Məhkəmə qərarları › İş №2(104)-858/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-858/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-858/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və onun vəkili X9, Cavabdeh1 Nağdalı oğlunun, onun nümayəndəsi və vəkili X15 iştirakları ilə, «mənzildən istifadə hüququnun saxlanılması və mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(125)-2302/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)- 300/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Nağdalı oğlu ilə İddiaçı arasında 18 aprel 2015-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 51 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 16 fevral 2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 Nağdalı oğlundan hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

2. AZ-İİİ seriyalı 718302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 16 fevral 2016-cı ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh1 Nağdalı oğlu, anası İddiaçıdır.

3. ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X5 və X1 şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzildə qeydiyyatdadırlar.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Kirovabad şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 10 nömrəli protokolu ilə verilmiş 447 nömrəli order, Gəncə şəhər İcra Hakimiyyəti MənzilKommunal X8 6 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli 1251 saylı arayışı (qeydiyyatda olanlar X11 və X12), Gəncə şəhər 4 saylı notariat kontorunda xx.xx.2005-ci il tarixdə 7E02-2581 saylı reyestrdə təsdiq edilmiş X6 razılıq ərizəsi, Gəncə şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 4A, 72 saylı mənzil (52 kvadrat metr dörd yaşayış otaqları, 31,7 kvadrat metr yardımçı sahə) X7 adına özəlləşdirilmişdir və ona xx.xx.2005-ci il tarixli 22072 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-1704 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 bu əmlaka xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-2302 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 ümumi sahəsi 83,4 kvadrat metr olan bu mənzilin 9 kvadrat metr sahəli yaşayış otağını Cavabdeh2 Nağdalı qızına bağışlamışdır. 4-cü mikrorayon, ev 4A, 72 saylı mənzilə dair Cavabdeh1 (43 kvadrat metr 3 yaşayış otağı, 33,3 kvadrat metr köməkçi sahə) və Cavabdeh2 (9 kvadrat metr bir yaşayış otağı) adlarına xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Cavabdeh1 Nağdalı oğluna və Cavabdeh2 Nağdalı qızına qarşı cavabdehlərin mülkiyyətində olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzildən X4 yetkinlik yaşına çatana kimi istifadə hüququnun saxlanılması və iddiaçının qızı X10 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4Ada yerləşən 72 saylı mənzilin 43 kvadrat metr sahəsi olan 3 yaşayış otağı və 33,3 kvadrat metr köməkçi sahəsi Cavabdeh1 Nağdalı oğlunun, 9 kvadrat metr yaşayış otağı isə Cavabdeh2 Nağdalı qızının mülkiyyətindədir. Buna dair həmin şəxslərə xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh1 Nağdalı oğlu ilə o, xx.xx.2015-ci il tarixdə nikahlarını qeydə aldırmaqla, nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2016-ci il tarixdə X10 anadan olmuşdur. Cavabdeh1 nikaha daxil olduqları gündən Cavabdeh1 razılığı əsasında Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzilə gəlin köçmüş, həmin şəxsin razılığı ilə o və qızı Günəş həmin evə qeydiyyata düşmüşdür. Həmin ünvanda o, Cavabdeh1la birlikdə ər-arvad kimi yaşamış, birgə təsərrüfatı idarə etmiş və bir ailənin üzvləri olaraq, orada yaşamışlar. 2019cu ilin dekabr ayında Cavabdeh1 bildirmişdir ki, bacısı Cavabdeh2 onların mübahisəli mənzildə yaşamaqlarına görə narazılığını bildirdiyi üçün onlar birmüddət köçüb başqa ünvanda kirayədə yaşamalıdırlar. O, T.N.İsgərovla razılaşmış və başqa ünvanda kirayədə yaşamağa başlamışlar. Ona məxsus olan 2 nəfərlik yataq, ön stolu, qaz piltəsi, 1 ədəd kreslo, 1 ədəd paltar asılan mebel Cavabdeh1 adına olan evdə qalmışdır. Lakin xx.xx.2020-ci il tarixdə Cavabdeh1 onu və qızını kirayə yaşadıqları mənzildə ataraq, Rusiya Federasiyasına getmiş və onlara heç bir maddi yardım göstərməmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 təşəbbüsü ilə onlar arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. O, dəfələrlə qızı Günəşlə birlikdə həmin mənzilə qayıtmaq istəsə də Cavabdeh1 bacısı Cavabdeh2 onları mənzilə buraxmamışdır. Cavabdeh1la birgə nikahdan doğulmuş Günəşi o, hazırda tək başına saxlayır. Nitq qüsurlu olduğuna görə o, heç bir yerdə işləyə bilmir və maddi çətinlik çəkir. Onun heç bir yerdə qalmağa mənzili olmadığına görə qızı ilə birlikdə kirayədə yaşlı və xəstə Nəzakət adlı bir qadının evində yaşayır. O, həmin qadına ev işlərində köməklik etdiyinə görə ondan kirayə haqqı almır.

7. Gəncə Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(125)-2302/2022 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayından İddiaçı cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanda yaşamış, 2020-ci ilin may ayından isə İddiaçı ilə Cavabdeh1 arasında faktiki nikah münasibətləri başa çatmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)- 300/2021 nömrəli qətnaməsi ilə həmin şəxslər arasında olan nikah pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında olan nikahın pozulmasından hazırki tarixədək ötən 1 il 09 ay, faktiki nikah münasibətlərinin başa çatdığı vaxtdan 2 il 04 ay müddət ərzində iddiaçı cavabdehlərin mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda yaşamışdır. Bu müddət ərzində isə iddiaçının cavabdehlərə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququna dair zərurət aradan qalxmışdır. Digər tərəfdən mübahisəli evin kommunal şəraitinin üç ailənin (İddiaçı və qızı, X2 və Cavabdeh2 Nağdalı qızının) münaqişəli vəziyyətdə birgə yaşamasına imkan verməsinə, habelə iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmə imkanının (kirayə, əvəzsiz istifadə və s.) olmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öz təşəbbüsü ilə həmin mənzildən çıxmamışdır. Cavabdeh onu qoyub Rusiya Federasiyasına getmiş, sonradan iddiaçı qızı ilə mənzilə geri qayıtmaq istəsə də, mümkün olmamışdır. İddiaçı nitq qüsurludur və övladını tək başına saxlayır. Hazırda heç bir yerdə işləmir və yaşayış üçün hər hansı daşınmaz əmlakı yoxdur. Hazırda qızı və yaşlı bir qadınla sonuncunun evində ona qulluq etmə müqabilində yaşayır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nitq qüsurlu olsada izahat verdi, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2-ci dərəcə uşaqlıqdan əlilidir və heç bir yerdə işləyə bilmir. Maddi imkanı olduqca ağırdır. Niqt qüsurlu olduğundan iddia ərizəsində və məhkəmə iclas protokolunda onun izahatları düzgün qeyd olunmamışdır. Belə ki, o, cavabdehlə nikahı pozulan tarixədək mübahisəli mənzildə yaşamışdır. Nikahı pozulduqdan sonra həmin mənzildən çıxarılmışdır. Hazırda qulluqetmə müqabilində yaşlı qadının evində yaşayır və başqa heç bir yaşayış yeri yoxdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili N.Heydərov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, əvvəllər İddiaçı ilə nikahda olmuş və onlar arasındakı nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı nikahları pozulanadək mübahisəli evdə yaşamışdır. Lakin sonradan nikah pozulduğundan həmin evdən getmişdir. Mənzilin ona məxsus olan hissəsi üç otaq, bacısına məxsus olan hissəsi isə bir otaqdan ibarətdir. O və bacısı Rusiya Federasiyası vətəndaşı olmaqla orada işləyirlər. Hazırda ailə qurmamışdır, lakin iddiaçının mübahisəli mənzildə yaşamasına etiraz edir.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Qasımov apellyasiya şikayətinə etiraz etdi, təmin olunmamasını məhkəmədən xahiş etdi.

16. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

17. 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

18. 33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

19. 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

21. 152.3-cü maddəsinə görə, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

22. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

«X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarı.

23. Xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

24. 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

25. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

26. 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

27. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

28. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

32. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

36. İşin hallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-300/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 Nağdalı oğlu ilə İddiaçı arasında 18 aprel 2015-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 51 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 16 fevral 2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 Nağdalı oğlundan hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırki halda tərəflər arasında nikah münasibətləri mövcud deyildir, tərəflərin ortaq bir uşaqları vardır və iddiaçı Cavabdeh1 keçmiş ailə üzvüdür.

37. Birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının həmin mənzildə nikah münasibətlərinin mövcud olduğu vaxtdan yaşamadığını, hazırki vəziyyətdə mənzildən istifadə hüququnun olmadığını və yaşayış sahəsinə ehtiyacı olması faktını isə sübut etmədiyini, eyni zamanda mənzilə köçürülmə təmin edildiyi təqdirdə üç ailənin orada yaşamasının mümkün olmayacağını əsas götürmüşdür.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “mənzildən istifadə və yaşayış hüququ” özlüyündə ardıcıl və davam edən hüquqdur. Hazırda iddiaçının mənzildə yaşayış hüququ onun iradəsinin ziddinə, kənar və adekvat olmayan təsirlər nəticəsində məhdudlaşdırılmış, onun mənzildə yaşama hüququnun axımı kəsilmişdir.

39. Belə ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında İddiaçı nikahları pozulan günədək, yəni xx.xx.2021-ci il tarixədək mübahisəli mənzildə yaşadığını, nikah pozulandan sonra getdiyini etiraf etmiş, iddiaçı isə iddia ərizəsində qeyd olunan kirayədə yaşaması ilə bağlı dəlilin düzgün olmadığını, nitq qüsurlu olduğundan ərizənin yazılması zamanı səhvə yol verildiyini bildirmişdir.

40. Göründüyü kimi İddiaçı və T.İsmayılov arasında nikah mövcud olduğu zaman, sonuncu etimaddan və birgə yaşayışın verdiyi üstünlüklərdən istifadə edərək mübahisə predmeti olan mənzildə iddiaçının mövcud və zəruri yaşayışını məhdudlaşdırmamış, nikah pozulanadək iddiaçı mübahisəli mənzildə yaşamışdır.

41. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Gəncə şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 4A, 72 saylı mənzil (52 kvadrat metr dörd yaşayış otaqları, 31,7 kvadrat metr yardımçı sahə) X7 adına özəlləşdirilmişdir və ona xx.xx.2005-ci il tarixli 22072 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-1704 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 bu əmlaka xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

42. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-300/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Nağdalı oğlu ilə İddiaçı arasında 18 aprel 2015-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 51 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.

43. İşin faktiki hallarından müəyyən edilir ki, hazırki mübahisəli mənzil ər-arvadın birgə nikah dövründə əldə olunan birgə əmlak hesab olunmasa da, cavabdeh əmlakı iddiaçı ilə nikahda olduğu zaman əldə etmişdir və məhz cavabdehin razılı ilə iddiaçı həmin mənzildə nikah pozulanadək övladı ilə birgə yaşamışdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşadığı sahədən məhrum edilməsi qanunsuzdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin hər hansı hüququ olmasın, maddi vəziyyəti yaşayış sahəsi əldə edilməsi üçün qənaətbəxş hesab edilsin.

45. Birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsaslanaraq iddiaçı ilə cavabdeh arasında olan nikahın pozulmasından hazırki tarixədək ötən 1 il 09 ay, faktiki nikah münasibətlərinin başa çatdığı vaxtdan 2 il 04 ay müddət ərzində iddiaçı cavabdehlərin mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda yaşamasını, bu müddət ərzində isə iddiaçının cavabdehlərə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququna dair zərurətin aradan qalxmasına dair hüquqi nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin göstərdiyi əsaslar təsdiqini tapmamışdır və Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiqi yalnız mənzildən istifadə etmiş, keçmiş ailə üzvünün yalnız öz iradəsi ilə mənzildən istifadəsinə və həmin mənzildə yaşamasına son qoyulduğu hallara şamil edilir.

47. Xüsusi vurğulanmalıdır ki, apellyasiya icraatı zamanı məhkəmə prosesində iddiaçının nitq qabiliyyətinin məhdudluğu aydın şəkildə müşahidə olunmuşdur. Bu hal isə şəxsin fikrini düzgün ifadə etməsində çətinlik çəkməsini sübut edən haldır.

48. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə Daşkəsən regional filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-/-63781/2023 saylı məktubundan məlum olur ki, İddiaçı pensiya alt sistemində olan məlumata əsasən müddətsiz ailə başçısını itirməyə görə 2-ci dərəcə uşaqlıqdan əlilliklə ayda 280 manat məbləğində əmək pensiyası alır.

49. Qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

50. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir.

51. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

52. Belə olan halda iddiaçının və onun azyaşlı övladının qeyd edilən mənzilə köçürülməsi onların yaşamağı üçün zəruri hesab olunan yaşayış sahəsinə ehtiyacı aradan qaldırmağa xidmət edir.

53. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

54. Hazırki iş üzrə iddiaçının nitq qüsurlu olmaqla ikinci dərəcə əlil olması, maddi vəziyyətinin qətnaətbəxş olmaması, himayəsində məktəbli olmaqla azyaşlı uşağının olması nəzərə alınmaqla mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması qanunamüvafiqdir.

55. İddia tələbinin G.İsgəndərovanın yetkinlik yaşına çatanadək istifadə hüququnun saxlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı azyaşlı olmaqla Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-300/2021 nömrəli qətnaməsi ilə anasının himayəsinə verilmiş və bununla da yaşayış yeri anası ilə birlikdə müəyyən edilmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin olunmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(125)-2302/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Nağdalı oğlu və Cavabdeh2 Nağdalı qızının mülkiyyətində olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzilə İddiaçı 2 (iki) il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülsün. Müddətin başlanğıcı qətnamə icra olunduğu tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar