Məhkəmə qərarları › İş №2(104)-745/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-745/2025

20.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-745/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(062)-443/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(062)-443/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsi İddiaçı məxsus torpaq sahəsinin 2336 kv.m hissəsi üzrə etibarsız hesab edilməsi, 10.426 manat məbləğində pul və 136 manat məbləğində dövlət rüsumu Cavabdeh1ndən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, eləcədə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(062)-443/2023 nömrəli qərardadı ilə həmin məhkəmənin 25 iyul 2023-cü il tarixli 2(062)-443/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, Apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(062)-443/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh1 Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(062)- 443/2023 nömrəli qərardadından şikayət vermiş, Tovuz Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(062)-443/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və kompensasiya tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(062)-443/2023 saylı qərardadından iş üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət üzürlü hesab edilərək bərpa edilməsi; Mülki işin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 266-cı maddəsinə əsasən, məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda da qeyd olunduğu kimi Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(062)-443/2023 saylı qərardadından iş üzrə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət həmin məhkəmənin 15 yanvar 2025-ci il tarixli 2(062)-443/2023 nömrəli qərardadı ilə üzürlü hesab edilərək bərpa edilmişdir. Belə olan təqdirdə həmin şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıydı. Çünki, mülki prosessual qanunvericiliyə görə, qərardaddan verilmiş şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Birinci instansiya məhkəməsi şikayətə baxılmasının nəticəsi kimi: qərardadın dəyişdirilməsi haqqında, qərardadın ləğv edilməsi haqqında və ya şikayətin təmin edilməməsi haqqında qərardad çıxara bilər. Şikayəti əsaslı hesab edən hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qərardad çıxardıqdan sonra mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi sonuncu qərardaddan şikayət verilib-verilməməsindən asılıdır. İşdə iştirak edən şəxs bu qərardaddan şikayət verdikdə hakim mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini deyil, həmin şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsində göstərilən qaydada baxılmasını təmin etməlidir. Şikayətə baxılmasının nəticəsi kimi qərardad ləğv edilmədikdə və ya qərardad dəyişdirilmədikdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qərardaddan verilən şikayətin təmin olunmaması haqqında birinci instansiya məhkəməsinin qərardadından şikayət verilə bilməz. Çünki bu qərardad çıxarıldıqdan sonra 7 gün müddətində iş apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda qərardaddan verilən şikayətin təmin olunmaması haqqında birinci instansiya məhkəməsinin qərardadından şikayət verilməsinə ehtiyac qalmır. Şikayətdən imtina olunduqda isə həmin şikayət üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(062)-443/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsi ilə müəyyən edilmiş qaydada baxılıb hüquqi qiymət verilməsi üçün şikayət işlə birlikdə həmin məhkəməyə qaytarılmalıdır. şikayət qeyri-mümkün hesab edilməli və şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(062)-443/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsi ilə müəyyən edilmiş qaydada baxılıb hüquqi qiymət verilməsi üçün şikayət işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar