Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-803/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin verilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 3072/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X2 Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 05 yanvar 2007-ci il tarixdə doğulmuş Elşən və 12 noyabr 2019-cu il tarixdə doğulmuş Elşad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat sabit pul məbləği həddində müəyyən edilməsi, habelə cavabdehin Elşad adlı uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilərək hər ay 200 manat sabit pul məbləğində vəsaitin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3072/2022 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddia tələbi qismən təmin edilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 yanvar 2007-ci il tarixdə doğulmuş Elşən və 12 noyabr 2019-cu il tarixdə doğulmuş Elşad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)- 2227/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləği həddində müəyyən edilsin, həmin məbləğdə aliment və Elşad adlı uşağın müalicəsi üçün hər ay 30 (otuz) manat əlavə pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməsi, Cavabdeh 57,2 (əlli yeddi manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki olaraq evlənməklə, xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 05 yanvar 2007-ci il tarixdə Elşən və 12 noyabr 2019-cu il tarixdə Elşad adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaqları onun yanında qalmışdır. Hazırda da uşaqlar onun yanında yaşayır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ azyaşlı uşaqları saxlamaq üçün yetərli deyildir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaqların qidalanması və geyimi ilə bağlı xərcləsisə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşaqlarını tək başına saxlaya bilmir. Həmçinin, Elşad adlı uşağı danışa bilmir və sümük boşluğu xəstəliyindən əziyyət çəkir, bunun üçün uşağa uzun müddətli müalicə lazımdır. Uşağın müalicəsinə hər ay yüksək məbləğdə pul xərcləyir və həmin xərclər mütəmadi şəkildə artmaqda davam edir. Mülki iş materiallarında olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 05 yanvar 2007-ci il tarixdə Elşən və 12 noyabr 2019-cu il tarixdə Elşad adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2227/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 05 yanvar 2007-ci il təvəllüdlü Elşən və 12 noyabr 2019-cu il təvəllüdlü Elşad adlı uşaqların İddiaçı yanında saxlanması və xx.xx.2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. X5 tərəfindən verilmiş sənədlərdən görünür ki, 12 noyabr 2019-cu il təvəllüdlü Elşad adlı uşaq səhhəti ilə əlaqədar həmin hospitalda müayinə müalicə olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun maddi vəziyyətində hər hansı yaxşılaşma yoxdur. Əksinə maddi cəhətdən pisləşmə var. Bu səbəbdən də məhkəmənin aliment məbləğini artırması, eyni zamanda hər ay əlavə xərc adı ilə ondan iddiaçının xeyrinə, qeyri müəyyən müddətə 30 manat müalicə xərci tutub, iddiaçının xeyrinə müəyyən etməsi ədalətsizlikdır və qanun normalarının pozulması kimi qiymətləndirilməlidir. Çünki, o heç bir yerdə işləmir. Fəhləlik edir. Bəzən günlərlə onun işi olmur. Məhkəmənin müəyyən etdiyi alimenti zorla ödəyir. Məhkəmənin müəyyən etdiyi alimenti ödəmək onun maddi imkanları xaricindədir. İddiaçı tam sağlamdır. Lakin o, heç bir yerdə işləmir. Ondan aldığı aliment hesabına dolanır. Həmin alimenti uşaqlara deyil, öz şəxsi məqsədləri üçün istifadə edir. Məhkəmə hər ay xəstə adı ilə ondan əlavə xərc olaraq 30 manat vəsait ödəməyinə də qərar verib. Əslində bunun üçün heç bir əsas olmayıb. Çünki, iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Eyni zamanda məhkəmə qətnaməsindən aydın deyil ki, həmin məbləğ nə vaxta kimi ödənilməlidir? Məhkəmənin adi bir analiz müayinəsinə istinad edib, iddianı təmin etməsi çox ədalətsiz olmaqla, həm də qanunsuzdur. İşdə iştirak edən şəxsin apellyasiya məhkəməsində verdiyi izahatı Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, hazırda heç bir yerdə işləmir. Onun cavabdehlə birgə nikahlarından doğlumuş 05 yanvar 2007-ci il tarixdə doğulmuş Elşən və 12 noyabr 2019-cu il tarixdə doğulmuş Elşad adlı uşaqlar onun himayəsindədir və xərcləri artdığı üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləği hazırda kifayət etmir. Həmçinin, 12 noyabr 2019-cu il təvəllüdlü Elşad adlı uşağı xəstədir və mütəmadi olaraq müalicə alır. Uşağı danışmır və sümük boşluğu olduğu üçün yeriyə bilmir. Hər ayın axırı Gəncə şəhərinə müalicəyə gətirir. Lakin, uşağının müalicələrinin nə vaxta bitəcəyini və tam sağalmasını bilmir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3072/2022 saylı qətnaməsi «Elşad adlı uşağın müalicəsi üçün hər ay 30 (otuz) manat əlavə pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməsi» hissəsində dəyişdirilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 müalicəsi bitənədək hər ay 30 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından 2 uşağı anadan olmuşdur. Həmin uşaqlar hazırda iddiaçının himayəsindədir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2227/2021 qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 05 yanvar 2007-ci il təvəllüdlü Elşən və 12 noyabr 2019-cu il təvəllüdlü Elşad adlı uşaqların İddiaçı yanında saxlanması və xx.xx.2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, müəyyən olunan alimentin məbləği azyaşlı Elşən və Elşadın saxlanılması üçün kifayət etmir, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Həmçinin, Elşad adlı uşaq xəstə olduğu üçün yeriyə bilmir və mütəmadi olaraq müalicə alır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2022-ci il üçün 193 manat müəyyən edilmişdir. Hazırda uşaqlar üçün cavabdehdən tutulan 130 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay uşağa 140 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa 140 manat müəyyən edilməsini əsaslı və qanuni sayır. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin xx.xx.2019-cu il təvəllüdlü X3 müalicəsi üçün hər ay 30 manat məbləğində əlavə pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsi uşağın müalicəsi üçün 30 manat məbləğdə əlavə xərc təyin etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə Elşad Məmmədovun xəstəliyindən əziyyət çəkməsi müəyyən edilir. Bu isə uşağın müayinə və müalicəsinin davamlı, müalicəsinin isə müntəzəm xarakterli olduğuna dəlalət edir. Həmçinin, uşağın daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Məhkəmə kollegiyası bu halı, Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynin əlavə xərclərin ödənilməsinə cəlb olunması üçün nəzərdə tutulmuş hallara aid edir. Lakin, birinci instansiya məhkəməsi uşağın müalicəsi üçün əlavə xərci müəyyən edərkən cavabdehdən tutulmalı olan məbləğin nə vaxta kimi ödənilməsi barədə müddət təyin etməmiş və işin bu hallarına diqqət yetirməmişdir. Belə olan halda isə gələcəkdə uşağın müalicəsi bitdikdən sonra yenidən əlavə xərcin tutulması cavabdehin qanunla qorunan hüquq və mənafeyinə toxunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X3 müalicəsi üçün hər ay 30 manat məbləğində əlavə xərc uşağın müalicəsi bitənədək cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Apellyatorun “maddi vəziyyətinin aşağı olması və işləməməsi” barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, cavabdehin uşaqları saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası qanunvericiliyin sadalanan tələblərini önə çəkərək və işin yuxarıda göstərilən diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3072/2022 saylı qətnaməsi «Elşad adlı uşağın müalicəsi üçün hər ay 30 (otuz) manat əlavə pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməsi» hissəsində dəyişdirilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 müalicəsi bitənədək hər ay 30 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 240 manat təşkil edir. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3072/2022 saylı qətnaməsi «Elşad adlı uşağın müalicəsi üçün hər ay 30 (otuz) manat əlavə pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməsi» hissəsində dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 müalicəsi bitənədək Cavabdeh hər ay 30 manat məbləğində əlavə xərc alınıb İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-803/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-803/2023
14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver