Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-822/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-182/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-182/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddiasının, iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi, məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-182/2025 saylı iş üzrə 21 yanvar 2025-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğuna görə tamamilə ləğv edilməsi, iş üzrə məhkəmə texniki-tikinti və qiymətləndirmə üzrə ekspertizası təyin edilməklə və eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizəni rədd edilməklə iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, keçmiş əri Cavabdeh ilə birlikdə, birgə nikah dövründə ünvan 1 ünvanda tikdikləri zirzəmidən, 2 yaşayış otağından, zal-eyvandan və digər köməkçi tikililərdən ibarət olan fərdi yaşayış evinin tikintisi üçün çəkdikləri 45000 (qırx beş min) manat pulun ½ hissəsinin cavabdehdən tutulub ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci ildə ailə qurmuş və 03 dekabr 2008-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə aralarında olan nikahdan 2 övladı - 27 noyabr 2008-ci il təvəllüdlü X4 və 11 iyul 2010-ci il təvəllüdlü X6 doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikahları pozulmuşdur. Evləndikdən bir müddət sonra cavabdehlə birlikdə onun sənədsiz aldığı ünvan 2 ünvanda ev tikməyə başlamış və həmin evin 1 otağı hazır olduqdan sonra cehiz əşyalarını da həmin evə köçürdərək, cavabdehlə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Həmin ünvanda yaşaya-yaşaya evin digər otağını, çardağını, divar hasarını, darvazasını, sanitar qovşaq və hamam kimi köməkçi tikililərini tikib başa çatdırmışlar. Birgə nikah dövründə bu əmlakı əldə etmələrinə və tikintisini başa çatdırmalarına baxmayaraq, torpaq sahsinin əvvəlki sahibi vəfat etdiyinə görə evi sənədləşdirə bilməmiş və bu səbəbdən də boşandıqdan sonra o, həmin başa çatmış tikilinin mülkiyyət hüququna dair sənədi olmadığına görə əmlakın bölgüsü tələbinə dair iddia qaldıra bilməmişdir. Həmin evə cavabdehlə birlikdə o, və valideynlərinin köməkliyi ilə 45.000 (qırx beş min) manata yaxın pul xərcləmişdir. Bütün xərclərdə və evin tikintisində onun əziyyəti də olmuş, həmçinin qardaşı X10 da usta kimi işləmişdir. O, ilk öncə Gəncə şəhəri Nizami rayon Məhkəməsində evə köçürülmə ilə bağlı iddia qaldırmış və Gəncə Apellyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ilə Sevil Qaziyeva küçəsində yerləşən ünvana uşaqları ilə bir yerdə köçürülməyi təmin edildi və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən qüvvədə saxlanılmışdır. Gəncə şəhəri, Sevil Qazıyeva küçəsində olan evə köçürülməyi təmin edilsə də cavabdeh dəfələrlə buna maneçilik törətməyə başlamış və hazırda da maneçilik törədir. Bu səbəbdən də o, birgə nikah dövründə əldə olunmuş əmlaka çəkilən xərcin bölünüb cavabdehdən alınması tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdehlə birgə nikah dövründə tikdiyi bu ev kürsülü ev olmaqla, yəni 2 mərtəbə olmaqla aşağı hissəsi zirzəmidən ibarətdir, yuxarı hissəsi 2 böyük otaq, 1 eyvan - zaldan, 1 mətbəx otağından, həmçinin hamam, sanitar qovşaq və heyvan saxlamaq üçün tövlədən ibarətdir. Eyni zamanda evin ətrafına daş ha sar çəkilmiş və darvazası qoyulmuşdur. Ümumillikdə evə 45.000 (qırx beş min) manatdan çox xərc çəkmişlər. Yuxarıda göstərdiyi səbəblərə görə hesab edir ki, işə baxan məhkəmə bu əmlakın birgə nikah dövründə tikilməsini və çəkilən xərclərin birgə nikah dövründə olmasını nəzərə alacaqdır və evə çəkilən xərclər müəyyən edilməklə, yəni müvafiq ekspert rəyi ilə müəyyən edilməklə cavabdehlə onun arasında bölünəcəkdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan cavabdeh tərəfin təqdim etdiyi saxta dəlillərə və arqumentlərə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir. Belə ki, neçə illər ərzində birgə nikah dövründə sənədsiz torpaq sahəsində inşa etdikləri tikililərə dair çəkilmiş xərclər cavabdehlə onun araslnda bölünməli olduğu halda məhkəmənin işi düzgün araşdırmaması və maddi hüquq normalarının düzgün tətbiq etməməsi nəticəsində təmin edilməməklə onun və himayəsində olan övladının pay hüququ əllərindən alınmışdır. Gəncə Şəhər Məhkəməsinə məhkəmə baxışa qədər o, evə, yəni tikiliyə çəkilən xərclərin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət etmiş və qiymətləndiricidən evin dəyəri ilə bağlı rəy almış və həmin rəydə də göstərilir ki, evin dəyəri bugünkü bazar qiymətlərinə uyğundur və eyni zamanda iddia tələbində evin dəyəri ilə bağlı göstərdiyi qiymətlərə uyğundur. Məhkəmə iclasında məhkəməyə təqdim etdiyi müstəqil qiymətləndiricinin qiymətləndirmə rəyi əsas dəlil və sübutlardan biri olmasına baxmayaraq, Gəncə Şəhər Məhkəməsi həmin qiymətləndirmə rəyini mülki işə əlavə etsə də həmin qiymətləndirmə rəyinə nə qətnamədə nə də məhkəmə iclas zalında istinad etməmişdir və qiymətlədirmə rəyinin bu işə nə dərəcə əhəmiyyətli olduğuna və sübut kimi qiymətləndirilib qiymətləndirilə bilməyəcəyinə dair münasibət bildirməmişdir. Hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin evin dəyəri ilə bağlı təqdim etdiyi qiymətləndirmə rəyinə münasibət bildirməməsi ən azından həm kobud prosessual pozuntudur və eyni zamanda həmin qiymətləndirmə rəyinə münasibət bildirməməklə maddi hüquq normalarının kobud pozuntusuna yol verməklə hüquqi və qanuni əsası olmayan qətnamə çıxarılmasına hakimin şəxsi mülahizə səbəbiyyəti olmuşdur. Digər bir tərəfdən birinci instansiya məhkəməsi qətnamə çıxararkən iddia tələbini təmin etməmə səbəblərindən biri kimi onu göstərir ki, guya ki, iddiaçı cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə daxil olmuşdur və guya onlar tərəfindən iddia müddəti ötürüldüyünə görə iddia müddəti tətbiq edilmiş və bu səbəbdən iddia təmin edilməmişdir. Ancaq o, və vəkili məhkəmə iclas zalında həmin müddətin tətbiqi barədə ərizəyə münasibətində həm də çıxışlarına göstərmişlər ki, onlar tərəfindən heç bir iddia müddəti ötürülməmişdir və qanunla müəyyən olunmuş müddət ərzində onlar Gəncə Şəhər Məhkəməsində vaxtı ilə iddia qaldırmış və həmin iddia dəfələrlə məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır və hətta 1 ildən çox Gəncə Şəhər Məhkəməsinin hakimi Gündüz Şirinovun icraatında bu iş olmuş və ekspertiza təyin olunmuş iş üzrə icraat dayandırılmış və həmin evə dair ekspertiza tərəfindən rəy verilmiş və layihə smeta sənədləri olmadığına görə evə tikililərə xərc müəyyən edilə bilməmişdir və bu səbəbdən də layihə smeta sənədləri ilə bağlı müstəqil qiymətləndiricinin verdiyi rəy yenidən məhkəmə texniki tikinti eksperizasının təyin edilməsi üçün əsas olduğu halda işə baxan məhkəmə texiki tikinti və qiymətləndirmə üzrə ekspertiza təyin etmədən sadəcə qısa bir araşdırma apararaq, cavabdehin müddətin tətbiqi barədə ərizsəini əsas gətirərək, qanunsuz şəkildə iddianın təmin edilməməsi qənaətinə gəlməklə iş üzrə maddi hüquq normalarını düzgün tətbiq və tövsif etməməklə qanunsuzluğa yol vermiş olmuşdur. Birmənalı şəkildə tərəflərindən sübuta yetirildi ki, iddia müddəti onlar tərəfindən ötürülməmişdir və nikah pozulduqdan sonra heç il yarım keçməmiş, həmin bu iddianı onlar məhkəmədə qaldırmışlar, Gəncə Şəhər Məhkəməsinin icraatında olmuşdur və məhkəmənin işi baxılmamış saxlaması adından da göründüyü kimi işin baxılmamış saxlanılması iddia müddəti axınını dayandırır və belə hallarda bu cür işlərə iddia müddəti tətbiq oluna bilməz. Digər bir tərəfdən bu iş ona görə iddia müddəti tətbiq oluna bilməz ki, onun həmin evə köçürülməyi barədə, yəni yaşayış hüququmun tanınması barədə eyni məhkəmənin, yəni Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətaməsi var. Onun həmin evdən həmin ünvanda istifadə hüquqları, köçürülmə hüquqları artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır və həmin qətnamə ilə sübuta yetirilir ki, birgə nikah dövründə həmin evə xərclər çəkilmişdir. Bu göstərdiyi arqumentlər və apellyasiya şikayəti dəlilləri onu təsdiq edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə işə baxana hakimi öz şəxsi mülahizələrinə əsaslanmış və mövcud iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını işə düzgün tətbiq edməmiş, maddi hüquq normalarını iş üzrə düzgün tövsif və təfsir etməmişdir. Hesab edir ki, yuxarıda göstərdiyi hallar və apellyasiya şikayətinin dəlilləri əsasında Gəncə Şəhər Məhkəməsinin 2(125)-182/2025 saylı iş üzrə 21 yanvar 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv ediləcək və iş üzrə məhkəmə texniki-tikinti və qiymətləndirmə üzrə ekspertizası təyin edilməklə əmlakın ekspert rəyi üzrə qiymətləndirmə rəyi alınaraq, iddia müddəti tətbiq edilmədən iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmış olacaqdır. Birmənalı şəkildə birinci instansiya məhkəməsi mübahisə olduğu halda iş üzrə məhkəmə xətşunaslıq və məhkəmə əmtəəşunaslıq, texniki tikinti və qiymətləndirmə üzrə məhkəmə ekspertizası təyin etmədən və rəy almadan və ya mütəxəssis rəyi almadan məhkəmə öz şəxsi fikrinə və mülahizəsinə əsaslanıb, sənəd və sübutlara münasibət bildirmədən qətnamə çıxardaraq nəticə vermişdir. Bu hal isə kobud prosessual pozuntudur. Həmçinin məhkəməyə dəvət etdiklər şahidləri dindirmədən və iclas zalına buraxmadan nəticə verməsi kobud prosessual pozuntudur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflərdən cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü və iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli (saat 09:29) teleqramı göndərərək səhhəti ilə bağlı işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Yeniabad kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 26 oktyabr 2020-ci il tarixli, 600 nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Şəmkir rayonunun Yeniabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(076)-4090/2019 nömrəli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 03 dekabr 2008-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış və 734 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş 27 noyabr 2008-ci il təvəllüdlü Şəhriyar və 11 iyul 2010-cu il təvəllüdlü Şəhla adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 oktyabr 2019cu il tarixli, 2(102)-6395/2019 nömrəli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(044)-4750/2018 saylı qətnaməsi ilə iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızının Cavabdeh, 3-cü şəxs X7 qarşı onun iki uşağı ilə birlikdə Cavabdeh yaşadığı Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 4-cü döngədə yerləşən 66 saylı fərdi yaşayış evinə köçürülməsinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2 (104)-1665/2019 nömrəli qətnaməsi ilə iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızının apelyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(044)-4750/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızı 27 noyabr 2008-ci il təvəllüdlü X4 və 11 iyul 2010-cu il təvəllüdlü X6 ilə birlikdə Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 4-cü döngədə yerləşən 66 saylı fərdi yaşayış evinə köçürülmüşdür. Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(104)-1665/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 06 iyul 2021-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 2966 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Sevil Qazıyeva küçəsi, döngə 4, mənzil 66 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestri barədə arayışdan görünür ki, Cavabdeh adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 sentyabr 2021ci il tarixli, 2(044)-1993/2021 nömrəli qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 10/5117 nömrəli rəyinin surətindən görünür ki, tədqiqat ünvan 5 ünvanda yerləşən mübahisəli fərdi yaşayış yeri üzrə aparılmışdır. Tədqiqatın aparılması üçün göstərilən tikililərə tərəflərin iştirakı ilə ekspert tərəfindən baxış keçirilərək müvafiq ölçü işləri aparılmışdır. Baxış zamanı, tədqiq olunan fərdi yaşayış evi 1 mərtəbəli olmaqla yaşayış və yardımçı tikililərdən ibarət olduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinin tikililəri aşağı səviyyədə təmirli vəziyyətdə olduğu və daxili konstruksiyalarında dik, tamet, taxta, azbes şifer, bud, çay və mişar daşı, lambirin və boya kimi materialların istifadə olunduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinə baxış keçirilən zamanı fərdi yaşayış evinin konstruktiv elementlərinin üzərində müxtəlif ölçülərdə qüsurların (çatlar, boyanın qabarması və.s.) olduğu müşahidə olundu. Tədqiq olunan fərdi yaşayış evində yerləşən tikililərin sahələri aşağıdakı kimi müəyyən edilir. 1 saylı tikilinin sahəsi 31,2 kv.m (4,0x7,8)m, hündürlüyü 2,80m; 2 saylı tikilinin sahəsi 11,9 kv.m (3,95x3,0)m, hündürlüyü 2,80m; 3 saylı tikilinin sahəsi 18,0 kv.m (4,0x4,50)m, hündürlüyü 2,80m; cəmi 61,1 kvadratmetrdir. Rəyin nəticə hissəsindən görünür ki, ünvan 4 ünvanında inşa edilmiş yaşayış evində müxtəlif növ və eləcə də, gizli təmir işləri aparıldığından və həmin evin təmirinə dair mülki iş materiallarında smeta sənədləri olmadığından yaşayış evində (2007-2019-cu illərdə) aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyərini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Tədqiq olunan tikililərə dair layihə və smeta sənədləri əlavə olduqdan sonra tikintiyə sərf olunan əmək haqqının və materialın ümumi dəyərinin müəyyən edilməsi mümkün ola bilər. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(044)-145/2022 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaşayış evinin tikintisi üçün çəkdikləri 45000 (qırx beş min) manat xərcin yarısının ona verilməsi” tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılmışdır. Tərəflərə, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etmək hüququ izah edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022ci il tarixli, 2(044)-145/2022 nömrəli qərardadının surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ərizənin baxılmamış saxlanılmasına dair xx.xx.2022-ci il tarixli, 2(044)-145/2022 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin mahiyyəti üzrə yenidən baxılması barədə İddiaçı ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 20 noyabr 2024cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,35 ha torpaq sahəsinin üzərində inşa edilmiş 350 kvadratmetr ümumi sahədən ibarət, 1 mərtəbəli, fərdi yaşayış evinin, tövlənin, hamamın, tualetin hasarın hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı xərcinin xx.xx.2024-cü il tarixə real bazar dəyəri 48850 (qırx səkkiz min səkkiz yüz əlli manat) təşkil edir. İşə əlavə edilmiş cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsindən görünür ki, o, iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdehlə 2007-ci ildə ailə qurmuş və 03 dekabr 2008-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 27 noyabr 2008-ci il təvəllüdlü X4 və 11 iyul 2010-ci il təvəllüdlü X6 doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan rəsmi nikah pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2 (104)-1665/2019 nömrəli qətnaməsi ilə iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızının apelyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(044)-4750/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızı 27 noyabr 2008-ci il təvəllüdlü X4 və 11 iyul 2010-cu il təvəllüdlü X6 ilə birlikdə Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 4-cü döngədə yerləşən 66 saylı fərdi yaşayış evinə köçürülmüşdür. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaşayış evinin tikintisi üçün çəkdikləri 45000 (qırx beş min) manat xərcin yarısının ona verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(044)-145/2022 nömrəli qərardadına əsasən həmin iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılmışdır. Lakin iddiaçı yenidən həmin tələblə 19 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə iddia tələbini qəbul etməyərək iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, he kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqədar şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Kollegiya iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün hüququnun pozulduğu anı bilməsinə hüquqi qiymət verərək qeyd edir ki, işdəki qanuni qüvvəsini almış məhkəmə aktlarından göründüyü kimi cavabdeh hələ 2018-ci ildən iddiaçını mübahisəli ünvandakı evə buraxmır, yəni iddiaçı evlə bağlı hüququnun pozulduğunu hələ 2018-ci ildən bilirdi, ona görə də iddiaçı evə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış rəsmi nikah Şəmkir Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsinə əsasən pozulsa da, iddiaçı birgə nikah dövründə mübahisəli mənzilin təmirinə çəkilmiş xərcin cavabdehdən tutulması üçün ilk dəfə 02 iyun 2021-ci ildə iddia qaldırmış, yəni iddiaçı həmin dövr üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmiş, iddia müddətinin axımı isə həmin vaxtı kəsilmişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin iddia ərizəsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(044)-145/2022 nömrəli qərardadına əsasən baxılmamış saxlanılmışdır. İddiaçının həmin iddia ərizəsi baxılmamış saxlandığına görə iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçı yenidən həmin iddia tələbi ilə 19 avqust 2024-cü ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 05 il 05 ay keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Yəni müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətini buraxmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddiaçı isə heç bir üzürlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini buraxdığından məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı hazırkı iş üzrə iddia ərizəsində qeyd etmişdir ki, evləndikdən bir müddət sonra cavabdehlə birlikdə onun sənədsiz aldığı ünvan 2 ünvanda ev tikməyə başlamış və həmin evin 1 otağı hazır olduqdan sonra cehiz əşyalarını da həmin evə köçürdərək, cavabdehlə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Halbuki iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(104)-1665/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı evə köçürülməyə dair iddia ərizəsində Cavabdeh ilə 28 noyabr 2008-ci ildə ailə qurduğunu və cavabdehin yaşadığı ünvan 1 ünvanda yerləşən evə gəlin köçdüyünü. Həmin vaxtı evin bir yaşayış otağından ibarət olmaqla sonradan əlavə olaraq iki yaşayış otağı da tikdirdiklərini göstərmiş, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi iddiaçı həmin evə göçdükdən sonra orada müəyyən işlərin görüldüyünü, lakin həmin işlərin cavabdehin vəsaiti hesabına görüldüyünü, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddia müddətini ötürdüyünü, ona görə də iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikah dövründə yaşadıqları ünvan 1 ünvanda yerləşən evdə birgə vəsait hesabına müəyyən iş görmələri təsdiq olunsa da, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini buraxması iddia tələbinin təmin edilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrinirəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-182/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-822/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-822/2025
09.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver