Məhkəmə qərarları › İş №2(104)-765/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-765/2023

15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-765/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh aliment tutulması barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhəmməd oğlunun cavabdeh İddiaçı qarşı uşağın onun himayəsinə verilməsi barədə qarşılıqlı iddia tələbləri üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment, uşaq tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(030)-377/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİ seriyalı 367421 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 oktyabr 2019-cu il tarixdə nikah bağlanmış və Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikah haqqında akt qeydləri kitabında 2520 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır.

2. AZ-İV seriyalı 359048 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, 15 iyul 2020-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır.

3. AZ-İV seriyalı, 588983 nömrəli Doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, 22 oktyabr 2021-ci təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır.

4. İlk mediasiya sessiyasından iştirak edilməməsi barədə 31 may 2022-ci il tarixli 01808 nömrəli arayışdan görünür ki, İddiaçı aliment və qızıl-zinət əşyaları tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasının yeri və vaxtı barədə 5 iş günü əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 31 may 2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilmişdir.

5. 31 may 2022-ci il tarixli 08 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

6. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 04 oktyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Banu və Raufun körpə olmasına görə ana nəvazişinə daha çox ehtiyaclarının olduğunu nəzərə alaraq, gələcəkdə atası ilə həftənin şənbə və bazar günləri və ya atanın iş rejimi ilə əlaqədar qarşılıqlı razılıqla həftənin digər günlərində ünsiyyəti təmin olunmaqla anası İddiaçı yanında saxlanılmasını azyaşlıların mənafeyi baxımından məqsədəuyğun hesab edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək birgə nikahlarından 15 iyul 2020-ci ildə anadan olmuş X8 və 22 oktyabr 2021-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında və uşaqların 3 yaşına çatana kimi saxlanılması üçün 100 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu ildə el adəti üzrə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 26 oktyabr 2019-cu il tarixdə 2520 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahıarından 15 iyul 2020-ci ildə Banu və 22 oktyabr 2021-ci ildə Rauf adlı iki uşaqları anadan olmuşdur. Ailə qurandan sonra ilk vaxtlar mehriban yaşamışlar. Sonralar münasibətləri pozulmuş, cavabdeh ailəsi və körpə uşaqları ilə maraqlanmamış, ailənin maddi tələbatını ödəmək üçün heç bir köməklik etməmişdır. Hazırda o, körpə uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Bundan sonra cavabdehlə barışıb bir yerdə yaşamaları mümkün deyildir. Cavabdeh müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edir və yüksək məbləğdə əmək haqqı alır. Buna baxmayaraq, cavabdeh uşaqlarının saxlanılması üçün heç bir maddi yardım göstərmir. Uşaqları körpə olduqları üçün ana nəvazişinə və qayğısına ehtiyacı vardır. Cavabdeh hərbiçi olduğu və uzun müddət evdə olmadığı üçün azyaşlı qızı Banuya baxmaq, onun qayğısına qalmaq iqtidarında deyildir.

9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək 15 iyul 2020-ci ildə anadan olmuş X3 cavabdeh İddiaçı alınıb onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh hərbiçidir. İddiaçı keçmiş gəlindir. İddiaçı bir ana kimi uşaqlarını saxlamağa qadir deyildir. Uşaqların ananın yanında qalması onların mənafeyinə ziddir. İddiaçı uşaqların təlim və tərbiyəsi ilə məşğul ola bilmir. Hazırda İddiaçı ərindən boşanmış bacısı uşaqları və qardaşının ailəsi ilə birlikdə yaşayır. Mənzil şəraitləri olduqca ağırdır. Uşaqların onun yanında qalması üçün normal şəraitləri vardır. Ona görə də, 15 iyul 2020-ci ildə anadan olmuş X3 cavabdeh İddiaçı alınıb onun himayəsinə verilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Daşkəsən Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(030)-377/2022 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) ilkin iddianın qismən təmin edilməsi, 15 iyul 2020-ci ildə anadan olmuş X8 və 22 oktyabr 2021-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 24 iyun 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında, habelə uşaqlar 3 yaşına çatanadək saxlanılması üçün 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi, İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı 15 iyul 2020-ci ildə anadan olmuş X3 cavabdeh İddiaçı alınıb onun himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.

12. Məhkəmə uşaq tələbinə dair hissədə həmin nəticəyə gələrkən ona istinad etmişdir ki, tərəflərin birgə nikahından 15 iyul 2020-ci ildə anadan olmuş X3 İddiaçı himayəsində saxlanılması uşağın mənafeyi baxımından daha məqsədəuyğundur. Belə ki, uşağın azyaşlı olmaqla onun ana nəvazişinə və qayğısına ən çox ehtiyacı olan dövrlərindədir. Həmçinin, iddiaçının uşağın tərbiyəsi ilə yaxından maraqlanmaması, habelə uşağın inkişafına və tərbiyəsinə mənfi təsir göstərməsi yaxud göstərə bilməsi ehtimalı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Hazırki durumda uşağın anadan alınıb atasına verilməsinə hər hansı əsaslar mövcud deyildir.

13. Məhkəmə qeyd edilən nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 63.2-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(030)-377/2022 nömrəli qətnaməsinin – qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, yəni onun himayəsinə verilməsini tələb etdiyi övladının hansı şəraitdə yaşamasını nəzərə almamışdır. Bununla da onun sübutları tam, hərtərəfli və obyektiv qiymətlənidirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, qarşılıqlı iddiaçı oğlu, ilk iddiaçı isə keçmiş gəlinidir. Birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının mənzil-məişət şəraitini müəyyən edilməmişdir, 15 iyul 2020-ci il təvəllüdlü Banu Allahverdiyeva iddiaçının yox onların himayəsinə verilməlidir. Nümayəndə sədrlik edənin sualına cavab olaraq qarşılıqlı iddiaçının işi ilə əlaqədar daimi olaraq onlarla yaşamadığını, ilk iddiaçıdan uşağın alınıb onlara verilməsinə dair əsasının onun yaşam şəraiti olduğunu, başqa heç bir sübutunun olmadığını bildirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasının xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, qarşılıqlı iddiaçı ilə birgə nikahından doğulmuş uşaqları 2020 və 2021-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar, ona və bir-birlərinə bağlıdırlar. Uşaqlardan birinin atasına verilməsi üçün heç bir əsas yoxdur, bu uşaqların özü üçün də yolverilməzdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, bununla belə nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

22. “Uşaq hüquqları Haqqında Qanunun” 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

23. «Şahin Almaniyaya qarşı» 08 iyul 2003-cü il tarixli işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

24. BMT Baş Assabbleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir-azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

26. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

30. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qətnaməni qismən – uşaq tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi hissəsinin ləğvini xahiş etmiş, beləliklə də həmin hissəni mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası dispozitivlik prinsipi hüququ baxımından qətnamənin yalnız mübahisələndirilən hissəsinə hüquqi qiymət verir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(030)- 377/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 2019-cu ildə el adəti toy edib ailə qurmuşlar. Aralarındakı nikahı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 26 oktyabr 2019-cu il tarixdə 2520 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahıarından 15 iyul 2020-ci ildə X8 və 22 oktyabr 2021-ci ildə X9 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda azyaşlı uşaqlar iddiaçının himayəsindədir. Cavabdeh müddətdən artıq həqiqi hərbu qulluqçu kimi xidmət edir. İddiaçı 15 iyul 2020-ci ildə X8 və 22 oktyabr 2021-ci ildə X6 maddi təminatı üçün hər ay Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında və uşaqları 3 yaşına çatana kimi saxlanılması üçün 100 manat məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı isə 15 iyul 2020-ci il təvəllüdlü X5 anasından alınaraq ona verilməsini xahiş etmişdir. Birinci insyansiya məhkəməsi ilk iddianı qismən etmiş, qarşılıqlı iddianı isə ümumiyyətlə təmin etməmişdir.

33. Qarşılıqlı iddiaçı sübutlarının qiymətləndirilməməsi və uşağın anada qalması üçün şərait olmaması dəlili ilə qətnaməni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddiaçının nümayəndəsi dəlilə dair hər hansı əsaslı sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, 2020-ci il təvəllüdlü Banunun doğma anasından alınması üçün hər hansı müstəsna hal müəyyən edilməmişdir. Həmçinin ilk iddia üzrə İddiaçı qarşılıqlı iddiaçı ilə müqayisədə vaxtının çox hissəsini yetkinlik yaşına çatmamış uşağı ilə keçirmək, bir ana kimi onun tərbiyəsi ilə məşğul olmaq, qayğısını çəkmək imkanını daha çox olması, uşağın anasından ayrılmasının onun, eləcə də 2021-ci il təvəllüdlü qardaşının mənəvi inkişafına və psixi sağlamlığına xələl gətirə biləcəyəni nəzərə alaraq Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və özünü müdafiə xarakterli haldır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

35. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(030)-377/2022 nömrəli qətnaməsi mübahisələndirilən - Cavabdeh İddiaçı qarşı 15 iyul 2020-ci ildə anadan olmuş X3 cavabdeh İddiaçı alınıb onun himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar