Məhkəmə qərarları › İş №2(104)-721/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-721/2023

03.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-721/2023 03.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı vəkili X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi ilə təsdiq olunmuş barışıq sazişi əsasında müəyyən edilmiş alimentin məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(125)-2860/22 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi ilə təsdiq olunmuş barışıq sazişi əsasında müəyyən edilmiş alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 2(125)-2384/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 300 (üç yüz) manat məbləğində alimentin azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 19 dekabr 2018-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində nikahlarını qeydə aldırmışlar. İddiaçı və Cavabdeh birgə nikahından 24 sentyabr 2019-cu il tarixdə X6 anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-416/2022 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Onun tərəfindən mediasiya müraciət edilmiş və 23 aprel 2022-ci il tarixdə Cavabdeh ilə barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən tərəflər X1 üçün 25 aprel 2022-ci il tarixdən başlayaraq hər ayın 25-30 tarixlərində 300 manat məbləğində alimentin ödənilməsində razılığa gəlmişlər. Lakin, gəlirləri barışıq sazişinin bağlandığı vaxtla müqayisədə xeyli azaldığından, iddiaçı sazişlə müəyyən edilmiş öhdəliyin icrasında çətinlik yaranmışdır. Bu səbəbdən cavabdeh barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və ərizənin təmin edilməsinə dair 2(125)- 2384/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Barışıq sazişi imzalanan vaxtda İddiaçı əmək haqqı yüksək olsa da 19 iyul 2022-ci il tarixdən azalmış və o alimentin ödənilməsində çətinlik çəkməyə başlamışdır. Bundan başqa, onun himayəsində birinci nikahından 01 mart 2004-cü il təvəllüdlü X7 və 20 may 2008-ci il təvəllüdlü X5 vardır. İlk ailəsindən olan uşaqlarının anası vəfat etmiş və uşaqların bütün maddi xərcləri onun öhdəliyindədir. Həmçinin birinci nikahından anadan olan X7 ilə 18 mart 2022-ci il tarixdə barışıq sazişi imzalamış və sazişə əsasən oğlu ali təhsili, həmçinin magistr pilləsini bitirənədək 2022-ci ilin aprel ayından başlayaraq hər ayın 01-10-dək 300 manat sabit pul məbləğində alimentin ödənilməsini və 2022-ci ildən başlayaraq ildə bir dəfə universitetin yataqxana xərclərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Buna görə də X1 üçün müəyyən edilmiş aliment miqdarının azaldılmasında zərurət yaranmışdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(125)-2860/22 saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış və Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(125)-2384/2022 saylı qətnaməsi ilə təsdiq edilmiş 25 aprel 2022ci il tarixli MŞG/00742 nömrəli barışıq sazişinə əsasən tutulması müəyyən olunan alimentin miqdarının dəyişdirilməsi, İddiaçı 24 sentyabr 2019-cü il tarixdə anadan olmuş X2 üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşdə olan sübutlar: 09 sentyabr 2022-ci il tarixli 05/Q-1715/70 nömrəli arayışdan görünür ki, X6 24 sentyabr 2019-cu il tarixdə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası isə Cavabdehdır. Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(125)-416/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuşdur. 25 aprel 2022-ci il tarixli, MŞG/00742 saylı barışıq sazişinin surətindən görünür ki, 24 sentyabr 2019-cu il tarixdə anadan olmuş X1 üçün 25 aprel 2022-ci il tarixdən başlayaraq hər ayın 25-30 tarixlərində 300 manat məbləğində alimentin ödənilməsini İddiaçı öz üzərinə götürmüşdür. 18 mart 2022-ci il tarixli, MŞİH/16192 saylı barışıq sazişinin surətindən görünür ki, X7 ali təhsili və həmçinin maqistr pilləsini bitirənədək 2022-ci ilin aprel ayından başlayaraq hər ayın 01-10-dək 300 (üç yüz) manat sabit pul məbləğində alimentin ödənilməsini və 2022-ci ildən başlayaraq ildə bir dəfə universitetin yataqxana xərclərinin ödənilməsini İddiaçı öz öhdəsinə götürmüşdür. Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)-2384/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 25 aprel 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 18 iyul 2022-ci il tarixli, 72029ş/h-001-22 nömrəli əmrindən görünür ki, polis kapitanı İddiaçı 19 iyul 2022-ci il tarixdən Gəncə şəhər BPİ-nin Post-patrul xidməti taborunun komandir müavini-Qərargah rəisi vəzifəsindən azad edilərək, həmin Baş İdarənin İctimai təhlükəsizlik idarəsinin Postpatrul xidmətinin təşkili qrupunun inspektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2022-ci il tarixli, 120-33994-122 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Post Patrul Xidmətinin təşkili qrupunun inspektoru, polis kapitanı İddiaçı aylıq əmək haqqı 941 manat 35 qəpik, vergilər çıxıldıqdan sonra 846 manat 70 qəpik təşkil edir. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin vətəndaş Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli, 1/3-10512 nömrəli məktubdan görünür ki, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə qəbul olunması barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh yaş göstəriciləri Azərbaycan Respublikası daxili işlər nazirinin “Daxili Qoşunlarda vakant vəziflələrin komplektləşdirilməsi ilə bağlı əlavə tədbirlərə dair” göstərişinin tələblərinə uyğun gəlmədiyindən onun yenidən Daxili Qoşunlarda həqiqi hərbi xidmətə qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir. Apellyasiya instansiyasında icraat: Apellyasiya şikayətinin dəlilləri. Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(125)-2860/22 saylı qətnaməsindən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və bir uşağa görə sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun birinci nikahından 2 övladının olmasının, həmin uşaqların anasının vəfat etməsi səbəbindən onları təkbaşına böyütməsini, uşaqların mənafeyini nəzərə almamışdır. xx.xx.2004-cü il təvəllüdlü oğlu Ayxan hazırda Turkiyə Respublikasında təhsil alır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı onların gəlirləri, digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, özünün saxlanması üçün minimum tələbatını ödəyə bilməsi və s. hallar müəyyən edilməlidir. Məhkəmə diqqətəlayiq halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin əmək haqqı barədə işin hallarını araşdırmamış, bu barədə iddiaçı tərəfindən də sübut təqdim edilməmişdır. Belə ki, valideynin hər ikisi uşağın xərclərinin qarşılanmasında iştirak etməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, sazişə əsasən tərəflər X1 üçün 300 manat məbləğində alimentin ödənilməsində razılığa gəlmişlər. Lakin, iddiaçının gəlirləri barışıq sazişinin bağlandığı vaxta müqayisədə xeyli azalmışdır. Belə ki, əvvəl 1000 manat ətrafında əmək haqqı alsa da, hazırda 800 manat ətrafında əmək haqqı alır. Buna görə də iddiaçı sazişlə müəyyən edilmiş öhdəliyin icrasında çətinlik yaranmışdır. Bundan başqa onun himayəsində birinci nikahından 01 mart 2004-cü il təvəllüdlü X7 və 20 may 2008-ci il təvəllüdlü X5 vardır. X7 ali təhsil almaqla xərcləri də iddiaçının üzərindədir. Məhkəmə isə iddiaçının gəlirinin azalmasını nəzərə almamışdır. Məhkəmənin suallarına cavabında isə bildrimişdir ki, iddiaçının başqa gəliri yoxdur. Onun gəliri yalnız aldığı 846 manat əmək haqqından ibarətdir. İddiaçı 180 manat sabit pul məbləğində aliment ödəyə bilər. İddiaçının atasının 1300 manat təqaüd alması ilə bağlı isə işdə sübut mövcud deyildir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının atası ilə birlikdə yaşayır ki, atası 1300 manat təqaüd almaqla oğluna maddi köməklik edir. O, isə hazırda heç bir yerdə işləmir. Bundan başqa iddiaçı ilə ailə qurmasına görə onun təklifi ilə işdən çıxmış, nikah pozulduqdan sonra əvvəlki işinə bərpa olunmaq istəsə də mümkün olmamışdır. Bu barədə müvafiq məktubu məhkəməyə təqdim etmişdir. Sabit pul məbləğində alimentin tutulması ilə razı deyildir. Belə ki, iddiaçı təxminən sabit pul məbləğində 200 manat alimentin tutulmasına razıdır. Əmək haqqının dörddə biri də 210 manat təşkil edir. Belə çıxır ki, iddiaçının gəlirləri daha çoxsur. Əks halda iddiaçı alimentin gəlirinin dörddə biri ilə tutulmasına etiraz etməzdi. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarı: Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı işinin dəyişməsi ilə əlaqədar gəlirlərinin kəskin şəkildə azaldığını iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sübuta əsasən onun hazırda 846 manat əmək haqqı alması müəyyən edilməkdədir. Lakin, iddiaçı əvvəlki əmək haqqısının nə qədər olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir ki, bununla da iddiaçının gəlirlərinin konkret olaraq hansı həcmdə azalmasını müəyyən etmək mümkün olmamışdır. Hərçənd ki, iddiaçı barışıq sazişinə əsasən təsdiq edilmiş aliment məbləğinin yarıya qədər azaldılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində isə cavabdeh iddianı qismən qəbul edərək, alimentin iddiaçının gəlirlərinin dörddə biri həddində müəyyən edilməsinə razı olduğunu bildirdiyindən məhkəmə də cavabdehin iddianı qəbul etdiyi həcmdə alimenti müəyyən etmişdir ki, bununla da alimentin məbləği sazişlə müəyyən edilmiş 300 manatlıq məbləğə münasibətdə azalmışdır. Belə ki, iş materiallarında olan iddiaçının əmək haqqısna dair arayışdan görünür ki, iddiaçı 846 manat əmək haqqı almaqdadır. Həmin məbləğin dörddə biri isə təxminən 210 manat təşkil edir ki, bu da sazişlə müəyyən edilmiş aliment məbləğinin 90 manat azalması anlamına gəlmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf 180 manat sabit pul məbləğində aliement ödəməyə razı olduğunu bildirmişdir ki, iddiaçının əmək haqqısnın dörddə birinin isə təxminən 210 manat olması nəzərə alındıqda, aradakı fərq məbləği 30 manat təşkil edir. Buna müvafiq olaraq da məhkəmə kollegiyası iddiaçının aylıq 30 manat pul məbləğinə görə digər övladları qarşısında olan öhdəliyini yerinə yetirə bilməməsi ilə bağlı dəlillərini də ağlabatan və inandırıcı olmamaqla, əsasız hesab etmişdir. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə uşaqlar üçün müəyyən edilmiş 220 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Digər tərəfədən məhkəmə iclasında cavabdehin işləməsi və hər hansı bir gəlirə malik olması da müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında isə qeyd olunmuşdur ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, aplelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(125)- 2860/22 saylı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(125)-2860/22 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(125)-2860/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar