Məhkəmə qərarları › İş №2(104)-816/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-816/2023

28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-816/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bəhmən qızının Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: aliment məbləğinin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynov Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Bəhmən qızının və Cavabdeh iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-1505/2022 saylı mülki iş üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Bəhmən qızı və Cavabdeh tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 28 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu-ci il tarixli AZ-İV № 349614 saylı Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, hazırkı işdə tərəflər olan Cavabdeh ilə İddiaçı Bəhmən qızının birgə nikahından 18 may 2010-cu il tarixdə doğulmuş X4 adında bir uşaqları vardır. İş materiallarında olan Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli AZ-İ № 346999 saylı Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 iyun 2007-ci il tarixdə 50 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, 18 may 2010-cu il təvəllüdlü X1 atasının Cavabdeh olması faktı müəyyən edilmiş, uşaq ananın himayəsində saxlanılmış və uşaq üçün hər ay 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, mübahisə həmin orqanda öz həllini tapmamış, cavabdeh mediasiya iclasında iştirak etməmiş, 50 manat mediasiya xərci İddiaçı Bəhmən qızından tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Bəhmən qızı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onların birgə nikahlarından anadan olmuş 18 may 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləğinin artırılaraq sabit pul məbləğində 193 manatdan müəyyən edilməsinə və mediasiya xidməti üçün ödəmiş olduğu 51 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia ərizəsində uşağın soyadı səhvən “Əliyev” yazılmaq əvəzinə “İsmayılov” kimi qeyd edilmişdir.) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 02 oktyabr 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, nikahlarını rəsmiləşdirmişlər. Həmin nikah Tərtər Rayon Məhkəməsinin 27 iyun 2006-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan 20 sentyabr 2003-cü il təvəllüdlü Nübar və 18 may 2010-cu il təvəllüdlü İsmayıl adlı uşaqları anadan olmuşlar. Aralarında olan narazılığa görə nikahları məhkəmənin qətnaməsi ilə pozulmuş, məhkəmənin 25 may 2018-ci il tarixli qətnaməsi ilə uşaqlar onun himayəsində saxlanılmış, hər uşaq üçün hər ay 100 manat olmaqla aliment məbləği qət edilmişdir. Hər iki uşaq xəstədirlər, hazırda Tərtər Şəhərində kirayədə yaşayırlar. Uşaqların müalicəsi ilə məşğul olmalıdır, bunun üçün xərc çəkməlidir. 2010-cu il təvəllüdlü İsmayılı hər yay ayları dənizə aparmalıdır. Uşaqların biri yetkin yaşa çatıb. Uşağın tələbatları artır, cavabdeh isə onlara əlavə köməklik etmir. Alimentin artırılması barədə Mediasiya Şurasına müraciət etmiş, Mediatorun verdiyi arayışı aldıqdan sonra Tərtər Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır və xahiş edir ki, iddia tələbi təmin edilsin. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş və göstərmişdir ki, uşağın maddi tələbatı artıb, bu səbəbdən də uşağın tələbatını ödəyə bilmir. Cavabdeh Bakı şəhərində yaşayır, ayrı-ayrı yerlərdə işləyir, həmçinin maddi imkanı var. Cavabdehin ailəsində hamısı işləyirlər. Bildiyinə görə Cavabdeh Bakı şəhərində mühafizə xidmətində işləyir, həmçinin tikintilərdə qohumları ilə usta işləyir, hörgü və beton işləri ilə məşğuldur. Ona görə də iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh qeydiyyatda olduğu ünvanına göndərilmiş bildirişlər "ünvandan köçüb" qeydi ilə poçt xidməti tərəfindən məhkəməyə qaytarılmış, məhkəmə işin baxılmasını mümkün bilmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1505/2022 saylı mülki iş üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Bayramov) iddia qismən təmin edilmiş, Cavabdeh 18 may 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği qismən artırılaraq hər ay 140 /bir yüz qırx/ manatdan olmaqla aliment məbləği hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başalayaraq hesablanılmaqla tutulub iddiaçı X2 xeyrinə verilməsi, Cavabdeh 30 /otuz/ manatın tutularaq dövlət büdcəsinə verilməsi, mediasiya xidməti üçün ödənilmiş 50 /əlli/ manat pulun Cavabdeh tutulub İddiaçı xeyrinə verilməsi, tələbin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-1505/2022 saylı mülki iş üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, iddiaçı qeyd etmişdir ki, guya uşaqlar xəstədir, onların müayinəyə ehtiyacları var. Bununla bağlı onu qeyd etmişdir ki, övladlarının heç biri xəstə deyil və heç bir müalicəyə ehtiyacları yoxdur. Bundan başqa Tərtər Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra onun maddi vəziyətində müsbət tərəfə heç bir dəyişiklik yoxdur. O, həmin vaxt da, hazırki vaxtda da mühafizə xidmətində işləyib və aylıq əmək haqqı 250 manatdır. Ondan əlavə heç bir yerdə işləmir. Lakin məhkəmə işin bu hallarını nəzərə almamış, onun aylıq əmək haqqı 250 manat olduğu halda ondan 140 manat alimentin tutulmasını qət etmişdir. Bununla da Ailə Məcəlləsinin 78.2 və 112-ci maddələrinin tələblərini pozmuşdur. Bundan başqa məhkəmə iddianı təmin edərkən yalnız ölkə üzrə bu ilki yaşayış minimumunu nəzərə almış və həmin məbləğdə aliment təyin etmişdir, lakin nəzərə almamışdır ki, uşağın saxlanılması hər iki valideynin borcudur və həmin məbləğin tutulmasını yalnız cavabdehin üzərinə qoymaqla yanlış nəticəyə gəlmişdir. İşin digər bir halı isə ondan ibarətdir ki, o, köhnə təyin edilən alimentin ödənilməsində belə çətinlik çəkirdi, alimentin birdən birə 40 manat qaldırılması onu çox çətin vəziyyətə qoyacaq ki, bu da həmin qətnamənin icrasında çətinlik yaradacaq. Hesab edir ki, məhkəmə işdə olan sübutları düzgün qiymələndirməmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur. Qətnamədən həmçinin İddiaçı Bəhmən qızı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-1505/2022 saylı mülki iş üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qətnaməsində cavabdeh tərəfin onun xeyrinə ödəməsi üçün aylıq 140 manat aliment təyin edərkən cavabdehin maddi vəziyyəti ilə bağlı və ya onun sağlamlığının məhdudiyyəti ilə bağlı hansısa sübut növünə istinad etməmişdir. Baxmayaraq ki, hakim yaşayış minimumu haqqında qanuna istinad etmişdir, lakin sonrakı halda öz qətnaməsində cavabdehlə bağlı heç bir sübuta və dəlilə əsaslanmadan bir uşaq üçün 140 manat aliment müəyyən etmişdir. Halbuki, Ailə Məclləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Ancaq məhkəmə alimentin miqdarını müəyyən edərkən nə real olaraq onun ailə vəziyyətinə dair sübutlara istinad edərək onun tələbinin alimentə dair 193 manat məbləğdə təmin olunmamasını obyektiv əsaslandıra bilmişdir, nə də cavabdehin ailə və maddi vəziyyəti ilə əlaqədar hansısa mötəbər, təkzibedilməz sübuta dayanmışdır. Qeyd etmişdir ki, hər iki uşaq xəstədir. Hər ikisi məktəbə gedir, kirayədə yaşayırlar. Bu günkü real sosial iqtisadi vəziyyətdə iki uşağı saxlamaq olduqca çətindir. Hər iki uşağı hər il həkim müayinə və müalicəsinə aparmalı olduğu halda bunu edə bilmir. Hətta İsmayıl adlı uşaq hər yay dəniz sahilinə quma getməlidir. Eyni zamanda hər gün durmadan artan real bazar qiymətləri müqabilində uşaqlarının məktəb ləvazimatlarını, dərsliklərini və geyimlərini almağa da olmazın zülümlər çəkir. Hesab edir ki, məhkəmə həqiqətə nail olmaq üçün işi hər tərəfli araşdırmamış, tam və obyektiv tədqiqi üçün lazımi şərait yaratmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu səbəbdən də qətnamə ləğv olunmalı, iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Bəhmən qızı apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, ibtidai sinif müəllimidir, aylıq əmək haqqı 350 manatdır. Cavabdeh isə uşaqların saxlanmasında köməklik etmir, köhnə alimenti də vaxtlı-vaxtında ödəməmiş, bu səbəbdən də 5000 manata yaxın borcu yaranmış, əvvəlki aliment borcundan 800 manat ödəmişdir. Hazırki vəziyyətdə yetkinlik yaşına çatmayan İsmayılın saxlanması üçün ən azı 170 manat aliment tutulmasına razıdır. Sonda özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və şikayətində göstərilənlərə uyğun izahat verərək, iddiaçının məhkəmədə qaldırdığı iddialara görə işində narazılıqlar oduğundan başqa yerdə işlədiyi yerlərdən işdən çıxardıqlarını, hazırda 2600 manat aliment borcu olduğunu, ayda 170-180 manat aliment ödəməyə imkanı olmadığını, hazırda mühafizə xidmətində işləməklə 250 manat əmək haqqı aldığını, aliment tələbinin onun əmək haqqının müəyyən hissəsinə yönəldilməsinə razı olduğunu bildirmiş, sonda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, özü tərəfindən verilmiş apellyasiya şikayətiin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. aliment verməyə borclu olan valideynin qazancı qeyri müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də buMəcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 13 - uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarı Bənd 8.2 - uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2 – apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə: 385.1.1 - maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.4 - birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual pozuntularla qəbul edildiyindən tamamilə ləğv edilməli, irəli sürülən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları araşdırlarkən müəyyən olunur ki, tərəflərin birgə nikahından 18 may 2010-cu il tarixdə doğulmuş İsmayıl adlı uşağın soyadı “Əliyev” olmasına baxmayaraq, iddia ərizəsində onun soyadı səhvən “İsmayılov” kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi isə bu hala nəzər yetirməmiş, qəbul etdiyi qətnamədə giriş, təsviri,əsaslandırıcı və nəticə hissəsində aliment tutulmalı olan uşağın soyadını səhvən “Əliyev” əvəzinə “İsmayılov” kimi qeyd etməklə, sanki başqa uşağa görə hazırki iş üzrə Cavabdeh aliment tutulmasını qət etmişdir. Bununla da qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qətnamə qəbul etmişdir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasya qaydasında ləğvedilməsi üçün əsaslardan biridir. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, uşaqları skolioz xəstəsi olmaqla daimi müalicəyə ehtiyacları vardır, bundan əlavə cavabdeh uşaqların saxlanılmasında heç bir köməklik göstərmir, məhkəmənin müəyyən etdiyi 100 manat məbəğində alimentlə uşağın xərclərini ödəyə bilmir. Cavabdeh isə eyni vaxtda bir neçə yerdə işləyir, qazancı və gəlirləri kifayət qədərdir. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri cavabdehdən tutulan aylıq aliment məbləğinin artırılmasına əsas verir. Çünki, yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Cavabdeh isə əmək qabiliyyəti olmaqla, hazırda mühafizə xidmətində işləyir və aylıq 250 manat əmək haqqı alır. Cavabdehin apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya hesab edir ki, həmin dəlillər alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Bundan əlavə cavabdeh apellyasiya şikayətində ondan tutulmalı olan alimentin onun əmək haqqına yönəldilməsi və əmək haqqının müəyyən hissəsinin tutulması ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, aliment tələbinə dair iddialarda alimentin sabit pul məbləğində və ya cavabdehin qazancından müəyyən hissəsi miqdarında tutulması iddiaçının seçim hüququdur, bu zaman cavabdehin fikri nəzərə alınmır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə də əsaslı olmamışdır, müəyyən olunmuş aylıq alimentin məbləğinin artırılması üçün əsaslar vardır. Məhkəmə kollegiyası, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Məhkəmə kollegiyası cavabdehin əmək haqqının aşağı olduğunu, hazırda ailəli olduğunu nəzərə alaraq, qeyd olunan məbləğdən daha yüksək məbləğdə alimentin ondan tutulmasını cavabdehin maddi vəziyyətinə uyğun hesab etmir. Kollegiya qeyd edir ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınmalı, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Kollegiya qeyd olunan halları nəzərə alaraq hesab edir ki, hazırki işdə aliment ödəməyə borclu olan valideyndən tutulmalı olan alimentin aylıq miqdarının hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi həm uşağın, həm də tərəflərin mənafeləri baxımından məqsədəmüvafiq hesab edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə onda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı və iddia tələbi qismən təmin edilməlidir. "X7" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda qiymət bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, artırılmış məbləğə müvafiq olaraq 30 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməlidir. Mülki Prosessual Məcəllənin 115.0 maddəsində işə baxılması ilə əlaqədar məsrəflər nəzərdə tutulmuş, həmçinin həmin Məcəllənin 115.0.9-cu maddəsinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də məhkəmə məsrəfləri hesab edilə bilər. Cavabdeh Ə.X3 iştirak etmədiyi üçün məhkəmə həmçinin hesab edir ki, mediasiya xidməti üçün ödənilmiş 50 manat məbləğində pul da cavabdehdən tutulub iddiaçı tərəfin xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385, 386, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Bəhmən qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-1505/2022 saylı mülki iş üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı Bəhmən qızının birgə nikahından 18 may 2010-cu il tarixdə anadan olmuş X4 adında yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Tərtər Rayon Məhkəməsinin əvvəlki-2(061)-996/2018 saylı 25 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan aylıq alimentin miqdarı artırılsın və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub, İddiaçı Bəhmən qızına verilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin Mediasiya xidməti üçün İddiaçı Bəhmən qızı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı Bəhmən qızına verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar