Məhkəmə qərarları › İş №2(104)-840/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-840/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-840/2024 04.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı «aliment» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(066)-93/2024 tarixli qətnaməsindən cavabdeh Nəzərova (Hüseynova) Səadət Mikayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı cavabdeh X2 qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 hər ay sabit məbləğdə hər uşağa 220 manat olmaqla cəmi 440 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(066)-93/2024 tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia qismən təmin edilərək, Nəzərova (Hüseynova) Səadət Mikayıl qızından xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə hər uşağa 100 manat olmaqla cəmi 200 manat alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulması 24 oktyabr 2023-cü il tarixdən hesablanması, cavabdeh Nəzərova (Hüseynova) Səadət Mikayıl qızından 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi və qətnamənin alimentlə bağlı hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(066)-93/2024 tarixli qətnaməsindən narazı qalan cavabdeh Nəzərova (Hüseynova) Səadət Mikayıl qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən cavabdeh Nəzərova (Hüseynova) Səadət Mikayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini və ya dövlət rüsumunu ödəməkdən azad olan şəxs olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Cavabdeh isə həmin qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə həmin Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Birinci instansiya məhkəmsi isə apellyasiya şikayətinin 361.3-cü maddəsinin tələbinə uyğun verilməsini yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasənapellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Göygöl Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(066)-93/2024 tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Göygöl Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar