Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-846/2025 28.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(125)- 5471/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 08 iyul 2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsinə dair dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Mercedes Benz opel Sprinter markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1159 (bir min yüz əlli doqquz) manat maddi zərər hesablanmışdır.
2. 08 iyul 2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Mercedes Benz opel Sprinter markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 477 manat zərər dəymişdir.
3. 19 noyabr 2020-ci il tarixli 091930 nömrəli sğorta aktina əsasən 05 oktyabr 2020ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Məlikov Samir İlham oğlunun aldığı yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat sğorta ödənişi hesablanmışdır.
4. 23 noyabr 2020-ci il tarixli, 092062 nömrəli sğorta aktına əsasən Mersedes Benz 316 CDİ markalı 20 EB944 qeydiyyat nömrəli avtomobilə 477 manat zərər hesablanmışdır.
5. 23 noyabr 2020-ci il tarixli 11518 nömrəli ödəniş tapşırığına əsasən Məlikov Samir İlham oğluna 477 manat ödəniş olunmuşdur.
6. 19 noyabr 2020-ci il tarixli 11402 nömrəli ödəniş tapşırığına əsasən Məlikov Samir İlham oğluna 750 manat ödəniş olmuşdur.
7. 03 noyabr 2020-ci il tarixli 10852 nömrəli ödəniş tapşırığına əsasən Həsənov Elvin Elmay oğluna 1159 manat ödəniş olunmuşdur.
8. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın sürəti BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh “Mercedes Benz 316” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə və Məlikov Samir İlham oğlunun aldığı yüngül dərəcəli bədən xəsarətinə görə ödənilmiş, cəmi 2386 manat (iki min üç yüz səksən altı manat) və iddia qaldırılması üçün ödənilmiş 43,86 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir.
10. İddiaçı Sığorta Şirkəti ASC tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halların təfərrüfatları barədə” arayışa (forma 4) əsasən, 05 oktyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ford Sierra” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz 316” markalı ** EB *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törədilmişdir. Cavabdeh idarə etdiyi “Ford Sierra” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı 10 sentyabr 2020-ci ildən 10 sentyabr 2021-ci ilə qədər müddətə İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sğortası növü üzrə sığortalı olmuşdur. “Nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, “Opel Astra” markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1159 (bir min yüz əlli doqquz) manat məbləğində zərər dəymişdir. Buna görə də 03 noyabr 2020-ci il tarixli 10852 nömrəli ödəniş tapşırığı ilə 1159 (min yüz əlli doqquz) manat sığorta ödənişi zərərçəkən Həsənov Elvin Elmay oğlunun hesabına ödənilib. Bundan başqa “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, “Mercedes Benz 316” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə 477 (dörd yüz yetmiş yeddi) manat zərər dəymişdir. 23 noyabr 2020-ci il tarixli 11518 nömrəli ödəniş tapşırığına əsasən 477 (dörd yüz yetmiş yeddi) manat sığorta ödənişi digər zərərçəkən Məlikov Samir İlham oğlunun hesabına ödənilmişdir. Həmçinin, hadisə nəticəsində sonuncu zərərçəkmişə yüngül dərəcəli bədən xəsarəti aldığı üçün ona əlavə 750 manat sığorta ödənişi 11402 nömrəli ödəniş tapşırığı ilə ödənilmişdir. Belə ki, “İcbari Sığorta Haqqında” Qanunun 14.2.5-ci maddəsinin tələblərinə əsasən, sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcədə bədən xəsarəti yetirilərsə, sığorta ödənişinin məbləğinin (5000 manat) 15% -ni təşkil edir. Yəni 750 manat. İddiaçı sığorta şirkəti sığorta hadisəsi nəticəsində zərərçəkmişlərə ümumilikdə 2386 manat (iki min üç yüz səksən altı manat) sığorta ödənişi etmişdir. 05 oktyabr 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Sığorta hadisəsi Cavabdeh təqsiri ucbatından baş vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan aydın olur ki, Cavabdeh əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələrinin pozuntusu müəyyən olunmuşdur. Həmçinin həmin qərardan müəyyən olunmuşdur ki, baş vermiş yolnəqliyyat hadisəsindən sonra cavabdeh hadisə yerindən çıxıb getmişdir. Ümumi borcun heç bir hissəsi cavabdeh tərəfindən ödənilmədiyinə görə ona pretenziya məktubu göndərilmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(125)-5471/2024 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia təmin edilmiş, Cavabdeh cəmi 2386 (iki min üç yüz səksən altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43.86 (qırx üç manat səksən altı qəpik) manat pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi mövqeyini “İcbari sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 63.1, 63.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1096.1, 1096.2, 1097-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227, 284-6.1 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. İştirakı olmadan işə baxılmış, eləcədə üç illik iddia müddəti ötürülmüşdür. Həmçinin dəymiş ziyanla bağlı müvafiq ekspertiza təyin etmədən, məhkəmə iddianı təmin etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 394-1.1-ci maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
17. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
18. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 936.1. və 936.2. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun hansı hallarda yarandığını müəyyən edir.
23. Maddə 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, cavabdehin etibarnamə əsasında idarə etdiyi “Ford Sierra” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil 10 sentyabr 2020-ci ildən 10 sentyabr 2021-ci ilədək iddiaçı "xxxx"Sğorta Şirkəti ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. 05 oktyabr 2020-ci il tarixdə sığorta hadisəsi baş vermişdir. Belə ki, cavabdeh etibarnamə əsasında idarə etdiyi “Ford Sierra” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Goranboy rayonu Nizami kəndi ərazisindən keçən 342-ci kilometirliyində hərəkətdə olarkən Həsənov Elvin Elmay oğlunun idarə etdiyi “Opel Astra” markalı **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobil və onunla eyni istiqamətdə yolun sağ zolağı ilə hərəkətdə olan Məlikov Samir İlham oğlunun idarə etdiyi “Mercedes Benz 316 CDİ” minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra “Ford Sierra” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1159 manat qiymətləndirilmiş və həmin pul vəsaiti iddiaçı tərəfindən zərərçəkən (avtomobilin mülkiyyətçisi) Həsənov Elvin Elmay oğluna ödənilmişdir. Eləcədə “Mercedes Benz 316 CDİ” minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 477 manat qiymətləndirilərək, iddiaçı tərəfindən digər zərərçəkən (avtomobilin mülkiyyətçisi) Məlikov Samir İlham oğluna ödənilmişdir. Həmçinin, hadisə nəticəsində sonuncu zərərçəkən Samir Məlikov yüngül dərəcəli bədən xəsarəti aldığı üçün ona 750 manat sığorta ödənişi ödənilmişdir. Bu səbəbdən də İddiaçı Sığorta Şirkəti ASC subroqasiya hüququndan istifadə edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
37. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur.
38. Belə ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınması iş materialları ilə təsdiq olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə görə və bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
39. “Birinci instansiyası məhkəməsi tərəfindən işin hərtərəfli və obyektiv araşdırılmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iştirakı olmadan işə baxılması, üç illik iddia müddətinün ötürülməsi, dəymiş ziyanla bağlı müvafiq ekspertiza təyin edilmədən iddianın təmin edilməsi” barədə apellyasiya şikayətinin dəlillərini kollegiya əsaslı saymır və hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil.
40. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1. maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3. maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır.
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1. maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2. maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı iddia tələbi avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması ilə əlaqədar, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququndan irəli gəlir. Belə olan təqdirdə hazırkı tələb üzrə üç illik iddia müddəti deyil, on illik ümumi iddia müddəti tətbiq olunur.
42. İş üzrə ekspertiza təyin edilməməsinə münasibətdə isə kollegiya qeyd edir ki, avtomobillərə dəymiş zərərin müəyyən olunması ilə bağlı qiymətləndirmə barədə müvafiq hesabat məhkəməyə təqdim olunmuşdur.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır..
44. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(125)-5471/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.