Məhkəmə qərarları › İş №2(104)-845/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-845/2025

13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-845/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-1004/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X3 adlı azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün mediasiyaya müraciət edilən vaxtdan başlayaraq hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya ödənişinin Cavabdeh tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-1004/2025 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın qismən təmin edilməsi, xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutulması, cavabdeh X1 dövlət rüsumu hesabına 46,4 manat alınaraq dövlət büdcəsinə, iş üzrə ödənilmiş 55 manat mediasiya xərcinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci intansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. İş materiallarından görünür ki, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-1004/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan 46,40 manat dövlət rüsumunun 50%-i olan 23,20 manat dövlət rüsumunu ödəməli olduğu halda rüsumu ödəməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göründüyü kimi aliment tələbinə dair işlərə baxılanda dövlət rüsumunun ödənilməsindən cavabdehlər yox, iddiaçılar azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi Cavabdeh tərəfindən dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(025)-1004/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-1004/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-845/2025 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-1004/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)- 845/2025 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar