Məhkəmə qərarları › İş №2(104)-756/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-756/2025

03.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-756/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin Gəncə şəhərində, yəni şikayətçinin yaşayış yerində həll olunması hüququ var və "xxxx" ASC-nin hüquqi ünvanının Gəncə şəhəri ilə heç bir əlaqəsi olmadığından, bu məsələyə Gəncə Şəhər Məhkəməsinin baxması zəruridir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qanunvericilik ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətindən isə görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Belə ki, apellyator işin faktiki hallarına istinad etməklə birinci instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə baxılmasını xahiş etmişdir. Lakin apellyator qeyd olunan iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinin və ya pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş, bununla da şikayətin forma və məzmunu ilə bağlı tələblərə əməl olunmamışdır. Halbuki, apellyasiya şikayəti cədvəl formasında tərtib edilməklə, hər bir qrafada pozuntusu qeyd edilən maddi hüquq normaları sıralanmaqla göstərilməli, hər bir qrafanın qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin 2(125)-1749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar