Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-863/2024 07.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 və Cavabdeh2 Calal qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Calal qızına qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2(045)-1773/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Calal qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Calal qızına qarşı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Calal qızından 7810 (yeddi min səkkiz yüz on) manat dəyərində qızıl-zinət əşyalarının özünün və ya dəyərinin müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2(045)-1773/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1) 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 (iki min beş yüz) manat, 2) 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz kulon - 520 (beş yüz iyirmi) manat, 3) 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü - 1400 (bir min dörd yüz) manat, 4) 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 (iki min iki yüz) manat, 5) 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 (doqquz yüz səksən) manat, 6) 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük - 210 (iki yüz on) manat dəyərində qızıl-zinət əşyaları və ya onların ümumi dəyəri 7810 (yeddi min səkkiz yüz on) manat məbləğində pulun müştərək qaydada alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Calal qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə nişanlanmışdır. 30 oktyabr 2021-ci il tarixdə qoşulub onlara getmiş, toy mərasimi 10 noyabr 2021-ci il tarixdə olmuş, 03 yanvar 2022-ci il tarixdə isə barışıq olmuşdur. Cavabdehlər tərəfindən ona nişan, toy və barışıq zamanı qızıl-zinət əşyaları alınmışdır. Cavabdehlərlə aralarında mübahisə olduğundan və sonuncular ona məxsus qızıl-zinət əşyalarını vermədikləri üçün hüquqları pozulduğundan məcbur olub məhkəməyə müraciət etmişdir. Qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz klon - 520 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü - 1400 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük - 210 manat dəyərində. Əlavə olaraq bildirir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 onunla mübahisə etmiş və o, anasıgilə getmək istədiyini bildirdikdə Zakir onu döyüb xəsarətlər yetirmiş, buna görə polisə müraciət etmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Onu döyən zaman yuxarıda göstərilən bütün qızıl-zinət əşyaları cavabdehlərin yaşadıqları evdə qalmışdır. İş materiallarında olan: «Gəncə Univermaq» qızıl-zinət əşyalarının mütəxəssisi tərəfindən verilmiş məktubdan görünür ki, 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket- 2500 (iki min beş yüz) manat, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz klon-520 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü- 1400 manat, 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük)- 2200 manat, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbağ reket- 980 manat, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük- 210 manat təşkil edir; Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(045)-300/2023 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 004587 nömrəli girov biletindən görünür ki, Cavabdeh1 qadın üçün olan 2 ədəd qızılı/daşlı üzüyü 19500 rubla girov qoymuşdur; İş materiallarındakı fotoşəkillərdən görünür ki, ayrı-ayrı vaxtlarda İddiaçı üzərində iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları mövcud olmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Calal qızı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh1 30 oktyabr 2021-ci il tarixdə İddiaçı ilə nikaha daxil olmadan ailə qurmuşlar. Onlar birgə yaşadıqları müddətdə uşaqları olmamışdır. Birinci instansiya məhkəməsində iddiaya qarşı öz etiraz ərizələrini məhkəməyə təqdim etmişlər və həmin etirazda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarına münasibətlərini bildirmişlər. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında izahat verərək iddia ərizəsində birinci və ikinci sırada göstərilən 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəki kimi göstərilmiş sep reketin və 8 qram çəkidə göstərilmiş ay-ulduz klonun qonşuları Tünzalə adlı xanımdan müvəqqəti alaraq iddiaçının boynuna asdıqlarını bildirmişlər. Həmçinin bu barədə iddiaçının özünə də bildirmişlər. İddia ərizəsində üçüncü sırada göstərilən 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brliyant qaşlı nişan üzüyü isə 1400 manata deyil 900 manata almışlar və həmin üzük daima iddiaçının özündə olmuşdur. İddia ərizəsində dördüncü sırada göstərilən 585 əyarlı 10 qram çəkidəki 3 karat brilyant qaşlı (tana-sırğa) dəstini isə iddiaçıya hədiyyə etməmişlər. İddiaçıya 300 manat dəyərində tək sırğa almışlar ki, o da həmişə sonuncunun özündə olmuşdur. İddia ərizəsində beşinci sırada göstərilən qolbağı isə ümumiyyətlə onlar almamışlar və ondan xəbərləri yoxdur. İddia ərizəsində altıncı sırada göstərilən tək üzüyü isə onlar birlikdə Moskva şəhərində olarkən iddiaçının ona hədiyyə etdiyi üzüklə birlikdə lombarda girov qoyaraq pulunu birgə xərcləmişlər. Lakin, onların verdiyi izahat sübut kimi qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmasını onunla əsaslandırmışdır ki, iddiaçının gəlin köçdüyü evdən döyülərək qaçdığı bir şəraitdə özü ilə hər-hansı qızıl-zinət əşyasını aparması eyni zamanda digər qızıl-zinət əşyalarının iddiaçı ilə birlikdə lombarda qoyularaq satılmasını və əldə olunan vəsaitin birgə ehtiyaclarına sərf olunmasını inandırıcı hesab etmir. Bu hallar cavabdehlər tərəfindən hər-hansı subutla da təsdiq edilmir. Cavabdehlərin qızıl-zinət əşyalarının onda olmasını təkzib etməsi məhkəmə tərəfindən özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirilərək sübutetmə yükünü təkcə cavabdehlərin üzərinə qoyur. Halbuki, Cavabdeh1 inzibati tənbeh verilməsi barədə qərara münasibətini bildirərək qeyd etmişdir ki, o, iddiaçını döyməmiş, sonuncu da qaçıb evdən getmənişdir. İddiaçı ilə aralarında olan narazılıqdan sonra 10 yanvar 2023-cu il tarixdə özü iddiaçını maşınla atası evinə aparmış və bu zaman iddiaçıya məxsus nişan üzüyü həmişəki kimi sonuncunun barmağında olmuşdur. İddiaçıya alınmış qızıl-zinət əşyaları həmişə sonuncuda olmuşdur və birgə yaşadıqları evdən gedərkən də özü ilə aparmışdır. Bundan başqa, “Gəncə Univermaq” mütəxəssisi tərəfindən verilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə rəyi qanunsuz və əsassız hesab edirlər. Rəy əşyalara baxılmadan verildiyindən onun obyektiv olması qənaətinə gəlmək olmaz. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Calal qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər nikaha daxil olmadan el adəti ilə ailə qurmuşlar. Sonradan onların ailə münasibətləri pozulmuş və ayrılmışlar. İddia ərizəsində birinci və ikinci sırada göstərilmiş qızıl-zinət əşyaları cavabdehlərin qonşusuna məxsus olmuşdur və müvəqqəti, yəni toy mərasimində taxmaq üçün iddiaçıya verilmişdir. İddia ərizəsində üçüncü sırada göstərilən nişan üzüyü isə 1400 manat, deyil 900 manata alınmışdır. İddia ərizəsində dördüncü sırada göstərilən qızıl dəsti mövcud olmayıb, lakin 300 manat dəyərində tək sırğa mövcud olmuş, o da həmişə iddiaçının özündə olmuşdur. İddia ərizəsində beşinci sırada göstərilən qızıl qolbağ da mövcud olmamışdır. İddia ərizəsində altıncı sırada göstərilən qızıl üzüyü isə tərəflər özləri lombarda girov qoyaraq pul götürmüşlər və həmin pulu birlikdə xərcləmişlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddia ərizəsində üçüncü sırada göstərilən qızılın 900 manat dəyərində olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları lombarda girov qoyulmamışdır. İddiaçı və Cavabdeh1 ailə qurduqdan sonra Rusiya Federasiyasında yaşamışlar. Sonradan onlar ölkəyə geri qayıtdıqda aralarında dava-dalaş olmuş və Cavabdeh1 İddiaçı döymüşdür. Cavabdeh tərəf fotoşəkillərdə göstərilən iddiaçıya məxsus qızılların öz qonşularına aid olduğunu bildirirlər. Halbuki, birinci instansiya məhkəməsində işə baxılarkən dəfələrlə cavabdeh tərəfə təklif etmişlər ki, həmin qonşu şahid qismində məhkəmədə dindirilsin. Lakin cavabdeh tərəf həmin şəxsin məhkəmədə şahid qismində dindirilməsini təmin etməmişdir. Lombarda girov qoyulmuş qızıl-zinət əşyalarının İddiaçı məxsus qızıllarla aidiyyəti yoxdur. Cavabdeh1 İddiaçı döymüşdür və həmin vaxtdan sonuncu cavabdehlərlə birgə yaşamış olduğu evdən çıxıb getmişdir. Evdən döyülərək çıxdığından həmin vaxt qızıl-zinət əşyalarını götürmək iddiaçının ağlına belə gələ bilməzdi. İddiaçı döyməsi ilə əlaqədar Cavabdeh1 məhkəmə qərarı əsasında inzibati qaydada cərimə edilmişdir. iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehlərin yaşadığı evdədir. İddiaçının keçmiş qaynanası olan Cavabdeh2 iddiaçıya bildirmişdir ki, “sənə qızıl düşmür”. Qızıl-zinət əşyaları hər iki tərəfin iştirakı ilə Gəncə şəhərində yerləşən univermaqdan alınmışdır. Qızıl-zinət əşyalarının birkası da Cavabdeh2dır. İddiaçı döyülərək cavabdehlərin yaşadığı evdən çıxdıqdan sonra bir daha oraya qayıtmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasın mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 30 oktyabr 2021-ci il tarixdə faktiki ailə qurmuşlar və iddiaçı öz əşyaları ilə birlikdə cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. Tərəflərin birgə ailə münasibətlərindən övladları dünyaya gəlməmişdir. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, ona məxsus qızıl əşyaları cavabdehlərlə birgə yaşamış olduqları evdə qalmışdır və sonuncu həmin əşyaları ona qaytarmır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı tələb etdiyi əşyaların ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehlərdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı qanunvericliyin aşağıda qeyd olunan normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-cı maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu baxımdan iddiaçıya məxsus qızıl-zinət əşyalarının qaytarılmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin qeyd olunan maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq ilk növbədə iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının mövcudluğu, habelə iddiaçının mülkiyyətində olub-olmaması barədə araşdırma aparılmalıdır. Çünki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində iddiaçıya məxsus qızıl-zinət əşyalarının bir neçəsinin ümumiyyətlə mövcud olmadığını, habelə qızılzinət əşyalarının bir qisminin başqa şəxsə aid olduğunu və qızılların sahiblərindən müvəqqəti alınaraq yalnız görüntü üçün toy mərasimində iddiaçının üzərinə taxıldığını bildirmişdir. İşin halları bu aspektdə araşdırılarkən müəyyən olunur ki, iddiaçının tələb etdiyi 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz klon - 520 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü - 1400 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük - 210 manat dəyərində qızıl-zinət əşyaları həqiqətən də mövcud olmuş və həmin əşyalar İddiaçı mülkiyyətində olmuşdur. Qeyd olunan hal iş materiallarındakı tərəflərin toy mərasimində çəkilmiş fotoşəkillərlə sübuta yetirilir. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə iclasında tərəflərin toy mərasimində çəkilmiş foto şəkilləri onların nümayəndələrinin (vəkil) iştirakı ilə tədqiq edilmiş və iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının İddiaçı üzərində olması müəyyən edilmişdir. Ona görə də “iddia ərizəsində dördüncü və beşinci sırada göstərilən qızıl-zinət əşyalarının, yəni 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 manat dəyərində qızıl-zinət əşyalarının mövcud olmadığı” barədə cavabdehlər tərəfindən irəli sürülən dəlil məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəf iddia ərizəsində birinci və ikinci sırada göstərilən 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz klon - 520 manat dəyərində qızıl-qiznət əşyalarının qonşularına məxsus olduğunu və qızılların sahiblərindən müvəqqəti alınaraq yalnız görüntü üçün toy mərasimində iddiaçının üzərinə taxıldığını bildirsələr də, lakin bunları təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Bununla belə məhkəmə kollegiyası cavabdeh tərəfin həmin dəlilini ağlabatanlıq meyarları əsasında təhlil edərək qeyd edir ki, iş materiallarında olan tərəflərin toy mərasimində çəkilmiş fotoşəkillərdən göründüyü kimi iddia ərizəsində birinci və ikinci sırada göstərilən 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz klon - 520 manat dəyərində qızıl-zinət əşyaları tərəflərin toy mərasimində İddiaçı üzərində olmuşdur ki, bu halda həmin qızılların İddiaçı hədiyyə edilmiş olması ağlabatan və inandırıcıdır. Xüsusilə diqqət yetirilməli haldır ki, tərəflərin toy mərasimindən başqa mərasimlərdə də çəkilmiş fotoşəkillərdə həmin qızıl-zinət əşyalarının iddiaçının üzərində olması görünür. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd olunan dəlili əsassızdır. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddia ərizəsində göstərilən 6 adda qızıl-zinət əşyası həqiqətən də mövcud olmuş və həmin əşyalar İddiaçı mülkiyyətində olmuşdur. Artıq növbəti araşdırılmalı məsələ və işin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal iddiaçıya məxsus qızıl-zinət əşyalarının tərəflərin hansının sahibliyində olmasının müəyyən edilməsidir. Çünki iddiaçı tərəf mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində qaldığını iddia edir, cavabdehlər isə həmin əşyaların onlarda qalmadığını və iddiaçı ilə birgə yaşamış olduqları evdən gedərkən sonuncu tərəfindən aparıldığını bildirir. Kollegiya göstərir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 6 adda qızıl-zinət əşyasının ona hədiyyə edilməsi sübuta yetirildiyinə görə, qızılların iddiaçının özündə olması və birgə yaşamış olduqları evdən gedərkən aparılması barədə cavabdehlər tərəfindən irəli sürülən dəlili sübut etmə öhdəliyi də MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehlərin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Lakin, cavabdeh tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və göstərilən halı sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin bu dəlili iddiaçının onlarla birlikdə yaşamış olduğu evdən çıxma şəraitinin tədqiq edilməsi yolu ilə hərtərəfli, tam və obyektiv qiymətləndirilə bilər. Çünki tərəflər məhz həmin vaxtdan ayrılmışlar və bundan sonra iddiaçı bir daha cavabdehlərin yaşadığı evə qayıtmamışdır. Bu xüsusda qeyd olunmalıdır ki, iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(045)-300/2023 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan müəyyən olunur ki, Cavabdeh1 məhkəməyə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə İddiaçı ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı İddiaçı əlindən tutaraq onu itələdiyini, daha sonra İddiaçı çıxıb anasıgilə getdiyini bildirmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 133 nömrəli rəyi ilə də müəyyən edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol əlin İ barmağının və sol diz nahiyəsinin qançırı, hərəkət məhdudluğu bərk küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə vurulma zamanı boyu hündürdə məsafədən yıxılması nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Göründüyü kimi, İddiaçı cavabdehlərlə birgə yaşamış olduqları evdən getdiyi gün Cavabdeh1lə aralarında münaqişə yaranmış, Cavabdeh1 İddiaçı qarşı fiziki güc tətbiq etmişdir və nəticədə sonuncu müxtəlif bədən xəsarətləri almışdır. Məhz həmin ailə münaqişəsi nəticəsində İddiaçı cavabdehlərlə birgə yaşamış olduqları evdən çıxıb atası evinə getmiş və həmin vaxtdan tərəflərin faktiki ailə münasibətlərinə son qoyulmuşdur. Bu hadisədən sonra isə İddiaçı bir daha cavabdehlərin yaşadığı evə qayıtmamışdır. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək belə nəticəyə gəlir ki, ailə münaqişəsi nəticəsində, xüsusən də üzərində fiziki güc tətbiq edilməklə evi tərk edən şəxsin (iddiaçının) evdən çıxarkən qızılzinət əşyalarını özü ilə aparması inandırıcı və ağlabatan hal deyil. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, cavabdeh tərəf iddia ərizəsində altıncı sırada göstərilən 210 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzüyün lombarda girov qoyularaq kredit götürüldüyünü və həmin vəsaitin İddiaçı və Cavabdeh1 tərəfindən öz ehtiyacları üçün sərf edildiyi barədə dəlili də əsassızdır. Belə ki, Cavabdeh1 iddiaçıya məxsus qızılın lombarda girov qoyulmaqla götürülən kredit vəsaitinin İddiaçı ilə birlikdə şəxsi ehtiyacları üçün xərclənməsi, habelə birgə ailə məsrəflərinə sərf edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehin bu dəlilini təkzib edərək lombarda girov qoyulmuş qızıl-zinət əşyasının iddiaçıya məxsus qızıl-zinət əşyasına aidiyyətinin olmadığını bildirmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işdəki mövcud sübutların məcmusunu düzgün qiymətləndirərək iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ona qaytarılmalı olması nəticəsinə gəlmişdir. İddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının dəyərinin şişirdilmiş olması barədə cavabdeh tərəfin dəlilinə də hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin göstərilən dəlili də əsassızdır. Belə ki, cavabdeh tərəf iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyərinin şişirdilmiş olmasını bildirsə də, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi İddiaçı «Gəncə Univermaq» qızıl-zinət əşyalarının mütəxəssisi tərəfindən verilmiş rəydə göstərilən qiymətlərə əsasən qızıl-zinət əşyalarını iddia ərizəsində göstərilən dəyərdə cavabdehlərdən tələb etmişdir. Həmin rəydə göstərilən məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Çünki verilən rəydə qızıl-zinət əşyalarının ayrı-ayrılıqda çəkisi və əyarı müəyyən edilməklə onların hazırkı dövrdə orta bazar qiymətləri müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəf adıçəkilən qızıl-zinət əşyalarının məhz həmin dəyərdə və çəkidə olmasına dair sübut təqdim etməmişdir. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Calal qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2(045)-1773/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-863/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-863/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver