Məhkəmə qərarları › İş №2(104)-799/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-799/2024

20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-799/2024 20.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qızıl-zinət və cehiz əşyalarının qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-801/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 fevral 2020-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 14 fevral 2020-ci il tarixdə 333-cü nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə - İsayev, arvada - İsayeva soyadları verilmişdir.

2. “Gəncə Univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi Elmar Kərimli tərəfindən aparılan qiymətləndirmədən görünür ki, 583 əyarlı qızıldan hazırlanmış 17 qram çəkidə olan 1,2 karat brilyant qaşlı dəst (qolbağı, üzük, kulon, sep) 1700 manat, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük 200 manat qiymətləndirilmişdir.

3. Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən verilmiş 29 oktyabr 2022-ci il tarixli MŞG/1-05459 saylı İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manatı ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus əşyaların və uşağa görə dövlət tərəfindən verilən süd pulunun (uşağın anadan olmasına görə dövlət tərəfindən verilən birdəfəlik müavinət nəzərdə tutulur) Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 fevral 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 17 aprel 2022-ci il tarixdə X11 doğulmuşdur. Hazırda rəsmi qaydada nikahları pozulmasa da, faktiki olaraq ailə münasibətləri pozulmuş və o, ata evinə qayıtmışdır. Cavabdehlə nikah bağladıqdan sonra mövcud olan adət-ənənələrə uyğun olaraq cavabdehin məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən mənzilə gəlin köçmüş və cehiz kimi müəyyən daşınar əmlakı, o cümlədən qızıl əşyalarını özü ilə aparmışdır. Apardığı daşınar əmlakın siyahısı aşağıdakı kimidir: Mebellər - 1) qonaq otağı üçün mebel (2 ədəd servant tumbası, 1 ədəd tumba, 1 ədəd televizor altı, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd künc divan, 1 ədəd şüşə yurnal stolu), 2) yataq otağı mebeli (matraslı mebel çarpayı, 2 ədəd tumbuçka, 1 ədəd paltar dolabı, 1 ədəd güzgü termosu və oturacağı); məişət avadanlığı- 1) elektronika avadanlığı (1 ədəd tozsoran, 1 ədəd soyuducu, 1 ədəd soba, 1 ədəd dörd gözlü qaz sobası, 1 ədəd aspirator, 1 ədə ətçəkən maşın, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 ədəd blender, 1 ədəd hava feni, 1 ədəd paltaryuyan maşın), 2) pərdə, xalça- qonaq otağına 2 tül pərdə, yataq otağına 1 tül pərdə, mətbəxə 1 tül pərdə, 2 ədəd balaca xalça, döşək dəsti, yorğanı, 2 ədəd balış, 3 ədəd yorğan, 4 ədəd balış, 3 ədəd ədyal, 2 ədəd pakrıval dəsti, ağ gəlincik dəsti, 10 ədəd pastel dəsti, 7 ədəd masa örtüyü. 3) bəzək qabları - 3 ədəd güldan, 4 ədəd meyvə qabı, 4 ədəd konfet qabı, 6 ədəd mürəbbə qabı, 12 ədəd ağ-qara boşqab dəsti, 1 ədəd şamdanlı plov qabı, bakallar, bagema dəsti yaşıl, kompot dəsti, 2 ədəd tort qabı, 18 ədəd ədəd xrustal bakal, stəkannəlbəki, 12 nəfərlik qaşıq dəsti, 24 ədəd boşqab dəsti, 4) digər əşyalar - 2 ədəd saat, lüstur (çilçıraq) 8 gözlü, listura (çilçıraq) yumru, 2 ədəd gecə lampası), qızıllar: 1) komplekt (1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük), 2) hədiyyəlik təkqaş qızıl üzük. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu geri qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmalıdır. Cavabdeh 17 aprel 2022-ci il təvəllüdlü X5 dövlətin uşağa və anaya ayırdığı süd pulunu onu aldadaraq şəxsi imzası və icazəsi olmadan poçta yaxınlaşıb poçt işçisiylə tanışlıq edib götürmüşdür; cavabdeh 300 manat pulu götürüb mənimsəmiş və onun bundan X11 doğulduqdan alti-yeddi ay keçəndən sonra xəbəri olmuşdur. Cavabdeh müxtəlif bəhanələr gətirmişdir ki, 300 manat dəyərində olan süd pulu hələ keçməyib. O, bunu biləndən sonra cavabdeh süd pulunu ona qaytarmağa söz vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh 300 manat süd pulunu ona qaytarmamışdır. Ona və uşağına dövlətin ayırdığı halal pulunu istəyir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.

6. Bundan sonra İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, ona məxsus daşınar əşyaların siyahısı aşağıdakı kimidir: Karolina mebel 1) qonaq dəsti (2 ədəd servant, güzgülü tumba, TV altlığı, 6 nəfərlik masa-oturacaq, künc divan, jurnal masası)- 1250 manat, 2) yataq dəsti (çarpayı matraslı, 2 ədəd ikiçəkməcəli tumba, vaqon dolab, trilyaj oturacaqlı)-1250 manat, 3) 500 manat dəyərində mətbəx dəsti (künc divanı, 4 nəfərlik masa-oturacaq), məişət avadanlıqları – 1) soyuducu (“Hoffmann”)-800 manat, 2) paltaryuyan maşın (“Hoffmann”)- 500 manat, 3) soba (“Elif”)- 100 manat, 4) tozsoran (“Shivaki”)- 85 manat, 5) aspirator (“Prestige”)- 90 manat, 6) qaz plitəsi (“Prestige”)- 90 manat, 7) Plazma TV (“Hoffmann”)- 350 manat, 8) ikili DVD player (“LG”)- 60 manat, 9) şirəçəkən (“Bosh”)- 40 manat, 10) ətçəkən (“Bosh”)- 80 manat, 11) əl blenderi (“Sokany”)- 14 manat, 12) qəhvə dəyirmanı (“Geemy”)- 25 manat, 13), ütü (“Sokany”)- 30 manat, 14) hava feni (“Braun”)- 25 manat, 15) ütü feni (“Braun”)- 20 manat, 16) buruq feni (“Braun”)- 20 manat, 17) mikser (“Blackbird”)- 20 manat, xalça, yorğan, döşək – 1) tünd qırmızı xalça 3x4 ölçüdə — 400 manat, 2) oval xalça 2x3 ölçüdə— 200 manat, 3) Naxışlı xalça 2x3 ölçüdə — 350 manat, 4) 2 ədəd balaca xalçalar 1x1,5 ölçüdə— 50 manat, 5) tək döşək — 100 manat, 6) cüt nəfərlik yun yorğan - 70 manat, 7) tək nəfərlik yun yorğan — 50 manat, 8) pambıq yorğan — 60 manat, 9) üçlü pambıq yorğan dəsti — 350 manat, 10) ikili yataq örtüyü — 300 manat, 11) “Ağ gəlincik” yataq örtüyü — 80 manat, 12) 2 üzlü yataq örtüyü — 70 manat, 13) 6 ədəd pastel dəsti — 180 manat, 14) 6 ədəd masa örtüyü — 130 manat, 15) “Gül qurusu” pərdə dəsti — 300 manat, 16) qızılı pərdə dəsti — 350 manat, 17) mətbəx tülü — 10 manat, 18) 4 ədəd ağ günlük pərdə — 30 manat, 19) 10 dəst əl-üz məhrəbası — 60 manat, 20) 10 dəst çay dəsmalı — 40 manat, qab-qacaq- 1) 24 ədəd boşqab dəsti — 100 manat, 2) 6 ədəd boşqab-fincan dəsti — 50 manat, 3) 6 ədəd boşqab dəsti — 40 manat, 4) 6 ədəd stəkan-nəlbəki dəsti — 20 manat, 5) 12 ədəd armudu stəkannəlbəki dəsti — 20 manat, 6) 6 ədəd rəngli fincan dəsti — 15 manat, 7) qazan dəsti (“Vestel”) — 400 manat, 8) 5-li qazan dəsti — 30 manat, 9) 12 ədəd çəngəl-qaşıq dəsti — 40 manat, 10) yaşıl bagema dəsti — 100 manat, 11) çəhrayı 3-lü dəst — 100 manat 12. 6 ədəd qaşlı bakal dəsti — 50 manat, 13) ağ-qara boşqab dəsti — 100 manat, 14) şamdanlı aş buludu — 80 manat, 15) göy bagema güldan — 40 manat, digər əşyalar- 1) 2 ədəd saat — 30 manat, 2) 8 gözlü qızılı rəng çilçıraq — 140 manat, 3) boz rəng çilçıraq — 15 manat, 4) 2 ədəd gecə lampası — 12 manat, qızıl-zinət əşyaları – 1) komplekt (qolbağ, üzük, klon, boyunbağı) – 1700 manat, 2) tək qaşlı üzük – 200 manat. Yuxarıda qeyd olunan ona məxsus cehiz əşyalarının və uşağa görə verilən 300 (üç yüz) manat süd pulunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh 21 sentyabr 2023-cü il tarixdə iddiaya qarşı yazılı etiraz təqdim edərək, İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, cehiz əşyalarını (mebel və elektronika mallarını) o özü almışdır və ödənişini də özü etmişdir. Elektronika mallarını 2000 manata “Merinos” elektronikadan, mebelləri isə 2600 manata “Karolina Mebel” mağazasından almışdır. İddiaçı onun evinə sadəcə olaraq yorğan, döşək, yastıq, pərdə, çilçıraq və qabqacaq gətirmişdir. O, toydan öncə el adətinə görə iddiaçıya 1000 manat başlıq pulu vermişdir. Ya onun 1000 manat pulunu versinlər, ya da iddiaçının gətirdiyi əşyalar onun evində qalsın. Həmçinin, bildirir ki, iddiaçının doğuş əməliyyatı zamanı üzündə olan problemlərə görə həkim ondan əlavə olaraq 268 manat pul istəmiş, o da bir ata olaraq, həm həyat yoldaşına, həm də uşağına görə X8 1000 manat və əlavə 268 manat pul ödəmişdir. Həmin 268 manatı dayısından borc almış, iddiaçının tələb etdiyi süd pulunu aldığı borca vermişdir. İddiaçı doğuşdan öncə X9 uşağın ana bətnində vəziyyətini kontrol etmək üçün dopler-uzi olunmuş və həkim bildirmişdir ki, uşaqda bir neçə problem görünür. Həmin problemin dəqiqləşdirilməsi üçün həkim genetik analiz təyin etmişdir. Həmin analizin qiyməti çox baha olduğundan qızılları lombarda qoyaraq 800 manat pul götürmüşdür. İddiaçını anası ilə birlikdə analiz vermək üçün Bakıdakı “Ege Hospital”a yola salmışdır. “Ege Hospital”da analizin qiyməti 875 manat olmuşdur. Analiz məsələsində də iddiaçı onun pulunu mənimsəmişdir. Hal-hazırda lombarda altı aylıq kredit borcu qalmışdır, həmin altı ay ödənişi edib qurtardıqdan sonra iddiaçının qızıllarını özünə qaytaracaqdır. Ona görə də iddiaçının tələbi əsassız olduğundan, iddianın rədd edilməsini xahiş etmişdir

9. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-801/2023 nömrəli qətnaməsi (hakim Həsən Qəniyev) ilə, iddianın təmin edilməsi, iddia olunan aşağıdakı əşyalar: 1) qonaq otağı üçün dəsti (1250 manat dəyərində) – 2 ədəd servant, güzgülü tumba, TV altlığı, 6 nəfərlik masa-oturacaq, künc divan, jurnal masası. 2) yataq otağı üçün mebel dəsti,1250 manat dəyərində (çarpayı matraslı, 2 ədəd ikiçəkməcəli tumba, vaqon dolab, trilyaj oturacaqlı, 3) 500 manat məbləğində mətbəx dəsti – (künc divan, 4 nəfərlik masa-oturacaq), 4) soyuducu (“Hoffmann”)-800 manat, 5) paltaryuyan maşın (“Hoffmann”) 500 manat, 6) soba (“Elif”) 100 manat, 7) tozsoran (“Shivaki”) 85 manat, 8) aspirator (“Prestige”) 90 manat, 9) qaz plitəsi (“Prestige”) 90 manat, 10) plazma TV (“Hoffmann”) 350 manat, 11) İkili DVD player (“LG”) 60 manat, 12) şirəçəkən maşın (“Bosh”) 40 manat, 13) ətçəkən maşın (“Bosh”) 80 manat, 14) əl blenderi (“Sokany”) 14 manat, 15) qəhvə dəyirmanı (“Geemy”) 25 manat, 16) ütü (“Sokany”) 30 manat, 17) hava feni (“Braun”) 25 manat, 18) ütü feni (“Braun”) 20 manat, 19) buruq feni (“Braun”) 20 manat, 20) mikser (“Blackbird”) 20 manat, 21) tünd qırmız xalça 3x4 ölçüdə — 400 manat, 22) oval xalça 2x3 ölçüdə— 200 manat, 23) naxışlı xalça 2x3 ölçüdə— 350 manat, 24) 2 ədəd balaca xalça 1x1.5 ölçüdə— 50 manat, 25) tək döşək — 100 manat, 26) cüt nəfərlik yun yorğan - 70 manat, 27) tək nəfərlik yun yorğan — 50 manat, 28) pambıq yorğan — 60 manat, 29) Üçlü pambıq yorğan dəsti — 350 manat, 30) ikili yataq örtüyü — 300 manat, 31) “Ağ gəlincik” yataq örtüyü — 80 manat, 32) ikiüzlü yataq örtüyü — 70 manat, 33) 6 ədəd pastel dəsti — 180 manat, 34) 6 ədəd masa örtüyü — 130 manat, 35) “Gül qurusu” pərdə dəsti — 300 manat, 36) qızılı pərdə dəsti — 350 manat, 37) mətbəx tülü — 10 manat, 38) 4 ədəd ağ günlük pərdə — 30 manat, 39) 10 dəst əl-üz məhrəbası — 60 manat, 40) 10 dəst çay dəsmalı — 40 manat, 41) 24 ədəd boşqab dəsti — 100 manat, 42) 6 ədəd boşqab-fincan dəsti — 50 manat, 43) 6 ədəd boşqab dəsti — 40 manat, 44) 6 ədəd stəkan-nəlbəki dəsti — 20 manat, 45) 12 ədəd armudu stəkan-nəlbəki dəsti — 20 manat, 46) 6 ədəd rəngli fincan dəsti — 15 manat, 47) qazan dəsti (“Vestel”) — 400 manat, 48) 5-li qazan dəsti — 30 manat, 49) 12 ədəd çəngəl-qaşıq dəsti — 40 manat, 50) yaşıl “Bagema” dəsti — 100 manat, 51) şəhrayı 3-lü dəst — 100 manat, 52) 6 ədəd qaşlı bakal dəsti — 50 manat, 53) ağ-qara boşqab dəsti — 100 manat, 54) şamdanlı aş buludu — 80 manat, 55) göy “Bagema” güldan — 40 manat, 56) 2 ədəd divar saatı — 30 manat, 57) 8 gözlü qızılı rəng çilçıraq — 140 manat, 58) boz rəng çilçıraq — 15 manat, 59) 2 ədəd gecə lampası — 12 manat, cəmi 9911 (doqquz min doqquz yüz on bir) manat dəyərində cehiz əşyaları, 60) 1700 (min yeddi yüz) manat dəyərində qızıl komplekt (qolbaq, üzük, klon, boyunbağı), 61) 200 (iki yüz) manat dəyərində tək qaşlı üzükdən ibarət qızıl-zinət əşyaları naturada və ya dəyəri Cavabdeh alınıb İddiaçı verilməsi, uşağın anadan olmasına görə dövlət tərəfindən ödənilən 300 (üç yüz) manat birdəfəlik müavinətin pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cu maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 191.3 və 216-220-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-801/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Kəlbəcər rayon Məhkəməsində iddiaçı tərəfindən verilən iddia tələbində göstərilən cehiz əşyaları və digər əmlakların dəyəri, həddən artıq göstərilmişdir və işə baxan Kəlbəcər Rayon Məhkəməsi həmin qiymətlərlə iddianı qanunsuz şəkildə təmin etmiş və həmin əşyaların deyək ki, bir neçəsi onda olmadığı halda və yaxud da ki, qırıldığı sındığı halda belə çıxır ki, o həmin əşyaların iddiada göstərilən dəyəri həcmində iddiaçıya pul qaytarmalıdır və o da bu tələblə razı deyildir və hesab edir ki, qiymətlərlə o məhkəmədə razı olmadığına görə məhkəmə tərəfidən əmtəşünaslıq və qiymətləndirmə üzrə məhkəmə ekspertiza mərkəzinə ekspertizanın təyin edilməsi barədə qərardad qəbul etməli idi və işi ekspertizaya qiymətləndirmə üçün göndərməliydi və ekspertdə də həmin əşyalar baxılması üçün təqdim olunmalı idi. Lakin, Kəlbəcər rayon Məhkəməsi bu göstərdiyi hallarla ziddiyətlərlə bağlı heç bir ekspertiza təyin etməmiş və bununla bağlı məhkəmə tərəfindən həmin narazılığına hüquqi qiymət verilməmiş olmuşdur. Məsələ ondan ibarətdir ki, onun adına aldığı və adına olan əşyaları məhkəmə iddiaçının xeyrinə kəsmişdir, həmin fakturalardan da görünür ki, Uğur yataq dəsti-900 manat, ugur qonaq dəsti -900 manat, dosek, pufik urek karici, stul inci cehiz (ruslan) Dkunc duymeli-400 manat, metbex ovalstol+4 eko stul 400 manat, Hoffmann 7114,-510 manat, soyuducu hoffmann 1725-820 manat, TVHoffmann 43 -450 manat, Prestiş 1-100 manat, Aspirator luxel 1 -70 manat, Duxofqa 1 -50 manat, əşyalar onun tərəfindən alınmışdır və onun əmlaka heç bir adiyyatı yoxdur və cehiz əşyalarına heç bir adiyyatı yoxdur. Həmin fakturada göstərilən Uğur yataq dəsti-900 manat, ugur qonaq dəsti -900 manat, dosek, pufik urek karici, stul inci cehiz (ruslan) D-kunc duymeli-400manat, metbex ovalstol+4 eko stul400 manat, Hoffmann 7114,-510 manat, soyuducu hoffmann 1725-820 manat, TV Hoffmann 43 -450 manat, Prestiş1-100 manat, Aspirator luxel 1 -70 manat, Duxofqa 1 -50 manat əşyalar onun tərəfindən alınmışdır, birgə nikah dövründə alınan da var, birgə nikah dövründən əvvəl alınan da var və onların cehiz əşyalarına iddiaçıya heç bir adiyyatı yoxdur. O səbəbdən də həmin əşyalar onda qalmalı idi və onu mülkiyyətində qalmalı idi və iddiaçı bunan bağlı birgə nikahda əldə olmuş əmlakın bölünməsi ilə bağlı iddia tələbi qoymuş olsaydı, dəyəri bölünə bilərdi, ancaq birinci instansiya məhkəməsi bu kimi xırdalıqlara və xüsusatlara hüquqi qiymət vermədiyinə görə qətnamənin həmin hissədə ləğv edilməsi vacib şərtlərdən biridir və həmin hissədə iddianın təmin edilməməsi hesab edir ədalətli olacaqdır. Digər bir tərəfdən qızıl zinət əşyaları ilə bağlı onu da bldirmək istəyirəmki, qızıl zinət əşyaların dəyəri həddindən artıq çox göstərilib. Çünki, lombarda həmin qızıl zinət əşyalarını iddiaçının razılığı ilə lombarda qoymuş və lombartda olan qızıl zinət əşyalarının dəyəri ilə iddiaçının göstərdiyi qızıl zinət əşyalarının dəyəri üstüstə düşmür və həqiqətən də görünür ki, 2 qat artıqdır qiymətlər bu birinci məsələ. İkinci məsələ ondan ibarətdir ki, qızıl zinət əşyaları hal-hazırda lombartdadı və ondan götürdükləri pula görə o uşağın dərmanlarına pul xərcləmiş və eyni zamanda bu pul tələbi ilə bağlı onun iddiaçı və anasına qarşı məhkəmədə iddia tələbi vardır. Yəni ki, qızıl-zinət əşyaları ilə bağlı lombardda həmin qızıl-zinət əşyalarının dəyəri konkret şəkildə göstərilir və iddiaçının iddia tələbində göstərilən qiymətlər, dəyər, say, tamamilə artıqdır və iddiada göstərilənlər lombard sənədində göstərilənlərlə üst üstə düşmür və həqiqəti əks etdirmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmaq ailə münasibətləri qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü Əlirza adlı uşaqları doğulmuşdur. Belə ki, iddiaçıya məxsus cehiz əşyaları hazırda onun evindədir. Həmin əşyaların deyək ki, bir neçəsi onda olmadığı halda və yaxud da ki, qırıldığı sındığı halda belə çıxır ki, o həmin əşyaların iddiada göstərilən dəyəri həcmində iddiaçıya pul qaytarmalıdır və o da bu tələblə razı deyildir. O aldığı və adına olan əşyaları məhkəmə iddiaçının xeyrinə kəsmişdir, həmin fakturalardan da görünür ki, bəzi əşyaları özü almışdır. Qızıllar lombarda qoyulmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki,Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə münasibətləri qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü Əlirza adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra cavabdehə məxsus evə gəlin köçmüşdür. Bu zaman mübahisəli qızılzinət və cehiz əşyaları ona toy zamanı hədiyyə edilmiş, lakin daha sonra ailədaxili münaqişələr zəmnində məcbur qalıb evdən çıxmışdır. Evdən çıxan zaman iddiaçının qızılzinət və cehiz əşyaları cavabdehə məxsus evdə qalmışdır. Belə ki, hazırda iddiada göstərilən ona məxsus cehiz əşyaları cavabdehin evindədir, qızıl-zinət əşyaları cavabdeh tərəfindən cavabdehin adına lombarda qoyulmuşdur. Qeyd olunan ona məxsus cehiz əşyalarının və uşağa görə verilən 300 (üç yüz) manat süd pulunun Cavabdeh Nürət oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

22. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

23. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35.

24. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur.

25. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-801/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə .02.2020-ci il tarixdə rəsmi nikaha daxil olmaq ailə münasibətləri qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü Əlirza adlı uşaqları doğulmuşdur. İddiaçı ailə quran zaman cavabdehə məxsus evə gəlin köçmüşdür. Bu zaman mübahisəli qızıl-zinət və cehiz əşyaları iddiaçıya toy zamanı hədiyyə edilmiş, ailədaxili münaqişələr zəmnində iddiaçı məcbur qalıb evdən çıxmışdır. Evdən çıxan zaman iddiaçının qızıl-zinət və cehiz əşyaları cavabdehə məxsus evdə qalmışdır.

43. İşin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi qızıl-zinət və cehiz əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

45. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

46. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

47. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

48. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.

49. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

50. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

51. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

52. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:

1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;

2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;

3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.

53. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

54. İşin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında qızıl-zinət və cehiz əşyalarının həqiqətən iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə sübut olunur. Cavabdeh tərəfindən qızılların və cehiz əşyalarının mövcudluğu mübahisələndirilmir. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər onun tərəfindən sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır.

55. Həmçinin kollegiya göstərir ki, cavabdeh tərəfin qızıl-zinət əşyalarından bəzilərinin lombarda qoyulması və qeyd edilən əmlakların qiymətlərinin şişirdilməsi barədə göstərdikləri əsassızdır. Çünki, cavabdeh tərəfində qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

58. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

59. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçı tərəf iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının hər birinin dəyəri və çəkisi barədə mütəxəssis rəyini məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə mübahisəli qızıl-zinət əşyalarının dəyəri və çəkisi barədə mütəxəssis rəyini mübahisələndirməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli qızıl əşyalarının dəyəri və çəkisi barədə tərəflərin bildirdiklərini və mütəxəssis rəyini işin həqiqi hallarına uyğun hesab etmişdir.

60. Eyni zamanda kollegiya onu da qeyd edir ki, apellyator əmlakların qiymətinin artıq göstərilməsi barədə dəlilləri, yəni tələb olunan əmlakların qiymətinin reallığı əks etdirməməsinə dair sübutlarını şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir.

61. Kollegiya xatırladır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Həmçinin, apellyator birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir. Bu səbəbdən kollegiya onun bu dəlilini ağlabatan hesab etmir. Bundan başqa cavabdeh qızılları lombarda qoyduğunu və 300 manat süd pulunun onun tərəfindən alındığını izahatında qeyd etmiş, iddiaçıya məxsus olan cehiz əşyalarının mövcudluğunu mübahisələndirməmişdir. Sonradan cavabdeh həmin əmlakların bir hissəsinin birgə nikah dövründə alındığını bildirsə də, bununla əlaqədar nə birinci instansiya məhkəməsinə, nə də ki, məhkəmə kollegıyasina heç bir subut təqdim etməmişdir. İddiaçı isə bu barədə subutlarını təqdim etmişdir. Bununlada Məhkəmə Kollegiyası hesab edir ki, həmin dəlillər əsaslı deyildir.

63. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.

64. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

67. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-801/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar