Məhkəmə qərarları › İş №2(104)-765/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-765/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-765/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X6 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2994/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yığılmış aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə birgə yaşadıqları dövrdə yığılmış 11280 manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2994/2023 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) İddiaçı Cavabdeh qarşı «yığılmış aliment borcunun silinməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı X4 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2994/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il qətnaməsi ilə ondan iki uşağın saxlanması üçün 240 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilib. Lakin həmin qətnamə qəbul edildikdən bir müddət sonra barışaraq bir ailədə yaşamağa başlamışlar. 2019-cu ilin fevral ayında Tovuz rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, barışdıqlarını bildirmişlər. Həmin vaxt Babək adlı icra məmuru icra işinin icraatına xitam veriləcəyini bildirmişdir. O, Cavabdeh ilə 5 il müddətində bir ailədə yaşamışdır. Həmin müddət ərzində Cavabdeh ondan aliment tələb etməmiş və bu müddət ərzində aliment borcunun yığılmasından xəbəri olmamışdır. Cavabdeh 2023-cü ilin yay aylarında evdən çıxıb atası evinə getmiş və aliment tələb edən zaman onunla bir ailədə yaşadığı dövrdə aliment borcunun yığıldığı məlum olmuşdur. Həmin aliment uşağın saxlanması üçün nəzərədə tutulmuşdur. Aradan keçən müddət ərzində uşaqlar onunla bir ailədə yaşamış və uşaqların bütün xərclərini o, çəkmişdir. Lakin Cavabdeh məhkəmədə onunla barışıb bir ailədə yaşamadığını bildirmiş və bunun sübutu kimi icra işinə xitam verilməsi barədə ərizə vermədiyini qeyd etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, onun cavabdehlə nikahları 2018-ci ildə məhkəmə qaydasında ləğv edilsə də, 2019-cu ildə barışaraq, 2023-cü ilin iyun ayınadək birgə yaşamışlar. Belə ki, Cavabdeh icraya alimentdən imtina ilə bağlı ərizə vermişdir. Belə olan halda, həmin dövr üçün ondan aliment tutulması qanuni deyil. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2994/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, iddiaçı ilə 2013-cü ildə evlənmiş və birgə nikahdan 2 uşaqları anadan olmuşdur. 2018-ci ildə nikahları məhkəmə qaydasında ləğv edilmiş, 2019-cu ilin fevralında barışmış, 8 ay bir yerdə yaşamışlar. Bir yerdə yaşadıqları müddətdə 2080 manat aliment borcu yığılmış, həmin borcu isə o bağışlamış, həmin məbləğin silinməsi barədə icra idarəsində ərizə vermişdir. Lakin ərizədən sonra isə, onlar iddiaçı ilə ayrılmışlar və elə buna görə də, həmin müddətə yığımış aliment borcundan imtina etmişdir. Hazırda isə aliment borcunu tələb edir. Çünki uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir və onların ehtiyaclarını qarşılaya bilmir. Bundan başqa bir uşağında ciddi xəstəlik vardır. İddiaçı həmin uşağın belə müalicəsini qarşılamaqdan yayınır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2994/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2994/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-2680 saylı icra sənədindən görünür ki, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Fidan və xx.xx.2015-ci il təvəllüdlü Əlihüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay bir uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq Ələkbərova (Xalıqverdiyeva) Ləman Adil qızına verilməsi qət edilmişdir. Tovuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Fidan və xx.xx.2015-ci il təvəllüdlü Əlihüseyn adlı uşaqların atası İddiaçı, anası isə Ələkbərova (Xalıqverdiyeva) Ləman Adil qızıdır. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş: xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, tələbkar X7 borclu X4 ilə barışdığı üçün ovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-2680 saylı icra sənədi üzrə xx.xx.2019-cu il tarixədək borclu X2 aliment üzrə ona borcu yoxdur. Tovuz Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(062)-952/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 30 iyun 2013-cü il tarixdə anadan olmuş Fidan və 01 mart 2015-ci il tarixdə anadan olmuş Əlihüseyn adlı uşaqları ilə birlikdə cavabdehlər İddiaçı və X1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(062)-663/2023 saylı qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, hazırki vaxta kimi borclu İddiaçı tələbkara 11280 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq ünvanlanmış ünvan 3 məktubundan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-2680 saylı icra sənədinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdə X7 rəsmi ərizə ilə şöbəyə müraciət edərək xx.xx.2019-cu il tarixədək aliment borcu olmadığını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra X7 alimentə dair şöbəyə nə rəsmi qaydada, nə də şifahi olaraq müraciət etməmişdir.xx.xx.2023-cü il tarixdə X7 rəsmi ərizə ilə şöbəyə müraciət edərək 2023-cü ilin avqust ayı üzrə aliment pulunun alınıb ona verilməsini xahiş etmişdir.Bundan sonra avqust 2023-cü il tarixdən aliment pulu müntəzəm olaraq hər ay ödənilmiş və hazırda aliment üzrə 110 manat borc vardır. İddiaçı şöbəyə dəvət edilmiş izahatı alınmış və yaranmış aliment borcunun aprel ayının axırında tam ödəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X7 05.06. 2013-cü ildə rəsmi nikah qeydinə daxil olmaqla evlənmiş və birgə nikahdan 2 nəfər uşaqları, 30 iyun 2013–cü il tarixdə Fidan və 01 mart 2015–ci il tarixdə Əlihüseyn adlı uşaqları doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-2680 saylı qətnaməsi ilə onların arasında xx.xx.2013-cü il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, iki uşağın saxlanılması üçün, hər uşağa 120 manat olmaqla, hər ay 240 manat məbləğində alimentin İddiaçı alınaraq X5 ödənilməsi qət edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2019-cu il tarixədən sonrakı dövr üçün aliment borcu üzrə öhdəliyini yerinə yetirməmiş və tələbkara 11280 manat məbləğində aliment borcu yaranmışdır. Həmin hal Tovuz Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(062)- 663/2023 saylı qərarı ilə təsdiq edilir və həmin qərarla müəyyən edilir ki, hazırki vaxta kimi borclu İddiaçı tələbkara 11280 manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclunun aliment borcunu qərəzli olaraq ödəməkdən yayınması halı müəyyən edilmədiyi üçün, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir., Bu tələbin maddi-hüquqi əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 107.1-ci maddəsinə görə, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə görə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, qanunvericilik aliment borcunun tamamilə və ya qismən azad edilməsinin əsaslarını müəyyən etmişdir. İddiaçının qeyd etdiyi kimi, 2019-cu ilin fevral ayından 2023-cü ilin iyun ayına kimi bir ailədə yaşamaları, onun aliment borclarından azad edilməsi üçün qanuni əsas deyildir. Qanunvericiliyin mənasına görə, yalnız aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi müəyyən edildiyi halda, aliment borclarını ödəməkdən azad edilə bilmə imkanı nəzərdə tutulmuşdur ki, bu hallar da mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2994/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2994/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar