu halın iddiaçı üçün də keçərli olduğunu göstərir. Məhkəməyə şahid qismində evi bəzəyən şəxsləri, mebel daşıyan avtomaşını gətirə bilərdi. Məhkəməyə təqdim etdikləri qəbzlərdəki məbləğləri yanlış qeyd etməklə qarşı tərəfin xeyrinə təhrif etmişdir. Məhkəməyə 2000 manat və 1545 manat dəyərində qəbzlər təqdim etmişdir və məhkəmədə bildirmişdir ki, 900 manat pulu isə nağd qaydada mebel üçün atası tərəfindən verilmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mebeli almağa bibisi və cavabdeh gəlmişdir. Mebel 6100 manata danışılmışdı, 200 manat beh vermişdir. Toydan sonra bibisi və atası mebelin pulunu yarıbayarı ödəmişlər. Pərdəni almağına dair qəbzi vardır. Qızıl-zinət əşyaları yataq otağında mücrünün içərisində olmuşdur. Cavabdehin borcları üstündə evdə dava olmuşdur. Əri demişdir ki, borcunu bibisindən tələb edəcəkdir. 2600 manatı atası Fuada toydan 8 gün sonra vermişdir. Bibisi də, yerdə qalan pulları əlbəəl Fuada vermişdir. Çünki mağaza cavabdehin tanışı idi.

14. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə iddiaçının apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı özü işləyir, evin də, tək qızıdır. Bibisi cehizləri alıb vermişdir. Yəni iddiaçının cehiz aparmaması inandırıcı deyildir.

15. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (anası) X4 cavabdehin apellyasiya şikayətini müdafiə, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək, cavabdehin şikayəti ilə oxşar məzmunlu izahat vermiş və cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı qab-qacaq gətirmişdir. Pərdə gətirməmişdir. Ev ona məxsus olduğu üçün 15 mart 2024-cü il tarixdə pərdəni özü almışdır. Pərdənin ölçüsünü ölçüb aparmışdır. İki pərdəyə 220 manat vermişlər. Cehiz gəlmədiyi üçün heç kəs ev bəzəməyə gəlməmişdir. İddiaçı bir ədəd döşək gətirmişdir. Soyuducu gətirmişdir, ancaq pulunu ödəyə bilmədiyi üçün geri aparmışlar. Markası yanlış xatırlamırsa, Samsung olmuşdur. Pərdəni Elit mağazasından alıb özü tikmişdir. Goranboy rayonunda Madeyra mağazasından mebelləri kredit kartı ilə almışlar. O, iddiaçıya “pandora” almamışdır. Mebeli öz evinə almışdır. Pərdə öz evinin pərdəsidir.

16. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, anası olan nümayəndəsi vasitəsi ilə məhkəmə iclasında təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə 225.2. nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

20. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

21. Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

22. 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

31. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, iddia tələbinin təmin edilməmiş hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilmiş hissəsin mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 4849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, iddia tələbinin təmin edilməmiş 340 manat dəyərində iki ədəd pərdənin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

38. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024cü ildə el adəti ilə toyları olmuş və ailə qurmuşlar. İddiaçı gəlin kimi cavabdehin atasına məxsus olan və valideynlərinin yaşadığı Gəncə şəhəri Z.Hacıyev küçəsi bina 20, mənzil 4ə köçmüşlər. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yaşamaq üçün bütün geyim əşyalarını götürərək getmişlər. Orada ev tutaraq kirayədə qalmışlar. Gəncə şəhərində ASAN xidmət mərkəzində nikah qeydiyyatından keçmək üçün gün aldıqları 22 may 2024cü il tarixdə təkrar Gəncə şəhərinə qayıtmışlar. xx.xx.2024-cü il tarixdə ASAN xidmət mərkəzində rəsmi nikah qeydiyyatından keçmişlər. Bu barədə onlara qanunvericiliyin tələbi ilə rəsmi qaydada Gəncə Regional 1 saylı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 558 saylı nikah haqqında şəhadətnamə verilmişdir. İddiaçının cavabdeh ilə birgə nikahlarından övladları olmamışdır. İddiaçının cavabdehlə xasiyyətlərinin tutuşmaması nəticəsində onunla bir yerdə yaşamağı baş tutmamış və aralarında olan ər-arvad münasibətləri faktiki kəsilmişdir. İddiaçı ona məxsus qızıl zinyət əşyası və cehiz əşyalarının cavabdehdə qalmasını bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

39. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlillərini qismən, yəni 340 manat dəyərində 2 ayna üçün pərdənin alınıb-verilməsi hissəsində əsaslı hesab edərək qeyd edir ki, iddaiçı apellyasiya şikayətində qeyd edir ki, tərəflər Madera Mebeldən xx.xx.2024-il tarixdə cehiz olaraq bir yataq dəsti (qiyməti 1965 man.+ və bir ədəd endirimdə olan künc divan qiyməti- 1100 man, cəmi - 3065 manat) seçmişlər, bibisi 200 manat beh vermiş, 400 manat cavabdehə vermiş, qalan pulu isə atası ilə bibisi yarıbayarı qoyaraq cavabdehə vermişlər. Cavabdeh isə düşünülmüş şəkildə ödənişi mağaza ilə razılaşılmış müddətdən bir həftə qabaq kart vasitəsi ilə etmiş və hazırda da, həmin qəbzləri təqdim edərək guya mebellərin onun tərəfindən alınması qeyd olunmuşdur. Məhkəmə kollegiyasi apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, tərəflərin izahatı ilə müəyyən olunur ki, Madera Mebeldən xx.xx.2024-il tarixdə cehiz olaraq alınmış yataq dəstinə görə pulu cavabdeh kart vasitəsilə ödəmişdir. İddiaçı isə həmin mebelin pulunun nağf şəkildə atası və bibisi tərrəfindən cavabdehə ödənildiyini qeyd edir ki, müvafiq olaraq atası və bibisi həmin pul tələbi ilə bağlı cavabdehə qarşı iddia qaldırmaq hüququna malikdirlər. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.

40. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin 1 ədəd qızıl komplekt qızıl dəstinə dair (pandora) (sırğa, boyunbağı və üzük 583 əyyarlı) dəlili ilə bağlı qeyd edir ki, apellyaisya şikayətində qeyd edilir ki, qızılla bağlı fotoşəkillər və video görüntüləri iddia ərizələrinə əlavə etmişlər. Həmin qızılların sırqası novruz bayramında qız evində təşkil olunmuş ziyafətdə, sepi orucluq bayramındakı ziyafətdə, üzüyü isə xx.xx.2024-də qızın ad günündə hədiyyə olunmuşdur. İddiaçı özü də, məhkəmə iclasında hansı qızılları özü ilə aparmışdırsa bildirmişdir. Yəni iddiaçı başqa qızılları da, tələb etsəydi bununla bağlı da, iddia qaldırardı. İddiaçı yalnız bir qızılı tələb edir, hansı ki, həmin qızıl cavabdehdədir və bununla da, bağlı sübutlar iş materiallarında mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin qızılların ona hədiyyə edilməsi və evdən gedərkən ona hər hansı təzyiqin və təsirin törədilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının ona məxsus qızılın cacvabdehdə qalması ilə bağlı dəlilini inandırıcı hesab etmir.

41. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəyəri 340 manat göstərilən 2 ayna üçün pərdəyə dair dəlili ilə bağlı qeyd edir ki, həmin hissədə kollegiya apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin pərdələri əvvəlcə özü aldığını qeyd etsə də, sonradan izahatında pərdəni özü tikdiyini qeyd etmişdir. Biu baxımdan məhkəmə cavabdehin dəyəri 340 manat göstərilən 2 ayna üçün pərdə ilə bağlı izahatını inandırıcı hesab etmir və o qənaətə gəlir ki, həmin hissədə iddiaçının tələbi haqlı olmaqla iş materialları ilə təsdiqini tapmışdır. Odur ki, həmin hissədə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir.

40. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin nümayəndəsi iddianı qismən etiraf edərək, izahatında qeyd etmişdir ki, iddia edilən qalan geyim əşyaları mövcud olmamışdır. Cavabdeh və onun nümayəndəsi cehiz əşaları tələbi hissədə iddianı qismən etiraf edərək, izahatlarında qeyd etmişlər ki, iddiaçının iddia etdiyi mebellərin hamısı cavabdehin atasının pulu ilə alınıb, soyuducu alınsa da, pulunu ödəyə bilmədikləri üçün geri qaytarıblar, dəyəri 230 manat göstərilən qonaq otağı üçün iri qab dəsti və dəyəri 340 manat göstərilən ayna üçün pərdə iddiaçıya hədiyyə edilməyən əşyalardır. Cehiz əşyaları tələbinin qalan hissəsində iddianı mübahisələndirmirlər.

43. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, İddiaçı məxsus o qədər geyim əşyaları olmamışdır. Ona məxsus olan geyim əşyaları isə qətnamədə göstərilən məbləğdə olmamışdır. İddiaçının və onun anasının maddi imkanı olmadığından ona mebel alınmamışdır. Atası öz maddi vəsaiti hesabına iki dəfə ödəmək şərti ilə Goranboy rayonu ərazisində olan mebel mağazasından İlkin adlı şəxsdən mebel almışdır. Məhkəməyə 1800 manat məbləğində yataq dəsti, 1100 manat dəyərində divan dəsti və 1540 manat dəyərində qonaq otağı mebeli dəsti alınması ilə bağlı qəbzlər təqdim etmişdir. Məhkəmə 3300 manat dəyərində qonaq otağı mebelinin iddiaçı tərəfindən alınmasına dair heç bir sübut qarşı tərəfdən tələb etməmişdir. Məhkəmə kollegiyasi qeyd edir ki, cavanbdeh apellyasiya şikayətində göstərdiyi halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Geyim əşyaları ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh şikayətində bir tərəfdən geyim əşyaların olmamasını qeyd edir, digər tərəfdən isə geyim əşyalarının həmin qiymətə olmadığını qeyd edir. 3300 manat dəyərində qonaq otağı mebeli ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavbabdeh apellyasiya şikayətində iddiaçının həmin mebelin alınması ilə sübutlar tıqdim edə bilmədiyini qeyd etmişdir. Lakin bununla bərabər özü də, həmin mebelin alınması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, kollebgiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyası tərəfindən aparılmış tədqiqatın nəticəsində birinci instansiya məhkəməsinin qətnaməsidə iddiaçıya məxsus iki ədəd ayna üçün nəzərdə tutulmuş, 340 manat dəyərində olan pərdənin cavabdehdən alınıb ona verilməməsi hissəsində haqlı olmamışdır. Odur ki, həmin hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qalan hissəsdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, iddia tələbinin təmin edilməmiş 340 manat dəyərində iki ədəd pərdənin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh iki ədəd ayna üçün nəzərdə tutulmuş pərdə, olmadıqda isə 340 manat dəyəri alınıb İddiaçı verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar