Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-794/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(076)- 4089/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh tərəfindən ona alt-üst diş protezi düzəldildiyini, lakin görülən işlərin keyfiyyətsiz icra edildiyini, beləliklə maddi və mənəvi ziyana məruz qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 700 manat, mənəzi ziyana görə 1000 manat, cəmi 1700 manat pulun, ödənilmiş dövlət rüsumu olaraq 30 manat və hüquqi yardıma ödənilmiş 50 manat rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Dəllər qəsəbəsində stomotoloji fəaliyyət göstərən Cavabdeh alt-üst diş protezi düzəldilməsi məqsədi ilə 2023cü ilin avqust ayında müraciət etmişdir. Onun düzəltdiyi diş protezi düzgün oturmadığına görə müraciət edib yenidən düzəltdirməyinə baxmayaraq yenə də düzgün oturmamış və nəticədə alt-üst dişlər arasında kontakt pozulmuş və dişlərinin üst-üstə oturmaması nəticəsində əziyyət çəkir. Cavabdeh diş protezini düzgün düzəldə bilmədiyi üçün ödədiyi 700 manat pulu geri istəmişdir. O, pulu geri qaytaracağını bildirsə də, hazırkı vaxta qədər ödənişi geri qaytarmamışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etdiyi ödəniş barədə ona qəbz verməmişdir. O bu barədə vergi orqanlarına müraciət etmiş, məlum olmuşdur ki, Cavabdeh xüsusi razılıq olmadan (lisenziya) qanunsuz özəl tibb fəaliyyəti ilə (stomotoloq fəaliyyəti) məşğul olur və obyektdə kassa aparatı olmadığı, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması və işçilər ilə əmək müqaviləsi bağlanmadan işə cəlb edilmələri faktları aşkar olmuşdur. Bu müddət ərzində Cavabdeh ona düzgün, protokola uyğun, tibbi standartlara cavab verən səviyyədə diş protezi düzəltməməyi nəticəsində ona maddi zərərdən başqa, aldığı psixoloji travma nəticəsində mənəvi zərər də dəymişdir. Belə ki, ağızda dişləri düzgün işləmədikdə düzgün və rahat qidalanma pozulur və insan narahatçılıq və əsəb yaşayır. O, təqaüdçü adamdır pulu qaytarılmadan başqa həkimə ödəniş etməyə maddi imkanı yol vermir. Cavabdeh ödənişi qaytarmaması nəticəsində o başqa həkimə gedə bilməmiş və hazırkı vaxta qədər həmin narahatçılığı yaşamalı olmuşdur.
4. Şəmkir Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(076)-4089/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı Cavabdeh qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarına əlavə etdiyi 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, onun müraciəti əsasında vergilər idarəsi araşdırma aparmış və Şəmkir rayonu Dəllər ŞTQ yerləşən Cavabdeh məxsus obyektdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunaraq müvafiq aktla rəsmiləşdirilmişdir. Eyni zamanda, cavabdehin xüsusi razılıq olmadan (lisenziya) qanunsuz özəl tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş və o, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olduğuna görə barəsində inzibati tənbeh tədbiri verilmişdir. Buradan aydın olur ki, Cavabdeh ona göstərdiyi stomotoloji xidmətə görə ödədiyi məbləğ barədə və ümumiyyətlə ona protez düzəltməsi barədə sübutu məhkəməyə təqdim edə bilməməyinin səbəbi, onun qanunsuz fəaliyyət göstərməsi və nəzarət kassa aparatının olmaması və nəticədə ona rəsmi qəbz və ya arayış verməməsi olmuşdur. Lakin, onun Cavabdeh şikayət etməyi və qanunamüvafiq qaydada cəzalandırılması bunun sübutudur. Bundan başqa, qeyd etmək lazımdır ki, məhkəmə işin obyektiv araşdırılması üçün heç bir tədbir görməmiş, hətta məhkəmə iclasını heç olmazsa bir dəfə də olsa təxirə salmamış, cəmi bir dəfə məhkəmə iclası keçirmiş, həmin məhkəməyə isə cavabdeh gəlməmişdir. O da qeyd edilməlidir ki, belə olan halda, məhkəmə ən azından qiyabi qətnamə çıxarmalı idiki, cavabdeh məhkəmədə iştirak etmək üçün məsuliyyət hiss etsin. Məhkəmə düzəldilmiş protez nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını təsdiq edən sübutun təqdim edilmədiyini qeyd etmiş, halbuki, ona düzəldilmiş protezin qeyri-düzgün, protokola uyğun olmayan, tibbi standartlara cavab verməyən səviyyədə olmasını və nəticədə mənim sağlamlığına zərər dəydiyini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza keçirməli idi. Eyni zamanda onu da qeyd edir ki, xx.xx.2024-cü il tarixdə “SWİSSDENT” stomotoloji klinikasına müraciət etmiş və burada da onun üçün hazırlanan ortopedik konstruksiyaların yalnış olduğu məlum olmuşdur. Həmçinin müayinə üçün ödədiyi 140 manat pulun da cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Göründüyü kimi, məhkəmə işin faktiki hallarını obyektiv, qanunamüvafiq araşdırma aparmadan iddianı təmin etməyərək yanlış nəticəyə gəlmişdir. Cavabdehin düzəltdiyi protez nəticəsində ağzında dişləm düzgün işləmədiyi üçün, düzgün və rahat qidaqlanma pozulmuş və bu da narahatçılığına, əsəb keçirməyinə səbəb olmuşdur ki, təbii ki, bu da mənəvi zərər almağı ilə nəticələnmişdir. Əlavə olaraq 1ci və 4-cü seqmentin çeynəmə dişləri düz dişləm dişlərinin mövqeyinə uyğun hazırlanıb digər tərəfin qüsurunu göz önündə saxlayaraq burada da çeynəmə funksiyası normal qaydada icra olunmur. Üst çənədə hazırlanan protezin dişləri pasiyentin üz quruluşuna uyğun ölçüdə hazırlanmayıb. Bundan başqa, prosessual qanunvericilik cavabdeh məhkəmə iclasına gəlmədikdə məhkəmənin qiyabi qətnamə çıxartmaq səlahiyyətini tanımışdır. Cavabdeh buna razı olmadıqda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə bu səlahiyyətindən istifadə etməmiş, nə onun işə qiyabi icraat qaydasında baxılmasına razı olub-olmadığını soruşmamış, nə də ki, işin baxılmasını bir dəfə də olsa başqa vaxta təxirə salmamış, cəmi bir dəfədən ibarət məhkəmə baxışı ilə işi yekunlaşdırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin təqsiri ucbatından ona maddi ziyan dəymişdir. Bunun nəticəsində həm də mənəvi zərərə məruz qalmışdır. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehin onun dişlərini müalicə etməsini təsdiq edəcək sübutu yoxdur. Çünki, müalicə işlərinə, habelə bu işlərin görülməsinə üçün ödənilən pul vəsaitinə dair cavabdeh tərəfindən ona qəbz təqdim edilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 16 Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh tərəfindən ona alt-üst diş protezi düzəldildiyini, lakin görülən işlərin keyfiyyətsiz icra edildiyini, beləliklə maddi və mənəvi ziyana məruz qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
28. Birinci instansiya məhkəməsi sübut yetərsizliyi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
29. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
30. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
31. Baxılan işdə İddiaçı Cavabdeh tərəfindən ona alt-üst diş protezi düzəldildiyini, lakin görülən işlərin keyfiyyətsiz icra edildiyini iddia etsə də, lakin ümumiyyətlə istinad olunan işlərin və müayinənin cavabdeh tərəfindən görülməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
32. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
33. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
34. «Ona düzəldilmiş protezin qeyri-düzgün, protokola uyğun olmayan, tibbi standartlara cavab verməyən səviyyədə olmasını və nəticədə sağlamlığına zərər dəydiyini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza keçirməli idi» barədə apellyasiya şikayətinin dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, iddiaçı tərəfindən istinad olunan işlərin və müayinənin cavabdeh tərəfindən görülməsi təsdiqini tapmadığından iş üzrə müvafiq ekspertizanın təyin olunmasına da zərurət yoxdur.
35. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, maddi ziyan vurulmasından irəli gələn digər tələb (mənəvi zərər) üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki maddi ziyanın əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini də istisna edir.
36. Şərh edilənlərə əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassız və formal mülahizə olmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(076)-4089/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.