Məhkəmə qərarları › İş №2(104)-858/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-858/2024

27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-858/2024 27.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: istifadə hüququ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(045)-1683/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 noyabr 2021-ci il tarixli ********** nömrəli Çıxarış və Fərdi yaşayış evinin 11 noyabr 2021-ci il tarixli Texniki Pasportundan görünür ki, Goranboy şəhəri M.F.Axundov küşəsi 72A nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir;

2. Doğum haqqında 04 dekabr 2009-cu il tarixli AZ-İİ seriyalı 357967 nömrəli şəhadətnamənin surətindən görünür ki, X8 15 noyabr 2009-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası X11, anası Cavabdehdır;

3. Doğum haqqında 23 sentyabr 2013-cü il tarixli AZ-İİİ seriyalı 148348 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 06 sentyabr 2013-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, atası X11, anası Cavabdehdır

4. Goranboy Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(045)-618/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə X11 arasında 16 dekabr 2008-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində 159 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, 15 noyabr 2009-cu il təvəllüdlü X8 və 06 sentyabr 2013-cü il təvəllüdlü X10 anaları Cavabdeh yanında saxlanılmışlar;

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2013-cü il tarixli 2(104)-627/2013 nömrəli, qətnaməsindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli, 2(045)- 586/2011 nömrəli qətnaməsi ilə X2 rayonu, Qarasüleymanlı kəndində X1 və istifadəsində olan evə köçürülmüş və həmin evdən istifadə hüququ tanınmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh uşaqları ilə birlikdə onun mülkiyyətində olan Goranboy şəhəri M. F. Axundov küçəsində yerləşən 72A nömrəli evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 noyabr 2021-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Goranboy şəhəri M.F.Axundov küşəsi 72A nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ilə X19 2008-ci ildə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar, lakin aralarında baş verən narazılıqdan sonra nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdeh boşandıqdan sonra da mülkiyyətində olan Goranboy şəhəri M.F.Axundov küçəsində yerləşən 72A nömrəli evdə uşaqları ilə birlikdə yaşamaqda davam edir. Qoca vaxtında rahat yaşamaq istəyir. Cavabdeh isə hər gün onun oğlu ilə ara mübahisə edir və onların bu hərəkətləri onun sağlamlığına mənfi təsir göstərir. Əslində cavabdehin evdə yaşamasına ona görə razı oldmuşdur ki, sonuncular özlərinə ev tikib ayrılsınlar. Buna baxmayaraq onlar bugün də mübahisəli evdə yaşamaqda davam edirlər. Dəfələrlə cavabdehə evindən çıxıb getməsini tələb etsədə, sonuncu könüllü çıxmaq istəmir. Halbu ki, mülkiyyətində olan evdən cavabdehin istifadə etməsi üçün heç bir qanuni əsaslar yoxdur.

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşılıqlı iddia verərək, ilkin iddianın rədd edilməsi, onu 15 noyabr 2009-cu il təvəllüdlü Emil və 06 sentyabr 2013-cü il təvəllüdlü Ayan adlı uşaqları ilə birlikdə Goranboy rayonu Qarasüleymanlı kəndində (Goranboy şəhəri M.F.Axundov küçəsində yerləşən 72A nömrəli ev) yerləşən evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırlmışdır ki, İddiaçı onun qayınatasıdır və onun oğlu X11 ilə 2008-cı ildə ailə qurmuşdur. Birgə nikahlarından 15 noyabr 2009cu ildə Hüseyn, 06 sentyabr 2013-cü ildə isə Ayan adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən evə gəlin köçürülmüş, həmin evə pasport qeydiyyatına alınmış və istifadə hüququ əmələ gəlmişdir. Həmçinin uşaqları həmin evdə anadan olmuşlar. Bütün cehiz əmlakları da mübahisəli yaşayış sahəsindədir. İddiaçı ilə birlikdə ümumi təsərrüfat aparmışlar, belə olan halda onun və azyaşlı uşaqlarının mübahisəli evdə yaşayış sahəsindən istifadə hüququ var.

10. Goranboy Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(045)- 1683/2023 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) ilkin iddia təmin edilərək, Cavabdeh uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan Goranboy şəhəri M.F.Axundov küçəsində yerləşən 72A nömrəli evdən (Goranboy rayonu. Qarasüleymanlı kəndi) çıxarılması; Qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 maddələri, Mənzil Məcəlləsin 30.1, 30.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinı, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları nəzərə almamışdır. Emin İsgəndərovla 2008-ci ildə ailə qurduqdan sonra, yəni toyları olan gündən qaynatası İddiaçı mülkiyyətində olan Goranboy rayonunun Qarasüleymanlı kəndində yerləşən evinə köçürülərək ailə üzvü kimi yaşamışdır. Emin İsgəndərovla nikahları pozulsada, lakin uşaqları ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Kirayədə yaşamağa da maddi imkanı çatmır. Halbu ki, hazırkı iş üzrə mübahisəyə 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi tətbiq edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2008-ci ildə Emil İsgəndərovla evlənmiş və Goranboy rayonunun Qarasüleymanlı kəndində yerləşən evə, yəni məhkəmə qətnaməsi əsasında iki hissəyə bölünmüş qaynanası Lətifə Musayevaya (ərinin anasına) məxsus hissəyə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Evin bir hissəsi isə qaynatası İddiaçı məxsus olsada, lakin qaynatası həmin evdə yaşamamışdir. 2013-cü ilə kimi qaynanası ilə birlikdə yaşamış, lakin aralarında söz-söhbət olduğundan həmin ildə evdən çıxaraq qaynatasının həmin kənddə olan digər bir evində 6 ay yaşamışlar. Təxminən 2014-cü ildə isə qaynatası Akifin razılığı ilə onun mülkiyyətində olan (hazırkı mübahisəli) evdə yaşamışlar. Ərindən boşansada 2023-cü ilin dekabr ayına kimi həmin evdə yaşamış, qətnamə qəbul olunduqdan sonra onu və uşaqlarını evdən çıxartmışlar. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirmişdir ki, Goranboy rayonunun Qarasüleymanlı kəndində yerləşən fərdi yaşayış evi Goranboy Rayon Məhkəməsinin 31 dekabr 1991-ci il tarixli qətnaməsi əsasında iki hissəyə, yəni bir hissəsi onun, bir hissəsi isə keçmiş X16nın mülkiyyətinə verilmişdir. Payına düşən hissə hazırkı Goranboy şəhəri M.F.Axundov küçəsində yerləşən 72A nömrəli fərdi yaşayış evidir və bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən 11 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X16 ilə münasibətləri pis olduğundan hələ ev bölünməmişdən əvvəl də uşaq bağçasında qalmış, payı ayrıldıqdan sonra da uşaq bağçasında yaşamışdır. X19 2008-ci ildə Aynurə ilə evlənmiş və anası Lətifə Musayevanın payına düşən hissədə onunla birlikdə yaşamışlar. Lətifə Musayevə ilə aralarında olan narazılığa görə Emil və arvadı Aynur 2013-cü ildə evdən çıxmış və onun razılığı əsasında həmin kənddə mülkiyyətində olan digər evdə yaşamışlar. Sonuncular həmin evdə təxminən 7 ay yaşadıqdan sonra (ev yaşayış üçün yararlı olmadığından) onun razılığı əsasında ayrılan payına köçmüşlər. Aynur 2023-cü ilə kimi həmin evdə yaşamışdır. Goranboy Rayon Məhkəməsinin hazırkı mübahisələndirilən qətnaməsi qəbul olunduqdan sonra Aynur uşaqları ilə birlikdə evdən çıxmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

23. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

25. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

26. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

28. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın (evin) dövlət qeydiyyatına alınması mülkiyyətçinin həmin əmlaka (evə) məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka (evə) dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. İşin müəyyən olunmuş faktiki hallardan görünür ki, Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən (hazırkı Goranboy şəhəri M.F.Axundov küçəsində yerləşən ev) fərdi yaşayış evi Goranboy Rayon Məhkəməsinin 31 dekabr 1991-ci il tarixli qətnaməsi əsasında iki hissəyə, yəni bir hissəsi hazırkı iş üzrə ilkin İddiaçı, digər hissəsi isə onun keçmiş X16nın mülkiyyətinə verilmişdir. İddiaçı payına düşən hissə hazırkı Goranboy şəhəri M.F.Axundov küçəsində yerləşən 72A nömrəli fərdi yaşayış evidir və bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən 11 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonuncunun X19 2008-ci ildə Cavabdehə Qorxmaz qızı ilə evlənmiş və həmin vaxtdan onunla birlikdə 2013-cü ilə kimi anası Lətifə Musayevanın payına düşən hissədə yaşamışlar. Lətifə Musayevə ilə aralarında olan narazılığa görə Emil və arvadı Aynur 2013-cü ildə evdən çıxmış və İddiaçı razılığı ilə həmin kənddə mülkiyyətində olan digər evdə yaşamışlar. Sonuncular həmin evdə təxminən 7 ay yaşadıqdan sonra (ev yaşayış üçün yararlı olmadığından) İddiaçı razılığı ilə onun ayrılan payına köçmüşlər. Ailə münasibətləri pozulduğundan Goranboy Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(045)-618/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Mülkiyyətində olan fərdi yaşayış evində rahat yaşamasına imkan verilmədiyindən İsgəndərov İddiaçı Aynurə Qorxmaz qızına qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdehə Qorxmaz qızı da öz növbəsində qarşılıqlı iddia verərək mübahisəli evə istifadə hüququnun tanınmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi də ilkin iddianı təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir.

40. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarması, təqdim olunmuş sübutların nəzərə alınmaması, 2008-ci ildən qaynatası İddiaçı mülkiyyətində olan Goranboy rayonunun Qarasüleymanlı kəndində yerləşən evinə köçərək ailə üzvü kimi yaşaması, eləcədə nikahları pozulsada, lakin uşaqları ilə birlikdə yaşamağa başqa yerinin olmaması” dəlilini əsassız sayır və hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

41. Belə ki, yuxarıda da qeyd olunduğu kimi X4 ilkin iddiaçının oğlu X11 ilə 2008-ci ildə ailə qurduqdan sonra Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən (hazırkı Goranboy şəhəri M.F.Axundov küçəsində yerləşən) fərdi yaşayış evinin X5 mülkiyyətində olan hissəsinə köçmüş və 2013-cü ilə kimi orada yaşamışdır. Fərdi yaşayış evinin digər hissəsi isə İddiaçı mülkiyyətində olmuşdur. Bu qaydada bölgü Goranboy Rayon Məhkəməsinin 31 dekabr 1991-ci il tarixli qətnaməsi əsasında aparılmışdır. Aynurə İsgəndərova və onun əri Emil İsgəndərov təxminən 2014-cü ildən İddiaçı razılığı əsasında onun payına düşən hissəyə köçmüşlər. Göründüyü kimi fərdi yaşayış evinə dair hüquq münasibətləri tərəflər arasında 2014-cü ildən yaranmışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, həm ilkin, həmdə qarşılıqlı iddia tələbinə 2009-cu il oktyabr ayının 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarnı tətbiq edərək hər iki mübahisəyə hüquqi qiymət verməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

42. Sorğu əsasında Goranboy Rayon Məhkəməsindən alınmış 2(045)- 586/2011 nömrəli mülki işdən də müəyyən olunmuşdur ki, X11 11 avqust 2011-ci ildə anası X6 qarşı ailə üzvləri ilə birlikdə yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia qaldırmış və sonuncunun iddiası qismən təmin olunmuşdur. Həmin iş üzrə iddia ərizəsində də qeyd olunmuşdur ki, anası Lətifə Musayeva son iki aydır ki, onu və ailə üzvlərini yaşadıqları otaqdan qovmuşdur.

43. Apellyasiya şikayətinin “mübahisəyə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıydı” dəlilini əsasız sayır və hesab edir ki, şikayətin dəlili qətnamənin ləğv olunması və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılması üçün əsas deyil.

44. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 2009-cu ilin oktyabr ayından qüvvədə olan mənzil qanunvericiliyinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

46. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları isə, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

47. Göründüyü kimi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Goranboy şəhəri M.F.Axundov küşəsi 72A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçın “digər qohumlar” dairəsinə düşmür. Bu da onu deməyə əsas verir ki, o, mülkiyyətçinin ailə üzvü sayılmır.

48. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilkin iddiaçının oğlu X7 birgə nikahlarından anadan olmuş uşaqları 15 noyabr 2009-cu il təvəllüdlü Hüseyn və 06 sentyabr 2013-cü il təvəllüdlü Ayan adlı uşaqlar anaları Cavabdeh himayəsində saxlanıldığından, adı qeyd olunan uşaqlara münasibətdə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

49. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-cu maddəsinin 2-ci bəndinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(045)-1683/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar