Məhkəmə qərarları › İş №2(104)-853/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-853/2024

21.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-853/2024 21.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakdan payın alınması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3079/2023 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı 22 dekabr 2010-cu ildə nikah qeydiyyatından keçmişlər.

2. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına 14 mart 2023-cü ildə qeydiyyata alınmış Volvo FH400 markalı ** XS *** qeydiyyat nişanlı avtomaşın 20 iyul 2023-cü ildə alqı-satqı müqaviləsinə əsasən, Tovuz şəhəri M.Ə.Sabir küçəsi ev 95-də qeydiyyatda olan Cavabdeh2, həmçinin 05 iyul 2021-ci ildə qeydiyyata alınmış Kamaz 53212 markalı ** XC *** qeydiyyat nişanlı avtomaşın 26 iyul 2023-cü ildə alqı-satqı müqaviləsinə əsasən, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan Cavabdeh3 adına qeydiyyata alınaraq qeydiyyat şəhadətnaməsi verilmişdir.

3. 20 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adına 14 mart 2023-cü ildə qeydiyyata alınmış Volvo FH400 markalı ** XS *** qeydiyyat nişanlı avtomaşın Tovuz şəhəri M.Ə.Sabir küçəsi ev 95-də qeydiyyatda olan Cavabdeh2 satılmışdır.

4. 26 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adına 05 iyul 2021-ci ildə qeydiyyata alınmış Kamaz 53212 markalı ** XC *** qeydiyyat nişanlı avtomaşın Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan Cavabdeh3 satılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş “VOLVO FH400” markalı ** XS *** dövlət qeydiyyat nişanlı və “Kamaz 53212” markalı ** XC *** dövlət qeydiyyat nişanlı yük maşınlarından onun 2/3 hissə payının müəyyən edilməsi və həmin əmlakın hərrac yolu ilə satılması və onun payına düşən hissənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından iki nəfər uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə biganə münasibəti nəticəsində aralarında mütəmadi olaraq narazılıqlar baş vermiş və bu da onların ayrılmasına səbəb olmuşdur. Cavabdeh1 ilə evləndikdən sonra bir sıra əmlaklar əldə etmişlər ki, həmin əmlaklar da cavabdehin adına qeydə alınmışdır. Qeyd etdiyi əmlaklar arasında Cavabdeh1 adına “VOLVO FH400” markalı ** XS *** dövlət qeydiyyat nişanlı yük maşını xx.xx.2023-cü ildə, “Kamaz 53212” markalı ** XC *** dövlət qeydiyyat nişanlı yük maşını isə xx.xx.2021-ci ildə qeydə alınmışdır. Cavabdeh aralarında olan narazılıqdan istifadə edərək həmin maşınları digər cavabdehlərlə alqı-satqı müqaviləsi bağlayaraq onların adına qeydiyyata aldırmışdır.

7. Bundan sonra İddiaçı iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, cavabdehlər arasında olan xx.xx.2023-cü il və 26 iyul 2023-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3079/2023 nömrəli qətnaməsi (hakim Qafil Baxşıyev) ilə, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında olan 20 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə Cavabdeh3 arasında olan 26 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında olan alqı-satqı müqaviləsi bağlanarkən və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında olan alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı razılığı olmadığından bağlanmış alqı-satqı müqavilələri etibarsız sayılmalıdır.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 225.4, 225.6 və 337.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 33.2, 33.3, 33.4 və 34.1ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1 və 216-220-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3079/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə Cavabdeh1 ilə Cavabdeh2 arasında olan 20 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbləri baxımında hərəkətsiz qalmışdır. Məhkəmə müqaviləni etibarsız hesab etsə də, alınanların tərəflərə qaytarılması hissəsinə heç bir münasibət bildirməmişdir. Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 25.000 manatın Cavabdeh2 qaytarılması hissəsində əsassız qənaətə gəlmişdir. Belə ki, X1 ilə Cavabdeh2 arasında başlanmış alqı-satqı müqaviləsinə əsasən VOLVO FH400 yük maşını 25.000 manat müqabilində satılmışdır. Hazırda isə məhkəmə alqı-satqı müqaviləsini ləğv edərək yük maşınını əvvəlki mülkiyyətçisinin sahibliyinə qaytarsa da, yük maşını qarşılığında alınan pulun aqibəti barədə qətnamədə münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında olan 20 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edərkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri baxımında hərəkətsiz qalmışdır. Məhkəmə müqaviləni etibarsız hesab etsə də, alınanların tərəflərə qaytarılması hissəsinə heç bir münasibət bildirməmişdir. Belə ki, 20 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman 25.000 manat ödəniş edilmiş, lakin müqavilə ləğv edilən zaman pulun geri qaytarılması barədə qətnamədə qiymət verilməmişdir. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh1 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından iki nəfər uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə biganə münasibəti, bacısı Elnarənin müdaxiləsi nəticəsində aralarında mütəmadi olaraq narazılıqlar baş vermiş və bu da onların ayrılmasına səbəb olmuşdur. Lakin, daha sonra barışmışlar. Belə ki, Cavabdeh1 adına “VOLVO FH400” markalı **-XS- *** dövlət qeydiyyat nişanlı yük maşını xx.xx.2023-cü ildə, “Kamaz 53212” markalı **-XC- *** dövlət qeydiyyat nişanlı yük maşını isə xx.xx.2021-ci ildə qeydə alınmışdır. Birgə nikahda olanda alınmışdır. Cavabdeh1 əvvəllər aralarında olan narazılıqdan istifadə edərək həmin maşınları digər cavabdehlərlə alqı-satqı müqaviləsi bağlayaraq onların adına qeydiyyata aldırmışdır. Lakin, alqı-satqı müqaviləsi bağlanarkən onun razılığı alınmamış, müqavilə üzrə ödənişlər edilməmişdir. O, Cavabdeh1la barışmış bir yerdə yaşayırlar. Mahaləddin özü ona demişdir ki, hər iki müqavilə görünüş üçün bağlanmış, heç kimdən pul almamış, hər iki avtomaşın onundur. Bundan başqa Cavabdeh2 onun baldız olmaqla onların ailəsinə müdaxilə edir, ona səs yazısı göndərməklə məhkəmədə iddia qaldıracağını bildirmişdir. Göründüyü kimi, hər iki avtomobilə görə bağlanmış müqavilələr düzgün deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, İddiaçı ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, iki uşaqları olmuşdur. İddiaçı ilə evləndikdən sonra bir müddət mehriban yaşamış, sonradan münasibətləri pozularaq ayrılmışlar. Hazırda barışıb bir yerdə ər-arvad kimi yaşayırlar. Birgə nikah dövründə onlar “VOLVO FH400” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 53212” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını almışlar. O, əvvəllər ailədə olan narazılığa görə avtomaşının birini bacısı Elnarəyə digərini isə dostu Orxana alqı-satqı etməklə polisdə qeydiyyata aldırmışdır. Lakin, alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının xəbəri olmamış, müqavilə üzrə hər iki avtomaşına görə pul almamışdır. Həmçinin bacısı Elnarədən də 25.000 manat almamışdır. Hər iki avtomaşın görünüş üçün satılsada daim onun istifadəsində olmuşdur. Cavabdeh3 avtomobili idarə edib qazancı ona verir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

20. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

21. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin.

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

24. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

25. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

29. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

32. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

33. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

34. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;

35. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

36. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

37. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

38. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

39. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;

40. Maddə 37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

51. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

52. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

55. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı

56. Qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıbaparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

57. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarı

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

59. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

60. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. İddiaçı Cavabdeh1 ilə evləndikdən sonra bir müddət mehriban yaşamışlar. Birgə nikahda olduqları vaxt Cavabdeh1 adına xx.xx.2023-cü ildə “VOLVO FH400” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı yük maşını və xx.xx.2021-ci ildə “Kamaz 53212” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük maşını almışlar. Sonradan ailəyə edilən müdaxilə nəticəsində cavabdehin ailəyə münasibəti dəyişmiş, aralarında mütəmadi olaraq narazılıqlar baş vermiş və bu da onların faktiki ayrılmasına səbəb olmuşdur. Həmin müddətdə “cavabdeh X1 ilə Cavabdeh2 arasında “Volvo FH400” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobil ilə bağlı 20 iyul 2023-cü il tarixdə alqı-satqı müqaviləsi və cavabdeh X1 ilə Cavabdeh3 arasında bağlanmış “Kamaz 53212” markalı **- XC-*** qeydiyyat nişanlı avtomaşın ilə bağlı aparılan 27 iyul 2023-cü tarixdə alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Hər iki müqavilə bağlanarkən iddiaçının razılığı alınmamışdır. Eyni zamanda hər iki avtomobil üzrə alqı-satqı müqaviləsi bağlansada, avtomobillərin dəyəri ödənilməmişdir. Cavabdeh1 İddiaçı ilə aralarında bağlanmış nikahın pozulacağı təqdirdə sonuncunun paydan məhrum edilməklə, əsas məqsədi digər şəxslərin (Cavabdeh2 və Cavabdeh3) avtomobilin üzərində hüquqlu olması görünüşü yaratmaqdan ibarət olmuşdur. Hazırda, İddiaçı Cavabdeh1 ilə barışmış, bir yerdə ər-arvad kimi yaşayırlar. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh1 hər iki müqavilənin görünüş üçün bağlandığını, heç kimdən pul almadığını, hər iki avtomaşının ona məxsus olduğunu izahatında bildirmişdir. Bundan başqa Cavabdeh2 iddiaçının baldızı olmaqla onların ailəsinə müdaxilə etdiyini, səs yazısı göndərməklə məhkəmədə iddia qaldıracağını və onları maddı çətinliyə salacağını bildirmişdir. Göründüyü kimi, hər iki avtomobilə görə bağlanmış alqı-satqı müqaviləsi həqiqəti əks etdirmir.

61. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

62. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.

63. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

65. Digər tərəfdən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ərin (arvadın) tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər.

66. 20 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adına 14 mart 2023-cü ildə qeydiyyata alınmış “Volvo FH400” markalı **-XS-*** qeydiyyat nişanlı avtomaşın Tovuz şəhəri M.Ə.Sabir küçəsi ev 95-də qeydiyyatda olan Cavabdeh2 satılmışdır.

67. 26 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adına 05 iyul 2021-ci ildə qeydiyyata alınmış “Kamaz 53212” markalı **-XC-*** qeydiyyat nişanlı avtomaşın Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan Cavabdeh3 satılmışdır.

68. İddiaçının tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri “Volvo FH400” markalı **-XS-*** qeydiyyat nişanlı avtomobil və “Kamaz 53212” markalı **-XC-*** qeydiyyat nişanlı Cavabdeh1 tərəfindən özgəninkiləşdirilərkən həmin əmlakın digər mülkiyyətçisi olan iddiaçının da razılığı tələb olunurdu və belə razılığın mövcud olmaması qanunvericiliyin tələbinə görə əqdi etibarsız saymaq üçün əsasdır.

69. Məhkəmə kollegiyası alqı-satqı müqavilələrinin etibarsız hesab edilməli olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə qismən razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri bağlanan zaman müqavilələrin formal olaraq bağlanmasını və alqı-satqı müqavilələri üçün alıcıya müvafiq ödənişlərin olunub-olunmamasına dair işin hallarını tam araşdırmamışdır, bununla da işin hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir.

70. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

71. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

72. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

73. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

74. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

75. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

76. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

77. Qeyd edilməlidir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

78. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

79. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.

80. Belə ki, cavabdeh X1 ilə Cavabdeh2 arasında “Volvo FH400” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobil ilə bağlı aparılan 20 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi və cavabdeh X1 ilə Cavabdeh3 arasında bağlanmış “Kamaz 53212” markalı **-XC-*** qeydiyyat nişanlı avtomaşın ilə bağlı aparılan 27 iyul 2023-cü tarixli alqı-satqı müqaviləsi formal xarakterli olmaqla, Cavabdeh1 İddiaçı ilə bağlanmış nikahın pozulacağı təqdirdə sonuncunun paydan məhrum edilməklə, əsas məqsədi digər şəxslərin (Cavabdeh2 və Cavabdeh3) avtomobilin üzərində hüquqlu olması görünüşü yaratmaqdan ibarət olmuşdur.

81. Göründüyü kimi, tərəflər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir.

82. Bundan sonra məhkəmə kollegiyasının iclasında tərəflərin razılığı ilə “CD” diskdə olan audio səs yazısı tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. “Səs yazısı” Cavabdeh2 tərəfindən digər bacısına və qardaşı olan Cavabdeh1 ünvanlanmaqla göndərilmişdir. Həmin “səs yazısı”ndan müəyyən olunur ki, baş etibarnamə verilmişdir. Buna görə də ölkə xaricinə çıxa bilməz. Elə bilir ki, maşın əlindən çıxacaq. Vaxt varkən ağlını başına yığsın. Gəlib maşınını da və evini də sahiblənsin. Əgər durmursa biz də başqa cür hərəkət edərik. Maşıni satıb pulunu xərclənəcək amma iddiaçıya (yəni İddiaçı) pay verilməyəcəkdir.

83. Kollegiya göstərir ki, tərəflərin arasında aparılmış xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi heç də həqiqi avtomaşın alqı-satqısı aparmaq niyyəti ilə edilməmiş, tərəflər bir-birilərinə avtomaşının dəyərini ödəməmişdir. Belə olan halda isə alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir.

84. Belə ki, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və səs yazısındakı həmin səsin Cavabdeh2 məxsus olması iddiaçının və cavabdehin nümayəndəsi (vəkili) tərəfindən təsdiqlənmişdir. Eyni zamanda, həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

85. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur

86. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.

87. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alqı-satqı müqavilələri etibarsız hesab edildiyindən mübahisəli avtomobillər üçün ödənilmiş pul vəsaiti alıcılara geri qaytarılmamalıdır. Çünki, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən satıcı olan Cavabdeh1 heç bir ödəniş edilməmiş, yalnız formal olmaqla daşınar əmlakın satılması barədə müqavilə bağlamışlar.

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

89. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

90. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

91. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

92. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

93. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Vəkil1anın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

96. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur.

97. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

98. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir.

99. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı Cavabdeh1 alınıb İddiaçı verilməlidir.

100. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-3079/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında olan 20 iyul 2023-cü il tarixli alqısatqı müqaviləsi və Cavabdeh1 ilə Cavabdeh3 arasında olan 26 iyul 2023-cü il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. İddianın verilməsi üçün ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 (iyirmi beş) manatı Cavabdeh1 alınıb İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar