Məhkəmə qərarları › İş №2(104)-803/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-803/2025

20.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-803/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızına qarşı mülki iş üzrə Açar sözlər: ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlak; ər-arvadın birgə mülkiyyətinin qanuni rejimi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızının iştirakı ilə, İddiaçı cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızına qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(040)-1069/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar;

2. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasındakı nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur;

3. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Keştək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 04 noyabr 2024-cü il tarixli 48 nömrəli məktubdan görünür ki, Nümayəndəliyin sakini İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında vətəndaşın şəxsi vəsaiti hesabına alınmış sənədsiz evi olmasına baxmayaraq, ailədaxili münaqişə səbəbindən həmin evdə yaşamır. Halhazırda vətəndaşın dediyinə görə Göygöl rayon Üçtəpə kəndi yaxınlığında yerləşən fermada müvəqqəti yaşayır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən birgə nikahda olan zaman tikdirdikləri evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızı ilə 22 avqust 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları zaman cavabdehlə Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən evi tikdirmişlər. Hal-hazırda mübahisəli Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA6 ərazisində yerləşən evdə cavabdeh yaşayır. Son zamanlar aralarında olan mübahisəyə görə cavabdeh onu evə buraxmır. O, evə girərkən cavabdeh “102” xidmətinə ondan şikayət edir. Ona görə də cavabdehlə birlikdə tikdirdikləri Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA6 ərazisində yerləşən evə köçürülməlidir. Evin yarısı üzərində onun mülkiyyət hüququ vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Kəlbəcər Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(040)-1069/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 152 və 178.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məcburi köçkündür və başqa yaşayış yeri yoxdur. Məcburi köçkün kimi əvvəlcə Daşkəsən rayonun Zəylik kəndində məşkunlaşmışdır. 2019-cu ilin yazında cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızı ilə ər-arvad kimi birgǝ yaşadıqları müddətdə heyvanlarını sataraq Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən 2 otaqlı təmirsiz evi X5 adlı şəxsdən 14500 manata alıb 1 otağını təmir etdirərək orada yaşamışdır. 15 mart 2024-cü il tarixdə cavabdeh onu evdən çıxarmış və evə buraxmır. Məcbur olub çobanlıq etdiyi fermada heyvanların yanında yatır. Evinə gedərkən Cavabdeh Daxili İşlər Nazirliyinin "102" xidmətinə ondan şikayət edir. İşə əlavə etdiyi Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Keştək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2024cü il tarixli 48 nömrəli məktubdan görünür ki, o, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafında şəxsi vəsaiti hesabına alınmış sənədsiz evi olmasına baxmayaraq, ailədaxili münaqişə səbəbindən həmin evdə yaşamır. Hal-hazırda Göygöl rayonu Üçtəpə kəndi yaxınlığında yerləşən fermada müvəqqəti yaşayır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızı apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmadığından sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə mübahisəli tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması əsası ilə iddianı təmin etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları araşdırmamışdır. Belə ki, mübahisəli ev əslində onun qardaşı tərəfindən verilmiş vəsait hesabına alınmışdır. Ev alınarkən qardaşı X1 yanında X2 və X3 olmuşlar. Evin alınmasında nə onun, nə də ki iddiaçının hər hansı vəsaitindən istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclaslarında onun iştirakını təmin etmədiyindən evin alqı-satqısında iştirak etmiş şəxslərin şahid qismində dindirilməsi mümkün olmamışdır. Bundan əlavə, mübahisəli evdə yaşadıqları müddətdə bütün kommunal xərclər onun tərəfindən ödənilmişdir. Diqqətə çatdırır ki, iddiaçının yaşamaq üçün başqa yaşayış yeri mövcuddur. Belə ki, məhkəmə qətnaməsi əsasında onun Goranboy rayonunda yerləşən evə istifadə hüququ tanınmışdr. Həmin iş üzrə tərəf olmadığından qəbul edilmiş qətnamənin surətini ala bilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2015-ci ildə cavabdehlə nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra bir müddət atasına məxsus evdə yaşamışlar. Daha sonra isə mübahisəli evi almış və cavabdehlə birlikdə həmin evə köçmüşlər. Hazırda cavabdehlə nikahları pozulmuşdur. Cavabdeh və ailəsi onu mübahisəli evdən qovmuşlar və başqa yaşayış yeri yoxdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, mübahisəli ev 0.08 ha torpaq sahəsinin üzərində inşa edilmişdir. Nə evin, nə də ki evin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədi yoxdur. Evi İlham adlı şəxsdən 14500 manat müqabilində almışdır. Evi aldıqdan sonra bir otağı təmir etdirib cavabdehlə oraya köçüb birlikdə yaşamışlar.

12. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə nikaha daxil olduqdan sonra bir müddət sonuncunun atasına məxsus Daşkəsən rayonunda yerləşən evdə yaşamışlar. Orada yaşayan zaman çoxlu ailə-məişət problemləri yaranmışdır. Ona görə də qardaşı Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən mübahisəli evi alıb onları oraya köçürtmüşdür. Qardaşı evi İlham adlı şəxsdən 14000 manat müqabilində almışdır. Evi aldıqdan sonra bir otağı yaşayış məqsədilə təmir etdirmiş, ev hazır olduqda isə iddiaçı ilə birlikdə köçüb orada yaşamışlar. İddiaçının mübahisəli evdən başqa da yaşamağa yeri var. Belə ki, iddiaçı ondan əvvəl başqa qadında nikahda olduğu zaman dövlət tərəfindən ona mənzil ayrılmışdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, ev 2019-cu ildə alınmışdır. Qardaşı evin alınması üçün 14000 manat vəsaiti onun bacısının və Mahir adlı şəxsin yanında evin sahibi İlham adlı şəxsə vermişdir. Evin qardaşı tərəfindən alındığına dair başqa sübutu yoxdur. Evin bir otağında aparılan təmir işləri də qardaşının vəsaiti hesabına həyata keçirilmişdir.

13. Hazırkı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, təxminən altı-yeddi il əvvəl mübahisəli fərdi yaşayış evini İddiaçı satmışdır. Evin alqısatqısına görə iddiaçı tərəfindən ona 14000 manat vəsait ödənilmişdir. Əslində, evin alqı-satqısını 16000 manata razılaşmışlar, lakin iddiaçının 14000 manat pulu olduğuna görə belə razılığa gəlmişlər ki, sonuncu həmin vəsaiti ona ödəsin, qalıq 2000 manatı də gələcəkdə ödəyər. Lakin, iddiaçı hazırkı vaxtadək evin alqı satqısına görə ödəməli olduğu qalıq 2000 manatı ona ödəməmişdir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından evin alqısatqısına dair notarial qaydada müqavilə bağlaya bilməmişlər. Sədrlik edənin suallarına cavab olaraq şahid İlham Mürsəlov bildirmişdir ki, ev Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 adlanan ərazidə ehsan bulağının yaxınlığında yerləşir. O, əvvəlcədən İddiaçı əmisi Məhəmməd adlı şəxsi tanımışdır. Həmin şəxsin yanında evi satmaq istədiyini bildirmiş, Məhəmməd də onu qardaşı oğlu olan Cəlalla tanış etmişdir. Cavabdeh və qardaşını tanımır. Sadəcə olaraq evdən özünə məxsus əşyaları götürən zaman cavabdeh də orada olmuşdur. Hətta pul müqabilində bəzi əşyaların evdə saxlanılması barədə razılıq olmuşdur.

14. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, evi aldıqdan sonra orada təmir-tikinti işləri aparmışdır. Həmin işlərin həyata keçirilməsinə görə təxminən 1500 manat vəsait sərf etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, evin alqısatqısı üçün pul vəsaitini qardaşı Novruz evin sahibi İlham Mürsəlova vermişdir. Hətta evə elektrik xətti də qardaşı tərəfindən çəkilmişdir. Hazırda da evdə qaz və su sayğacları onun adınadır. İlham Mürsəlov evdən əşyalarını götürən zaman o da orada olmuşdur. İlham tərəfindən evə qaz xətti çəkilmiş olsa da, lakin ev qazla təmin olunmadığına görə qardaşı yenidən evə qaz xətti çəkdirmişdir. İddiaçının nə ev almağa, nə də ki evdə təmir işləri aparmağa imkanı olmamışdır. Cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

17. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

18. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

20. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

21. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

22. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

23. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

24. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, İddiaçı cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızı ilə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməlidir.

35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Daha sonra ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və məhkəmə qətnaməsi ilə 2024-cü ildə onların nikahı pozulmuşdur. Bununla yanaşı müəyyən olunur ki, 2019-cu ildə, yəni tərəflərin birgə nikah dövründə satıcı X5 ilə alıcı İddiaçı Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair razılığa gəlmişlər. Bu məqsədlə alıcı İddiaçı tərəfindən satıcı İ.Mürsəlova 14000 manat vəsait ödənilmişdir. Satıcı da öz növbəsində həmin evi və evin yerləşdiyi torpaq sahəsini alıcı İddiaçı və onun ailə üzvlərinin sahiblik və istifadəsinə vermişdir. 2024-cü ildə tərəflərin ailə münasibətləri pozulduğundan İddiaçı həmin evi tərk etmiş və evə sahiblik və istifadə hüquqlarını həyata keçirə bilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. İşin mübahisəsiz hallarıdır ki, tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. 2019-cu ildə, yəni tərəflərin birgə nikah dövründə isə onlar Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən özbaşına tikinti sayılan fərdi yaşayış evini əldə etmişlər.

38. Tərəflərin mübahisə predmetinə çevirdiyi fərdi yaşayış evi özbaşına tikinti olmaqla, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və tərəflərin həmin ev üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Lakin, həmin ev fiziki obyekt olaraq özündə tərəflərin əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərə malikdir və ev cavabdehin faktiki sahibliyindədir.

39. Nəzərə almaq lazımdır ki, ailə hüquq münasibətlərini yaradan önəmli hüquqi fakt olan nikah kişi ilə qadının qanunla nəzərdə tutulan qaydada ailə qurmaq üçün bağladığı azad və könüllü ittifaqıdır. Nikahın bağlanması faktı ilə ər və arvadın şəxsi və əmlak xarakterli subyektiv hüquqları və vəzifələri yaranır.

40. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

41. Cavabdeh X.Babayeva özbaşına tikinti sayılan fərdi yaşayış evinin birgə nikah dövründə əldə edildiyini qəbul etmiş, lakin evin onların vəsaiti hesabına deyil də, onun qardaşının vəsaiti hesabına əldə edildiyi barədə arqument irəli sürmüşdür.

42. Cavabdeh tərəfin bu arqumentləri məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu təsdiq edilə bilər.

43. «E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olmayan hesab edilsin.

44. Hazırkı işdə isə əmlakın ər-arvadın birgə vəsaiti hesabına əldə olunmasına etiraz edən tərəf cavabdehdir və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü də bilavasitə onun üzərinə düşsə də, lakin o, sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü arqumenti təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

45. Əksinə, apellyasiya baxışı zamanı özbaşına tikinti sayılan fərdi yaşayış evinin satıcısı olan X5 şahid qismində dindirilmiş və o, verdiyi ifadəsində bildirmişdir ki, təxminən altı-yeddi il əvvəl mübahisəli fərdi yaşayış evini İddiaçı satmışdır. Evin alqı-satqısına görə iddiaçı tərəfindən ona 14000 manat vəsait ödənilmişdir. Əslində, evin alqı-satqısını 16000 manata razılaşmışlar, lakin iddiaçının 14000 manat pulu olduğuna görə belə razılığa gəlmişlər ki, sonuncu həmin vəsaiti ona ödəsin, qalıq 2000 manatı də gələcəkdə ödəyər. Lakin, iddiaçı hazırkı vaxtadək evin alqı satqısına görə ödəməli olduğu qalıq 2000 manatı ona ödəməmişdir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından evin alqı-satqısına dair notarial qaydada müqavilə bağlaya bilməmişlər. Sədrlik edənin suallarına cavab olaraq şahid İlham Mürsəlov bildirmişdir ki, ev Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 adlanan ərazidə ehsan bulağının yaxınlığında yerləşir. O, əvvəlcədən İddiaçı əmisi Məhəmməd adlı şəxsi tanımışdır. Həmin şəxsin yanında evi satmaq istədiyini bildirmiş, Məhəmməd də onu qardaşı oğlu olan Cəlalla tanış etmişdir. Cavabdeh və qardaşını tanımır. Sadəcə olaraq evdən özünə məxsus əşyaları götürən zaman cavabdeh də orada olmuşdur. Hətta pul müqabilində bəzi əşyaların evdə saxlanılması barədə razılıq olmuşdur.

46. Şahid ifadəsinin obyektivliyi barədə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, şahid işin həqiqi halları barədə məlumatı malik şəxslərdir. Çünki, o, mübahisəli evin əvvəlki sahibi olmuş və ev onun tərəfindən satılmışdır. Odur ki, şahid İ.Mürsəlov evin kimə satılması, evin satış dəyəri, bu dəyərin kim tərəfindən ödənilməsi və s. məlumatlara malikdir. Hansı ki, bu məlumatlar da işin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, həmin şahid tərəflərin hər hansı biri ilə qohumluq və ya xidməti asılılıq münasibətlərində deyil ki, mübahisənin tərəflərin birinin lehinə və ya əleyhinə həllində maraqlı olsun. Bununla belə şahidin ifadəsindəki məlumatlar da (evin satıldığı tarix, evin dəyəri və s.) işin müəyyən edilmiş və faktiki halları ilə uyğunluq təşkil edir. Bir sözlə, şahid ifadəsindəki məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından kollegiya həmin ifadəni mötəbər sübut olaraq qiymətləndirmişdir.

47. Yuxarıda aparılan təhlilin yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, özbaşına tikinti sayılan fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmişdir.

48. Məlumdur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs, habelə başqa əqd əsasında belə bir tikintini əldə etmiş şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya sayılmır və ərarvad arasında bölgünün predmeti ola bilməz. Bununla belə, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir (Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Plenum Qərarındakı hüquqi mövqe). Odur ki, mövcud vəziyyətdə özbaşına tikinti fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər olduğundan ər-arvadın özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanları vardır.

49. Çünki, həmin ev tərəflərin birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmiş, habelə evdən yaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə müəyyən təmir işləri aparılmışdır. Başqa sözlə, tərəflər birgə nikah dövründə mənzil ehtiyaclarını qarşılamaq məqsədilə ümumi ailə gəlirləri hesabına 14000 manat vəsait sərf etməklə həmin əmlakı əldə etmişlər. Lakin, sonradan onlar arasındakı narazılıqlar səbəbindən nikahları pozulmuş və ayrılmışlar. Nəticədə isə İddiaçı birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmiş yaşayış sahəsindən istifadə imkanlarından məhrum olmuşdur.

50. Şərh olunanları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar vardır. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün olmayan nəticəyə gələrək iddianı təmin etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(040)-1069/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızı ilə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar